post-title

Azərbaycan elə bir ölkədir ki...

Azərbaycan elə bir ölkədir ki, digərlərinə nisbətdə çox fərqli və çox rəngarəng cəmiyyətdir. Belə ki, bu cəmiyyətdə hər şeyi görmək olar. Hər pisliyi, hər yobazlığı, hər cahilliyi görmək olar.

 

Cəmiyyətdə Əliyevlərin kölələşdirmə siyasəti getdiyi, bu siyasətin hələ də dayanmadan davam etdiyini görməmək günah olar. Cəmiyyətdə şablonlaşmış cümlələr əmələ gəlib, qəliblərdən çıxmaq Himalay dağının zirvəsinə çıxmaq kimi təlqin edilib insanlara. Bütün diktatura sisteminin olduğu ölkələrdə, hakimiyyətin at oynatdığı ölkələrdə cəmiyyət yox hakimiyyət əsasdır və xalqın nə istədiyi önəmli deyil, xalqın nə vəziyyətə gətirilməsi önəmlidir. Səhiyyə, Təhsil və s. sahələri çürdərək xalqı kölələşdirmək, sonra isə cüzi maaş artımları ilə onları ruhlandırmaq lazım gəlir.

Amma bu gün Azərbaycanda hər şey tamamilə fərqlidir, xalq bilir vəziyyət nə yerdədir, hər şey gün kimi aydındır, lakin xalq elə bil kölə olmağı özünə şərəf bilir. Yenə də xalqı günahlandırmaq olmur. 20 İldir xalqa nüfuz edən siyasət qeyri-normal bir görkəmə gətirib çıxardıb. Bu isə xalqın dahiləşməyidir. Bizim insanlarımız təhsil almadan ali təhsillidir, bizim xalq təcrübə keçmədən təcrübəlidir. İnsanlar demokratiyanın nə demək olduğu haqqında ən azı bir cümlə belə oxumadan artıq onun nə demək olduğunu bilirlər.


Çünki yeridilmiş siyasət uğurla baş tutmuşdur. “Hakimiyyət pisdir amma alternativi yoxdur”, “Bu yeyib doyub başqası gəlsə təzədən başlayacaq yeməyə”, “Bu hakimiyyətə etiraz edib məhv olmaqdansa özünə bir yer tapmaqdır hünər” və s. axmaq cümlələri hər gün eşidirsiz. Xalq özünə inamı itirib, necə güclü olduğunun fərqində deyil.

Yoldan keçən uşağa belə mikrofon tutsan, Koroğludan, Nəbidən, Şah İsmayıldan dəm vuracaq. Şanlı tarix, yenilməz Azərbaycan xalqı və s. Amma bir qıçı qırıq polis görən kimi güzdə gülümsəmə, özünü düzəltmə və s. bu qədər mi düşdük? Bu qədər mi artıq, tullantı cəmiyyət halına çevirə bildilər bizi bu 20 ildə?

Cəmiyyət belə olmur, ən xırda detallara kimi kölələşdirilə bilməz cəmiyyət. Amma bu ölkədə mümkün oldu.

 

Hər gün bir dəfə də olsun “dayanmadan inkşaf etdiyimizi” eşidirik. Hər şeyin əla olduğu, ideal cəmiyyət olduğunu hansısa telekanallarda görürük. Lakin bir balaca qanunsuzluq olanda isə bu cümlələri eşidirik “20 ildi müstəqilik də Avropaynan Amerikaynan bir tutursan bizi?”, “Müharibə şəratindəyik də bəs necə olmalıdır?” “Camaat acınnan ölür baxıb şükr eləmək lazımdır” və s.

Düzdür, xalq alternativ görmür,  yaxud görmək istəmir və 20 ildə demokratik seçki görməyib. Ancaq bu xalq o qədərmi artıq və tullantı oldu ki, bir nəfər şərəfli insan tapa bilmədi? O qədərmi çətin və qəliz haldayıq? Məncə yox.

Kənan G.

Kultura.Az

Yuxarı