Almanlarla işləmək
Mən universitetdə oxuduğum vaxtlarda almanların qeyri adi bir məx…
Cəmiyyətimizdə olan problemlərin miqdarı, ağırlığı o qədər çoxdur ki, bu barədə yazmaq, danışmaq zəif təsirinə görə gülünc görünür. Amma yenə də yazmaq əlimizdə qalan azsaylı yollardan biridir. Bu problemlərdən biri də nəsillərarası əlaqə problemidir. Bizdə bu əlaqənin itməsi hiss edilmədən sağalmaz yaralar vurub.
Mən babamın birini canlı görmüşəm, o öləndə 11 yaşım vardı. Amma indi düşünürəm ki, o kişini heç vaxt anlamamışam, indi də anlamıram, heç doğma qızı anam da anlamır onu. Eləcə atam da atasını anlamır. Atam təsəvvür belə etmir ki, Stalin hakimiyyətində yaşamaq necə mümkün ola bilər. Atam Brejnev hakimiyyətində yaşayıb, o dövrün təsəvvürü onun üçün çətin deyil, amma mən totalitar dövlətdə necə yaşayacağımı təsəvvür etmirəm, hələ qaldı o dövlətin “durğunluq” illərində. İnkişaf etmiş dövlətlərdən bu qədər geri qalmağımıza, əsrlərdir yaşayan mentalitetin bugünkü gücünə baxmayaraq, hələ də əsrin əvvəllərində baş verənlər, ata-babalarımızın davranışı bizdə təəccüb doğurur.
Səbəb bizim analoqsuz inkişafımız deyil, əlbəttə. Çünki bakirəlik institutu da yerində durur, “palaza bürün, elnən sürün” məntiq(sizliy)i də, patriarxal ənənələr də. Bəs o zaman niyə bir öncəki nəslin həyat tərzi, hərəkətləri bizə ekzotik görünür? Səbəb nəsillərarası əlaqənin itməsindədir. Mən atamın əldə etdiyi nailiyyətlərdən istifadə etmirəm, özüm hər şeyi yenidən yaratmalı oluram, atam da öz atasının nailiyyətlərindən istifadə etməyib.
Bunun bir səbəbi texnologiyanın inkişafı ola bilər, amma burda rejim və ictimai-siyasi formasiya dəyişiklikləri də əhəmiyyət kəsb edir. Səbəblər geniş araşdırmalar tələb edir, bu yazıda isə nəticələrdən danışıram. Nəticə budur ki, bizdə nəsillər arası fərqlər uçurumdan da o yanadır. Çünki bizdə cəmiyyətdəki varislik pozulub. Biz əvvəllki nəslin əldə etdiyi nailiyyətləri tətbiq edə bilmirik, onların səhvlərindən nəticə çıxartmırıq. Çünki bizdə hər nəsil sıfırdan başlayır, 30-40 ildən bir eyni nailiyyət yenidən qazanılır, eyni səhv yenidən təkrar olunur, eyni rejimlər qurulur, eyni xəyanətlər, eyni fədakarlıqlar baş verir. Biz inkişaf etmiş xalqlar kimi spiralda deyilik, çünki spiralla hərəkət etdikcə pillə-pillə yüksəlmə müşahidə olunur. Biz isə çevrədəyik, dejavyu kimi eyni hadisələri yaşayırıq.
ABŞ-da da 19-cu əsrin avtomobilsiz həyatı indiki nəsillərə ekzotik görünür. Amma onlara əcdadlarının doğma gələn xüsususiyyətləri də var. ABŞ konstitusiyasının 225 yaşı var. Bu 4 əsri əhatə edən dövrdə fəaliyyət göstərən konstitusiyaya hər kəs hörmət edir, hətta 1861-65-ci illərin vətəndaş müharibəsində həm kapitalist tərəf, həm də quldar tərəf konstitusiyaya əsaslanırdı. İndiki nəsil üçün 19-cu əsr kovboyları nə qədər ekzotik görünsə də, onlar konstitusiyanı anlama, qanunlara hörmət məsələlərində əcdadları kimi düşünürlər. 25 yaşlı amerikan gənci atasının qanunlara hörmət ruhunu daşıyır. O, atalarının bu nailiyyətinin varisidir, o gəncin ehtiyacı yoxdur ki, yenidən qanunlara hörmət adlı dəyər formalaşdırsın cəmiyyətdə.
Yaxud bir britaniyalı gənc bilir ki, kraliçaya hörmət etmək lazımdır, lakin qanunlar ondan daha yüksəkdə durur, Britaniyanın yazılı konstitusiyası olmasa da, yazılmamış qanunlara riayət etmək lazımdır. Ya da ki, bir yapon gənci bilir ki, ənənələrinə hörmət etmək, indiyə kimi yaşadılıb zamana uyğunlaşdırılmış adətləri qorumaq və cəmiyyətin inkişafına mane olmayacaq şəkildə yaşatmaq lazımdır. Bu müddəaları o, yenidən yaratmaq əziyyətinə qatlaşmır.
Amma bizdə 25 yaşlı bir gənc hansı dəyərlə yaşamalı olduğunu bilmir, yeni dəyər formalaşdırarkən, bunu hara qədər etmək lazım olduğunu anlamır, nəyin əsas dəyər, nəyin keçici xüsusiyyət olduğuna qərar verə bilmir. Çünki valideyni də qərar verməyib, çünki onun da valideyni qərar verməmişdi. Biz amerikan, yapon gənci kimi nəyə hörmət etməli olduğumuzu bilmirik ki, nəyi də dəyişməli olduğumuzu müəyyən edək. Nəticədə cəmiyyətdə maksimalistlik yaranır – dəyişmək istəyən istisnasız olaraq hər şeyi dəyişmək istəyir, qorumaq istəyən isə maksimum mühafizəkar olur.
Elə ona görə də Sabir, Mirzə Cəlil, Axundov hələ də aktualdır. Çadrasını atan “Azad qadın” heykəli artıq dindar kəsimimizdə narazılıq doğurur. O heykəl götürülüb, bir 50 il sonra yenidən təmtəraqla qoyulsa, təəccüblənmərəm. Leninin şəkillərini dövlət idarələrindən qazıyan əllər hələ də sağdır, bəzilərinin qabarı hələ də göynədir, amma ürəyimiz bu ağrıdan dəfələrlə şiddətli ağrı ilə yeni diktatorların, yeni “ulu öndər”lərin şəkillərinə baxa-baxa göynəyir. Çünki biz bir nəsil öncənin keçdiyi diktator şəkillərinin əhatəsindəki həyatdan dərs ala bilməmişik, varislik itib, nailiyyət olmayıb, olubsa da, ötürülməyib. Nəticədə biz yenə diktator mərhələsinə qayıdırıq və maksimum dəyişiklik üçün həyatımızı xərcləyirik. Buna görə də hansısa müxalifət liderinin ətrafında birləşən gənclər də o lideri allahlaşdırır, çünki o gənclər də diktatorun portretini cırma nailiyyətinə varis ola bilməyib, özü yeni diktator yaradır ki, nə vaxtsa, onun portretini cıra bilsin. Çünki atalararının nailiyyətlərini qəbul etməyiblər, bu dövrün keçilmiş olduğunu qəbullanmırlar.
Yəqin ki, əksər üçüncü dünya dövlətləri bizim vəziyyətimizdədir. Hazırda Yer kürəsindəki sivilizasiya bizim çox da hiss etmədiyimiz, amma çox böyük sürətlə yeni dövrə girir, internet qloballaşmanı sürətləndirib, mədəniyyətlər arasındakı əlaqələri, fərqləri silir. Biz və digər üçüncü dünya dövlətləri indi bilməliyik ki, nəyi itirib nəyi saxlamalıyıq. Biz bu nəhəng qloballaşma dalğasından sonra yerdə özümüzdən nə qalacağını bilməliyik. Ona görə də müəyyən etməliyik (daha doğrusu etməli idik) ki, hansı dəyərlər daha vacibdir, varisliklə ötürülməlidir, bilməliyik ki, hansı dəyərləri nailiyyət hesab edib gələcək nəsillərə ötürməliyik və onlar da bu dəyərləri yenidən yaratmağa cəhd göstərib əsrlərlə geri düşməməlidirlər. Biz fərdlərə yox, dəyərlərə istiqamətlənməliyik. Hansı fərdi yaşatmaq adlı problemimiz olmamalıdır, çünki sonrakı nəsil o fərdin nəyinisə bəyənməsə (bu “nə isə” mütləq olacaq, səhvsiz insan yoxdur, “Errare humanum est” – “Səhv etmək insana məxsusdur”), o zaman cəmiyyətimizdəki maksimalistliklə özünə yeni dəyər, əslində isə yeni büt, yeni fərd yaratmağa girişəcək.
Bu səbəbdən bizim gələcək nəsillərə təqdim edəcəklərimiz fərd anlayışını aşmalı, dəyər əhəmiyyəti qazanmalı, varisliyə layiq olduğunu sübut etməli, bu layiqlilik də insana-fərdə xas olan qüsurlardan azad olmalıdır. O zaman biz hər dəfə sıfırdan başlamarıq, atdığımız addımın izi qalar və gələcək nəsil yeni addımı hara atmaq uğrunda düşünərək, vaxt itirməz, izimizə ayağını qoyub yeni iz üçün düşünər, vuruşar.
İndiyə kimi Azərbaycan cəmiyyəti iz qoymadan gedib, bir neçə iz qoyan olub ki, onların da ləpirinə ayaq basmaq istəməyənlər var, çünki cəmiyyət əksəriyyət etibarilə izsiz, xaotik mövcud olub. Bu, xalqa bağlı olmayan siyasi rejimlərin də marağındadır. Yalnız talan haqqında düşünən rejim üçün xaotik, izsiz, mirassız, nailiyyətsiz, yüz illər boyu bir çevrədə fır-fır fırlanan, heç cürə spiralın növbəti inkişaf pilləsinə qalxa bilməyən kütlə daha sərfəlidir. Ona görə də işimiz çoxdur, həddən çox – rejim bir tərəfdən, bu varissizlik, izsizlik də bir tərəfdən.
Zaur Qurbanlı
Kultura.Az