post-title

Erməniləri də vətənşüvənlik bədbəxt etdi

Ermənilər Qarabağa faktiki sahib olsalar da, faciədən, dərddən, kasıbçılıqdan, müstəmləkədən, daxili sarsıntılardan qurtula bilmirlər, əslində müstəqil dövlətləri də yoxdur və vətənpərvərlərin qurduğu avtoritar rejimin siyasəti ilə bədbəxt bir tale ilə üzləşiblər. O yanı, bu yanı yoxdur, ermənilər “Vətən!” deyə-deyə bədbəxt olublar.

 

“Vətən!” dedilər, insanı unutdular - insanın taleyini düşünmədilər. Kor ideyalara insanları qurban verdilər...
 
“Vətən!”, “Vətən!” dedilər, amma insanlığı unutdular - kor ideya, kor nifrət, kor düşmənçilik, onları müasir insan kimi yaşamağa qoymadı.
 
“Vətən” deyə-deyə vətənlərini itirdilər, indi Ermənistan Rusiyanın tabeliyindədir, hətta bəzi ağlı başında olan ermənilər bunu daha sərt ifadə edirlər. “Ermənistan Rusiyanın nökəridir” deyərək. Burada sərhəddə hər kəsi rus əsgəri qarşılayır, hər kəsi rus əsgəri yola salır. Qarabağa sahib oldular sanki, amma bütün Ermənistanı itirdilər. 
 
Ermənilər Qarabağı alıb deyə Köçəryana, Sərkisyana qəhrəman dedilər, sonra gördülər ki, qəhrəmanları onların sərvətini oğurlayır, yerlibaz, qohumbaz və gerizəkalıdırlar, üstəlik, yeri gələndə öz xalqını da düşmən kimi əzirlər...
 
Ermənilər “Vətən” deyə-deyə keçmişə baxmışdılar, gələcəklərini itirdilər. “Təki düşmənə pis olsun deyib” hər şeyə getdilər və Qarabağı onlara alan Rusiyanın girovuna çevrildilər. Indi nəhəng böyük qardaşın kasıb və geridəqalmış əyaləti kimi yaşayırlar.
 
Ən maraqlısı odur ki, yaşaya da bilmirlər. Erməni lobbisinin məşhur nümayəndələri onlardan üz döndərirlər. Gerçək erməni ziyalıları həqiqətləri dedikləri üçün “xalq düşməni” elan edilir, bəzilərini dəli sayılırlar, bəziləri doğrudan da dəli olur. Ermənistanın təhsili, səhiyyəsi, elmi sözdən başqa heç nə deyil. Ordusunda əsgər-əsgəri öldürür, intiharlar artır. 
 
Bizdəki vəziyyətə çox oxşayır elə deyilmi? 
 
Az qala unutmuşduq, orada xalq aş və iş dalınca dünyanın hər yerinə üz tutur. Hətta Türkiyəyə gedirlər. Yəqin bir vaxtlar Ərdoğanın açıqladığı statistikanı bilirsiniz. 100 minə qədər Ermənistan və Qarabağ ermənisi ən böyük düşmənləri saydıqları Türkiyəyə iş dalınca gediblər. Vətənşüvənliyin dairəsi elə buradaca bədbəxt sonluqla qapanır.
 
Amma bir hadiəni da xatırlatmalı olacağam. Iki il öncə alman jurnalistləri Xurşudyan adlı bir erməninin keçmişi barədə məlumat almaq üçün bizə müraciət etmişdi. Bu erməni Azərbaycan vətəndaşı olmuşdu. Haqqında heç nə öyrənə bilmədik. Amma özümüz bir şey öyrənmək istədik ki, nəyə görə bu erməni ilə maraqlanırlar? Bəlli oldu ki, Xurşudyan Ermənistana getdikdən sonra ailəsi ilə birlikdə Almaniyaya mühacirət edib. Fəqət oturum izni ala bilməyib. Deportasiya olunarkən isə qaçıb gizlənib. Bir müddət sonra həbs edilib və deportasiya olunacağına görə polis idarəsində gecə intihar edib. Bir diləkçə də yazıb: “Mənim ailəmi ora yollamayın! Qoyun uşaqlarım burada adam kimi yaşasın. Bunun üçün həyatımdan keçirəm...”.
 
...Dünyanın hər yerində vətənşüvənlər bir şeyi anlamır ki, bəşəri dəyərlərdən uzaqlaşan bir toplum milli və insani dəyərlərdən də uzaqlaşır və ən müxtəlif faciələrə düçar olur. Onlar anlamırlar ki, Vətənə öncə dürüst, şəffaf, çalışqan və xalqın seçdiyi bir hökumət lazımdır. Onlar hər yerdə “Vətən” deyə hayqırır, amma öz polisinin yanından qorxa-qorxa keçərək yaşayırlar.
 
Şahvələd Çobanoğlu
 
Azadlıq qəzeti
Yuxarı