Sevginin insan yaşamında tutduğu yer
(Bertran Rasselin 1950-ci ildə Ədəbiyyat üzrə Nob…
(“La Jornada” qəzeti. Meksika.)
Biz tariximizə soyqırımla başlamışıq!
Bizimlə razılaşmayan hər kəs rədd olsun!
Bir göz qırpımında uçub gedən, sonuncu iki yüz ildə, biz sanki, zibil borusunda yuvarlanmışıq. Elə orda da boynumuzu sındırmışıq! Bizim halımıza yanan kimsə yoxdur, hətta bizim ayağa qalxmağa kömək etdiklərimiz belə bizə arxasını çevirir. Tariximizin hansısa bir məqamında, sadəcə bütün dünyanı zəhərləməyə başladıq. Biz onu, tərəqqi, məhsuldarlıq və mexanikiləşdirmə ideyalarımızla zəhərlədik. Biz güclü tərəfimiz olan, pioner-ixtiraçılamızı, robotlarla əvəzlədik. Biz yaşadığımız dünyanı insansızlaşdırmaya sürüklədik.
Bizim qitəmizdə, bizdən əvvəl məskunlaşmış yerlilər, əvvəlcə Köhnə Dünyadan olan koloniyaçıları Tanrı kimi qəbul etmişdilər. Ancaq onlar tezliklə bundan məyus oldular. Onlar çox tezliklə bizdən qorxmağı və bizə nifrət etməyi öyrəndilər (məhz biz, solğun bənizlilər hindulara düşmənin başını kəsməyi öyrətmişik!). Dünya baxışları bizimki ilə üst-üstə düşməyənlərlə də biz eyni qəddarlıqla davranmışıq. Məhz biz, heyrətamiz Oneyda icmasının, eləcə də bir çox rühani icmaların kökünü kəsmişik. Biz hinduların torpaqlarını əllərindən aldıq və bu xalqı məhv etmək üçün əlimizdən gələni etdik. Bununla belə heç bir dəfə də olsun, etdiklərimizin əvəzini ödəməyə cəhd göstərmədik.
Sanki, biz hamımız nifrət və zorakılıqlar arasında döllənmiş və talamaq, zorlamaq, öldürmək üçün doğulmuşuq. Bizim tariximizlə bağlı kitablarda, əcdadlarımızın törətdiyi bütün qəddar, alçaq, əxlaqsız hərəkətlər ört-basdır edilməyə çalışılır. Bizim xalqımızın, ən görkəmli öndəri Tomas Ceffersonun (Thomas Jefferson) qaradaərili köləsindən qeyri-qanuni övladı olduğunu misal göstərmək bəs edər. Bizdə demokratiyanın özülünü qoyan böyük siyasətçilərdən az qala hamısı quldarlar idi. Məhz onlar bizim millət üçün respublika və demokratiya anlayışlarını düşünüb hazırlamışdılar, ancaq əslində elə şeylərin heç biri bizdə olmayıb, elə indinin özündə də yoxdur. Bu ölkəni nüfuzlu ailələrdən olan bir neçə patrisi (qədim Romada zadəganlar) idarə edir. Hələ Uolt Uitmenin (Walt Whitmanın) zamanında, bütün bu ərazi rüşvət içində inləyirdi. Uitmenin şeiriyyatında “Ot yarpaqları”, “Mənim mahnım” kimi əsrarəngiz şeir nümunələri ilə yanaşı, nəsr əsərləri də amerika cəmiyyətinə qarşı yönəlmiş ittihamlardan ibarətdir.
Lap bu yaxınlarda bizim bütün prezident müşavirlərinin bir çərçivədə toplanmış rəsmini gördüm, onların hamısının görünüşünü səfeh işlərlər məşğul olan obrazlarla eyniləşdirmək olardı. Onların bəzisi cinyətkara, bəzisi kütbeyinə, bəzisi isə axmağa oxşayırdı. Heç prezidentlərimiz də onlardan geri qalmır. Şözsüz ki, bütün dünyanın dövlət xadimlərinin çöhrəsində bir ağıldankəmlik və bambılılıq yağır. Heç Çörçil də istisna deyil.
Çoxları Linkolna dərin ehtiram duyurlar, lakin mənim fikrimcə bu ölkədə vətəndaş müharibəsinin başlamasında əsas cavabdehlik daşıyan odur, çünki onun Şimal və Cənub arasında razılıq yaratmaq imkanları var idi. İstər həmin vətəndaş müharibəsində olsun, istər ondan sonrakılarda elə misilsiz vəhşiliklər törədildi ki, bu günədək ölkə özünə gələ bilməyib.
Birinci dünya müharibəsində iştirak etmək isə, yumuşaq desək axmaqlığın ən qorxunc forması idi. Gəlin yada salaq görək, bəşəriyyətin bundan əvvəlki qorxunc düşmənləri haraya getdi? Axı kim onları zərərsizləşdirdi?!
Müharibə, müharibə. Lap uşaqlıq illərimdən Birləşmiş Ştatlarla, İspaniya müharibəsində, rus-yapon müharibəsində, Balkanlardakı müharibələrdə və saymaqla bitməyən minlərlə belə müharibədə nələr baş verdiyini xatırlayıram. Jan Jiono (Jean Giono) özünün “İtaətdən yayınma” (“Refus d'Obeissanse”) yazırdı: “müharibələr kapitalizmi yedirdir, onlarsız kapitalizm heç ayaqda dura bilməz”
Bu gün bütün partiyalar müharibə aparmaqla məşğuldur, istər liberallar, istər mühafizəkarlar olsun, hamısının fikri-zikri müharibə aparmaqdır. Kommunistlər də, kapitalistlər və faşistlər kimi cəlladdır. Bizim millətin bəşəriyyət qarşısında xidməti o olub ki, o yerdə qalan millətlərə özünü məhv etməyi, bununla belə ətrafındakı bitki və heyvan aləmini də yer üzündən silməyi öyrədib.
Bir zamanlar bütün cəmiyyət Aya uçuşu diqqətlə izləyirdi. İndi belə anlaşılır ki, bu eksperimentin cəmiyyət üçün heç bir faydası yox imiş, burdan yeganə qazanan Pentaqon oldu. Çox yaxın zamanlarda bizə nə hərbi forma, nə hərbi hazırlıq nə də, nizam-intizam lazım gəlməyəcək. Biz haradan xoşumuz gəlirsə, oraya düşərgəmizi salacağıq və oturduğumuz yerdən ən ölümcül silahlarımızı idarə edəcəyik. Müharibələr isə bizim yırğalanan kreslomuzdan çox-çox uzaqlarda cərəyan edəcək! Həmçinin, generallara, admirallara və bu cür komandanlara ehtiyacımız olmayacaq. Hər kəs birlikdə və hamı ayrı-ayrılıqda, istər kişilər, istər qadınlar, istərsə də uşaqlar olsun, bizim üçün potensial bomba rolunu oynayacaq.
Mən, kanalizasiya borusunda axıb gedirik deyəndə, yer üzündəki bütün insanlığı da buraya aid edirəm. Hamımız birlikdə düşdükcə düşürük. Kütləvi məhv oluruq. Ola bilsin yer üzündə ancaq ən bəsit canlılar və vəhşi heyvanların nümayəndələri həyatda qalacaq. Yalnız bundan sonra biz yeni insanlığın doğuşuna şahid olacağıq. Əslində biz sistemdən narazı yenilikçilər hal-hazırkı cəmiyyətdə əksəriyyəti təşkil edirik, lakin hələ də Dövlət adlı gəmini doğru yola yönləndirmək iqtidarında deyilik. Tərəqqipərvər ideyalara edilən istənilən hücum bizi get-gedə daha da keçmişə sürükləyir.
Dünya xəritəsində ortaya çıxdığımız ilk gündən bəri, bizim öz quldurlarımız, öz qatillərimiz və rüşəvətxor siyasətçilərimiz olub. Axı biz nə vaxt, xoşbəxt, xeyirxah və sadəlövh dövr yaşamışıq ki? Mənim zənimmcə heç bir zaman. Hələ mən uşaqkən Tammani Holl haqqında (Tammany Hall - 1790-1960-cı illər arasında ABŞ-da Demokrat partiyası nəzdində fəaliyyət göstərən təşkilatdır, onlar öz namizədlərini hakimiyyətə gətirmək üçün, rüşvət, quldurluq, adam-oğurluğu və s. cinayətlərlə törədirdilər-N.H) şaiyələr təzə-təzə yayılmağa başlayırdı. Hələ lap uşaqkən, gözlərimin önündə bir dəstə yaxşı təlim keçmiş, atlı, gənc polisin, Yunion-Skveyrdə silahsız kütləni necə qovduğunu görmüşdüm. Hələ tamamilə uşaqkən mənə admiral Dyu (Admiral Dewey-Sakit okeanda İspaniya donanmasının ağalığana son qoyan, xüsusi qəddarlığı ilə fərqlənən amerikalı admiralı) kimi safdil “qəhrəmanlar”, ya da San-Xuan Hill döyüşündə (1898-ci ildə Amerikanın, Kubanın işğalı uğrunda İspaniya ilə döyüşü) misilsiz rəşadət göstərmiş Teddi Ruzveltdən danışırdılar. Ancaq mənə Emerson, Toro və yaxud Uitmen haqqında heç nə deməmişdilər. O dövrlər mənim “qəhrəmanım” “gümüş sözün natiqi” Uilyam Cenninqs Brayn idi (William Jennings Bryan - 1896-cı ildə Amerikada prezidentliyə namizəd, görkəmli natiq idi, o gümüş və qızıl pulların tədavüldən çıxarılmasını tələb edirdi-N.H). Çox-çox sonralar mən Sinq-sinq, Dannemor, Livenvort həbsxanaları (Amerikanın dözülməz şəraitdə olan, ciddi rejimli həbxanaları-N.H) haqqında eşitdim. Gənclikdə ən sevimli yazıçım O`Henri idi, lakin o zamanlar heç kim mənim kumir-yazıçımı yazmağa sövq edən, Ohayoda onunla eyni kamerada həbsdə yatmış Al Cenninqs haqqında danışmamışdı.
Bizim yaşadığımız rayonda nə ictimai kitabxana, nə də kitab mağazası vardı. Ancaq iyirmi bir yaşım olanda bəxt mənim üzümə güldü və mən Kaliforniyada, San-Dieqoda Emma Qoldmanla qarşılaşdım. O mənim üçün mədəniyyət sözünün əsl mahiyyətini açdı. Məhz onun sayəsində mən Mark Tvendən, Fridrix Niçşeyə doğru dönüş etməyi bacardım.
Təkcə bizim prezident müşavirlərimiz kütbeyin və geri düşüncəlilər deyil, az qala bütün ölkə həmin yolun yolçusu idi. Bu iki yüz ildə bizim ölkəmiz neçə böyük yazıçı, rəssam, musiqiçi yetişdirib? Ancaq onun yetişdirdiyi məhşur avaraları, əyyaşları yada salmaq kifayətdir!
Bundan əlavə Uotorqeyt (Watergate - Amerikada prezident Niksonun istefası ilə nəticələnən 1972-1974 –cü illərdə baş vermiş siyasi skandal) adı ilə tanınan həmin sirki yada salmaq bəs edər. Əgər cəmiyyətin həmin hadisəyə münasibətini nəzərə alsaq, elə anlaşılır ki, güya bizim siyasətçilər heç bir cinayət törətmirlər, onların əlindən ancaq sadə səhvlər etmək gəlir. Biz dəfələrlə belə davranmışıq, çünki belə sadə addımlarla şərin kökünü həmişəlik kəsə biləcəyimizə bərk-bərk inanmışıq.
Linkoln özünün “Azadlıq haqqında deklorasiya”sını dərc etdirəndə, biz axır ki, quldarlığın sonun gəldiyinə inanırdıq. Ancaq Amerikanın şimalında cənubundan betər irqi ayrıseçkiliyin hökm sürdüyünü ağlımıza belə gətirə bilməzdik. Biz təkcə qaradərili qullar yaratmamışıq, həm də mexanikiləşdirmə erasının qulları olan – ağdərili qulları da doğurmuşuq. Hələ də Ku-kluks-klan (Amerikda ağların qaralara qarşı nifrətini ifadə edən gizli terrorçu təşkilat) mövcudluğunu qoruyub saxlayır. Həmçinin hələ də mafiyalar ölkə boyu yayılıb! Bizdə qırğınlar olmasa da, antisemitizm gün-gündən güclənib, budaqlanmaqdadır.
Tərəqqiyə doğru getdiyimizlə bağlı yayılan bu mənasız söz-söhbətlərin ucbatından bizlər düşüncə zəifliyindən əziyyət çəkirik, bununla belə cürbəcür mövhumatlar və qan tökmək yanğısı əvvələr olduğu kimi yenə də bizi idarə edir. ABŞ –ın hərbi idarəsi olan Pentaqonun adını çəkmək belə insanları qorxutmağa bəs edir! Vyetnam müharibəsi əsl rəzillik idi! Teymurləng və Atilla bizim atom və yandırıcı bombalarla silahlanmış azğın qatillərizimin yanında uşaq idilər. Əgər Hitlerin etdikləri soyqırım idisə, ondan bizim əməllərimizə nə ad versinlər?
Biz tariximizə soyqırımla başlamışıq! Bizimlə razılaşmayan hər kəs rədd olsun! Biz hindulara, zəncilərə, meksikalılara qarşı soyqırımlar törətmişik. Uşaqlarımız televiziya ekranlarında göstərilən cinayətlər, qətllər, quldurluqlar, işgəncələr və ağla gələn, gəlməyən hər cür qəddarlıq, cəhalət və amansız səhnələrə baxa-baxa böyüyürlər. Bunlar hamısı bizim belə çox təriflədiyimiz “tərəqqi”nin göstəriciləridir. Bizsə hələ də niyə belə pozulub məhv olduğumuzu (həm millət kimi, həm xalq kimi) araşdırırıq.
Amerikan “sivilizasiyasında” təqdirə layiq bir şeyin olub-olmaması məni hələ də maraqlandırır. Ancaq ağlıma heç nə gəlmir. Həbsxanalar əxlaqsızlıq yuvasıdır. Məktəblər uşaqlara qorxu və məcburiyyət yoluyla bilik öyrədilən yerdir, ancaq əgər şagirdlər öz müəllimlərindən qorxursa burada hansı bilikdən söhbət gedə bilər?! Hər kəsin qorxduğu birisi var və bu zəncirvari qurulub, bu qorxu doğulduğu gündən insana yeridilir. Amerikada heç bir hünərli oğlan gecə yarısı tək başına, həm də silahsız küçəyə çıxa bilməz. Ona görə də burada gecələr bayırda görünən adamların şübhə oyatması tamamilə normaldır.
Son dövrlər yenidən zöhrəvi xəstəliklər və narkotik istifadəçiliyin kütləvi yayılması tez-tez müzakirə edilir. Cinsi yolla ötürülən xəstəliklər yeniyetmələr arasında gün-gündən daha böyük sürətlə yayılmaqdadır. Həmçinin narkotik və içki haqqında da eyni şeyi demək olar. Millətin böyük əksəriyyəti içki düşkünü və narkomanlardan ibarətdir. Hətta qoca nənələrin belə içdiyi bir ölkədə, başqa nə gözləyəsən ki!
Bəs bizim “fədakar” polislərimiz, güya müdafiəmizdən cavabdeh olanlara nə deyəsən? Gör bir onlar nə qədər cinayətə bulaşıblar! Onlar bizdə ancaq şübhə və nifrət oyadırlar! Onları xarakterizə etmək üçün ən uyğun söz, rüşvətdir! Bəs hanı bizim o qəhrəmanlarımız! Bəlkə idmançıların arasından axtarsaq bircə Məhəmməd Əlini taparıq. Ondan sonra gərək hansısa futbolçudan zaddan özümüzə qəhrəman düzəldək. Yox axı bizim əsl qəhrəmanlarımız da olub, ancaq onların çoxu indi ya həbsxanadadır ya da öldürülüb. Bizim müharibələrdə ölüb getmiş çoxlu-çoxlu adsız qəhrəmanlarımız olub. Lakin, hər dəfə Vyetnam müharibəsini xatırladıqca ürəyim bulanır. Hələ də fəxrlə özünü həmin müharibənin “qəhrəmanları” hesab edən veteranlar var. Tanrı onları əhv etsin.
Sözlərimin acı olmasına baxmayaraq, mən nə Birləşmiş Ştatlara, nə də amerikalılara nifrət etmirəm. Qanla dolu coşğun keçmişimizə nəzər yetirsək, özünü sivil adlandıran digər ölkələrdən elə də fərqlənmədiyimizi görərik. Mən istənilən böyük ölkənin cılız vətəndaşlarının düşündüyü kimi: “Biz necə varıqsa elə olmaqdan xoşbəxtik. Bizim heç nəyi dəyişdirməyə ehtiyacımız yoxdur”, şəklində düşünə bilmərəm. Həmçinin dünyanın bütün sivil millətləti arasında amerikan milləti, mənə ən narahat, ən acgöz millət kimi görünür. Bununla belə onlar axmaqcasına arzulara qapılıb, bütün dünyanı özlərinə bənzətməyə çalışırlar. Lakin bununla məşğul olarkən, onlar güya dünyanı düzəltmək arzusuyla əskinə onu dağıdır və zəhərləyirlər. Şair Uolt Uitmen düz yüz il əvvəldən bunu görmüş və bizi ən axmaq millət adlandırmışdı. Bəlkə də yer üzündə yaşamış ən dahi amerikalı elə Uolt Uitmen özü olub!
Budur Uitmenin düz yüz il əvvəl yazdığı sözlər, hər şeyi təsdiqləyir: “İrəli, mənim sevimli amerikalılarım, atlarınızı daha da uzaqlara çapın həyəcanla! Pul, Siyasət uğrunda! Bütün kilidləri açın, daha da uzaqlara yetişmək üçün, hər kəsə dərs vermək üçün! Çox yaxında istədiyinə çatacaqsan, ancaq onları saxlamaq istəsən belə bacarmayacaqsan. Ən yaxşısı (köhnə və yeni ölkələrə) vaxtında göstəriş ver, minlərlə dəlixana tiksinlər. Çünki sən axmaqlardan ibarət bir millət yaratmaq üçün ən doğru yolu seçibsən”.
Çeviri: Namiq Hüseynli
Kultura.Az