post-title

Ədəbiyyat və reallıq (II yazı)

Sovet dövründə bir çox əsərlərin Azərbaycan dilinə çevrilməsi böyük hadisə idi. "Sakit Don", "Hərb və sülh", "Səfillər" kimi böyük əsərlərin Azəbaycan dilinə çevrilməsi Sovet hökumətinin bizə hədiyyəsidir. Başqa sistemdə yaşasaydıq, belə böyük əsərlərin dilimizə çevrilməsi bir az çətin olardı. Eləcə də rus nəsri ilə yaxından tanış olduq. Demək olar ki, rus nəsrinin ən görkəmli nümayəndələrinin əsərləri dilimizə çevrildi.

 

Buna baxmayaraq, biz qapalı dövlətdə yaşadığımız üçün dünya ədəbiyyatında gedən prosesdən kənarda qalmalı olduq. Bir çox əsərlər ideoloji baxımdan zərərli hesab olunduğuna görə ölkəyə buraxılmadı. Böyük çoxluq bir çox əsərlərdən Sovetlər Birliyi dağıldıqdan sonra xəbər tutdu. Dovlatov, Henri Miller, Bukovski kimi yazıçıların əsərləri Azərbaycan dilinə çevrilməyib. Bəzi fədakar insanlar bir çox yazıçıların kiçik hekayələrini, müsahibələrini dilimizə çeviriblər. Sistemli tərcümə yox dərəcəsindədir. Tərcümə sahəsində pərakəndəlik hökm sürür. Ümumilikdə isə vəziyyət çox acınacaqlıdır. Azərbaycan oxucusu Limonovu, Henri Milleri, Bukovskini rus dilində oxumağa məcburdur. Türk və ingilis dillərində oxuyanlar da var... 

Ədəbiyyat dərsliklərimiz bayağı, əttökən, aqrar təfəkkürün məhsulu olan şeir və hekayələrlə zəngindir. Müasir dünya ədəbiyyatının bizim ədəbiyyat dərsliklərində izi-tozu belə yoxdur. Yuxarıda yazdığım iki səbəbdən dolayı Azərbaycan oxucusu bir az yeni nəsrlə qarşılaşanda özünü itirir, çaşır və istər-istəməz "bu ədəbiyyat deyil" deyir. Azərbaycan oxucusu bir az yeni nəsrlə qarşılaşanda sanki yad planetdən gəlmiş cisimlə qarşılaşır. Təxminən belə bir şey. 

Vəziyyəti dəyişmək üçün çoxlu tərcümələr edilməlidir. Hərçənd, Henri Miller kimi dağıdıcı bir yazıçının əsərlərinin yaxın 10 ildə dilimizə çevrilməsi inandırıcı görünmür. Məsələn, Elçin Əfəndiyev Eduard Limonovun əsərlərinin Azərbaycan dilinə çevrilməsinin əleyhinə olduğunu bir müsahibəsində qeyd etmişdi. Halbuki Eduard Limonovun əsərlərinin dilimizə çevrilməsi ədəbiyyatın istiqamətini dəyişə bilər, ədəbiyyatımızı rəmzlərdən, uzun təbiət təsvirlərindən, peyin qoxusundan, təndirdən, müdrik-müdrik danışan, ömründə bir kitab oxumamış, aqrar ağbirçək və ağsaqqal obrazlarından az da olsa təmizləyər.

Yazılan hekayə və romanların böyük çoxluğunda savadsız ağbirçək və ağsaqqallar dünyada baş verən proseslərə öz aqrar təfəkkürü ilə qiymət verirlər. Hələ də bizim yazıçılar kiçik bir hekayədə dünyanın bütün problemlərini həll etmək iddiasından əl çəkməyiblər. Dosta arvad, Məzahir kişi kimi aqrar təfəkkürlü yüzlərlə obraz hələ də Azərbaycan ədəbiyyatında lotuluq etməkdədir. Hətta bizim bir çox yazarlarımız, tənqidçilərimiz Sorokini, Pelevini, Limonovu yazıçı hesab etmirlər. Onlar ən yaxşı halda Kafkaya, Borxesə, Folknerə, Markesə ilişib qalıblar. Bizim ədəbi mühitimiz Kafkanın, Folknerin, Markesin ağırlığı altında əzilməkdə və can verməkdədir. Bizim orta yaşlı yazıçılarımızdan biri "Markesə münasibətiniz necədir?" sualına "Ah Markes, Markes!" cavabı vermişdi. Yaxşı ki, Azad Yaşar böyük fədakarlıq edərək, müasir rus nəsrindən bəzi nümunələri dilimizə vaxtında çevirdi. Yoxsa, Markes, Folkner, Kafka aşiqləri, romanlarda ağır cümlə axtaranlar nəfəsimizi kəsərdilər. Azad Yaşarın tərcümələri bizə güc verdi və Anar Rzayevin, Elçin Əfəndiyevin necə bayağı, süni, dekorativ yazıçı olduqları ortaya çıxdı. Əks halda Ramiz Rövşənin həvariləri öz ağır cümlə axtarışları, dil haqqında yorucu söhbətləri ilə hələ də zəhləmizi tökməkdə idilər. Məhz bu səbəbdən bizim ədəbiyyatın Kafka, Folkner aşiqləri Limonov, Henri Miller, Bukovski kimi dağıdıcı yazarların dilimizə çevrilməsində maraqlı deyillər. Çünki Henri Miller azadlığın özüdür. Adam dil-filan hərləmir. Demək olar ki, müasir rus nəsrinin nümayəndələri bizi aqrar təfəkkürün daşıyıcılarından, Dosta arvaddan, Məzahir kişidən, peyin qoxusundan, təndirdən, eşşəyin kədərli baxışlarından, Baladadaşdan, quş uçurdanlardan xilas etdi. Əks halda biz Ramiz Rövşən həvarilərinin, Kafka aşiqlərinin, "Ah Markes, Markes!" deyənlərin qarşısında duruş gətirə bilməzdik. 

Ədəbiyyatın işi asanlaşdırmaqdı, ağırlaşdırmaq deyil. Romanda ağır cümlə axtaranlar, guya əzab çəkə-çəkə yazanlar, hələ də Markesin şarlatan müsahibələrində dediyi əndrabadi, çəkici fikirlərinə inananlar bizə həqarət etməyi bacarsalar da, Sorokinin, Pelevinin, Limonovun tirajı qarşısında qorxaraq, susmağa məcbur oldular. Bu mənada Azad Yaşara böyük təşəkkür düşür. Onun tərcümələri öz sözünü dedi. Müasir rus nəsri bizi xilas etdi. Bununla belə, görüləsi işlər, tərcümə ediləsi əsərlər hələ çoxdur. Sovet dövründə tirajlanmış məmur-yazıçılarımız hələ də ədəbiyyatı öz əsərlərində saxlamağa çalışırlar. Onlar əllərində olan imkanlardan, vasitələrdən maksimum istifadə edirlər. Televiziya verilişlərində boş-boş, mənasız-mənasız danışaraq adamları çaşdırırlar. Bir çox jurnal redaktorları, tənqidçilər bu məmur-yazıçılardan asılı vəziyyətdə olduqlarına görə qəsdən köhnəliyi, bayağılığı, dekorativ ədəbiyyatı təbliğ edirlər. Yeni nəsrə qarşı düşmən mövqeyində dayanıblar. Məmur-yazıçılar azad ədəbiyyatı gözdən salmaqla məşğuldurlar. Limonov onların düşmənidir. Məhz bu səbəbdən hər imkanda Limonovun yaradıcılığının ədəbiyyat olmadığını sübut etmək məcburiyyətindədirlər... 

Vəziyyəti ağırlaşdıran başqa bir səbəb də var. Bu səbəb ümumilikdə ədəbiyyatımızın inkişafına mane olmaqdadır. Konkret misal gətirim. İngilislər Çarlz Dikkensin 200 illiyini qeyd etməkdədirlər. Biz isə Axundovun 200 illiyini qeyd etməkdəyik. Məsələ ondadır ki, Dikkensin əsərlərində qaldırdığı problemlərin çoxu həll edilib. Axundovun qaldırdığı problemlər isə aktual olaraq qalmaqdadır. Bu mövzuda Əli Novruzov gözəl yazı yazmışdı. Ona görə də bizim bir çox insanlarımız 150-200 il bundan əvvəl yazılmış əsərləri oxumağa daha çox üstünlük verirlər. 150-200 il əvvəl yazılmış əsərlərdə qaldırılmış problemlər Azərbaycan oxucusu üçün aktualdır, doğmadır. Müasir əsərlərdə qaldırılan problemlər Azərbaycan oxucusu üçün yaddır. Azərbaycan oxucusu müasir əsərlərdə qaldırılan problemləri başa düşmür. Onları qınamaq çətindir. Əgər bu gün Azərbaycanda adamı adam yerinə qoymurlarsa, camaatın evini buldozerlə başına uçururlarsa, hansısa bir müasir yazıçının balinaların hüquqlarının qorunması mövzusunda yazdığı roman Azərbaycan oxucusuna çatmayacaq. Bir vaxtlar Axundov yazırdı: "İngiltərədə heyvanların hüquqlarını qorumağa başlayıblar, bizim məmləkətdə isə adamların tutub qulaqlarını kəsirlər". 

Yazını Qorxmaz Quliyevin dəqiq bir fikriylə bitirmək istəyirəm. Qorxmaz müəllimin fikrincə, hər hansı yazıçının Nobel mükafatı alması xilas olmaq demək deyil, xalqın səviyyəsi "Nobel"ə çatmalıdır. Orxan Pamuk, Markes, Taqor Nobel mükafatı alıblar, amma Türkiyədə, Hindistanda, Kolumbiyada hələ də tayfa qanunları hökm sürür.

Seymur Baycan

"Reytinq"

Yuxarı