post-title

«İrəli» haqqında bilmədiklərimiz?!

Kultura.Az-ın redaksiyasına anonim müəllif tərəfindən "İrəli" ictimai birliyi barədə yazı gəlib. Yazı müəllifinin adını göstərmək istəmədiyini, amma fikrini cəmiyyətə çatdırmaq istəyini anlayışla qarşılayaraq yazını dərc edirik. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq

 

SSRİ dövründə daha çox gənci sıralarında birləşdirməyə çalışan komsomol var idi. Komsomoldakı gənclər ideoloji məqsədlər istiqamətində, “yuxarı”dan müəyyən olunmuş hədləri aşmadan süni aktivlik göstərirdilər. O zaman ideologiya vardı və buna görə də komsomola üzv olmanın əsası da olurdu.
 
İndi də hakimiyyətdə o komsomoldan çıxan kommunistlərdir. Bunlar da komsomol kimi təşkilatlar yaradırlar. Ən genişi də “İrəli” İctimai Birliyi adlandırdıqları qurumdur. Dediklərinə görə, 25 min üzvü var. Maraqlı burasıdır ki, heç bir ideologiyası olmayan rejimi müdafiəyə əsaslanan qurumda bu qədər gənc hansı əsasla birləşib.
 
Son zamanlar bu əsas məsələsində müxtəlif xəbərlər, söhbətlər eşitdim və qərara gəldim ki, kiçik araşdırma aparım. Bu yazıda sizə həm mənbəyini göstərə biləcəyim məlumatları, həm də mənbəyini göstərməyəcəyim, amma görünənlərdən daha etibarlı informasiyanı verəcəyəm.
 
Pulun həddi yoxdur
 
Araşdırmaya rəsmi saytlarından (http://ireli.az/) başlayıram. Mən ilk növbədə maliyyənin mənbəyi ilə maraqlandım. Çünki heç kim pulu elə-belə vermir, pul verən nə isə almalıdır.
 
Saytda “tərəfdaşlar” bölməsi (http://ireli.az/activity/partners/) var. Gördüyümüz kimi bu bölmə boşdur. Yəni rəsmi sayt deyir ki, “İrəli”nin tərəfdaşı yoxdur. Bu yazıdan əvvəl “İrəli”nin üzvü olmuş və olan şəxslərlə söhbətlər etmişəm və dəyərli məlumatlar əldə etmişəm, yazı boyu sizi onlarla tanış edəcəyəm. Maliyyə mənbəyi ilə bağlı bu şəxslər mənə xeyli dəyərli məsləhətlər verdilər. Əvvəla, bildirildi ki, “İrəli”də üzvlük haqqı yoxdur.
 
“İrəli”nin bir çox bahalı layihələr həyata keçirdiyi, böyük xərclər tələb edən işlər gördüyü faktdır.
 
Elə ofislərinin Bakının ən bahalı yerində - İçərişəhərdə olması (əvvəlki ofis Nizami (“Tarqovı”) küçəsində idi) öz sözünü deyir.
 
Bundan başqa saytdan da bu məqamları görmək olar. Belə ki, “layihələr” bölməsindən (http://ireli.az/activity/projects/) görürük ki, “İrəli” indiyə kimi 102 layihə həyata keçirib. Layihələrlə tanış olaraq, görmək olar ki, kifayət qədər maliyyə tələb edən işlərdir.
 
Məsələn, 2009-cu ildə həyata keçirilmiş “Nə? Harada? Nə zaman?” layihəsi, saytın verdiyi məlumata əsasən, Azərbaycanda ən böyük intellektual çempionat olub və 210 komanda iştirak edib, bütün respublika ərazisini əhatə edib. Belə böyük çempionatın keçirilməsi üçün təkcə texniki xərclər bir QHT üçün nəhəng məbləği ifadə edir (xatırladım ki, qaliblərin təqdimatı kifayət qədər bahalı “Park İnn Hotel”in “Dan ulduzu” zalında baş tutmuşdur).
 
Yaxud “İrəli” 30 nəfər gəncin Türkiyədə 1 həftə dincəlməsini (http://ireli.az/activity/projects/20110318124941463.html) təşkil etmişdir. Bu, ciddi pul məbləğini ifadə edir.
 
Bundan başqa “İrəli”nin mərkəzləri və klubları fəaliyyət göstərir. Deməli, Birliyin 13 mərkəzi və 6 klubu var. Mərkəzlərə televiziya, radio kimi bahalı quruluşlar da daxildir. Məsələn, Tarix Mərkəzinin http://history.az/ saytı fəaliyyət göstərir. “İrəli”nin rəsmi saytının məlumatına görə (http://ireli.az/history) “bu saytda 292 kitab, 47 sənəd, 5 məqalə elektronlaşdırılıb. Dekabr ayından bu günə kimi 261.716 kitab yüklənilib”. Bu qədər işi görmək üçün Mərkəzin rəhbəri və işçi heyəti fəaliyyət göstərir və hamısı da əmək haqqı alır.
 
Yaxud, Tədqiqatlar və İnkişaf Mərkəzinin (http://ireli.az/research) məqsədlərindən biri elmi layihələrə dəstəkdir. Və yaxud, “İrəli” Ekstrim Klubu fəaliyyət göstərir. Klubun fəaliyyət istiqamətləri kimi saytda (http://ireli.az/extreme) aşağıdakılar göstərilib: Piyada turizmi, dağ turizmi, speleo turizmi; Dağadırmanma, Qayayadırmanma, Buzadırmanma; Paraşüt Paraplan; Dayving, Skuter; Motosiklet yürüşləri, Velosiped yürüşləri. Bunların xərcini təxmini belə hesablayanda nə qədər böyük məbləğin alındığı təsəvvür edilə bilər.
 
“İrəli”də vəzifə sahibləri maaş alırlar. Əldə etdiyim məlumata görə, minimum maaş 200 manat, orta maaş isə 500-600 manatdır. Məsələn, sıravi katib 600 manat maaş alır. Bu maaş alanlara 1 sədr, 6 həmtəsisçi, 10 İdarə Heyəti üzvü, 5 Mərkəzi Nəzarət Təftiş Komissiyası üzvü, 9 Katiblik üzvü, təhsil müəssisələri üzrə 36 koordinator da daxildir. Maaş alan qismə yuxarıda sadaladığım yüzlərlə layihə, mərkəz, klubun fəaliyyətini, həyata keçirilməsini təmin edən çoxsaylı gənci də qatsaq, xərclər QHT üçün fantastik ədədlərlə ifadə olunacaq.
 
Pul hardan gəlir?
 
Bəs üzvlük haqqı da yoxdursa (onsuz da üzvlük haqqı bu boyda xərci təmin etməkdə aciz qalar), nədir bu qədər maliyyənin mənbəyi? Bu hissədə mən etibarlı, lakin adını açıqlaya bilməyəcəyim mənbələrə istinad edəcəyəm. Bu məlumatları almaq üçün bir qrup adamla əlaqə yaratmış, xeyli söhbətləşmişəm. Deməli, “İrəli” Azərbaycan dövlətinin patronajındadır, çünki birbaşa rejimin layihəsidir. Buna görə də Gənclər və İdman Nazirliyinə gənclər üçün hər il ayrılan puldan düz 1 milyon manat “İrəli”yə gedir. Bu, büdcədən ayrılan pulun bir hissəsidir ki, “İrəli”yə istiqamətləndirilir. Bundan da əvvəl “İrəli”də üzv olanların əksəriyyətinin bildiyi bir həqiqət var: “İrəli” Ramiz Mehdiyevin təşkilatı sayılır. Ona görə də maliyyə ilə təmin olunmasında heç bir problem yoxdur. Bunu danışdığım bütün irəliçilər və keçmiş irəliçilər təsdiq etdilər.
 
Bundan başqa, “İrəli” naminə dövlət məmurları və özəl təşkilatlar, loru dildə desək, “tavana otuzdurulublar”. Məsələn, “Azercell” şirkətinin aylıq olaraq, 40 min, “Bakcell” şirkətinin isə 30 min manat “İrəli”yə pul ayırdığı deyilir. Məmurlardan nazirlər bu “tavan”ın əziyyətini çəkirlər. Belə ki, “İrəli”nin müxtəlif bahalı layihələri ayrı-ayrı nazirlərin boynuna qoyulur.
 
Məsələn, “Bloqosfer-2011” düşərgəsində “İrəli”yə aidiyyatı olan “Barcamp-Azerbaijan” (http://barcamp.az/v2/) reklam üçün “Nexus” şirkətinə müracət edib, “Nexus” isə imtina edib və imtinasını belə əsaslandırıb ki, “keçən dəfə reklam verdik, bizim kompyuterləri taladınız”. Deməli, “yuxarılar”ın tapşırığı ilə özəl şirkətlər hərəsi öz fəaliyyətləri istiqamətlərində “İrəli”yə qarşılıqsız maddi “dəstək” verirlər. “Nexus” bu imtina ilə yayındığı komyuterlə təminat məsələsindən “HP” şirkəti yayına bilməyib. Dövlətin “İrəli”yə yalnız kompyuter üçün ayırdığı 400.000 ABŞ dolları yeyildikdən sonra, bu qədər pula alınmalı olan qədər kompyuterləri “HP” şirkəti təmin edib. 2011-ci ilin aprelində müxalifyönlü QHT-lərdən biri ABŞ səfirliyi ilə söhbətində qrantlar barədə soruşub. Səfirliyin məsul əməkdaşı qrant verilməyəcəyini bildirib və əsaslandırması maraqlı olub: “Azərbaycanın gənclər təşkilatlarından olan “İrəli”nin ofisində “Hp”-lərlə futbol oynayırlar”. Bunu Birliyin rəsmi saytı da (http://ireli.az/radio) qismən təsdiq edir. Saytda “İrəli” radionun fəaliyyəti üçün “HP” şirkətinin xərc çəkdiyi “etiraf olunur”: “Bu layihənin həyata keçirilməsi HP şirkətinin təqdim etdiyi HP iş stansiyalarının istifadəsi nəticəsində mümkun olmuşdur.”
 
2011-ci ildə “İrəli” “Weblog” adlı bloq şəbəkəsi yaratmaq üçün 20 min manatdan çox pul alıb. Lakin şəbəkə tezliklə bağlanıb. Müqayisə üçün bildirim ki, “Weblog”dan daha effektiv işləyən oxşar təyinatlı “Azblog” şəbəkəsi ilə 100-150 manat xərclə fəaliyyət göstərir.
 
“Bloq müsabiqəsi” layihəsi üçün “İrəli”yə 3 ay üçün 200 min manat pul verilib. Halbuki layihə 1 illik 15 min manata həyata keçirilə bilərmiş. “İrəli” bu layihəni də reallaşdırmayıb, pullar isə sadəcə gedib.
 
5 dəfə keçirilmiş bloq təlimlərində layihəyə görə 10 min bloqçu hazırlanmalı idi. Amma bu məqsədə ayrılmış yüz minlərin nəticəsində hazırda bütövlükdə Azərbaycanda heç 1000 bloqçu yoxdur, onların da yarısından çoxu müstəqil və ya müxalifyönlüdür. “İrəli”nin hazırladığı bloqçuların çoxu da sərt senzura şəraitində və kifayət qədər maddi qarşılıq müqabilində bloq yazıları yazırlar. Hansısa layihə çərçivəsində ayrılmış pul yeyilib qurtardıqdan sonra müvafiq layihə üçün təlimatlandırılmış bloqçuların bloqları da “yatır”.
 
Karyera
 
Məncə, mənzərə aydınlaşır ki, niyə 25 min gənc bu təşkilatda birləşib. Səbəb təkdir – maddiyyat. “İrəli”də pul var, ona görə də arzular reallaşır; “İrəli”də dövlət himayəsi var, ona görə də “qabağa getmək” istəyən bura gəlir. İrəliçilərin özlərindən sitatlar verim, məsələ daha aydın olsun.
 
“İrəli” İB-nin sədri Rauf Mərdiyev: “Mən gələcəkdə deputat olacağam. Ona görə də heç bir səhvə yol verməməliyəm ki, böyük adam olanda qarşıma çıxmasın.”
 
“İrəli” radionun rəhbəri Sahil Nağızadə: “Mənim arzum radioda işləmək idi. “İrəli” mənə bunu verdi.”
Sahil Bacaran: ““Heydər Əliyev Fondu”nun sayəsində dünyanı gəzmişəm. “İrəli” mənə niyə pis olsun ki?!” (p.s. Bu cümlədən maliyyə mənbələrindən biri də aşkar olur).
 
Bəli, “İrəli” maddiyyatla bağlı arzuları gerçəkləşdirir. Həyata keçirdikləri layihələr tipik SSRİ stilində reallaşdırılır – nəhəng pul yeyintisi və keyfiyyətli nəticə. Yəni o qədər pul ayrılır ki, bu qədər yeyintiyə baxmayaraq, yenə də ortaya nəticə qoyulur (əlbəttə, bəzən o qədər çox yeyinti olur ki, nəticə də unudulur). Orda bloq, xarici dil və s. öyrənən xeyli gənc var, bəziləri sonradan vicdanının səsinə qulaq asıb “İrəli”dən uzaqlaşıblar da. Amma nəticə budur ki, “İrəli” gəncləri maddiyatla və bunun sayəsində həyata keçirə bildikləri uğurlu layihələri ilə özünə cəlb edir.
 
Lakin “İrəli”də ideoloji məqsəd də var. Bu təşkilat rejim tərəfindən yaradılmış, konkret Ramiz Mehdiyev tərəfindən kurasiya edilən, gəncləri yuxarıda göstərdiyim və göstərə bilmədyim çoxsaylı mənbələr vasitəsilə təmin edilmiş pulla ələ alan, onları ictimai, siyasi aktiv fəaliyyətdən uzaqlaşdırıb, Azərbaycan üçün 69-cu dərəcəli “problemlər”ə cəlb edən qurumdur. Ona görə də təşkilatdaxili və sair tədbirlərdə tez-tez indiki rejimin təbliğatı gedir (http://ireli.az/activity/projects/20090616113354305.html). Təsadüfi deyil ki, Əli Kərimlinin evinin qabağında özlərini rüsvay edən aksiya keçirənlər də adətən irəliçilər olurlar. “İrəli”nin ilkin İdarə Heyətinə üzv olmuş bir nəfərin verdiyi məlumata əsasən, Birlik üzvləri mütəmadi olaraq, Əliyevlərin təbliğatı ilə təmin olunmalıdırlar. Bununla bağlı “yuxarılar”dan gələn konkret tapşırıqlar dəqiq yerinə yetirilməlidir. Məsələn, 28 may münasibətilə “İrəli”nin facebook səhifəsində Cümhuriyyət dövrünə aid faktlar adlı bir albom yerləşdirilib (http://ireli.az/activity/projects/20120608040009688.html) və orada siyasi sifarişə əsasən, Rəsulzadənin adı çəkilməyib.
 
Karyera məsələsi əyləncə ilə bərabər sıravi üzvlər üçün əsas stimuldur. Belə ki, “İrəli” heç də büdcə və özəl təşkilatlardan talanan pulların bütün üzvlər arasında bərabər bölündüyü Çənlibel deyil. Sıravi üzvlərə pul adətən çatmır və onlar xaricə səfərlər, Azərbaycanın müxtəlif istirahət güşələrində, bahalı otellərdə təlimlərdə, müsabiqələrdə iştirakla baş qatırlar. Sıravilərin əsas stimulu isə karyera yüksəlişidir. “İrəli” korrupsioner rejimin içinə atılmaq üçün tramplin sayılır. Hətta son vaxtlar dövlət orqanlarında iş müraciətlərində “cv”-lərdə “İrəli” üzvü olmaq şansları xeyli artıran bənd sayılır. Sədri avtomatik olaraq, gələcək sifarişli deputat sayılan Birliyin digər vəzifəliləri də zamanla müxtəlif nazirliklərin və digər orqanların içinə sızırlar.
Bu qədər maddi imkanlarının olmasına baxmayaraq, Birliyin idarəçiləri tipik Azərbaycan korrupsiyasından xali deyillər. Xüsusən rəhbər vəzifələrə yalnız tanışlıq yolu ilə götürülmə mümkündür. Bu barədə danışdığım keçmiş irəliçi də özünün tanışı olduğunu və ora karyera qurmaq məqsədilə getdiyini dedi.
 
Əvvəllər ən azından imitasiya xətrinə də olsa, bəzən tədadüfi adamlar da “İrəli” rəhbərliyində təmsil oluna bilirdilər. Lakin Ceyhun Osmanlının əvəz olunduğu seçkidə, daha doğrusu “seçki”də bu təsadüfi adamlar da rəhbərlikdən təmizləndi, bir qrup daha vicdanlı və müstəqil adam “İrəli”ni tərk etdi. Tərk edən şəxslərin və hələ də “İrəli”də “xala xətrin qalmasın” qalanların dediyinə görə, seçki ədalətli keçirilsəydi, Rauf Mərdiyev 30, Nərmin Məmmədova isə 70% səs yığardı. Lakin müdafiə etdikləri despot rejimin bütün seçkiləri saxtalaşdırdığı kimi “İrəli” də öz seçkisini saxtalaşdırıb layiq olmadığı şəkildə Rauf Mərdiyevi sədrlik postuna oturtmuşdur. Nəticədə bir neçə şəxs sırf R.Mərdiyevin əlinin altında fəaliyyət göstərməyi özünə sığışdırmadığına görə, bir qrup isə seçkilərin saxtalaşdırıldığına görə “İrəli”ni tərk edib. “İrəli”də müxalifətə meylli və ya müstəqil mövqeyi olan adamlar bu kütləvi tərketmədən sonra demək olar ki, qalmamışdır və ya cüzi saydadır. Və bu şəxslər hakimiyyəti bəyənməsələr də, rejim əleyhinə çıxmaq istəsələr də, müxalifətə hazırda xalq arasında geniş yayılmış inamsızlıq səbəbindən və digər səbəblərdən ya ortada qalıblar, ya da müvəqqəti olaraq “İrəli”də formal təmsil olunurlar.
 
Son seçki saxtakarlığı və vicdanlı üzvlərin əksəriyyətinin Birlikdən uzaqlaşması və ya soyuması və daha az layiq olan adamın sədr seçilməsi nəticəsində “İrəli”də sıravi üzvləri həvəsləndirən karyera və hakimiyyətin ayırdığı yüz minlərə çatım şansları sıfıra enmişdir. Rauf Mərdiyevin seçilməsi “İrəli”nin ən azından öz üzvləri arasında təbliğatının fiaskosu olmuşdur və özləri bu məlumatı ciddi-cəhdlə gizli saxlamağa çalışırlar.
 
Biz bu deyilik
 
Sonda bir qısa müqayisə də aparım. Yuxarıda yazılanlardan görünür ki, gəncləri “İrəli”yə toplayan maddi maraq və karyera marağıdır. Düzdür, orda peşəkar yaltaqlar, hakimiyyətin ağılla, savadla rejimə qulluq edən agentləri, planlı şəkildə beyinyuma ilə məşğul olan propoqandistlər də var, amma əksəriyyət etibarilə belə deyil. Məsələn, orda AXCP və Müsavatın tərəfində olan gənclər var. Əlbəttə, azlıqdadırlar. Amma “İrəli” idarəçiləri bunu da nəzərə alırlar və müxalifətçiliyə tam qadağa yoxdur. Birliyin üzvü ola-ola Əliyevləri tənqid də etmək olar hətta, sadəcə belə adamlar karyerada yüksəlməyi planlarından çıxartsınlar gərək və azlıq durumunda olmağa razılaşsınlar. Bu durum da əlbəttə gözdən pərdə asmaq, imitasiya məqsədi güdür. Müxalifyönlü və müstəqil (müstəqil deyəndə, şən maarifçi QHT-ləri nəzərdə tutmuş kimi alınır, çünki müstəqil olmaq elə bu rejimin əleyhinə olmaq anlamına gəlir, sadəcə mən formal olaraq tabelik baxımından müstəqil olanları nəzərdə tuturam, vicdanından müstəqil olanları yox) gənclər təşkilatları da var. Onların üzvləri “İrəli”dən qat-qat azdır, çünki ordakı insanlar pul və karyera həvəsi ilə gəlmirlər təşkilata, əksinə pullarını və karyeralarını, həmçinin normal həyatlarını, azadlıqlarını, özlərinin və yaxınlarının təhlükəsizliklərini təhlükəyə ataraq, gəlirlər. Onları təşkilatlarına cəlb edən, burada qalmağa motivasiya verən tək şey mübarizədir. Onları mübarizəyə səsləyən isə ədalət hissi, vicdanlarının səsidir.
 
Dediyim kimi, “İrəli”dəki gənclərin əksəriyyəti də normal insanlardır, vicdanları da var, ədalət hissləri də. Sadəcə müxalif və müstəqil gənclər təşkilatlarındakı gənclərin qeyri-maddi dəyərləri maddi dəyərlərini üstələyə bilib, “İrəli”dəkilərdə isə hələ ki, maddi dəyərlər öndədir. Bəzi irəliçilər “İrəli”də olmaqlarını belə izah edirlər ki, ““İrəli” mənə çox şey verib, mən də ona borcluyam”. Bu, həmin adamların mənəvi hisslərinin maddi maraqlarından önə çıxdığını göstərir. Onlar “İrəli”də qalmaqlarını mənəvi borcla izah edirlər.
 
Amma bir şeyi nəzərdən qaçırmaq olmaz. “İrəli” yaxşı təlimlər keçə, uğurlu layihələr həyata keçirə, Birlikdəki vəzifə sahiblərini maddi cəhətdən doyuzdura, üzvləri üçün karyera yüksəlişini təmin edə bilər, amma bu qeyri-maddi nəsnələr, vicdan məsələsi daim açıq qalacaq. “İrəli” despot rejimin layihəsi olmaqla, müstəqillik dövrünün komsomoluna çevrilməklə, fərqli fikirləri pulla susdurmağa, hər bir nəslin ən böyük gücü olan gəncləri neytrallaşdırmağa və ya hakimiyyətin ruporuna çevirməyə hesablanıb. Bunları görməmək sadəlövhlükdən də o yanadır. “İrəli” üçün azadlıq, ədalət, müstəqillik, inkişaf (söhbət karyera yüksəlişindən getmir) və s. kimi pulla ifadə oluna bilməyən dəyərlər anlayışı yoxdur. Çünki qura bildikləri hər şeylərini pulla qurublar, pulun satın alına bilmədiyi nəsnələr onlarda ola bilməz.
 
Əlbəttə, insan karyerada da yüksələr, maddi cəhətdən təmin olnmuş da yaşayar, amma bunun üçün şərt o deyil ki, mənəvi hissləri satasan və ya arxa plana atasan. Əgər bir təşkilata görə hansısa özəl şirkətlər aylıq və ya illik haqq verməyə məcbur edilirlərsə, əgər bir təşkilata görə əslində ədalətlə bölünməli olan büdcə talan edilirsə, əgər bir təşkilat bu maddiyatın, pulun qarşılığında vətəndaşlarını adam yerinə qoymayan, despot, talançı, quldur rejimi müdafiə edirsə, o təşkilat vasitəsilə karyera qurmaq, özü də bu talançı rejimin içinə istiqamətlənmiş karyera qurmaq ədalət və vicdan baxımından nə dərəcədə məntiqlidir?
 
Mən kimisə “İrəli”dən çıxıb başqa təşkilata keçməyə çağırmıram, hər kəs öz seçiminə bir cür haqq qazandırır, bəzən bu haqq qazandırma özünü aldatma və öz-özünə təsəlli xarakteri daşıyır. Mən bu aldatmaları, təsəlliləri mühakimə edirəm. Sadəcə öz-özümüzə hesabat verək: Biz bu qədər mi düşdük? Pul və karyera ədalət və vicdan hissindən daha mı önəmli oldu? Bizə belə mi tərbiyə verdilər? “İrəli”nin milli mentalitetə sadiqliyini bilirəm. Axı bu təşkilatın məqsədləri bu mentaliteti də zorlayır. Biz ki, bu deyilik.
 
Anonim müəllif
Yuxarı