Rasim Qaraca: "Ədəbiyyat prosesi get-gedə cılızlaşmaqda və yararsız bir cırtdana çevrilməkdədir"
Azərbaycanda 2000-ci illərdə Azad Yazarlar Ocağının yaradıcılarından biri Rasim…
(M.F.Axundovun anadan olmasının 200 illiyinə həsr olunur)
Lütfən, dırnaq arasında verilmiş cümlələrə görə mənə tərbiyəvi, maarifləndirici məktublar yazmayın. Deməyin ki, mollalar, məşədilər, hacılar, seyidlər islam dinini gözdən salıblar. Deməyin ki, əsl islam başqadır. Aşağıdakı fikirlərin müəllifi mən deyiləm, Axundovdur. O Axundov ki, adına kitabxanalar, məktəblər, parklar, küçələr var və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev M.F.Axundovun 200 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Lütfən, şikayət notlu məktublarınızı lazımi ünvana göndərin.
Kəmalüddövlə məktubları
Axundov əvvəlcə İranın keçmiş əzəmətini gen-bol tərif edərək, sonra bu gün İranın zəlil qalmasının səbəblərini göstərir. Axundov hələ o vaxtlar "heyvanların da hüquqlarını qorumaq lazımdır",- yazırdı. Yaradıcılıqda uzaqgörənlik çox əsas şərtlərdən biridir. Axundov inkişafın elmdə, təhsildə, kitabda olduğunu bağırırdı. O, Şərqi çox yaxşı tanıyırdı. Dini gözəl bilirdi. Avropanın doğru yolda olduğunu anlayırdı. Sözü Axundovun özünə verək: "İndi dünyada ərəblərdən geri qalmış və bəxti qara başqa bir tayfa yoxdur. Bəs niyə islam dini onların səadətinə bais olmadı? İndi onlar ac-susuz, elmsiz və hünərsiz bir tərəfdə tullanıb qalıblar. Əgər keçmiş dinləri olan bütpərəstlikdə qalsaydılar, bəlkə də bir günə çıxardılar...
Tehran qəzetinin bir səhifəsində yazırlar: "Burun-qulaq kəsmək İranda əsla dəb deyil. Bu iftiranı bizimlə düşmənçiliyi olan ingilislər İran dövlətinə bir böhtan kimi yapışdırıb, qəzetləri vasitəsilə nəşr edirlər". Elə həmin qəzetin o biri səhifəsinə baxanda görürsən ki, Mazandaran xəbərlərində yazırlar: "Mehdiqulu Mirzə bir əttarın qulaqlarını görənlərə ibrət olmaq üçün camaatın gözü qarşısında kəsmişdir". İndi Fransa və İngiltərədə eşşəkləri, atları və öküzləri vurmaq qadağandır. Amma İran məmləkətində despotun fərmanı ilə yüksək rütbəli sərkərdələrin, əmirlərin qulaqlarını kəsirlər. Bir neçə vaxtdan sonra yenə bu rüsvay olmuş rütbə sahiblərindən vəzirlər qayırırlar və onlardan sədaqət, vəfadarlıq gözləyirlər. Biçarə əmirlərin təbiətində despotun hökmranlığı və təsirindən elə bir rəzalət, alçaqlıq və qeyrətsizlik yaranıb ki, təhqir olunmağı əsla özlərinə ar bilmirlər". Nə qədər dəqiq. Bu cümlələri oxuyarkən yazıldığı vaxtı unutmayın. Növbəti cümlə isə sanki Misir Mərdanov haqqında yızılıb: "Nə vaxt ki, İran dövlətinin tarix kitablarına baxırsan, kitabın əvvəldən axıra qədər səhvlərlə dolu olduğunu görürsən. Qəribədir, kitabın sonunda müəllif hələ oxuculara üz tutaraq üzr də istəyir, "dövlət işləri ilə məşğul olduğuna görə səhvləri düzəltməyə imkan olmamışdır",-cümləsini yazır.
Qorxu və qəzəb üzündən edilən itaətkarlığın sonu yoxdur. Nadirdən artıq qorxulu despot olmaq mümkün deyil. Lakin bütün dünyaya məlumdur ki, Nadirin aqibəti necə oldu. İtaətin bünövrəsi ancaq o zaman möhkəm olar ki, bu itaət məhəbbət və inamdan irəli gəlsin. Tehranda padşah küçəyə çıxan zaman əllərində çubuq və çomaq tutmuş fərraşlar camaatı onun yolu üstündən qovub uzaqlaşdırır, adamların baş-qulağını əzişdirirlər. Əgər camaatı qovmaqda məqsəd düşmənlərin qarşısını almaqdırsa, bəs nə üçün dəfələrlə gülləyə hədəf olan Avropa padşahları yenə də inam və cəsarəti əldən verməyib, həmişə tək-tənha bayırda gəzirlər?"
Mirzə Cəlildən, Haqverdiyevdən fərqli olaraq, Axundov zərbəni birbaşa islam dininin bünövrəsinə vurmuşdu. "Axundov dinə qarşı yox, cəhalətə qarşı mübarizə aparıb",- deyənlər gülüşə layiqdirlər. Bu sözü deyən adamları yalnız savadsız adlandırmaq olar. Axundov çox kəskindir. Hətta o dərəcədə ki, mən onun bəzi fikirlərini yazıda tirajlaya bilmirəm: "Bəzi şəxslər belə bir fikirdədirlər ki, guya cəhənnəm qorxusu cinayətlərin qarşısını almağa kömək edir. Məgər elə bir müsəlman vardır ki, cəhənnəm qorxusundan xalqın malı ələ düşəndə yeməsin, bir tüksüz uşağa rast gələndə ona əl vurmasın? Bütün oğrular, yolkəsənlər və qatillər cəhənnəmə inanan adamlar arasından çıxır. Cinayətlərin baş verməməsinin əsas səbəbi cəhənnəm qorxusu deyil, bu dünyada veriləcək cəzanın, tanış-biliş məzəmmətinin qorxusudur. Cəhənnəm qorxusu və behişt ümidi heç bir vəchlə cinayətlərin yaranmasına mane ola bilməz".
Axundov yazır: "Bu dərdin çarəsi millətin bütün yoxsul, zəngin, böyük, kiçik, şəhərli və kəndli təbəqələri arasında təbiət elmlərinin yayılmasıdır. Avropanın millətləri, xüsusilə İngiltərə, Fransa və Amerika millətləri dini etiqadların qeydindən azad olaraq, əql və fəlsəfəyə tabe olaraq elm və sənayedə günbəgün, saatbasaat tərəqqi etməkdədirlər. Onların elmləri sayəsində dünyada qəribə ixtiralar, insan övladının xoşbəxtliyinə səbəb olan maraqlı yeniliklər meydana gəlmiş, elm vasitəsi ilə Avropa əhalisi tərəqqi etmişdir. Hər bir ağıllı adam hər necə olursa-olsun, din və məzhəblərin həqiqiliyi haqqında insanların fikrində şübhə oyatmalıdır. Bundan sonra fikrini özü fəaliyyət edib, yavaş-yavaş həqiqəti anlayacaq və sahibini cəhalət qaranlığından bilik işığına çatdıracaqdır. Necə ki, hal-hazırda Avropanın qüdrətli xalqları bu sifətin sahibidirlər".
Əsl peyğəmbərlik budur. Axundovun uzaqgörənliyinə heyran qalmamaq mümkün deyil. Axundov "Kəmalüddövlə məktubları"nda yazır: "Ərəblər bizim səltənətimizi yıxdılar. Vətənimizi elə xarabdan da xarab etdilər ki, bu günə qədər də abad etmək mümkün olmayıbdır. Buna əlavə olaraq bizim boynumuza elə bir yazı buladılar ki, bu yazının sayəsində hər kəsə müyəssər olan savadı əldə etmək bizim üçün işlərin ən çətini olmuşdur. Bu qəbildən bizə elə müsibətlər gəlmişdir ki, bəsirət sahibi olan adam onları danışdıqca ağlar. Bu qövmün başçıları sağ olduqları zaman biz onların qılıncının qorxusundan onlara itaət etməyi qəbul etdik. Hal-hazırda onlar ölüb torpağa döndüyü halda, yenə onların ölülərinə qul olmaqla fəxr edirik. Görün, bizim axmaqlığımız və kütlüyümüz nə dərəcədədir?"
Viktor Hüqo deyir ki, fikirdə iradə ola bilər, xəyalda isə iradə mümkünsüzdür. Siz bir adamı tanımaq istəyirsinizsə, onun fikirlərini yox, çalışın arzularını, xəyallarını dinləyəsiz. Bu mənada müsəlmanların müqəddəs kitabında təsvir olunan cənnət hər bir ərəbin xəyalı idi.
Axundov yazır: "Əgər axirətdə sərin su varsa, qoy bu suyu ərəblər özləri içsinlər. Həmişə sərin suyun həsrətində olmuşlar. Onların çoxu "su-su" - deyə-deyə dünyadan getmişlər. İndi necə ola bilər ki, axirətdə onlar bizə sərin su içirdəcəklər? Bizim bu nadanlağımız üçün heyflər olsun! Bizdən əvvəlkilər bu dünyanın vücuda gəlməsini yeddi min il sayırdılar. Amma bu gün qəti dəlillərlə dünyanın vücuda gəlməsi tarixinin milyon ildən də çox olduğu bizə isbat edilmişdir. "Əhli-kitab" dinlərindən əvvəl bütpərəstlik, atəşpərəstlik, brəhmənlik, yunanların çoxallahlıqları kimi bir çox dinlər dünyada zühur etmişdir. Əgər dünyada haqq din lazım idisə, nə üçün Musa zamanına qədər keçən bu qədər min illər içərisində xudavəndi-aləm haqqa dəvət üçün peyğəmbər göndərmədi ki, batil dinləri yer üzündən silsin? Məgər o zamana qədər bu dünyanın və bu bəndələrin ona mənsubiyyəti və ya dəxli yox idi? Yaxud sonradan ayılıb batil dinlərin onun dünyasını murdarladığını gördü və o vaxt peyğəmbərləri və göylərdə yazdığı kitablarını göndərmək fikrinə düşdü?"
Axundov yazır: "Bizim ruhani azadlığımızı islam dininin başçıları əlimizdən almış, bizi bütün ruhani işlərdə tamamilə öz əmr və nəhylərinə tabe və kölə etmişlər. Beləliklə, biz ruhani azadlıq maddəsində din başçılarının qulu olaraq azadlıq nemətindən məhrumuq. Bizim cismani azadlığımızı isə despot hökmdarlar əlimizdən almış, bizi bu dünya həyatında tamamilə öz buyruqlarına məhkum edib, bizi öz nəfslərinin istəklərinə görə cürbəcür ağır yüklərin və təkliflərin xammalı etmişlər. Bu maddədə də zalımların hüquqsuz qulu və zəlil bəndələri olub, azadlıq nemətindən məhrumuq. Şərq xalqları ərəblərin dininin zühur etməsi və onların Asiyada qüdrət tapması ilə tam azadlığı birdəfəlik itirdilər. Bərabərlik nemətindən, bəşər hüququ nemətindən tamamilə məhrumdurlar, bu məhrumluğu hətta anlamaqda belə acizdirlər".
Axundov yazır: "Əgər dünyanın ləzzətlərindən məhrum qalmaq insanın mənəvi inkişafına səbəb olsaydı, zahidlər insanların ən ağıllıları olmalıydılar. Halbuki onlar insanların ən səfehi və zəmanənin kütbeyinləridir".
"Ərəb tayfasının yalan quraşdırma, əfsanə düzəltməkdə bütün tayfalar avrasında misli-bərabəri yoxdur. İranlılar da yalana və əfsanəyə inanmaqda dünyada təkdirlər".
Axundov yazır: "Din və imanlı elm və fəlsəfə iki zidd halətdir, qətiyyən bir yerə toplana bilməz. Din və iman sahibi olan alim və filosof sayıla bilməz. Əgər elm və fəlsəfə sahibi olursa, dindar və mömin ola bilməz. Din və iman talibi olan kimsə gərək qətiyyən mərifət dairəsinə yaxınlaşmasın. Mərifət talibi olan kimsə istər-istəməz, ixtiyarsız olaraq din və imandan uzaq olmalıdır. Xoş o adamın halına ki, bu iki bir-birinə zidd haləti öz varlığında birləşdirə bilir. Lakin bu işin imkanı qeyri-mümkündür".
Dünyaca tanınmış şəxsləri özününküləşdirmək cəhdləri üçüncü növ xalqlara xasdır. Bu barədə ermənilərin bütün xalqlar arasında tayı-bərabəri yoxdur. Biz də az aşın duzu deyilik. Bir ara deyirdilər ki, Napaleonun yavəri azərbaycanlı olubdur. Bu yaxınlarda Maradonanı da azərbaycanlı çıxardıq. Bu mənada Lütfi-Zadəylə fəxr etməyimiz başadüşüləndir. Hər bir insan, toplum yapışmağa tutacaq yer axtarır. Axundovla bizim fikir tariximiz başlayır. Ona qədər yaşayan və yaradanın bizə heç bir dəxli yoxdur. Nizami Şərq şairidir. O boyda osmanlılar Axundov kimi şəxsiyyət yetişdirə bilmədilər. İran həmçinin. Axundov sözün həqiqi mənasında əjdahadır. Bizdən uzaq Lütfi-Zadəylə zorla fəxr etməkdənsə, bizə daha doğma, əziz, aktual Axundovla fəxr etmək daha doğru olmazmı? Hər bir tərəqqipərvər azərbaycanlı əlini ürəyinin üstünə qoyaraq, Axundovla fəxr edə bilər. Burda heç bir şişirtmə yoxdur. Hər bir tərəqqipərvər azərbaycanlı günbəgün, saatbasaat Axundovun necə böyük, genişçaplı, uzaqgörən şəxsiyyət olduğunu hiss etməkdədir.
Seymur Baycan
"Reytinq"