post-title

Öz qədrimizi bilmirik

50—60 il, daha doğrusu, bir yüz il bundan əqdəm Bakının ətrafı otsuz, ələfsiz bir düz olub, heç bir kəsə mənfəət vermirdi. Bu səbəbə görə oranın qədrini bilən, bu yer-lərin içində yatan milyonlardan, qızıldan xəbərdar olan bir kimsə yox idi. Çox ola bilsin ki, içərisində milyonlar yatan bu yerlərin üstündə acından ölənlər də az deyildi. Amma bir gün oldu ki, bu yerlərin qədr və qiyməti bilindi.

 

Bu yerlər artıq möhtərəm və əziz oldu. Hər bir parçaları qızıl qiymətinə bərabər oldu. Yer isə öz içindəki sərvət və samanini dişarı çıxardıb milyonlar qazandırmağa başladı. Bu milyonlar sayəsində Bakı da, onun ətrafı da kəsbə-həmiyyət edib getdikcə abadlaşmağa başladı. İndi bizim elmdən, sənayedən məhrum qalmış olan camaatımızı həmin bu qiymətsiz yerlərə təşbih etmək cayizdir.

Zira heç onsuz deyil ki, camaatımız içində bütün millətə xeyir və mənfəət yetirib xəlqi başı uca edəcək adamlarımız olmasın! O adamlar vardır. Lakin onlar hələ öz istedad və qabiliyyəti-xariquladələrini büruzə vermirlər. Çünki içərisində yaşadıqları şərait müsaid deyildir. Bütün camaatımızı bürümüş olan cəhalət hər bir şeyin, hər bir təşəbbüsün qabağını bir səddi-ahənin kimi kəsib qoymur. 

Nədəndir ki, Yevropada hədsiz adamlar çıxır ki, öz ağıl, fərasət və qabiliyyətləri ilə deyil yalnız öz millətlərinə, bəlkə ümuminsaniyyətə həm maddi və həm mənəvi mənfəət yetirirlər. Amma bizim içimizdən elələri çıxmayır

Məgər allahtaala bizi qabiliyyətsiz, istedadsız yaradıbdır? Xeyr, bizim hamımızın xilqəti birdir. Ancaq mühitimiz olan şərait bizim dahilər üçün müsaid deyildir. Bizdən də ümuminsaniyyət dahiləri çıxmağa yol vermirlər. Və işıq gələn yerləri bərk-bərk bağlayırlar.

Doğurdan da, növicad və ehtiram edilib də xalqa mənfəət yetirən şeylərin adına «min əməli şeytan» deyəndə, hankı müsəlman oğlu müsəlman telefon, teleqraf, maşın və sair bu kimi şeylər icad etmək fikrinə duşərdi? Sair elmlərə, sənətlərə dəxi bu nöqteyi-nəzərdən baxıldığı zaman onların tərəqqisi mümkün idimi? Onları tərəqqi etdirən dahilərin zühuri qabil idimi? Hələ indiyə qədər deyil elm, bilik sayəsində, bəlkə öz istedadi-xudadatının zorundan, gücü-bərəkətindən şairlikdə, ədiblikdə şöhrət qazanmış olan ədib və şairlərimiz təlin və təkfir edilməyiblərmi?

İngilislər, sərvəti-təbiisindən milyonlar qazanmaqdan başqa, dünyanın ən gözəl və qiymətli bir yer guşəsi olan Hindistanı tək bir nəfər adamlarına dəyişməyə razı deyildirlər. Bu adam kim idi? Şairi-milliləri olan məşhur Şekspir idi. İngilis əhli o şairi bütün Hindistandan əziz tuturdular.

Belə bir ağır şərait içində yaşadığımız halda bizim içimizdən ingilislərin şekspirlərinə müqabil adamlarımız olmadığı təbiidir, lakin orasını unutmamalıdır ki, bizim millətimiz üçün də indi və ya gələcəkdə şekspirlər istedadında yaradılmış adamlar yox deyildir. Vardırlar və bədbəxtlik burasıdır ki, biz öz cəhalətimizlə o dahilərin zühuruna mane oluruq. Onlar üçün müsaid şərait hazırlamırıq ki, öz zühurları ilə həm bizi sairlər içində başı uca etsinlər, həm də insaniyyətə bir xidmət göstərsinlər. 

İndiyə qədər, bu neçə illər ərzində içimizdə dahilik üçün doğulmuş əfradımız belə cahil mühit içində tərəqqi edə bilməyib bütöv istedadları ilə itib-batıbdırlar... Söz yoxdur ki, əgər Edisson da bizim içimizdə doğulub belə şərait üzrə yaşasaydı, o da bu gün icad etdiyi xariqüladə makınalığa şeytan əməli deyərdi. Və ola bilsin ki, bu gün biz içimizdə Edissonun ixtiraatına şeytan əməli deyən şəxslər Yevropada doğulmuş və bəslənmiş olsaydılar, onlar da Edisson kimi cürbəcür ixtiraatları ilə aləmi-insaniyyətə xidmətlər göstərə bilərdilər, lakin nə fayda ki, elə olmayıbdır. 

Lakin indi bu iyirminci əsrdə vaxtdır ki, daha biz öz insanlığımıza diqqət yetirək. Özümüzün də sairlər kimi məharətlər göstərə biləcək insan olduğumuzu nəzərə alıb bir kərə o qara pərdəni üstümüzdən ataq. Məharət və ustadlığımızın üstünü bürüyən kəsif qabıqları yırtaq və içimizdə mövcud olan sərvət və samanın ühuruna və zühuru ilə həm özümüzə və həm bütün insaniyyətə xidmətlər göstərəcəyinə mane olmayaq. Bəsdir ki, indiyə qədər xalqın ağıl və fərasəti ilə mənfəətbərdar olurduq. Qoy bundan sonra da xalqın bizdən istifadə etməsinə yol açılsın.

Üzeyir Hacıbəyov

«Həqiqət» qəzeti, 01.01.1910

Yuxarı