post-title

Çarlz Bukovski: Altı düym

Sara ilə evliliyimizin birinci üç ayı babat keçdi, amma demək olar ki, bundan az sonra çətinliklərimiz başladı. Yaxşı yemək hazırlayırdı və illər sonra ilk dəfə idi ki, yaxşı qidalanırdım. Kökəlməyə başlamışdım. Sara da deyinlənməyə başlamışdı.

 

“Ah, Henri, Şükranlıq günü üçün yemlənilən hindtoyuğuna oxşamağa başlayırsan”.

“Elədir, quzum”, dedim. 

Avtomobil ehtiyat hissələrinin saxlanıldığı anbarda daşınma məmuru işləyirdim və aldığım pul güclə çatırdı. Həyatdakı həzlərim yeməkdən, pivə içməkdən və Sara ilə yatmaqdan ibarət idi. Mükəmməl bir həyat deyildi, ancaq insan əldə edə bildiyi şeylərlə razılaşmalıdır. Elə Sara kifayət idi. Onun haqqında hər şey dörd hərfdən ibarət idi: S-E-K-S. Onunla anbarda işçilər üçün təşkil edilmiş Milad ziyafətində tanış olmuşdum. Sara orada katibə işləyirdi. Qonaqlıqdakı iş yoldaşlarımdan heç birinin ona yaxınlaşmadığını sezmişdim və özlüyümdə bunu anlaya bilmirdim. Həyatımda ondan daha cazibədar qadın görməmişdim, heç axmaq kimi də davranmırdı. Yaxınlaşdım, içdik və söhbət etdik. Gözəl idi. Amma buna baxmayaraq gözlərində nəsə qəribəlik vardı. Düz sənə tuşlanıb baxırdı və sanki gözlərini qırpmırdı. Sara tualetə gedəndə Harriyə yaxınlaşdım,  yük maşını sürücüsünə.

“Qulaq as, Harri”, soruşdum, “niyə oğlanlardan heç kim Sara ilə oynaqlaşmır”?

“O, bir ifritədir, dostum, əsl ifritə. Uzaq dur ondan”.

“İfritə deyə bir şey yoxdur, Harri. Bütün bunlar sübut oluna bilmədi. Nə vaxtsa bu qadınların dirəyə bağlanıb yandırılması qəddar və dəhşətli bir səhv idi. İfritə deyə bir şey yoxdur”.

“Yaxşı, ola bilər ki, xeyli qadını səhvən yandırıblar, deyə bilmərəm. Amma bu qancıq bir ifritədir, inan mənə”. 

“Onun ehtiyacı olduğu şey, Harri, sadəcə bir az anlayışdır”.

“Onun ehtiyacı olduğu şey”, dedi Harri, “sadəcə bir qurbandır”.

“Haradan bilirsən”?

“Faktlar”, dedi Harri. “Burda iki oğlan vardı. Manni, satıcı. Və Linkoln, katib”.

“Nə oldu onlara?”

“Gözlərimizin qarşısında yox oldular, amma o qədər yavaş ki, ərimələrini, gözdən itmələrini gözünlə görə bilərdin...”

“Necə yəni?”

“Bu haqda danışmaq istəmirəm. Dəli olduğumu düşünərsən”.

Harri uzaqlaşdı. Sonra Sara qadınlar otağından döndü. Gözəl görünürdü. 

“Harri mənim haqqımda sənə nə söylədi?”

“Haradan bildin ki, Harri ilə danışırdım?”

“Mən bilirəm”, dedi.

“Çox şey danışmadı”.

“Hər nə dedisə də, unut getsin. Cəfəngiyatdır. Ona istədiyini vermirəm, o da qısqanır. İnsanlara çirkab atmağı xoşlayır”.

“Harrinin fikirləri məni narahat etmir”, söylədim. 

“Sən və mən birlikdə gecələyəcəyik, Henri”, dedi.

Ziyafətdən sonra mənimlə mənzilimə gəldi və sizi inandırıram, heç vaxt belə sevişmədim. Qadınların qadını idi. Bir ay sonra, ya da bir az gec evləndik. Dərhal işindən ayrıldı, amma ona sahib olmaqdan o qədər şad idim ki, bir şey söyləmədim. Sara paltarlarını özü tikirdi, saçlarını da özü düzəldirdi. Heyrətamiz qadın idi. Çox heyrətamiz.

Amma söylədiyim kimi, təxminən üç ay keçmişdi ki, çəkimlə bağlı belə deyinlənmələrə başladı. Əvvəlcə bunlar dostcasına xırda qeydlər idi, sonra isə həqarətli olmağa başladı. Bir gecə evə gəldim və söylədi, “Lənətə gəlmiş paltarlarını soyun!”

“Nə, əzizim?”

“Dediyimi eşitdin, alçaq! Soyun!”

Saranı o vaxta qədər belə görməmişdim. Paltarlarımı və alt geyimlərimi çıxardım, divanın üstünə tulladım. Gözlərini mənə dikdi. 

“Dəhşət”, dedi, “başdan ayağa pox!”

“Nə dedin, əzizim?”

“Dedim ki, tam bir pox çəlləyinə bənzəyirsən!”

“Qulaq as, balım, nə problemin var? Bu gecə aybaşınmı gəlib?”

“Kəs səsini! Yanlarından sallanan yağlara bax!”

Haqlı idi. Deyəsən hər iki tərəfimdə, düz ombalarımın üstündə kiçik yağ kisələri sallanmaqdaydı. Sonra yumruqlarını sıxdı və hər kisəyə möhkəm-möhkəm vurdu.

“Bu pox təbəqəsini yumruqlamaq lazımdır. Bu yağ toxumalarını, hüceyrələrini dağıtmalıyıq...”

Yenidən yumruqladı, dəfələrlə.

“Ah! Quzum, incidir məni!”

“Gözəl! İndi də özün özünü döyəclə!”

“Özümü döyəcləyim?”

“İrəli, başla, lənətə gələsən!”

Özümə vurmağa başladım dəfələrlə, əməlli-başlı möhkəm vururdum. Bitirəndə yağlar hələ də yerində idi, amma qıpqırmızı olmuşdular.

“Bu poxu səndən dartıb çıxaracağıq”, dedi mənə.

Elə hesab etdim ki, bunların hamısı sevgidəndir və əməkdaşlıq etmək qərarına gəldim...

Sara kalorilərimi saymağa başladı. Qızardılmış yeməkləri, çörək və kartofu, salat souslarını məndən uzaqlaşdırdı, amma pivəmi saxladım. Evdə kimin şalvar geyindiyini ona göstərməli idim. 

“Yox, lənət olsun”, dedim, “Pivəmdən əl çəkməyəcəm. Səni çox sevirəm, amma pivə qalacaq!”

“Yaxşı”, dedi Sara, “hər bir halda bu işin öhdəsindən gələcəyik”.

“Hansı işin?”

“Səndəki bu poxları əridib, səni arzuolunan ölçüyə çatdırmağı nəzərdə tuturam”.

“Nədir o arzuolunan ölçü?”, soruşdum.

“Görəcəksən”.

Hər gecə evə çatan kimi eyni sualı soruşurdu.

“Bu gün yanlarını yumruqlamısanmı?”

“Həm də necə!”

“Neçə dəfə?”

“Hər tərəfə 400 yumruq, özü də sərt”.

Yanlarımı yumruqlaya-yumruqlaya küçədə gəzirdim. İnsanlar mənə baxırdılar, lakin az sonra bu, mənim heç vecimə də olmadı, çünki bilirdim ki, mənim hansısa bir məqsədim var, amma onların yox...

İşlər ağlasığmaz dərəcədə yaxşı gedirdi. Çəkim 225 funtdan** 197 funta düşmüşdü. Sonra da 197-dən 184-ə. Özümü on yaş gənc hiss edirdim. Adamlar yaxşı göründüyümü söyləyirdilər. Hər kəs, yük maşını sürücüsü Harridən savayı. Əlbəttə, o, sadəcə qısqanırdı, çünki heç vaxt Saranın tumanına soxula bilməmişdi. Quru pox!

Bir gecə tərəzi 179-a endiyimi göstərdi.

Saraya dedim, “Səncə, kifayət qədər arıqlamadımmı? Bir bax mənə!”

Yanlarımdakı yağlar tamam ərimişdi. Qarnım içəri batmışdı.  Ovurdlarım elə görünürdü ki, elə bil onları içəriyə doğru soruram. 

“Hesablamalara görə”, dedi Sara, “mənim hesablamalarıma görə, hələ də arzuolunan ölçüyə çatmamısan”.

“Bax”, dedim, “Altı fut*** boyum var. Nədir o arzuolunan çəki?”

Sonra Sara mənə çox qəribə bir cavab verdi:

“Mən “arzuolunan çəki” demədim, “arzuolunan ölçü” dedim. İndi Yeni Eradır, Atom Erasıdır, Kosmos Erasıdır və ən vacibi Əhali artımı Erasıdır. Mən Dünyanın Xilaskarıyam. Demoqrafik partlayış probleminin həlli var əlimdə. Qoy başqaları Çirklənmə üzərində işləsin. Əhali artımı probleminin həll edilməsi işin özəyidir; bu, Çirklənməni də, başqa bir çox şeyləri də həll edəcək. ”

“Nə boş-boş danışırsan?”,  pivə butulkasının qapağını aça-aça soruşdum.

“Narahat olma”, cavab verdi, “özün görəcəksən”.

Sonralar tərəzidə olarkən hələ də çəki itirdiyimə baxmayaraq heç incəlmədiyimin fərqinə vardım. Qəribə idi. Və sonra fərqinə vardım ki, şalvarımın balaqları yüngülcə ayaqqabılarımın üzərinə düşür, köynəyimin qolları da biləyimin üzərinə sallanır. İşə maşın sürərkən sükanın məndən həmişəkinə nisbətən daha uzaqda dayandığını hiss etdim. Oturacağı azca yuxarı qaldırmalı oldum. 

Bir gecə tərəziyə çıxdım.

155.

“Bura bax, Sara”

“Hə, əzizim?”

“Başa düşmədiyim bir şey var”.

 “Nə?”

“Deyəsən, qısalıram”

“Qısalırsan?”

“Hə, qısalıram”.

“Ah, səni səfeh! Bu ki, inanılmazdır! İnsan necə qısala bilər? Doğrudan da, pəhrizin sümüklərini qısaltdığınımı düşünürsən? Sümüklər ərimir! Kalorinin azalması yalnız yağları azaldır. İdiot olma! Qısalmaq? Mümkün deyil!”

Sonra güldü. 

“Yaxşı”, dedim, “gəl bura. Al bu qələmi. İndi üzü divara dayanacağam. Uşaq olanda anam belə edərdi. Divarda düz başımın üzərində qələmlə bir xətt çək”.

“Oldu, gicbəsər”, dedi.

Xətti çəkdi.

Bir həftədən sonra 131-ə düşdüm. Daha sürətlə və daha sürətlə baş verirdi. 

“Gəl bura, Sara”.

“Nə var, axmaq oğlan?”

“İndi xətti çək”.

Xətti çəkdi. Geriyə döndüm.

“İndi bura bax, son həftədə 24 funt və 8 düym itirmişəm. Mən əriyib yox oluram! İndi beş fut iki düyməm. Bu ki, dəlilikdi! Dəlilik! Bəsdir artıq. Səni şalvarımın ayaqlarını, köynəyimin qollarını kəsəndə yaxaladım. Davam etmək istəmirəm. Yenidən yeməyə başlayacağam. Sənin bir ifritə olduğunu düşünürəm”.

“Axmaq oğlan...”

Az müddət sonra rəisim məni ofisinə çağırdı.

Stolunun önündəki stula dırmaşdım.

“Henri Markson Cons İkinci?”

“Bəli, ser?”

“Siz Henri Markson Cons İkincisiniz?”

“Əlbəttə, ser”.

“Bax, Cons, biz sizi diqqətlə izləməkdəydik. Qorxuram ki, siz daha bu işə yaramırsınız. Sizin belə getməyinizi görmək bizim üçün xoş deyil...Yəni, sizə bu cür getməyə icazə vermək bizim üçün xoş deyil, ancaq...”

“Baxın, ser, mən həmişə əlimdən gələni edirəm”.

“Bilirəm, edirsiniz, Cons, amma sadəcə bir insanın edə biləcəyi işi görə bilmək iqtidarında deyilsiniz daha”.

Qovuldum. Təbii ki, işsizlik təzminatımı alacağımı bilirdim. Amma onun məni bu şəkildə buraxmasını ona yaraşdırmadım...

Sara ilə evdə qalmağa başladım. Daha da pis oldu vəziyyət – məni o yedizdirirdi. O hala gəlib çatdım ki, artıq soyuducunun qapısına əlim çatmırdı. Sonra boynuma kiçik gümüş zəncir keçirdi.

Tezliklə boyum iki fut oldu. Sıçmaq üçün kiçik uşaq stulundan istifadə etməli olurdum. Lakin hələ də söz verdiyi kimi mənə pivə içməyə icazə verirdi. 

“Ah, mənim balaca ərköyünüm”, deyirdi, “necə də balaca və şirinsən”.

Sevgi həyatımız da sona çatmışdı. Uyğun olaraq hər şey əriyirdi. Üstünə çıxırdım, amma azca sonra məni əli ilə havaya qaldırıb qəhqəhə çəkirdi.

“Ah, cəhd edirsən, mənim balaca ördəyim!”

“Ördək deyiləm mən, kişiyəm!”

“Ay mənim şirin kişiciyim!”

Məni yuxarı qaldırardı və qırmızı dodaqları ilə öpərdi...

Sara məni 6 düymə qədər endirdi. Dükana-bazara pul kisəsində aparırdı məni. Yalnız pul kisəsində açdığı kiçik hava dəliyindən insanları görə bilirdim. Bu qadın haqqında bir şeyi danmaq olmazdı. Hələ də pivə içməyimə icazə verirdi. Üsküklə içirdim. Bir kvart**** mənə bir ay bəs edirdi. Köhnə günlərdə isə bu cəmi 45 dəqiqəyə yetirdi. Təslim olmuşdum. Bilirdim ki, əgər istəsəydi, məni tamamilə yox edə bilərdi. Heç olmaqdansa, 6 düym yaxşı idi. Hətta ən yoxsul həyat belə sonu yaxın olanda əziz olur. Saranı əyləndirməyə çalışırdım. Edə bildiyim yeganə şey idi. Mənə kiçik paltarlar və ayaqqabılar hazırladı, radionun üstünə qoyur, musiqini açır və deyirdi: “Rəqs et, balaca! Rəqs et, mənim kütbeyinim! Rəqs et, mənim səfehim!”

İşsizlik təzminatımı götürməyə gedə bilmirdim; o əlini əlinə çırpıb qəhqəhə çəkərkən mən radionun üstündə rəqs edirdim.  

Deyim biləsiniz, hörümçəklərdən dəhşətli dərəcədə qorxurdum, milçəklər nəhəng qartal boyda idilər, əgər bir pişik məni tutsaydı, yəqin ki, balaca siçan kimi mənə işgəncə verərdi. Lakin həyat hələ də əziz idi mənim üçün. Rəqs edirdim, oxuyurdum, həyatdan yapışıb dayanırdım. İnsan nə qədər az şeyə sahib olsa da, həmişə daha azına razılaşır. Xalının üstünə sıçanda şapalaqlanırdım. Sara ətrafıma kiçik kağız parçaları düzürdü, onların üzərinə sıçırdım. Dalımı silmək üçün isə o kağızlardan daha xırda parçalar cırırdım. Kağızlar karton kimi bərk idi. Babasilim çıxdı. Gecələri yata bilmirdim. Alçaldılmaq duyğusu, tələyə düşürülmək duyğusu. Paranoyya? Hər nə isə, oxuyanda, rəqs edəndə və Sara mənə pivə içməyə icazə verəndə özümü yaxşı hiss edirdim. O, məni düz altı düymdə saxlamışdı bəzi səbəblərdən dolayı. Hansı səbəblər olduğu mənim anlama həddimin üzərində idi. Necə ki, az qala hər şey mənim anlama həddimin üzərində idi.      

Sara üçün mahnılar bəstələdim, onlara ad da qoymuşdum: Sara üçün mahnılar:

“oo, sadəcə balaca bir burnufırtıqlıyam,

şeyim durana qədər tamam yaxşıyam,

sonra bir yer tapmıram onu soxmağa

sancağın sikilmiş başından başqa”

Sara əlini əlinə çırpardı və gülərdi.

“kraliçanın donanmasında işləmək istəsən,

sadəcə o sikilmiş “it”lər üçün çalış,

6 düym böyü və Kraliça işəməyə gedəndə,

yağlı mamışının içinə soxula bilərsən...”

Sara isə əlini əlinə çırpardı və gülərdi. Yəni, hər şey qaydasında idi. Belə də olmalı idi... 

Amma bir gecə çox iyrənc bir şey baş verdi. Mən oxuyurdum, rəqs edirdim, Sara da yataqda idi, çılpaq, əlini əlinə çırpırdı, şərab içirdi və qəhqəhə çəkirdi. Yaxşı şou göstərirdim. Ən yaxşılarından birini. Lakin həmişəki kimi, radionun üzəri qızıb ayaqlarımı yandırmağa başladı. Artıq dözə bilmirdim. 

“Bura bax, quzum”, dedim, “daha bacarmıram. Məni aşağı sal. Pivə ver. Şərab istəmirəm. Sən iç o ucuz şərabı. O əla pivədən bir üskük ver”.

“Əlbəttə, canım”, dedi, “bu gecə əla şou göstərdin. Əgər Manni və Linkoln da səni kimi gözəl ifa etsəydilər, bu gecə burda olardılar. Amma onlar oxumurdular, rəqs etmirdilər, ancaq dərd çəkirdilər. Və ən pisi də, Son İfaya etiraz etdilər. ”

“Nə idi o Son İfa?” deyə soruşdum.

“Canım, sən indi sadəcə pivəni iç və rahatlan. Son İfadan həzz almağını istəyirəm. Açıq-aşkar Mannidən, ya da Linkolndan daha istedadlı adamsan. Mən çox inanıram ki, səninlə Əks qütblərin Kulminasiyasını bacaracağıq. ”

“Həm də necə”, dedim pivəmi başıma çəkərək. “Yenidən doldur. Və de görüm nədir bu Əks qütblərin Kulminasiyası”?

“Pivəni nuş elə, balaca şirinim, tezliklə hamısını öyrənəcəksən”.

Pivəmi bitirdim və sonra həmin iyrənc hadisə baş verdi, ən iyrənc hadisə. Sara məni yuxarı qaldırdı və azca araladığı qılçalarının arasına yerləşdirdi. Ardınca bir qıl meşəsi ilə üzləşdim. Başıma gələcəkləri öncədən sezərək kürək və boyun əzələlərimi sıxdım. Qaranlığın və üfunətin içinə pərçim olunmuşdum. Saranın iniltisini duydum. Sonra Sara məni ehmalca irəli-geri hərəkət etdirməyə başladı. Dediyim kimi, üfunət iyi dözülməz idi, nəfəsi zülmlə alırdım, amma yenə haradansa hava gəlirdi – çoxsaylı yan ciblərdə yığılıb qalan oksigen sayəsində. Arada-sırada təpəm Qayıqdakı Adama çırpılırdı və o anda Sara xüsusi-parlaq bir inilti qoparırdı. 

Sara məni getdikcə daha sürətlə hərəkət etdirməyə başladı. Cildim od tutub yanırdı, nəfəs almaq lap çətinləşmişdi, üfunət iyi daha da pisləşmişdi. Onun tez-tez, çətin nəfəs aldığını eşidirdim. Anladım ki, işi nə qədər tez bitirsəm, o qədər az əzab çəkəcəyəm. Hər dəfə irəli itələndiyimdə boynumu və kürəyimi qısıb o qarmaq kimi əyilmiş şeyə yönələrək, Qayıqdakı Adama kəllə vururdum. 

Qəflətən o dəhşətli tunelin bayırında gördüm özümü. Sara məni yuxarı qaldırıb sifətinə sarı tutdu.

“Boşal, lənətə gəlmiş yırtıcı! Boşal!”, deyə tələb etdi məndən. 

Sara tamamilə şərab və şəhvət sərxoşu idi. Yenidən özümü tunelə salınmış hiss etdim. O, məni irəli-geri itələyirdi. Sonra qəfil cüssəmi böyütmək üçün ciyərlərimə hava çəkdim, ağzıma tüpürcək doldurdum və tüpürdüm – bir dəfə, iki dəfə, üç dəfə, dörd, beş, altı dəfə, sonra dayandım... Üfunət təsəvvür edilməz hala gəlmişdi və nəhayət, havaya qaldırıldım. 

Sara məni lampanın işığına sarı tutub başımdan və çiyinlərimdən öpməyə başladı. 

“Oh, mənim sevgilim! Oh, mənim əziz balaca lülüşüm! Sevirəm səni!”

Sonra məni o dəhşətli qırmızı və boyanmış dodaqları ilə öpdü. Qusdum. Şərabdan və şəhvətdən bihuş olmuş şəkildə uzanıb məni döşlərinin arasına yerləşdirdi. Orada  bir az dincəlib onun ürək döyüntülərinə qulaq asdım. Lənətə gəlmiş xaltanı, o gümüş zənciri çıxardı, amma fərq eləmirdi. Azad deyildim. İri döşlərindən biri yana əyilmişdi, mən də düz ürəyinin üstündəydim. İfritənin ürəyi. Demoqrafik partlayışın həlli idimsə, niyə məni yalnız əyləncə vasitəsi kimi, seksual oyuncaq kimi istifadə edirdi. Oradaca yayxanıb ürəyini dinləyirdim. İfritə olduğuna qərar verdim. Sonra yuxarı nəzər saldım. Bilirsiniz nə gördüm? Ən heyrətamiz bir şey. Yatağın söykənəcəyinin üzərindəki balaca oyuqda. Şlyapa sancağı. Hə, şlyapa sancağı, uzun, ucunda yuvarlaq bənövşəyi şüşə olan. Döşlərinin arasından irəlilədim, boğazına dırmaşdım, çənəsinin üstünə çıxdım (xeyli əzab-əziyyətdən sonra), yavaşca dodaqlarının üstündən keçdim, yerində bir az qımıldandı, az qala yıxılmışdım, özümü saxlamaq üçün burun deşiyindən yapışdım. Lap astaca sağ gözünün üstünə qalxdım – başı yüngülcə sola əyildi – sonra alnına çıxdım, gicgahından keçdim, saçlarının üstünə qalxdım – çox çətinliklə saçlarının arasından keçərək. Sonra ayağa qalxıb dartındım – əlimi uzatdım və şlyapa sancağını götürməyi bacardım. Eniş daha sürətli, amma daha qəddarcasına oldu. Sancağı daşıyarkən bir neçə dəfə az qala müvazinətimi itirmişdim. Bircə dəfə yıxılsaydım, işim bitmişdi. O qədər gülməli vəziyyət idi ki, hərdən öz-özümə gülürdüm. İşçilər üçün bir ofis şənliyinin nəticəsi, Milad Bayramınız Mübarək. 

Və sonra aşağıya, yenə o nəhəng məmələrin altına düşdüm. Şlyapa sancağını yerə qoydum və yenidən dinlədim. Ürəyinin dəqiq səsinə qulaq asdım. Balaca qəhvəyi anadangəlmə xalın altındakı nöqtədə olduğunu müəyyən etdim. Ayağa qalxdım. Bənövşəyi şüşə uclu sancağı qaldırdım, işıq altında gözəl görünürdü. Düşündüm, görən alınacaqmı? Boyum 6 düym idi və bu qənaətə gəldim ki, şlyapa sancağı məndən yarım dəfə uzun idi. 9 düym. Ürək bu ölçüdən daha yaxında hiss edilirdi.

Sancağı qaldırdım və sancdım. Düz xalın altına. 

Sara yuvarlandı və sarsılaraq titrədi. Sancaqdan yapışmışdım. Az qalsın məni döşəmənin üstünə tullayacaqdı – mənim ölçülərimlə müqayisədə təxminən min futdan artıq məsafədən, yəqin ki, öləcəkdim. Amma sallanıb dayandım. Dodaqlarından qəribə bir səs yüksəldi. 

Sonra sanki donmaqda olan qadın kimi tir-tir titrəməyə başladı.

Əlimi uzadıb sancağın geridə qalan 3 düymünü sinəsinə soxdum, ta ki o gözəl bənövşəyi şüşə başı dərinin üzərinə dirənənə qədər. 

Sonra Sara tərpənmədi. Dinlədim.

Ürəyinin səsini eşidirdim, bir iki, bir iki, bir iki, bir iki, bir iki, bir...

Dayandı.

Sonra kiçik qatil əllərimlə çarşabdan bərk tutaraq döşəməyə endim. 6 düymlük boyda, canlı, qorxmuş və ac idim. Yataq otağının şərqə baxan və tavandan döşəməyə doğru uzanan, həşəratlardan mühafizə torlarından birində bir dəlik tapdım. Bir kol budağından yapışıb dırmaşdım, budaq boyu sürünərək kolun içlərinə doğru irəlilədim. Məndən başqa kimsə Saranın öldüyünü bilmirdi. Hərçənd bunun mənimçün elə bir xeyri yox idi. Həyatda qalmaq üçün nəsə tapıb yeməli idim. Lakin bir məsələ məni rahat buraxmırdı, görəsən işimə məhkəmədə baxıb necə qərar verəcəkdilər? Mən günahkar idimmi? Bir yarpaq qoparıb yeməyə cəhd etdim. Bərbad idi. Hədər iş. Sonra cənuba baxan həyətdə bir xanımın öz pişiyi üçün bir qab pişik yemi qoyduğunu gördüm. Koldan sivişib çıxdım, pişik yeminə sarı irəlilədim, ətrafdakı heyvanlara və hərəkətlərə diqqət edirdim. İndiyə qədər yediyim hər şeydən pis dadırdı, amma başqa yolum yox idi. Yeyə bildiyim qədər yedim -  ölümün dadı hər şeydən pisdir. Sonra geri qayıtdım və yenidən kolun içərisinə girdim. 

Beləliklə mən buradaydım, 6 düymlük boy, Demoqrafik Partlayışın həlli, kolun içində, qarnı pişik yemi ilə dolu.

Bir sıra təfərrüatlar var, sizi təngə gətirmək istəmirəm. Pişiklərdən, itlərdən və siçovullardan qaçışlar. Yavaş-yavaş böyüdüyümü hiss etmək. Saranın cəsədinin bayıra daşınmağını seyr etmək. Həmin yerə dönüb, hələ də soyuducunun qapısını aça bilməyəcək dərəcədə balaca olduğumu anlamağım.

Kasasından yeyərkən pişiyin məni az qala yaxaladığı gün. Dabanıma tüpürüb qaçmışdım. 

O aralar 8, ya da 10 düym olmuşdum. Böyüyürdüm. Hətta göyərçinləri belə qorxuda bilirdim. Göyərçinləri qorxuda bilirsənsə, deməli böyüyüb inkişaf edirsən. Bir gün binaların kölgəsində gizlənərək, hasarların və buna oxşar yerlərin altı ilə küçə boyunca qaçdım. Böyük ərzaq mağazasına çatana qədər qaçmağa və gizlənməyə davam etdim və mağazanın düz girişindəki qəzet köşkünün altında gizləndim. Sonra iri bir qadın hərəkət edib elektrik qapını açdı, dalınca içəri girdim. Mən qadının arxasınca girərkən kassadakı işçilərdən biri mənə sarı baxdı:

“Hey, o nədir?”

“Nə nədir?” müştəri soruşdu. 

“Nəsə gördüyümü zənn etdim”, işçi dedi, “bəlkə də heç nə. Ümid edirəm, heç nə idi”.

Bir təhər gözə görünmədən anbara endim. Kartondan bişmiş lobya qutularının arxasında gizləndim. Gecə oradan çıxdım və yaxşıca yeyib-içdim. Kartof salatı, turşular, çovdar çörəyində donuz qaxacından sendviç, çipsi və pivə. Bol-bol pivə. Hər gün eyni şey. Hər gün, gündüzləri anbarda gizlənir, gecələri isə oradan çıxıb ziyafət düzəldirdim. Amma getdikcə böyüyürdüm və gizlənməyim artıq çətinləşməyə başlamışdı. Hər gecə müdirin pulları seyfə qoymasını seyr edirdim. Hamıdan axırda çıxırdı mağazadan. O, hər gecə pulları gizlədəndə aradakı fasilələri sayırdım. Mənə elə gəlirdi ki – 7 sağa, 6 sola, 4 sağa, 6 sola, 3 sağa və açıldı. Hər gecə seyfə yaxınlaşırdım və şifrəni yoxlayırdım. Siferblata əlimin çatması üçün boş qutulardan pilləkən kimi bir şey düzəltməli olurdum. Alınana oxşamırdı, amma cəhdlərə davam edirdim. Yəni, hər gecə yoxlayırdım. Eyni zamanda da sürətlə böyüyürdüm. Bəlkə də artıq 3 fut idim. Mağazanın kiçik bir paltar bölməsi vardı, getdikcə daha böyük ölçülü paltarlar geyinmək məcburiyyətində qalırdım. Əhali problemi yenidən qayıtmaqda idi. Sonra, bir gecə seyf açıldı. Nəğd 23 min dollarım vardı. Banka yatırılmalarına bir gecə qalmış yaxalamışdım onları deyəsən. Həyəcan siqnalı çalmadan bayıra çıxa bilmək üçün müdirin istifadə etdiyi açarı götürdüm. Sonra küçə boyu irəliləyib “Sunset” motelində bir həftəlik otaq tutdum. Motel sahibəsinə kinolarda liliput kimi işlədiyimi söylədim. Ona maraqsız gəldi. 

“Axşam saat 10-dan sonra televizor və səs-küy olmaz. Burda qayda belədir”.

Pulumu aldı, qəbzi verdi və qapını bağladı.

Açar 103-cü otağı göstərirdi. Heç otağın içinə baxmamışdım. Qapılarda nömrələr yazılmışdı, 98, 99, 100, 101, şimala tərəf gedirdim, Hollivud təpələrinə sarı, təpələrin arxasındakı dağlara sarı, Rəbbin möhtəşəm və qızılı şöləsi üzərimdə, böyüməkdəydim.

 

*  Düym (inch) – uzunluq vahidi, = 2.5 sm, 6 düym =15 sm.

**  Funt – çəki vahidi, = 453.6 qram 

*** Fut – uzunluq vahidi, = 30.5 sm.

**** Kvart – maye ölçüsü, = 1.14 litr.

 

Tərcümə: Rəşad Səfər

Kultura.Az

 

Yuxarı