“Modernist türkçülük və təriqətlər” adlı yazımda Atatürkün islahatları içərisində toxunduğum türkcə azan məsələsi ilə bağlı aldığım mesajlarda hadisə ilə bağlı ətraflı yazmağım istənilirdi. Ona görə də bəzi nüansları diqqətinizə sunacağam.
Türkiyə Cumhuriyyəti tarixində 1932-1950-ci illər islam dinində görünməmiş bir yeniliyi ehtiva edir. Çünki bu 18 illik müddətdə ölkə ərazisindəki bütün məscidlərdə türkcə azan oxunulurdu. On üç əsr ərzində islamın yayıldığı bütün ərazilərdə “Allahu Əkbər”lə başlanan azan Türkiyədə “Tanrı uludur” sözləri ilə əvəzlənmişdi.
1931-ci ilin dekabrında Atatürk içərisində dövrün tanınmış hafizlərindən olan Hafiz Burhan, Sadettin Kaynak, Hafiz Nurinin də olduğu 9 nəfərdən ibarət bir qrupla Dolmabahçe sarayında azan və xütbələrin türkcə tərcüməsi məsələlərini müzakirə edir. Müxtəlif mətnlər içərisindən aşağıdakı tərcümə daha düzgün hesab edilərək qəbul edilir:
“Tanrı uludur;
Şüphesiz bilirim, bildiririm:
Tanrıdan başka yoktur tapacak,
Şüphesiz bilirim, bildiririm
Tanrının elçisidir Muhammed
Haydin namaza, haydin felaha
Namaz uykudan hayırlıdır.”
Atatürk ilk olaraq türkcə azanı Süleymaniyyə məscidinin baş imamı Hafiz Kamaldan dinləyib və təqdir edərək bu qərarı verib. Tərcümə edilmiş Quran ilk dəfə 22 yanvar 1932-ci ildə Yerebatan camesində Hafiz Yaşar Okur tərəfindən oxunuldu. Yanvarın 30-da isə Hafiz Rifat Fatih məscidində ilk dəfə olaraq türkcə azanı səsləndirdi.
Həmin il fevralın 3-nə düşən Qədr gecəsində Ayasofiya məscidində də türkcə Quran oxunuldu, təkbir deyildi. İyulun 18-də Diyanət İşləri Rəyasəti 636 saylı qərarla azan və iqamənin türkcə oxunulması barədə qərar qəbul etdi və tərcümə mətni Evkaf müdirliklərinə göndərildi. 4 fevral 1933-cü ildə müftiliklərə azanın türkcə oxunulması və bu qaydalara riayət etməyənlərin cəzalandırılması barədə göstəriş verildi.
Azanın türkcə verilməsindən böyük sevinc duyan Ziya Gökalp hisslərini bu şəkildə ifadə etmişdi:
Bir ölkə ki, camesində türkcə azan oxunur,
Köylü anlar mənasını namazdakı duanın
Bir ölkə ki, məktəbində türkcə Quran oxunur,
Kiçik, böyük hər kəs bilir, buyruğunu Xudanın.
Ey Türk oğlu, iştə budur sənin Vətənin!
Azanın türkcəyə tərcüməsi heç də birmənalı qarşılanmadı. Fevralın 1-də Bursada 100 nəfər türkcə azana qarşı etiraz etdi. Fevralın 4-də Afyonda olarkən hadisəni eşidən Atatürk Bursaya doğru hərəkət edərək səhərisi gün oraya çatdı. Eyni zamanda daxili işlər naziri Şükrü Kaya, Ədalət bakanı Yusuf Kamal Tengirşek də Bursaya gələrək hadisəni araşdırmağa başladılar.
Olaydan sonra Anadolu ajansına verdiyi müsahibədə Atatürk bunları söylədi: “Bursaya gəldim. Hadisə haqqında yetkililərdən məlumat aldım. Olay əslində əhəmiyyət daşımamaqdadır. Hər halda cahil mürtəcelər Cumhuriyyət ədliyyəsinin pəncəsindən qurtula bilməyəcəklər. Hadisəyə xüsusi diqqət yetirməyimizin səbəbi dini siyasətə və ya hər hansı təhrikəyə vasitə etməyə əsla icazə verməyəcəyimizin bir daha anlaşılmasıdır. Məsələnin əsas mahiyyəti din deyil, əslində dildir. Qəti olaraq bilinməlidir ki, türk millətinin milli dili, mentaliteti bütün həyatına hakim olacaqdır”.
Bu hadisədən sonra həbs edilən Bursa müftisi Nurəddin əfəndi, Ulucamenin xətibi Hafiz Tevfik əfəndi, fabrikator Qaffarzadə Mehmet əfəndi və digərləri (cəmi 24 nəfər) 13-14 fevralda verilən qərarla səhərisi günü Bursa Ağır Cəza Məhkəməsinə təhvil verildi. Daha sonra Çoruma aparıldılar və mayın 1-də qərar açıqlandı: 4 nəfər azad edildi, 5 nəfərə 2 il, 7 nəfərə 1 il, qalan 7 nəfərə isə 5 ay həbs verildi. Bursa olayının ardınca İzmirdə və digər yerlərdə ərəbcə azan oxuyanlar həbs edildi.
İkinci prezident İsmət İnönünün dövründə 1941-ci il iyunun 6-da verilmiş qanunla qərar sərtləşdirildi,. 4055 saylı qanuna əsasən Türk Cəza Qanununun 526-cı maddəsinə əlavələr olundu. Əlavələrə görə, ərəbcə azan və iqamə oxuyanlara 3 aya qədər həbs, 10 lirədən 200 lirəyə qədər maddi cəza tətbiq ediləcəkdi.
Lakin, türkcə azanın ömrü CHP-nin iqtidardan getməsi ilə sona çatdı.
1950-ci il 14 may seçkilərində qələbə çalan Demokrat Partiyasının ilk qərarlarından biri də ərəbcə azanın yenidən oxunulmasına icazə verilməsi oldu.
İyunun 13-də saat 15:00-da Demokrat Partiyası keçirtdiyi qapalı iclasda azanın yenidən ərəbcə oxunmasının gərəkli olduğu qərarına gəldi. Ayın 16-da keçirilən məclisdə çıxış edən Demokrat Partiyasından Seyhan Sinan Tekelioğlu azanla əlaqədar bunları qeyd etdi: “Heç şübhəsiz Atatürk sağ olsaydı da, Böyük Məclisin düşündüyü kimi düşünəcəkdi. “Allahu Əkbər” ilə “Tanrı uludur” kəlmələri eyni mənaya gəlmir.Qədim dövrün kitablarını oxusaq, bir çox tanrıların olduğunu görərik: yağmur tanrısı, yer tanrısı və sair. Bu baxımdan “Tanrı uludur” deyərkən bunlardan hansı uludur?”
1950-ci ilin 16 iyununda toplanan TBMM 5665 saylı qanunla ölkə ərazisində azanın yenidən orijinal variantında oxunulmasına icazə verdi. Müxalifəti təmsil edən CHP partiyası adından çıxış edən Cemal Reşit Eyüboğlu bu qərara qarşı çıxmayacaqlarını bəyan etdi. Qanun iyunun 17-də (Ramazan ayının 1-də) “Rəsmi qəzet”də öz əksini tapdıqdan sonra həyata keçirilməyə başladı.
Beləliklə,18 illik türkcə azan bir daha oxunulmayaraq, islam və türk tarixinin maraqlı səhifəsinə çevrildi.
Amma türkcə azan qanunla qadağan edilmədi, fəqət indiki dövrdə də qadağan olunmamasına baxmayaraq məscidlərin heç birində türkcə oxunulmur. 1960-cı ilin iyulunda keçirilən Türk Dil Qurumunun qurultayında bir sıra elm xadimləri tərəfindən yenidən türkcə azan oxunulması məsələsi qaldırılsa da, bu təklif qəbul edilmədi.