post-title

Şərəfli tost

Bugün səhərdən axşama kimi müxalifətin əsas partiyaları AXCP-Müsavatın Ramil Səfərova görə Avropa Parlamentinin qətnaməsinə etiraz olaraq YAPla birgə bəyanat qəbul etmələrini fikirləşmişəm. Doğru və yaxud səhv addım olduğunu beynimdə analiz edə-edə axşama yaxın bir qohumun nişanına hazırlaşırdım.

 

Son zamanlar olduğu kimi bu dəfə də ciddiyə almayaraq həmişə geyindiyim geyimlərdəydim. Əynimdə göy şalvar, ket, yüngül bir futbolka var idi. Hələ saqqalım da ki başqa bir aləm. Nəisə, bilirdim əvvəlcədən toyxanada mənə qarşı başlanılacaq "hücumlar"ı.

Toyxananın həyətindəydik, 2-3 güllə ortayaşlı nəsil tərəfindən artıq dəymişdi mənə:

- Əəə, bu nədi, bu nə saqqaldı, səncanı məzələnmə bizimlə.

Vecimə deyildi təbii ki, çıxdım yuxarı, zala girdim, mənə qarşı zillənmiş sərt baxışları hiss edərək büdrəmədən masamıza tərəf irəliləyəməyə davam etdim. Masaya yaxınlaşanda bir qoca qadın qohum bərkdən qışqıra-qışqıra mənə (və bunu bütün zal eşitdi):

- Əəə, o nədi elə? (saqqalımı göstərərək)

- Bilmirsiz ki? Saqqal deyirlər buna.

- Yaraşmaz atava! (yəni, belə oğul)

- Elə ona görə də mən saxlayıram, atam yox.

Sonradan "atana yaraşmaz" söhbətini 3-4 nəfər də dedi mənə, hamısına bu cavabı verdim. Hətta, həmyaşıdlarım da saqqal, geyim barəsində məni maraqla sorğu-sual edirdilər. Əsəblərim tarıma çəkilmişdi. Bu insanları bu cürə düşündüyünə görə qəti şəkildə qınayır, beynimdə hamısının qırılıb gedəcəyi və bu insanlarsız həyatın necə də maraqlı olacağını düşünürdüm.

Axı, kimin nəyinə lazım mənim geyimim, nişanda bu geyimdə, bu saqqalla iştirak etməyim. Toy, nişan mərasimləri şən, xoşbəxt əyləncə xarakterli mərasimlərdir. Mən niyə əylənəcəyim məkana mənə rahat olmayan geyimdə - tuflidə, kostyumda, qalstukla gəlməliyəm. Mənə belə rahatdır, belə geyinirəm. Gedin işinizlə məşğul olun. Saqqala isə qarışmağa heç bir cüzi əsas, səbəb də yoxdur.

Bunları vecimə almayaraq yeyib içirdim, arada durub oynayırdım. Amma, hərdən əsəb də özünü göstərirdi. Belə anlardan birində qıraqda bir stoldan məni çağırdılar, durub gedəndə gördüm atam da orada. Fikirləşdim ki, yenə başlayacaqlar geyimdən, saqqaldan danışmağa, atama deyəcəklər "bu nə oğuldu", "oğlun niyə bu gündədi" zad. Bayaqdan çox demişdilər onsuzda, atam da bezmişdi.

Nəisə, yaxınlaşdım, vəziyyətin fərqli olduğunu anladım. Qohumlardan biri rumkanı qaldırdı, bizə də süzdürdü, başladı tosta:

- Mən bu oğlanın sağlığına içəcəm bunu (başı ilə məni işarə edərək). Saqqal zad boş şeydi, bu oğlanın müxalifətçiliyidir əsas. Belə dövrdə bu oğlan müxalifdir, mübarizə aparır, fərqlənir o biri yaltaq gədə-güdələrdən. Eşq olsun, fəxr edirik! (qəzetdən falan rastına çıxdığımı anladım)

Bunları deyib rumkanı başına çəkdi, mən biraz özümü itirdim, amma, təşəkkür etmək yaddan çıxmadı. Arağı içdim. Tostu deyən tək stoldakı digər kişilər də mənə fəxrlə baxırdılar. Atam da onların arasında. O da o birilər kimi mənə baxırdı, fəxrlə baxırdı. Atanın sənə fəxrlə baxmasını görmək isə tamam başqa hissdir. Bayaqdan mənə görə qınayıcı sözlər eşidən atam indi insanların mənimlə fəxr etməsini görməkdə idi.

Və bu baş verənlər məndə özünəinam hissini daha artırdı, doğru yolda olduğumu anladım: geridə qalmış cəmiyyət təfərindən xarici görünüşə görə nifrət, etirazçı ruhuna, avtoritar rejimə qarşı müxalifliyə görə isə sevgi qazanmaq.

Sonradan yadıma düşdü ki, 2003-cü ildə Qələbə meydanındakı 100minlik mitinqdə həmin tost deyən qohum həyat yoldaşı, qucağında 1 yaşlı, əlində isə 5 yaşlı uşağının əli ilə yanımızdaydı.

Kənan Qasımlı

Kultura.Az

Yuxarı