İnsan orqanizminin metabolik aktivliyi fiziki aktivliyə uyğun olaraq dəyişir. Təkcə beyin istisna təşkil edir, belə ki, o yuxu və oyanıq vəziyyətdə təxminən bərabər qlükoza tələb edir.
İstənilən halda yaşayan hüceyrə dayanmadan həyat fəaliyyətini normal davam etdirmək üçün qidaya ehtiyac duyur. Əgər orqanizm ona lazım olan qidanı xaricdən ala bilmirsə, o ehtiyat qida “anbar”larına müraciət etməli olur. Bu da əzələ kütləsinin və müxtəlif həyati toxumaların enerji almaq məqsədilə parçalanmasına (katabolizm) səbəb olur.
Bu proses isə öz növbəsində toxumaların tərkibində olan toksiki maddələrin parçalanmasına, dolayı yolla asidoza gətirib çıxarır, hansı ki, əzginlik, yorğunluq, qıcıqlanma, depressiya, libidonun enməsi, qan təzyiqinin aşağı düşməsi deməkdir.
Kişilərdə eyni zamanda prostat mayesinin, spermatozoid sayında və hərəki aktivliyində kəskin azalma yaranır. Orucluq orqanizmi “təmizləmir”, əksinə onu metabolik toksinlərlə yükləyir, sürətli olaraq su, natrium və kalium itkisinə səbəb olur. İsti yay aylarında suya tələbatın dəfələrlə artdığı bir dövrdə bunun daha ağır nəticələri ola bilər.
Bunun nəticəsində postural hipotenziya yaranır, fatal ürək ritm pozğunluqları yaranır. Xüsusilə uşaqlar üçün bu lap təhlükəlidir.
Yaddan çıxarmamalıyıq ki, orqanizm könüllü orucla, qeyri-iradi aclıq arasında differensiasiya edə bilmir. Hüceyrələrin dini yoxdur. Onlar yalnız bir prinsiplə hərəkət edir: orqanizmə maksimal yaşama müddəti təmin etmək.
Bu prinsipə qarşı gələn istənilən qıcıqla, bu təhlükəli vəziyyətlə qarşı-qarşı qalan orqanizm müdafiə mexanizmlərini işə salır. Artan serotonin ifrazı aclıq çəkən insanlara yalançı zövq hissi verir.
Uzun müddət ac qalma eyni zamanda stress hormonları-kortizol və norepinefrinin miqdarını artırır. Qısa müddət ərzində bu qədər dəyişikliklər baş verən orqanizm özünü yeni situasiyaya hazırlayır.
Artıq aclıq müddəti bitdikdən sonra normal qidalanma rejiminə qayıtma ikinci stress faktorudur. Doyulmazlıq hissi insanların həddən artıq yeməsinə gətirib çıxarır. Qida maddələri artıq əvvəlki tək həzm olunmur, onların çox hissəsi ehtiyat piy deposu şəklində yığılıb saxlanılır. Bu yolla orqanizm özünü növbəti mümkün oruca hazırlayır.
Ramazan ayından sonra oruc tutanlarda birdən birə çəki artması onlara yaxşı məlumdur.
Aclıqla müalicə tibbə çoxdan məlum olan müalicə metodudur. Yalnız bir şərtlə ki, bu həkim nəzarəti altında və tədricən həyata keçirilsin. Bu metodlar klassik orucla çox fərqlidirlər. İnsanlar hələ də bilməyərəkdən, bəziləri isə bilərəkdən (!) bunları bir-biri ilə qarışdırırlar.
Dr.Orxan Zamanlı
Kultura.Az