PYER LAQERKVİST: ZİRZӘMİDӘ
Onu һamımımız görmüşük vә demәk olar ki, һәr g&uum…
Norveç yazıçısı Knut Hamsun Lom şəhərində anadan olub. Atası və anası kənd təsərrüfatı ilə məşğul olduqlarından Hamsun uşaq yaşlarında onlara köməklik göstərirdi. Ailənin icarəyə götürdüyü sahə yaxşı məhsul vermədiyi üçün atası getdikcə müflisləşməyə başlayır və balaca Knut dayısının yanına işləməyə göndərilir. Lakin dayısı həmişə onu kötəklədiyinə və ac saxladığına görə o, az sonra onun yanından qaçmalı olur.
1873-cü ildə Knut yenidən Lom şəhərinə qayıdıb, mağazada özünə iş tapır. Sərsəri həyat sürən bu gənc oğlan sonra Norveçin şimalında yerləşən Bude şəhərində çəkməçi yanında işləyir. Elə bu çətin və əzablı günlərdə o, «Sirli insan» adlı ilk povestini yazır. Bu povesti yazanda onun cəmi 18 yaşı var idi. Bir il sonra o, Vesterlenddə müəllim işləyir. Yazmaqla özünə çörəkpulu qazana bilməyəcəyini başa düşən Knut fəhlə işləməyi qərara alır.
1882-ci ildə Hamsun Amerikaya getmək üçün həmin ölkədə yaşayan həmvətənlərinə məktub yazır. Gələcəyin yazıçısı istəyinə çatır, onun ABŞ-a getməsinə şərait yaradılır. Lakin bir müddət orada muzdur işlədikdən sonra o, vərəm xəstəliyinə tutulur və yenidən vətənə qayıdır. Norveçdə az sonra xəstəliyin bütün simptomları yoxa çıxır: vərəmdən yaxa qurtarsa da, kasıbçılıqdan yaxa qurtara bilmirdi. Əlacsız qalan bu başıbəlalı gənc yenidən ABŞ-a gedir. Çikaqo şəhərində qışda tramvayda konduktor, yayda isə taxıl sahələrində muzdur işləyir. Lakin yaradıcılıq eşqi onu Avropaya qaytarır. Hamsun Kopenhagendə olarkən tanınmış bir qəzetin baş redaktoru - Georq Brandeslə görüşür. O, yollarda və ağır işlərdə vaxt tapıb yazdığı bir romanını ona göstərir. Roman Brandesin xoşuna gəlir və qəzetdə əsərdən bir parçanın çapına razılıq verir.
Hamsunun 1890-cı ildə işıq üzü görən bu romanının adı «Aclıq»dır. Əsər böyük sensasiyaya səbəb olur və Hamsuna şöhrət qazandırır. Mahiyyət etibarilə bu əsərin süjeti yoxdur. Əyalətdən gələn və Osloda yaşayan bir gənc yazıçı olmaq istəyir. Dəhşətli əziyyətlərə, aclığa düçar olan gənci heç nə öz niyyətindən daşındıra bilmir.
O, yalnız yeməkdən yox, sosial əlaqələrdən, sevgidən də məhrumdur. İnsanın öz daxili aləminə qapanması həm də insani münasibətlərin qurulmasını mümkünsüz edir. O, ictimai əzablara alışmaq istəmir, qarşısına çıxan əzabları dəf etmək istəyir. Əsərin qəhrəmanı anlayır ki, onun əhvalını tez-tez dəyişdirən aclıqdır. Ona aclığın məşəqqətlərini sınaqdan keçirmək daha asan gəlir, nəinki təkəbbüründən və inadından imtina etmək. Öz qabiliyyətinə inamı olan bu insan bütün mərhumiyyətlərə dözərək qələbə çalır və böyük bir yazıçı olur. Əsəri tərcümə edən məşhur Amerika şairlərindən biri yazırdı: «Hamsun canlı və mənalı nəsrinə görə bizim hamımızı silkələdi». Hamsun isə ilk romanı haqqında bunları dedi: «Müasir insanın irrasional ruhunu tədqiq etmək istədim». Bundan sonra yazdığı «Misteriya» və «Pan» romanları onun yazıçı nüfuzunu daha da möhkəmlətdi.
Yazıçı bundan sonra «Əsrin uşaqları» və «Torpaq şirəsi» adlı irihəcmli romanlarını yazır. Knut Hamsun 1920-ci ildə «Torpaq şirəsi» kimi monumental romana görə ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü.
Əsərdə böyük məhəbbətlə Norveç kəndlisi İsaak və onun həyat yoldaşı İngerin əsrlər boyu torpağa bağlılıq ənənələrini saxlamaları və həmçinin, patriarxal adət-ənənələrə sədaqətləri çox böyük ustalıqla qələmə alınıb. Hamsun əsərdə kənd həyatının şəhər həyatından üstünlüklərini sübut etməyə çalışır.
Onun qəhrəmanları yalnız torpağa bağlılıqla səadətə qovuşur, öz torpağından ayrılanlar isə əsərdə narahat, qeyri-sabit və xoşbəxt olmayan insanlar kimi təsvir olunur. Əsərin qəhrəmanı İsaak torpaq becərir, ev tikir, taxıl əkir, çörək bişirir. Qəfildən onun yaşadığı yerə İnger adlı bir qadın gəlir. İsaak əvvəlcə onu işçi kimi qəbul edir, sonra onlar ailə həyatı qururlar, birgə işləyir və uşaq böyüdürlər.
İngeri doğma yerlərindən və birinci ərindən didərgin salan bir eybi vardı; o, dovşandodaq idi. Onların yenicə dünyaya gəlmiş qız uşaqları da dovşandodaq doğulur. Anası qızını gələcək əzablardan qurtarmaq üçün onu boğur. İnger bu cinayətinə görə yeddi il azadlıqdan məhrum olunur. İsaak onu səbirsizliklə gözləyir. İnger isə türmədən başqa cür çıxır.
Onu əməliyyat edib dovşandodaqlıqdan xilas etmişdilər. Bundan sonra artıq o, kənddə yaşamağı xoşlamır. Lakin torpaq hər şeyi müalicə edir. Bir müddət sonra o, yenidən kəndə alışır. İsaakın kiçik oğlu şəhərə üz tutduğundan kökündən ayrılır: ticarət qura bilmir, müflisləşir, köməyinə yenə torpağa bağlı atası çatır.
Hamsun göstərir ki, torpaq yalnız ona sədaqətini saxlayanları müalicə edir. Tənqidçilərin gəldiyi qənaət belədir: Hamsunun bu romanı insanı torpağa, zəhmətə səsləyən dünyəvi nəğmədir.
İsveç Akademiyasının nümayəndəsi əsər haqqında öz fikrini belə ifadə etmişdi: «Hər kəs harada olmasından və işləməsindən asılı olmayaraq, ədəbiyyatda həqiqi reallığı axtarırsa, onu «Torpaq şirəsi»ndə tapa bilər».
Mükafata layiq görüldükdən sonra onun yaradıcılığı səngimir: o, «Axırıncı fəsil», «Həyat davam edir» və «Avaralar» adlı məşhur romanlarını yazır.
Hamsun yaşa dolduqca onun şəxsi həyatında və hərəkətlərində radikallıq artmağa başlayır. O, 1934-cü ildə açıq şəkildə faşizmə dəstək verir, 1943-cü ildə Hitler və Hebbelslə görüşür. Bu hadisədən sonra Avropada minlərlə oxucusu onun kitablarını özünə qaytarır və yandırırlar. 1945-ci ilin payızında Hamsun həyat yoldaşı ilə psixiatrik xəstəxanaya yerləşdirilir. Yazıçı 4 aydan sonra qocalar evinə köçürülür. 1947-ci ildə böyük yazıçı faşizmə dəstək verdiyi üçün məhkəmə qarşısında dayanır və 80 min dollar məbləğində cərimə olunur.
Bütün bunlara baxmayaraq, Knut Hamsun 1949-cu ildə «Ot basmış cığır boyu» adlı sonuncu romanını yazdı. Əsər ona qurulan məhkəmə prosesi haqqındadır. Məşhur tənqidçi Robert Blay əsəri «canlı, yığcam və parlaq» adlandırır. Bu oxucularını yenidən onun yaradcılığına qaytaran 90 yaşlı yazıçının son sözü idi.
Knut Hamsunun Nobel nitqi
Xanımlar və cənablar!
Mənə göstərilən hörmət üçün necə minnətdarlığımı bildirə biləcəyimi təsəvvür belə etmirəm! Siz məni göylərə qaldırdınız, mən yer üzərində uçuram, siz də mənimlə birlikdə uçursunuz. Mənim yerimdə olmaq heç də xoşagələn deyil; bu gün axşam mən şöhrət işığında çimirəm, lakin məhz mənə göstərilən şərəf məni çox əldən saldı.
Çoxdan, lap çoxdan-hələ gənc yaşlarımda mən belə bir baş gicəllənməsinə məruz qalmışdım və bu, mənə xeyir verdi. Buna görə də mən qəti şəkildə bilirəm ki, həyatda baş verən hər bir şey bizim xeyrimizədir.
Lakin mən həddimi aşmamalıyam və xüsusilə indiki zamanda. Elm öz sözünü deyəndən sonra mən bu qədər hörmət etdiyim toplantıya dərs verməkdən çəkinməliyəm, öz ölkəmin adından Akademiyaya və İsveçə mənə göstərilən şərəf üçün öz minnətdarlığımı bildirirəm. Şəxsən mənim özümə gəldikdə, mən bu mükafatın ağırlığı altında başımı əyirəm. Akademiyanın mənim boynumun bu ağırlığa tab gətirə biləcəyinə əmin olduğu üçün fəxr edirəm.
Mən öz kitablarımı başa düşdüyüm kimi yazıram, lakin mən hamıdan, o cümlədən müasir İsveç poeziyasından öyrənirəm. Və əgər mən ədəbiyyatda nəyə isə nail olmuşamsa, öz mövqeyimi bu nitqimlə möhkəmləndirmək istəyirəm. Lakin mən boş sözlərdən və bərli-bəzəkli cümlələrdən başqa heç nə deyə bilmərəm. Axı mən artıq gənc deyiləm və mənim buna gücüm çatmır.
Bu anda bu şamlarla işıqlandırılmış zalda mənim həqiqətən istədiyim şey, bu çox hörmətli toplantının hər bir üzvünə gül, hədiyyə, şeir bağışlamaqdır. Bu mənim əsl arzumdur və məhz bu hadisəyə görə, çox güman ki, həyatda bəlkə də elə son arzumdur. Lakin mən hamının gülüş obyektinə çevrilməmək üçün bunu edə bilmərəm. Həqiqətən mən bu gün Stokholmda şan və şöhrət işığında üzürəm, lakin məndə əsas şey, lap əsas şey - gənclik yoxdur. Aramızda elə bir qoca adam yoxdur ki, öz gəncliyini xatırlamasın.Və biz qocalar kənara çəkilib yolu təmizləməliyik və bunu şərəflə etməliyik.
Və mən bu halda nə etməli olduğumdan asılı olmayaraq, bu badəni İsveçin gəncliyi şərəfinə, həyatda mövcud olan bütün gəncliyin şərəfinə içirəm!
Mariya Hamsun ərinin belə bir çıxışından sonra toplantı iştirakçılarının göz yaşı içində olduğunu xatırlayır.
(Fəlsəfə doktoru Etibar Əliyevin “Ədəbiyyat üzrə Nobel mükafatçıları”)
Publika.Az