Tomris xanımdan başlayaq. Tomris xanım haqqında söhbətlər səksəninci illərin sonunda, doxsanıncı illərin əvvəlində çox dəbdə idi. Hətta bir nəfər fürsətdən istifadə edib, Tomris xanım haqqında roman da yazmışdı. Oxuduğuma və eşitdiyimə görə, Tomris xanım oğlunun qatilinin başını kəsmiş, qanını bir qaba tökmüş və içmişdir. İndi təsəvvür edin ki, hamının reallıq hissini itirdiyi o dövrdə bu söhbətlər bizə necə təsir edib.
Şəxsən mən Tomris xanımın qəhrəmanlığından vəcdə gələrək, dayandığım yerdə düz beş dəfə orqazm keçirmişdim. Sonradan məlum oldu ki, Tomris xanım ümumiyyətlə buralarda yaşamayıb. Orta Asiya tərəflərdə yaşayıb. Ümumiyyətlə, bu xanımın bizə dəxli yoxdu. Hərçənd, onun qəhrəmanlığı haqqında söhbətlər artıq xeyli adama təsir etmiş və öz işini görmüşdür. Tomris xanım haqqında bu qədər. Yadımda qalanlar bunlardı. Detallar yadımdan çıxıb. Zatən heç maraqlı da deyil.
Nigar xanım populyarlıq baxımından Tomris xanımdan xeyli yüksəkdə dayanır. O, Qoç Koroğlunun arvadı olub. Deyilənə görə, ağbəniz, xanım-xatın, iri gözlü, əndamlı bir xanım imiş. Ağıl, mərifət, qanacaq da öz yerində.
"Koroğlu" dastanına inansaq, Koroğlu qəzəbli halda üzüqoylu uzananda yalnız Nigar xanım ona yaxınlaşa bilərmiş. Nigar xanımdan savayı heç kəs Qoç Koroğlunun əsəbi vaxtı ona yaxınlaşmağa ürək etməzmiş. Nigar xanım haqqında bu qədər. Daha ətraflı məlumat əldə etmək istəyənlər zəhmət çəkib "Koroğlu" dastanını oxusunlar.
Həcər xanım Qaçaq Nəbi deyilən bir adamın arvadı olub. Deyilənə görə, qoçaqlıqda Nəbidən geri qalmayıb. Nəbi haqqında "Atları yəhərləyin" adlı film çəkilib, bir neçə nəsr numunəsi yazılıb. Sovetin şişirtdiyi bir adamdı. Rusiyada Puqaçovu, Stepan Razini qəhrəman etmişdilər, burda isə Qaçaq Nəbini. Adamın adı zatən üstündə. Qaçaq Nəbi...
Bəli, deyilənə görə, Qaçaq Nəbinin özündən qoçaq arvadı Nəbi rəhmətə gedəndən sonra bir erməniyə ərə gedibmiş. Bu barədə illər əvvəl rəhmətlik Akif Səməd danışmışdı, bütün millət töküldü üstünə. Hərçənd, hadisənin həqiqətən necə olmasını tam dəqiqliklə bilmirəm, heç maraqlı da deyil.
Bəli, gəlib çatdıq yazımızın həqiqi qəhrəmanına. Birmənalı olaraq Qənirə Paşayeva hazırda Azərbaycanımızın ən məşhur qadınıdır. Qənirə xanım hər yerdədi. Uşaq evində, qocalar evində, cəbhə bölgəsində, televiziyada, radioda, əsgərlər arasında, parlamentdə, Türkiyədə, Somalidə... Onun olduğu yerləri bir-bir sadalasam, bir qəzət səhifəsi mənə bəs etməz. Nağıllarda deyildiyi kimi, onun qəhrəmanlığını yazmaq üçün meşələr qələm, göllər mürəkkəb olsa, yenə də azdır. Çatmaz.
Qənirə xanım birmənalı olaraq xanımlar üçün uğur ilahəsinə çevrilib. Onun fəaliyyəti yüzlərlə, minlərlə gənc qızın qəlbində uğur qazanmaq eşqi yaradıb. Ürəyi vətən eşqi ilə döyünən Qənirə xanım öz fəaliyyəti ilə yüzlərlə, minlərlə gənc xanımın qəlbində vətənə sonsuz məhəbbət hissi oyadıb.
Qənirə xanım faktiki olaraq uğur ilahəsinə çevrilib. O, dayanmadan çalışır. Televiziyada çıxış edir, şeir yazır, bölgələrə gedir, hərbi hissələrdə konsert proqramları təşkil edir. Uşaqların üzündən öpür, qocalara təsəlli verir. Əlbəttə, bu çoxşaxəli fəaliyyət insandan sonsuz dərəcədə enerji tələb edir. Qənirə xanımın tükənmək bilməyən enerjisi, çoxşaxəli fəaliyyəti gənc qızlarımızda ictimai-siyasi proseslərdə aktiv iştirak etmək həvəsi oyadıb. Yüzlərlə qız Qənirə xanımın fəaliyyətini izləyərək gələcəkdə hansı yolla olursa-olsun deputat olmaq qərarı veriblər. Məsələn, biz tələbələrin iştirakı ilə tədbir keçirirdik. Oyun oynayırdıq. "Kim olmaq istəyirsiniz?"- sualına qızların çoxu "Qənirə Paşayeva olmaq istəyirik"- cavabı verdilər.
Qənirə xanım bizim parlamentin ən aktiv deputatlarından biridir. Sözün həqiqi mənasında Qənirə xanım öz seçicilərinin problemlərinə çox həssas yanaşır. Bu isə Azərbaycanda çox nadir hallarda rast gəlinən vəziyyətdir. Kimliyindən, hansı təbəqədən asılı olmayaraq, Qənirə xanım hər bir seçicisinin problemi ilə yaxından maraqlanır, problemin həlli üçün əlində olan bütün imkanlardan istifadə edir. Kaş, Qənirə xanımda olan bu həvəsin heç olmasa 10 faizi başqa deputatlarımızda da olaydı. Şəxsən mən məmnuniyyətlə Bahar Muradovadansa Qənirə Paşayevaya səs verərdim.
Qənirə xanımın fəaliyyəti dostları sevindirdiyi kimi düşmənləri də əsəbləşdirir. Bu xanım neçə-neçə Azərbaycan qadınının yuxusuna haram qatıb. Somerset Moem demişkən, bir qadının nəyə qadir olduğunu yalnız başqa bir qadın bilə bilər. Biz kişilər bu məsələdə çox acizik. Bununla belə, müşahidələrimə əsaslanıb deyə bilərəm ki, qadınlar arasında Qənirə xanımın fəaliyyətini həzm edə bilməyənlər həddən ziyadə çoxdur. Paxıllıq onlara əzab verir. Qadınlar arasında belə şeylər olur. Bu mənada Qənirə xanımın düşmənləri çoxdur. Onlar Qənirə xanımın fəaliyyətinə kölgə salmaq istəyirlər, amma buna nail ola bilmirlər.
Qənirə xanımın yuxarıda da qeyd etdiyim kimi, aktiv fəaliyyəti yüzlərlə, minlərlə gənc Azərbaycan qızlarında ictimai-siyasi proseslərdə aktiv iştirak etmək həvəsi oyadıb. Biz bunu yüksək dəyərləndirməliyik. Qənirə xanım ölkənin bir nömrəli uğur ilahəsidir.
Cəmi 10 il əvvəl bizim qızlara kiminsə bu dərəcədə dərindən təsir edəcəyinə kimsə inanmazdı. Qənirə xanım isə mümkün olmayanı mümkün etdi. Buyurun, fakt ortadadı. Yüzlərlə, minlərlə gənc Azərbaycan qızı deputat olmaq üçün oxuyur, vətəni sevir, şeir yazır.
Qənirə xanımın bütün fəaliyyətini dəstəkləyirəm. Amma bir məsələdən başqa. Nizami Gəncəvi demişkən, bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da. Qənirə xanım bəzən o qədər özünü unudur ki, onun fəaliyyəti ilə zaman meyarı tərs mütanasib olur.
Məsələn, Qənirə xanım "Nobel"çi qadınlar haqda kitab yazıb. Ət yeyən quş dimdiyindən tanındığı kimi, kitab oxuyan adam da sifətindən tanınır. Qənirə xanımın sifətinə bir az diqqətlə baxanda, hiss olunur ki, ağır və üzücü fəaliyyət bu xanımın kitab oxumasına bir az mane olur. Yəni, "Nobel"çi xanımlar haqqında kitab yazması Qənirə xanımın həqiqi fəaliyyətinə bir az kölgə salır. Məncə, buna heç bir ehtiyac yox idi. Hətta "Nobel"çi xanım yazarlar haqqında Qənirə xanım kitab yazmasaydı belə, biz onun fəaliyyətini tam dəstəkləyəcəkdik. Amma həqiqət naminə dəməliyik ki, "Nobel"çi xanım yazarlar haqqında Qənirə xanımın kitab yazmasına şübhə ilə yanaşan adamlar var.
Məncə, Qənirə xanım "Nobel"çi xanım yazarlar haqqında yox, Tovuz aşıqları haqqında kitab yazsaydı, bu, reallığa daha uyğun olardı və insanlar Qənirə xanımın Tovuz aşıqlarından kitab yazmasına "Nobel"çi qadınlar haqqında kitab yazmasından daha çox inanardılar. Bu kiçik bir iraddır. Əlbəttə, bu nüans Qənirə xanımın fəaliyyətinə ümumilikdə heç cür kölgə sala bilməz.
Seymur Baycan
"Reytinq"