post-title

Azərbaycanlının homoseksualizmə nifrətinin kökündə nə yatır?

İnsanların homoseksualizmə nifrətlə yanaşmasının səbəblərindən biri, bu cür qeyri-ənənəvi münasibətin reproduktiv ("özünəbənzərinin yaradılması") imkanı inkar etməsi, daha kobud desək, onu "iqnora" qoymasından qaynaqlanır.

 

Təbiət ana hamımızdan öz növümüzün qorunmasını tələb edir. Bəşəriyyətin lap kiçik modeli olan ailə və ya başqa sözlə desək, ata və ana öz nəslini qorumaq üçün daima yeni birini dünyaya gətirməlidir. Bunu eynən xalqa-etnosa-millətə və ən son olaraq, bəşəriyyətin özünə aid etmək olar. Bir sözlə, növün qorunması həm lazım, həm də vacibdir. Homoseksualizm isə növün qorunması uğrunda aparılan bu acımasız "qanununauyğunluğun" inkarıdır. 
 
"Sonsuzdur" kəlməsi azərbaycanlının (və bir çox millətlərin) dilində ən ağır söz sayılır. Hamıya məlumdur ki, insan sonlu, yox olan həyatı qəbul etmədiyindən dini (cənnət və cəhənnəmi) yaradıb.
 
İnsanın natura olaraq skeptik olduğunu nəzər alsaq, o indiki həyatında yəni, reallıqda da "əbədiyyəti" qarantiyaya almaq üçün doğub-törəməyə xüsusi diqqət edib. Çünki hər bir valideyin uşağında öz həyatının davamını görür. Doğum - uşaq isə "ölümsüzlüyü", "əbədiyyəti" simvolizə edir. Bir sözlə, ruhlar aləmində olmasa da maddi aləmdə, maddi aləmdə olmasa da, ruhlar aləmində əbədiyyətə düşməyə çalışır. 
 
Təsəvür edin ki, insanların həyatda uzun müddət yaşamasını təmin edən (əks halda, çoxları intihar edərdi) və onu mənalandıran doğum-əbədiyyət kimi anlayışları homoseksuallar bütünüylə rədd edir. Bu isə nəsilə, millətə və sonda bəşəriyyətə qarşı ən ağır cinayət kimi dərk edilir.
 
Yox olmaq qorxusu altında təbiət ana bizi məcbur edir ki, doğaq-törəyək, yəni bir sözlə, ona lazım olanı edək. Bu qorxular minniliklər ərzində bizim alt-şürumuza keçib. Qorxularımızın təməlini bilsək, biz nifrətdən də qurtulmuş olarıq. 
 
Alt-şüurumuzda olanları şüurumuza çıxartmaq və olanlara rasional baxmaqla biz həyatda "anomal" sandığımız bir çox şeylərə də yersiz nifrətimizi azaltmış olarıq. Homoseksualizmə münasibətimiz kimi. Artıq bir çox Avropa ölkələri bu dövrü keçib. 
 
P.S. Çin hekayətində deyildiyi kimi, mən bilmirəm bu yaxşıdır, yoxsa pis. 
 
P.P.S. Bəlkə də, təbiət ana indi insanların həddən artıq çoxaldığını görərək, insan övladını ixtisara salmağa çalışır və ona görə bu, doğuşu olmayan münasibətlərin çoxalmasına yaşıl işıq yandırır. Bilmirəm... Bu iddianın doğruluğunu isbat etmək üçün erkən dövrlərə qayıtmaq və homoseksualların cəmiyyətdə tutduğu say nisbətini indiki dövrlə müqayisə etmək lazımdır.
 
Emin Aslan
 
Kultura.Az
Yuxarı