post-title

Müsəlmanların xoşladığı yalanlar

Bu yazı yazılmaya da bilərdi. Əslində 2x2-nin 4 olduğunu sübut eləmək kimi çıxır, amma 21-ci əsrin ikinci onilliyində hələ də belə mövzuların paylaşıldığını, buna ciddi yanaşan insanların varlığını görmək həqiqətən də xalqımız, millətimiz adına böyük utancdır.

 

Bilirəm yenə də həmişə olduğu kimi həqarətli şərhlər yazacaqsınız bu yazıya da, amma vallah çox üzülürəm Sizlərə görə. Voyacer peyki artıq milyonlarla kilometr məsafəni qət edərək günəş sisteminin sərhədlərini tərk etdiyi zaman biz hələ də bu mövhumatdan əl çəkmək istəmirik.

Əlqərəz başlayaq müsəlmanların paylaşmağı xoşladıqları yalanlar barədə danışmağa.

Yalan N1: Albert Einşteyn inanclı insan olub.

Bu məsələ belə başladı. 1921-ci ildə Einşteyn Nyu-Yorklu ravvin Qoldşteyndən növbəti tərkibli teleqram alır: "Siz Allaha inanırsınızmı sual işarəsi 50 sözlük cavab teleqramının haqqı ödənilib". Einşteyn daha az sözlə cavab verir: "Mən Spinozanın Allahına inanıram. O Allaha ki, özünü mövcudiyyətin qanunauyğun ahəngində biruzə verir, daha insanların talehləri və işlərilə məşqul olan Allaha yox." Beləliklə Einşteyn üçün Allah fiziki qanunlarda, təbiətin ahəngində təcəssüm tapırdı.

Amma bəlkə Einşteyn sonralar bu fikrindən dönmüş və dinə qayıtmışdı? Yox bunu təstiq edən heç bir dəlil yoxdur. Əksinə, Londonun Blumsberi auksionunda 404 min dollara satılmış Einşteynin filosof Erik Qutkaynda yazdığı məktubda belə deyilir: "Allah sözü - mənm üçün adi sözdən başqa bir şey deyil. Və bu söz insanın zəifliyinin məhsuludur. İncil - xeyli məşhur, amma bəsit tərkibli primitiv hekayələr kolleksiyasıdır." (1954-cü ilin Yanvarı)

"Mənim diniliyim barədə verilən məlumatlar ağ yalandır. Məkrlə təkrarlanan yalan! Mən şəxsən Allaha inanmıram. Allaha münasibətimi mən dəfələrlə təkrarlamışam və bu sözlərimdən imtina etmirəm. Və əgər dediklərim kiməsə dini görünə bilirsə, bu çox guman ki, mənim elmin bizə göstərdiyi dünyanın strukturuna aşiqliyimlə əlaqədardır" (Einşteynin 24 mart 1954-cü il tarixli məktubundan). Ekspertlər bu məktubların 100% həqiqi olduğunu sübut ediblər.

Yalan N2: Çarls Darvin ölüm yatağında öz nəzəriyyəsindən imtina edib.

Bu fikri ilk dəfə Darvinin ölümündən az sonra yevangelist xanım Elizabet Houp səsləndirib. O iddia edirdi ki, ölümündən bir az əvvəl o məşhur təbiətşünası ziyarət etmiş və onun öz nəzəriyyəsindən imtina etdiyinin şahidi olmuşdu. Xanım Houpun bu hekayəti ilk dəfə Boston qəzetlərinin birində dərc olunur və sonra bütün dünyaya yayılır. Lakin tezliklə bu fikirlər Darvinin qızı Genrietta tərəfindən inkar edildi. O bildirdi ki, atasının son nəfəsində yanında olub və nə o an nə də ondan əvvəl Darvinin hər hansı əvvəlki fikirlərindən imtina etməsinin şahidi olmayıb.

Əslində hətta Darvin ölüm yatağında öz nəzəriyyəsini inkar etsəydi belə, bu heç nəyi dəyişməyəcəkdi. Darvinin təkamül nəzəriyyəsi təkcə onun 5 il ərzində praktiki müşahidələri və növbəti 23 il ərizində apardığı tədqiqatların nəticəsi deyildi. Bu nəzəriyyə barədə ondan əvvəl də bir çox bioloqlar, təbiətşünaslar tədqiqatlar aparmışdı. Və ondan sonra da bu işlər davam etdi. Bu xüsusda Mendelin qanunlarını qeyd etmək vacibdir. Təkamül nəzəriyyəsi günümüzdə labarator şəraitdə sübut olunmuş həqiqətdir. Bütün genetika məhz Darvinin əsasını qoyduğu təkamül nəzəriyyəsi üzərində qurulub.

Yalan N3: Üç ayaqlı toyuq, iki başlı qoyun, quyruqlu insan doğulanda bu Allahın möcüzəsidir.

Təəssüf ki, bu o qədər də həqiqətə uyğun deyil. Ətrafların (əl, ayaq), orqanların, bəzən isə bütün gövdənin ikiləşməsi tibbdə anomaliya adlanır. Bu bətndaxili inkişaf zamanı ana orqanizmdə müxtəlif faktorların (radiasiya, qida, xəstəlik, irsi və s.) təsiri nəticəsində dölün inkişafının hansısa mərhələdə pozulmasından yaranan hallardır. Bu prosseslərin tam elmi izahı var və heç bir halda fövqəltəbii qüvvəylə bağlılığı yoxdur. Yeri gəlmişkən insanın ana bətnində inkişafı təkamül prossesinin mini-imitasiyasıdır. İnsan embrionunda bətndaxili inkişafı dövründə qəlsəmə də yaranır (hansı ki, bu orqan balıqlara məxsusdur), quyruq da, sonra qəlsəmələr tədricən ağ ciyərlərə çevrilir, quyruq isə yox olur. Hər hansı səbəbdən bu mərhələdə inkişaf prossesi pozularsa, belə deffektli uşaq doğula bilər.

Bioloqlar embrional dövrün bu xüsusiyyətlərini də təkamül nəzəriyyəsini təstiq edən dolayı sübut kimi nəzərdən keçirirlər.

Yalan N4: Heyvanlar və əşyalar üzərində Allah sözü ilahi varlığın sübutudur.

Bu olay ən geniş yayılmış müsəlman miflərindən biridir. Fəqət burada bəzi nüanslar var ki, onları nəzərə alanda mənzərə bir az fərqli görünür. Əvvəla nədənsə, Allah yazısı həmişə ərəb dilində olur, yalnız Allah sözüylə kifayətlənir. İş orasındadır ki, ərəb dilində Allah sözü çox sadə simvollardan ibarətdir. Dörd bir-birinə paralel və bir qatlanmış xətt. Simvollar nə qədər bəsit olarsa, onların təsadüfi yaranma ehtimalı bir o qədər yüksəkdir. Bundan əlavə beyin onları daha asan qavrayır və uyğunlaşdırır.

Ümumiyyətlə bizim beynimiz elə formalaşıb ki, o hər şeyi özünə asan qavranılan formaya çevirməyə meyllidir. Əgər siz inanclı insansınızsa, və bir kimsə beş ədəd yan-yana düzülmüş kibrit çöpünü sizə göstərərək burada Allah sözünün yazıldığını deyirsə, siz o sözü oxuyacaqsınız mütləq. Bu xüsusiyyət yeri gəlmişkən həmişə neqativ əhəmiyyətli deyil. Biz beynimizin bu xüsusiyyəti sayəsində müxtəlif şriftlərlə yazılmış mətnləri oxuya bilirik.

Belə şəkillərin yayılmasında bir başqa səbəb kimi də Photoshop və sosial şəbəkələrin rolunu qeyd etmək lazımdır.

Yalan N5: Jak İv Kusto islamı qəbul edib.

Bu mülahizə bir neçə il əvvəl geniş yayılmışdı. İddiaya görə dənizlərin sularının bir-birinə qarışmamasını görən Jak İv Kusto bu möcüzənin izahını yalnız Quranda tapıb və bununla da İslamı qəbul edib.

Maraqlı mülahizədir, amma unutmaq lazım deyil ki, akvalanqı kəşv etmiş Kapitan Kusto 87 illik uzun ömrünün böyük hissəsini okeanların öyrənilməsinə həsr etmişdi.

Öz tədqiqat odiseyaları zamanı o iki dənizin suyunun bir-birinə qarışmamasından daha möhtəşəm mənzərələr görmüş və bunu çox incəliklə öz filmlərində təsvir etmişdi.

Əslində mövzu olaraq iki dənizin suyunun bir-birinə qarışmamasında heç bir fenomen yoxdur. Fizikada bu osmotik təzyiqlər fərqi kimi nəzərdən keçirilir. Duzluluq dərəcəsi fərqli olan mühitlər bir-birinə qarışmır.

Yeri gəlmişkən bu hadisənin Quranda əks olunması təsadüfi deyil. Belə ki, Ərəbistan yarmadasının bütün cənub-qərb sahillərini yuyan Qırmızı dəniz ən şor sulu dəniz sayılır. Onun cənubdan Ərəbistan dənizinə keçən yerində belə bir hadisənin müşahidə olunması 1400 il bundan əvvəl də mümkün idi. Kusto kimi okeanoloq da təbii ki, bütün bunları bilirdi.

Bunu 1991-ci ildə Kusto Fondunun rəsmi cavab sorğusu da təstiqləyir (Jak İv Kusto özü hələ o zaman sağ idi).

Belə ki, bu sorğuda deyilir: "Biz Sizin məktubunuzu aldıq və fəaliyyətimizə göstərdiyiniz diqqətə görə Sizə minnətdarıq. Biz tam qətiyyətlə bildiririk ki, Kapitan Kusto Məhəmməd ümmətinin dinni qəbul etməyib və bu barədə yayılan məlumatlar həqiqəti əks etdirmir." (http://barrka.livejournal.com/pics/catalog/396/3875)

Yalan N6: Quranı yandırdığına görə əcayib heyvana çevrilən qız.

Bu mif də çoxlu sayda paylaşılan, təsirli yalanlardan biridir. Videoda Quran ayələrinin sədaları altında əcaib heyvanabənzər varlığın şəkli təsvir olunur və titrlərdə bu qız Quranı yandırdığına görə bu hala düşdü yazılır.

İlk baxışdan hətta inanclı olmayan adamı belə həyəcanlandıran bu kadrın əsl müəllifi daha dünyavi bir kəsdir. Onun adı Patrisiya Piççininidir. Avstraliyalı hiperrealist rəssam və heykəltaraş Piççinininin silikon və təbii saçlardan hazırladığı qeyri-adi varlıqlar seriyası bir çox sərgilərdə nümayiş olunub.

Konkret bu əsər isə onun 2003-cü ildə nümayiş etdiriyi "Biz bir ailəyik" adlı sərgisinin "Dəri mənzərəsi" əsəridir. Patrisiya Piççinininin bu və digər yaradıcılıq işlərilə özünün rəsmi veb səhifəsindən tanış ola bilərsiniz. (http://www.patriciapiccinini.net/archive/)

Bu misallarla (yeri gəlmişkən miflərin sayının 6 olmasında da heç bir şeytani hikmət yoxdur, sadəcə bu ana xatırladığım miflər bunlar idi) heç də inanclı insanların hisslərini aşağılamaq fikrində deyiləm. Məqsəd insanların inancından istifadə edərək onlara yalanlar sırıyanları ifşa etməkdir.

Hacı Hacıyev

Kultura.Az

Yuxarı