post-title

Xaosdan doğan nizam

Təbiətdə hər şey müəyyən təbii qanunlara əsasən hərəkət edir. Təbiətin qayda-qanunlarına tabe olmaq istəməyən istənilən əşya və ya canlı xaosa düşür və məhv olmağa məhkumdur.

 

Ümumiyyətlə insanın təbiətində ətraf mühitdəki hər şeyi qayda-qanuna, müəyyən bir nizama salma vardır. Bu, təbiətin nizamına uyğunlaşmadan insanın şüuraltına keçmişdir. Bəlkə də yaradılışında vardır insanın, deyə bilmərəm, amma bu vardır. Demək olar ki, ideal bir nizamla "yaşayan" təbiəti idarə edə bilmək üçün, insan yüksək səviyyədə qayda-qanunla, nizamla işləməyi bacarmalıdır. Bu təkcə hansısa ixtiranı eləyib, təbii hadisəni idarə etmək demək deyil. Bu həm də gündəlik həyatımızdakı ən adi hadisələrə etmək istədiyimiz təsirlərə aiddir. Məsələn, bir yumurtanı bişirmək üçün müəyyən bir proseduru həyata keçirməlisən. Nəyisə düzgün eləməsən yumurtanı bişirə bilməzsən. Bütün bu nizam fiziki aləmdə vacib olduğu kimi, insan psixologiyasında da çox əhəmiyyətli rol oynayır. Çünki insan, həmçinin onun psixologiyası bu təbiətin bir parçasıdır. Nizamsız bir həyat insanı stressə, başqa sözlə psixoloji xaosa aparır. Gündəlik həyatımızda gördüyümüz işlərdə müəyyən nizam olduğu kimi, gərək psixologiyamızda da müəyyən nizam olsun. Hətta psixoloji nizamsızlıq, işlərimizdəki nizamsızlıqdan daha pis təsirlər verə bilir bizə.

Nizamsızlıqdan əmələ gələn xaos təbiətdə həmişə enerji itirilməsiylə baş verir. Çünki o nizamı əmələ gətirən və saxlayan bir enerji vardır. Nizamın xaosa keçməsi prosesin enerjinin azalan istiqamətində getməsidir. Hətta elmdə xaos üçün ölçü sistemi də vardır - Entropi. İnsanlar xaosu da idarə etmək istəyirlər. Ona görə də onu ölçən sistem də düşünüblər. Təbii qanunları idarə etmək üçün nizamlı çalışmaq lazım olduğu halda, görəsən xaosu idarə etmək üçün nə lazımdır? Xaosmu? Məncə yox. Çünki ümumiyyətlə insanın xaos dediyi təbiətdə nizamını görə bilmədiyi, başa düsmədiyi bir prosesdir. Başqa sözlə, xaos özü belə müəyyən nizamla gedən dəyişiklikdir, lakin insan bu nizamı görə, başa düşə bilmədiyi üçün ona nizamsız, xaos deyir.

Belə bir anlayış var: Xaosdan doğan yeni dünya nizamı. Bu o deməkdir ki, yeni nizam yaratmaq üçün əvvəlcə köhnə nizamı dağıtmalısan. Sonra isə dağılmış nizamın yaratdığı xaos yeni, başqa bir nizama çevriləcək. Lakin burda belə bir məqam var ki, əmələ gələn xaos yuxarıda da qeyd etdiyim kimi insanların başa düşə bilmədiyi bir nizam olduğu üçün, insanın onu idarə etməsi də mümkün olmayan bir şeydir. Və nəticədə yeni nizamın hansı formada alınacağı insanın iradəsi xaricində qalır. Bu gün istər ictimai, sosial həyatda, istərsə də öz daxilimizdə, psixologiyamızda hökm sürən bir xaos var. Gün-gündən artan bir xaos baş qaldırıb bütün dünyada. Qayda-qanunun və nizamın lazım olmadığı bir istiqamətdə hərəkət edirik. Xaos başlayır və bu xaosdan doğacaq nəticələr yuxarıdakı qeydlərə baxılarsa, həç də ürək açan istiqamətdə getmir.

İnsan nə düşünürsə, odur. İnsan bütün ətraf-aləmlə daimi əlaqədədir və ətraf-aləm onun fikirlərinə, düşüncəsinə təsir etdiyi kimi, insan düşüncəsi də ətraf-aləmə təsir edir. Deməli, dünya nizamını dəyişmək istəyirsənsə, insanların düşüncəsini dəyişəcəksən. Birinci hədəfin düşüncələr, fikirlər olacaq. Günümüzdə insanların düşüncəsindəki xaosu yəqin ki hamı görür. Bu günün devizi "azad düşüncə"dir. Amma hansı məqsədləri güdən azadlıqdan söhbət gedir? Ümumiyyətlə bu azadlıqdırmı? İnsanların düşüncəsindəki artıq azadlıq deyil, xaosdur. Xaosu əldə etmək, və düşüncələri saysız-hesabsız istiqamətdə dəyişmək üçün əvvəlcə "düşüncə azadlığı" anlayışından istifadə olunub. "Sən azadsan və heç kim sənə deyə bilməz nə düşünəcəyini", "Sən insansan və necə istəyirsənsə elə də yaşamaq haqqına sahibsən", "Sən istədiyini edə bilərsən" kimi düşüncələr əvvəlcə insanlara çox doğru görünür və bu fikirlərin insanın ən vacib haqqlarının olduğunu düşünürlər. Lakin insanların beyinlərinə əkilən bu toxumlardan gələcəkdə hansı meyvələrin yetişəcəyini isə heç kim bilmir. Bu toxumlar gələcəkdə insanları "azadlıq"dan xaosa salacaq meyvələri yetişdirəcək.

Əmələ gələn fikir xaosu istər-istəməz insanların beynini bulandırır, ən çox da fikir burulğanına düşmüş yeniyetmələri. Dünənə kimi cəmiyyətdə müəyyən qəbul olunmuş qaydalar var idisə, bu gün o qaydalar yoxdur, çünki kim necə istəyirsə yaşaya bilər və heç kim ona heç nə deyə bilməz. İctimai, sosial həyatın məhvinə aparan "qaydaların dağılıb xaosa çevrilməsi" yuxarıda qeyd olunan toxumların meyvəsidir. "İnsan anasını sevməlidirmi?" sualına alacağımız, bəlkə də artıq aldığımız "İnsan azaddır, istəsə sevər, istəməsə sevməz." cavabı o toxumların meyvəsidir.

Bütün bu yuxarıda yazılanların nəticəsindən əmələ gələn xaosun nəticəsində, insanlar arasındakı ən sadə münasibətlər qırılacaq, insanlar üçün din, milli mənsubiyyət, vətən anlayışları yox olacaq. Din olmayacaq, heç kim öz milli dəyərlərinə sahib çıxmayacaq, hansı ki, bunun nəticəsində də həmin millətlər məhvə məhkum olacaq. Necə ki, yazının ən başında qeyd olunub: xaosa düşən hər şey məhvə məhkumdur. Çünki əvvəlki nizamını itirir. Ümumiyyətlə nə nizamını itirirsə, o məhv olur, başqa nizama keçir.

Nizamlı olmaq isə insanın robotlaşması demək deyil. Nizamlı olmaq ən sadə formada xaosdan qaçmaqdır. Bunun üçün insan həmişə müəyyən nizamla yaşamağı öyrənməlidir. Yazının ən başında deyildiyi kimi, insan nəyisə idarə etmək üçün, nizamlı olmalı, hətta nizamlı düşünməlidir. İnsanlar asanlığa, rahatlığa qaçırlar. Çünki asan işdə enerji sərf etmirlər. Bu isə yuxarıda qeyd edildiyi kimi enerjinin azalan istiqamətində gedən prosesdir və insanı xaosa aparır. "İş insanın cövhəridir", "Səndən hərəkət, məndən bərəkət" və s. kimi ifadələrin hikməti burda daha çox aydın olur insana. Əlbəttə o ifadələri işlədənlər bilmirdilər entropi nədir. Amma buradan belə nəticə çıxır ki, insan cəmiyyətdə qəbul olunmuş müəyyən qaydalar var ki, onları qəbul eləməyi bacarmalıdır. Çünki bu qaydalar tarixin sınağından çıxmış qaydalardır. Heç vaxt öz mənalarını itirmirlər. "Mən çalışmaq istəmirəm, yalnız əylənmək istəyirəm" deyən kəs "Sən nə istəyirsənsə onu da edə bilərsən" deyənin quluna çevrilmiş kimsədir.

Nizamın və qəbul olunmuş müəyyən qaydaların insan həyatındakı rolu barəsindəki fikirlərimi ümid edirəm ki, kifayət qədər çatdıra bildim. Kim olduğumuzu, hardan gəlib, hara getdiyimizi unutmayaq və icazə verməyək ki, bizə unutdursunlar. İnsanın gücü nizamı xaosa çevirməkdə deyil, çünki bu asandır. Əsas güc nizamı olduğu kimi saxlamaqda, onu daha da möhkəmləndirməkdə və onu idarə etməkdədir. İnsanı bütün digər canlılardan fərqləndirən də yenə onun iradəsi və ətraf-mühiti idarə etməyi bacarmasıdır, dağıdıb xaos yaratması deyil.

Əli Novruzov

Kultura.Az

Yuxarı