post-title

Qapalı olmağın sirri

(Qapaz türk qadının başına ilk dəfə islamla dəydi. Şəlalə Göytürk)

 

Gözümü açandan görmüşəm ki, şərq adamı cəmiyyətdə və məişətdə öz davranışında, hislərinin ifadəsində qapalılığa meyillidi. Bu xəstəliyin köhnə nəsil nümayəndələrində müşahidə olunması dərdin yarısıdır. Bəla burasındadır ki, bu xəstəlik xroniki hal alaraq gənc nəsillərə də keçməkdədi. Sovetlər dönəmində sosialist realizmi qanadı altına aldığı şərqliləri, qismən də olsa, simvollarla danışan insanları bu bəladan xilas eləmişdi. Lakin Azərbaycanın müstəqillik dövründə dinə meydan verilən kimi insanlar yenə də bürünməyə, qapalı həyat tərzi keçirməyə, qorxulu və bayağı rituallara qayıtdı. 

Bu gün gənclərimizin sosial şəbəkələrdə, mənim də mütəmadi daxil olduğum facebookda yazdıqları bəzi statusları oxuyarkən vəziyyətin çox faciəvi olduğunu duymamaq mümkün deyil. Hiss olunan odu ki, insanlar özünə qapanmaqdan, kədərli görünməkdən mazoxistcəsinə həzz alır, qeyri-müəyyən kədərin içində “kef eləməyə” daha çox üstünlük verirlər. 

Dərdli olmayanlar da sanki dərdə yerikləyir, özlərinə dərd icad eləyir, dərd olmasa  darıxırlar. Hər halda, ən azı sosial şəbəkələrin palitrasındakı mənzərə mənə belə görünür. Hətta adı və səbəbi özünə məlum olan konkret kədərə düçar olanlar da bu hissi bayağı obrazlara bükərək problemi öz adı ilə deməyə çəkinirlər. Sevgi əhvalatlarında problem yaşayan gənclər öz sevdikləri uğrunda çarpışmağa yox, göz yaşlarını daxilə axıtmağa daha çox üstünlük verir. 

Sevgi duyğularını poetik ifadə etmək istəyən gənc xanımlar lap əlacsız görünür, insanda çıxılmazlıq, acı təəssürat yaradırlar. Bir də baxırsan, biri belə bir status qoyur: “Mən səni qəlbimin dərinliklərində gizlin sevirəm. Sən mənim bu duyğumdan heç vaxt xəbər tutmayacaqsan!” Elələri var bu sənətdə lap dərinə gedərək belə yazır: “Səni o qədər sevirəm ki, bu sevgini dilimə gətirmək belə istəmirəm!” Belə mənalar verən statuslar da çox görmüşəm: “Sən mənim qəlbimdə doğuldun, böyüdün, sevildin, orda da dəfn olunacaqsan! Lakin özünün bundan heç vaxt xəbərin olmayacaq!” 

Buyurun, bu da gənclərimizin “ülvi, saf və müqəddəs” sevgisi! Sən demə, bunlar birisini öz qəlbinin dərinliklərində sevəcək, öz sevgisindən kədərlənəcək, gecələr yorğan altında xəlvətcə göz yaşları tökəcək, lakin sevgisinin “ülviliyinə görə” ürəyindəkini sevdiyi adama heç vaxt açmayacaqmış! Görün, şərqin xroniki qapalılıq xəstəliyi insanları hansı dərəcəyə çıxarıb! Fikirləşirəm ki, heç yazıq Platon da belə qələt eləməyib.

Dərd burasındadır ki, belə “poetik” duyğuları bəyənərək altından rəy yazan gənclər saysız-hesabsızdı. Hamısı bir-birinə ürək-dirək verir, “ay bacı, mən də sənin günündəyəm!”, “əllərinə sağlıq!”, “off, mənim də dərdim təzələndi!” kimi qeyri-müəyyən fikirlər yazırlar. Özü də xanımların belə statuslarına təkcə xanımlar yox, kişilər də qapalı və yanğılı rəylər yazırlar.

Bəs nə üçün tarixlər boyu azad, ədalətli, saf cəmiyyətdə yaşamağa üstünlük verən, qadını heç vaxt özündən aşağı tutmayan türklərin gənc xanımları bu qədər qapalılığa, qaranlığa, zirzəmiyə qısnanıb? Hər halda səbəbsiz deyil! Ərəbin istilasına qədər cəmiyyətdə erkəklərlə çiyin-çiyinə yürüyən, sözünü simvollarla yox, birbaşa deyən safqəlbli türk xanımları niyə bu günə düşməli idi, axı? 

Bəlkə, bizi ərəbin göydən gəlmə əmrlər kimi sırıdığı qanunları bu günə salıb? Bəlkə, bədəvi ərəbin məişətindəki iyrəncliklərin bizim məişətimizə zorla yamandığına görə bu qədər yabançı və eybəcər görünürük? Bəlkə, quldarlıq dövrünün ərəb qanunları ilə qapazaltı elədiyimiz xanımlarımız vəhşiləşdiyimizə görə bizə öz saf hislərini açmağa ürək eləmir?  

Həm də o biri üzünə, bəlkə elə, nə vaxtsa vəhşi ərəbin əmri ilə qara paltarlara bürüdüyümüz xanımlarımızın da bizdən zəhləsi gedir? Bu nədir? Ərəbin hələ quldarlıq dövründə müqəddəs kimi sırıdığı qanunları bizi niyə bu gün də bir-birimizdən ayırmalıdı? Ərəbin vəhşi qanunları nə vaxta qədər türkün sevgisinə sərhəd qoymalıdı? 

Ey millət, səni köləlikdə saxlamaq üçün özünü müqəddəs, qanunlarını göydən gəlmə elan eləyən ərəbin “müqəddəsliyini” və əmrlərini yaddaşından silməsən bədbəxt olacaqsan!

Murad Köhnəqala

"Gündəlik Teleqraf"

Yuxarı