post-title

Orucun orqanizmə xeyri yoxdur!

Oruc barədə növbəti həkim rəyi doktor Hacı Hacıyevdən gəlir.

 

İlk öncə bildirim ki, bu mövzuda məndən öncə rəy bildirmiş həmkarım Orxan Zamanlının yazısına gələn təpkilər məni çox məyus etdi. Heç bir tibbi savadı olmayan insanların bu kontekstdə həkim üzərinə gəlməsi heç də cəmiyyətin sağlamlığından xəbər vermir. Hələ-hələ xaricdə oxumuş, dünyada baş verənlərdən az-çox xəbəri olan insanların belə reaksiyası çox məyusedicidir. Bu məsələdə müzakirə üçün kompetent olan adam yalnız digər həkim ola bilər. İş orasındadır ki, həkimin işi kiminsə dini inancına müdaxilə etmək deyil, amma borcu insanları sağlamlığına yarana biləcək təhlükələrdən ən azı xəbərdar etməkdir. Buna tibbi profilaktika deyilir.

Məsələnin mahiyyətinə gəldikdə isə orucun insan orqanizminə hər hansı bir şəkildə xeyri olması elmi cəhətdən təstiq olunmayıb. Ümumiyyətlə belə bir mif var ki, oruc inanc hadisəsi olmaqla bərabər həm də orqanizmi şlaklardan təmizləyir. Dostlar şlak anlayışı ümumiyyətlə elmi anlayış deyil. Tibbdə şlak deyə bir şey yoxdur. Orqanizmin həyat fəaliyyəti nəticəsində bədəndə gedən bio-fiziki və bio-kimyavi reaksiyalar nəticəsində son məhsul kimi yaranan qalıq maddələr var ki, onlar da təbii yollarla, yəni nəcis, sidik, tər, tənəffüs vasitəsilə orqanizmdən çıxır.

Oruc isə sırf tibbi baxımdan hazırlıqsız, kortəbii və universal (hər kəsə tətbiq olunan) pəhriz kimi nəzərdən keçirilə bilər. Burada isə bəzi nüansları qeyd etmək lazımdır. Tibbin pəhrizləri öyrənən sahəsi dietologiya adlanır. Bir çox xəstəliklərdə pəhriz müalicənin vacib və əvəzolunmaz hissəsini təşkil edib xəstənin sağalmasını şərtləndirən əsas amil olur. Lakin hər bir pəhriz ixtisaslı həkim müayinəsindən sonra buna ehtiyac duyulduğu zaman təyin oluna bilər və heç bir halda lüzumsuz xüsusilə də özbaşına istifadə edilməməlidir!

Bəs niyə görə orucdan kütləvi şəkildə ziyan çəkənlər barədə şikayətlərə çox rast gəlinmir?

Bunun bir neçə səbəbi var. Əvvəla doqmaların əks əlaqə prinsipli olması - Yəni əgər ağzı oruc vəfat etdisə, yeri behiştdir, əgər Həcc zamanı dünyasını dəyişibsə, demək əməlsaleh imiş (yeri gəlmişkən Həcc və bu qəbildən olan ziyarətlər də ayrıca söhbətin mövzusudur.)

İkincisi sağlam insan orqanizminin adaptogen funksiyalarının geniş olması - belə hesab olunur ki, insanların əksəriyyəti praktiki sağlamdırlar. Praktiki sağlam orqanizm isə ətraf mühitin qeyri-əlverişli amillərinə daha yaxşı davam gətirir. Bunun üçün orqanizmdə konkret mexanizmlər nəzərdə tutulub. İnsan orqanizmi təkamülün bu günədək ən son inkişaf pilləsi olaraq milyon illər boyu adaptasiya və modifikasiya (uyğunlaşma və dəyişmə) yolu ilə bu mexanizmləri formalaşdırıb. Məsələn, əgər qanda şəkərin miqdarı azalırsa, mədəaltı vəzdə insulin hormonunun ifrazı artır ki, bu da qanda az miqdarda olan şəkərin hüceyrələr tərəfindən mənimsənilməsinə kömək edir və ya istilik və su itkisi nəticəsində bədən maye itirirsə, böyrəküstü vəz adrenalin ifraz edərək periferik (ətraf) damarları sıxır ki, bu da ilk növbədə qanın və deməli qidalı maddələrin aclığa daha həssas olan baş beyinə getməsinə şərait yaradır.

İndi təsəvvür edin ki, insulin ifrazının dayanmasıyla müşayət olunan şəkərli diabet xəstəsi oruc tutur. Onun hüceyrələri onsuz da insulinin təbii yolla ifraz olunmaması səbəbindən şəkər aclığından əziyyət çəkir, bu halda isə qida qəbulunun dayanması və insulin inyeksiyasının da haram olması səbəbindən orqanizmə ümumiyyətlə qidalı maddələr daxil olmur. Bunun nəticəsində hüceyrələr şəkəri qandan almadıqlarından enerjini digər mənbələrdən, hüceyrədaxili şəkərlər və xüsusən də zülallardan, onların parçalanması hesabına almağa çalışırlar. Bu prosses də orqanizmin yaşama uğrunda uyğunlaşmasıdır, lakin bu yol qeyri-təbii olduğundan parçalanma prossesi axıra kimi (yəni su və karbon qazının əmələ gəlməsi) getmir və nəticədə aralıq məhsul kimi süd turşusu, piroüzüm turşusu, sirkə turşusu və s. maddələr yaranır ki, bunlar da öz növbəsində digər sağlam hüceyrələri sıradan çıxarır. Bu prosses katabolizm adlanır. Belə vəziyyətdə xəstənin komaya düşməməsi yalnız zaman məsələsidir.

 Adətən belə hallarda əks arqument kimi deyirlər ki, dində xəstə insanların oruc tutması vacib buyurulmur. Amma qadağan da edilmir axı. Bu isə yolverilməzdir! Hər il orucun iftar və imsaq vaxtları dəqiqəsinə kimi cədvəlləşdirilib hər yolla anons edildiyi halda, xəstə insanların xüsusilə hansı xəstələrə qətiyyən oruc tutmağın yolverilməz olduğu anladılmır. Bu cür xəstəliklərin spektri isə genişdir. Bura ilk növbədə şəkərli diabet, ürək-damar sistemi xəstəlikləri, həzm sistemi xəstəlikləri, bir sıra infeksion və sistemli xəstəlikləri aid etmək olar.

Sonda demək istəyirəm ki, tibb qeyri-dəqiq elm sahəsidir və o bir çox xəstəliklər qarşısında bu günədək də acizdir. Lakin bu o demək deyil ki, doqma və inanclar tibbdən daha effektivdir. Tutya, dua, cadu, çıldaqla müalicə günümüzdə aktual olmamalıdır. Təbabət hər gün inkiaf edir. Bu gün çarəsiz görünən xəstəliklər sabah bir iynə və ya həblə çox asan müalicə olunur. İrrasional metafizik üsullarda isə proqres yoxdur. Onlar yüz, min il bundan qabaq necə effeksiz idilərsə, indi də elədirlər.

Hacı Hacıyev

Kultura.Az

Yuxarı