Əfsanəvi səyyahın 2 kitabı Azərbaycan dilində
Oxucuların gözü önündə onun uşaqlıq illəri, i…
Con Qilkristin (John Gilchrist) “Məhəmməd və onun Kitabı” əsərindən seçmələr:
1. Quran mətnində xarici elementlər.
2. Quranda yəhudi folkloru.
3. Xristian qaynaqları və onların təsiri.
4. Zərdüştlük və buddizm qaynaqları.
1. Quran mətnində xarici elementlər
Quranda dəfələrlə vurğulanır ki, bu Kitab məhz ərəb Quranı kimi göndərilib (Surə 12.2, 13. 37, 42.7), bu səbəbdən də onu dinləyən hər kəsə təlimləri anlaşılan olacaq. Bütün islam ölkələrində ərəb dilinə Allahın dili sayıldığına görə böyük rəğbət bəslənilir, Quranın başqa dillərə tərcümələri də keyfiyyət etibarı ilə ərəb orijinalından aşağı sayılır. Bir ərəb əfsanəsi isə ərəb dilini yüksəldib hətta səma dili adlandırır.
Quran kitabı Allah tərəfindən Məhəmmədə göndərilmiş vəyh sayıldığına görə mütləq iradə və biliklərə əsaslanan Müqəddəs kamil Yazı kimi qəbul edilir. İddia var ki, əsər nə insan tərəfindən yaradılıb, nə də burada başqa mənbələrdən istifadə edilibdir.
Lakin Quranın böyük bir hissəsinin qədim yəhudi, zərdüştlük və buddizm mənbələrindən qidalandığının ciddi sübutları var. Lap əvvəldən bir faktı qeyd etmək gərəkdir ki, kitabda keçən bir çox söz ərəb mənşəlli deyil, müsəlmanlar üçün əsil müqəddəs kəlamlara çevrilən bəzi sözlər başqa dillərdən alınma sözlərdir. Hər halda, hesab edildiyi kimi, Quran mətnləri VII əsrin bütpərəst Ərəbistanı ilə deyil, qədim yəhudi-xristian vəhyləri ilə bağlıdır və güman ki, bir çox sözlərin mənası ərəblərə yox, başqa millətlərə daha aydındır.
Kitabda 70 dəfə rast gələn və “mütaliə” mənasını daşıyan “Quran” sözü ərəb dilindən əmələ gəlməyib. Bu da qeyd edilməlidir ki, “qaraa” söz forması dörd dəfə Məhəmmədin vəhyi üçün material mənasında işlədilməyib. Belə ki, bir dəfə o Qurandan öncə mövcud olan Müqəddəs Kitabın mütaliəsinə (Surə 10.94), digər yerdə - müxaliflərin tələb etdiyi və oxuya biləcəkləri kitaba aid olduğu (Surə 17.93), son iki yerdə isə bu söz Axirət günündə imanlıların da, imansızların da məcburən tale kitablarını oxumasına aid işlədilibdir (Surə 17.71, 69.19). Tamamilə aydındır ki, bu söz hər dəfə dini kontekstdə məhz səmavi kitabların mütaliəsi mənasında gedibdir.
“Qaraa” sözü qeyri-ərəb mənşəllidir və “mütaliə etmək” deyil. Feldən əmələ gələn “quran” isminə Qurandan öncəki yazılı ərəb əsərlərində rast gəlinmir. Belə çıxır ki, bu söz kitabda orijinal olmasa da, kitabla həmdövr idi. Çox guman ki, Suriyalı xristianlarının işlətdiyi “kiryani” sözündəndir və “mütaliə” (kilsə kafedralarında oxunulan müqəddəs ibrətlər) deməkdir. Quranda bu söz daha dərin məna qazanır və xristian mənşəlli olduğuna heç bir şübhə qalmır.
Quranda bir çox söz və adların kökü başqa dillərdən alınmadır. Kitabın 6.85 və 37.123 surələrində üç dəfə İlia peyğəmbər İlyas kimi, 37.130 surəsində də İlyasin kimi keçir. Ola bilsin, ikinci forma — İlyasin — “al-muslimin” kəlməsiylə bitən şeirin qafiəsininə dəstək kimi işlədilmiş. Maraqlıdır ki, bu adın əsil yəhudi peyğəmbərinin adıyla heçbir əlaqəsi yoxdur; İlia adı Yunan və Suriya dillərinə İlyasin kimi tərcümə edilibdir, Qurandakı ad da, çox guman, elə həmin mənbələrdən gəlib. Bu qənaət Quranda adı dörd dəfə Yunus kimi keçən (Surə 4.163) Yon peyğəmbərə də aiddir. Orijinal yəhudi sözü Yonah Yunan kilsəsində və İncildə Yunas kimi keçir. Qurandakı, yəqin ki, Yunan dilindən Suriya dilinə keçmiş sözdən əmələ gəlib. Maraqlıdır ki, yəhudi və ərəb dilləri çox yaxın olsa da (hər ikisi semit dil qrupuna aiddir), yəhudi peyğəmbərlərinin adı əsil mənbədən deyil, Yunan və Suriya qaynaqlarından götürülüb.
“Təmiz ərəb məhsulu”olan Quranda belə əcnəbi söz örnəklərinin sayı-hesabı yoxdur.
Quranda Allah, tərəzi və yəhudi ravvinləri
“Allah” sözünün də başqa dildən alınmasını biləndə müsəlmanlar həddindən artıq təəcüblənəcək. Ərəb dilində Tanrı mənasında işlənən söz “İlah” kimi səslənir, “Allah” isə kainat Sahibini bildirən unikal termindir. Belə fərziyyələr var ki, “Al-İlah” (“Tanrı”) ifadəsi bəzi ilkin ərəb mətnlərində rastlanır. Lakin bu terminlərin şəxsi ad kimi birləşdirilməsinin kifayət qədər sübutu-dəlili yoxdur. Dəqiq bilinən budur ki, bu ad başqa yazılı ərəb mənbələrində, məsələn, Məhəmmədin doğumundan biraz öncə toplanılmış yeddi məşhur “Müəlləkət” poemalarında keçir. “Allah” sözü Suriyanın “Alaha” adıyla həmahəngdir, ərəb forması da, görünür, elə bundan əmələ gəlmiş. Suriya dilinin transkripsiyasında bu ad əvvəldən xristian tanrısına məxsusdur. Təktanrılıq konsepsiyası ərəb inancına Məhəmmədin israrıyla daxil olmağa başladı. Ad ərəbləşdirildi.
Quranda “tərəzi” anlayışını müəyyənləşdirən iki söz var: ”mizan” və “qistas”. Bunların hər ikisi olduqca nadir hallarda istifadə edilir. “Qistas” sözü malı çəkən zaman tacirin özünə rəhbər tutduğu tarazlılıq, doğruluq və ədalətlilik, tərəfsizlik ölçüsünü bildirmək üçün işlənilir (Surə 17.35). Bu sözün alınma söz olduğunu, ərəb köklü olmadığını müsəlman təfsirçilər çox tez anladı. Əs-Suyuti, Ət-Thəələbi və Əs-Sicistani kimi alimlər bu sözün soyağacının dəqiq müəyyənləşdirilməsində çətinlik çəksələr də, Yunan dilindən götürüldüyünü guman edirdilər. Bəlkə də yunan yox, arami ya da Suriya sözüdür, amma başqa dildən alınmasına qətiyyən şübhə yoxdur.
Qurandakı “mizan” sözü əsil tərəzi gözünü ifadə edir. Bu tərəzidə axirət günü insan əməlləri çəkilib sonuncu tale qərarı veriləcək. Quran Məhəmmədə göndərildiyi kimi, bu tərəzi də göydən göndərilib:
Bu da Allahdır, Kitabda sənə həqiqət gətirəndir, onunla birgə tərəzi də verilir (xeyir və şəri ölçmək üçün), Axirət Gününün yaxınlaşdığını anlaman üçün!
Surə 42.17
Tərəzisi ağır gələn qazanacaq və Cənnətə göndəriləcək, tərəzisi yüngül gələnlərin canı isə cəhənnəmin dibində qalacaq (Surə 7.8-9). Buradakı “mizan” əsil ərəb sözüdür, ancaq nəhəng tərəzi konsepsiyası, şübhəsiz, xarici mənbələrdən mənimsənilibdir. “Raşnu” kimi tanınan və Qurandan öncə pəhləvi dilində yazılmış qədim fars kitabında deyilir ki, haqq məleykəsi ilə ölülər dünyasının üç hakimindən biri əlində tərəzi tutub, ölənlərin həyatda tutduğu əmələrini çəkəcək, heç kəsə də güzəşt edilməyəcək.
Buna bənzər mövzuya “İbrahimin vəsiyyətləri” adlı ilkin apokrifik kitabda da rast gəlinir. Bu kitab Yunan alimi və teoloqu Oriqenə də tanış imiş və İsa peyğəmbərdən iki əsr sonra Misirdə xristianlığı qəbul etmiş bir yəhudi tərəfindən yazıldığı guman edilir. Kitab iki Yunan nəşrində və əski ərəb versiyasında günümüzə çatıbdı. Quran və adı çəkilən bu kitab arasındakı paralellər tamamilə aydın görünməkdədir. Rəvayətə görə, İbrahim peyğəmbər əlində tərəzi tutmuş bir məleykə görübmüş. Məleykənin yanındakı başqa məleykələr də adamların yaxşı və pis əməllərini yazırmış. Bundan başqa, orda İbrahim yaxşı və pis əməlləri eyni qədər olanları da görüb, onlar həm möminlərdən, həm də günaha batmışlardan ayrı durublarmış. Quranda da qeyd edilir ki, bir dəstə adam nə pak, nə də suçlulara aid deyil; onlar Əl-Cənnətə (“Bağ”a) girə bilməsələr də, ora keçəcəklərinə təminat alacaq (Surə 7.46). Buna oxşar mövzuya Misirlilərin “Ölülər Kitabı”nda da yer var. Görünür, bəşər evladının xeyir və bəd əməllərininin ölümdən sonra tərəzidə çəkiləcəyi, onun müqabilində də Axirət günündə son aqibətinin müəyyənləşdiriləcəyi konsepsiyası hələ Qurandan öncə yazılmış müxtəlif apokrifik və mifik əsərlərdə də rastlanan populyar bir əfsanəyə əsaslanır.
Nəhayət, Quranda geniş istifadə edilən, “Hökmdar” anlamını verən və Tanrının şəxssiz adı kimi işlədilən “Rəbb” sözünü də qeyd etmək gərəkdir. İslamdan öncəki dönəmlərdə arami dilində bazarları idarə edənlərə, ordu başçılarına və hərbi düşərgə komendantlarına “rəbb” deyilirmiş. Sözün ilahi mənasında işlədilməsi olduqca nadir hal idi. Yəhudi liderlər, daha dəqiq olsaq, dini müəllimlər adətən “rəbbis” adlandırılırdı. Bu insanlar öz icmalarında böyük nüfuz və təsirə malik idi. Yəhudi və arami dillərində “rəbb” sözünün adi mənası budur. Lakin Məhəmmədin zamanı “böyüklük” tərifi Allaha aid edilməyə başladı və “Rəbb-əl-ələmiin”, “Aləmlər Hökmdarı” adı ortaya çıxdı (Surə 1.2.)
Yəqin Məhəmməd bu sözün əsl və ilkin mənasını bilmədiyi üçün və yəhudilərin öz ravvinlərinə (Quranda o keşişlər “əhbərahum” kimi keçir) necə ehtiram etdiklərini eşidib öz liderlərini ərbabaan (hökmdar) kimi qəbul etmələrini, Allahın böyüklüyünü alçaltdıqlarına görə isə yəhudiləri suçlayırdı (Surə 9.31). “Rəbbis” “rəbb” sözünün cəm şəklidir. Görünür, xalqının ağsaqqalına, böyüyünə müəlliminə, öyrədəninə, başçısına bu sözün deyildiyini Məhəmməd bilmirmiş. Çox sonralar bu söz Allahın adı kimi keçməyə başlayır. Yəqin, sözlərin mənasını qarışdıran Məhəmmədə görə, yəhudilər öz keşişlərinə “rəbbis” çağıraraq onları ilahiləşdirirmiş.
Quranda saysız-hesabsız xarici elementlərin mövcudluğu bəllidir. Bu fakt Quranın təmiz ərəb dilində Allah vəhyi kimi göndərildiyinə güclü şübhə yaratmaqdadır. Quranla yəhudi və xristian apokrifik mənbələr arasında olan açıq-aydın parallellər aparmaq olur; bu da Quranın böyük hissəsinin Qurandan çox-çox öncələr yazılı qaynaqlardakı əfsanə və əsatirlərə əsaslanmasının ən yaxşı sübutudur.
2. Quranda yəhudi folkloru
Xain və Habilin hekayəsi
İslamdan öncəki dönəmə aid edilə bilən Quranın böyük hissəsi birbaşa yəhudi folkloru və Tövratda yer alan digər rəvayətlərə söykənməkdədir. Mişna və Mindraşdan bir çox material götürüldüyündən bəziləri Quranı “Tövrat üzrə qısa təlimatnamə” adlandırırdı. Yaxşı bəllidir ki, Məhəmməd nə yəhudilərin Müqəddəs Kitabını, nə onların folklorunu oxuya bilməzdi, lakin o, bazar meydanlarında və başqa ictimai yerlərdə qədim yəhudi əfsanələrini eşidirdi. Gerçək olayları uydurmalardan ayıra bilmədiyi üçün onların hamısını öz müqəddəs kitabına daxil edirdi. Bir sürü dəlil-sübutlar Quranın vəhylərdən ibarət olduğunu və Məhəmmədə göylərdən göndərilməsi iddiasını inkar edir. Kitabda müxtəlif materialların Ərəbistan yəhudilərinin söhbət və rəvayətlərindən bəhrələnməsi qənaətinə qarşı heç nə qoymaq olmaz.
Quranda keçən Habilin Xain qardaşı tərəfindən öldürülməsi İncil, Midraş və Mişnadan götürülmüş elementlərin səciyyəvi qarışığıdır. 5.30-35 surələrində verilmiş hadisə iki qardaşın Tanrıya hədiyyələr gətirməsiylə başlayır. Qurbanlardan yalnız biri qəbul olunur. Bura qədərki hadisələr İncildə də var (Yaradılış Kitabı 4.4), ancaq sonra (adları çəkilməyən) qardaşlar arasındakı dialoq gəlir. Qurbanı qəbul olunmayan qardaş digərini öldürməklə hədələyir. Xeyirxah qardaş Tanrıya sevgisindən danışır, cavab olaraq qətlə əl atmayacağını bəyan edir (Surə 5.30-32). Hekayənin bu hissəsində İncillə parallel yoxdur, amma iman gətirənlərlə imansızlar arasında söbhətlər Qurana xasdır, xüsusilə də bir adam o birisini öldürməklə hədələyirsə (belə hallarla Məhəmmədin özü də Məkkədə yaşayarkən rastlanmışdı.) Fağır qardaşın cavabına baxmayaraq zəlil qardaş onu öldürür. Qətlin ardınca gələn başqa bir hadisə də İncildəkindən fərqlənir:
Allah ona bir qarğa yollayır. Meyidi basdırmağı öyrətməyə göndərilən qarğa torpağı qazmağa başlayır...”
Surə 5.31
Hadisənin bu cür verilməsi Midraşın Zəbur yazılarında keçən, məşhur ilahiyyatçı Pirke Rəbbi Eliəzərin qədim yəhudi əfsanələri və əsatirlərinin analoqudur. Bunlar Qurandan bir neçə əsr öncə olmuş. Kitabda deyilir ki, Habilin meyidini tapan Adəmlə Həvva ağlayır, nə edəcəklərini bilmir, çünki ölünün torpağa basdırılma adətiylə hələ tanış deyildilər. Sonra onlar ölmüş yoldaşını özü ilə gətirən bir qarğa görür. Qarğa quşun meyidini torpağa basdırır. Adəm də oğlunu beləcə torpağa tapşırır.
Midraş və Qurandakı hadisələrin yeganə fərqi ondadır ki, Midraşda Habili Adəm basdırır, Quranda idə Xain. Yəhudi kitablarını oxuya bilməyən bir adamın əhvalatları yalnız rəvayətçilərdən eşitdiyi, yadda saxladığı qədər istifadə edə bilməsi tipik və gözləniləndir. Amma Qurandakı təsvirlərinin yəhudi folklorundan əxz edilməsi tamamilə göz qabağındadır.
Ona görə də Biz İsrail övladlarına dedik: kimsə bir canlını torpağa görə yox, öldürməyin xətrinə öldürürsə, bütün insanları öldürmüş sayılacaq. Amma bir canı qorumuş olan kəs bütün insanları ölümdən qurtarmış sanılacaq...
Surə 5.32
Göründüyü kimi, bu beytin öncəki hekayəyə heçbir dəxli yoxdur. Bir adamın həyatı ya da ölümünün bütün bəşəriyyətin xilası və ya məhvi sayılmasının səbəbi qətiyyən anlaşılmaz qalır. Mişnada yuxarıdakı parçanın qaynağını müəyyən edən və bunların əlaqəsini açan maraqlı bir hissə var:
Biz bu ifadəni Xainin öz qardaşını qətlə yetirdiyi səhnədən çıxarmışıq: “Sənin qardaşının qanı mənim içimdə bağırır” (Yaradılış Kitabı 4:10) “Qan” sözü cəm şəkildə yazılmış, onun öz qanı və toxumunun qanı mənasını verir. Hər insan ona görə yalnız tək nüsxədə yaradılmış ki, bir adamın öldürülməsiylə bir xalqın məhv olduğunu, bir insanın xilasıyla da bir bütün xalqın xilası göstərilsin.
Mişna Sənhədrin 4.5
Bir xalqın məhvi və xilası prinsipinin Qurana haradan gəlməsi yuxarıdakı parçadan aydınlaşır. Yaradılış Kitabı 4:10-da “qan” sözü cəm şəkildə olduğunda fərasətli ravvin belə fərz edib ki, Habilin övladları onunla birgə öldürülmüşdü. Bununla da hər bir qətlin və xilasın arxasında dünya miqyasında önəmi olduğu sübut edilir. Aydındır ki, Məhəmməd bu nəzəriyyədən qətiyyən xəbərsiz imiş, sadəcə kimlərdənsə ravvinin fərziyyəsini eşidib onu Allah əmri kimi təqdim edib!
İbrahim və bütlərin məhv edilməsi
Quranın başqa bir hekayəsi — İbrahim və bütlər əhvalatı — İncil mətninin ravvin təfsirinə əsaslanan yəhudi rəvayətindən qaynaqlanır. İbrahim peyğəmbər bütlərə səcdə qılmağın doğru olmadığını öz xalqına başa salır. Amma adamlar ona qulaq asmır. İbrahim sual verib cavab almır ki, bütlərə gətirilən yeməklər niyə yeyilmir. Cavab gəlmir (Surə 37.91-92). Sonra İbrahim ən böyük bütdən savayı bütün bütləri qırıb dağıdır. Camaat bu “kafirliyin” səbəbini öyrənmək istəyəndə İbrahim deyir ki, bunları o yox, böyük büt məhv etdi. Bundan sonra İbrahim camaata “sağ-salamat” qalmış bütlərdən onları kim qırdığını öyrənməyi təklif edir. Qəzəblənmiş kütlə bütlərin danışa bilməməyini İbrahimə deyəndə, o, nə pislik, nə də yaxşılıq edə bilməyən, dilsiz-ağızsız heykəlciklərə baş əydiklərinə görə adamları qınayır. Onda hiddətlənmiş kütlə İbrahimi tonqala atmaq istəyir (Surə 21.62-68). Lakin Allah onlara deyir:
Biz də dedik: “Ey atəş! Soyuq ol! İbrahimə xətər yetirmə!” Bunu görcək adamlar başqa fənlərə əl atmaq istədi, amma elə etdik ki, onlar böyük itki verdi.
Surə 21.69-70
İbrahim sağ-salamat oddan çıxır. Bu nağıl İncildə olmasa da, Midraş Rəbbahın əsərlərində rast gələn hekayənin təkrarı olaraq yəhudi folklorunun Quranda növbəti örnəyidir. Quranı bir neçə əsr qabaqlamış bu kitabda bənzər hadisə təsvir edilib. İbrahimin atası Tərah büt düzəldən usta idi, İbrahimə də onların keşiyini çəkmək tapşırılmışdı. Günlərin bir günü bura bir qadın gəlib əlindəki buğda unuyla dolu sinini bütlərin qabağına qoymağı xahiş edir. İbrahim çomağı götürüb ən böyük bütdən savayı bütün bütləri qırıb dağıdır, sonra da çomağı ən böyük bütün əlinə qoyur. Qəzəblənmiş ata oğlundan izahat tələb edir. O da cavab verir ki, unu bütlərin qabağına qoyanda hər büt özü birinci yemək istədi. Ən böyük büt də qalxıb çomaqla onların hamısını darmadağın etdi. Bütlərin şüursuz olduğunu söyləyən Tərah oğlundan belə cavab alır: “Görəsən sənin ağzın danışdığını qulağın eşidirmi?”
Quranın bir qisminin ilahi mənbədən yox, yəhudi folklorundan götürüldüyünü anlamaq üçün o qədər də dərin təxəyyül lazım deyil. Bu rəvayətin haradan götürülüb hansı bisavad təhriflərlə Quranda verildiyini İncil mətni əsasında göstərmək olar.
Conatan Ben Ueziel adlı yəhudi xəttat köçürdüyü “Tərqum” əsərində Yaradılış Kitabı 15.7-də “Kildanilərin Urundan səni çıxaran Rəbb mənəm” cümləsində yanlışlığa yol verib. “Ur” İbrahimin çıxdığı şəhərin Babilcə deyilişidir. Yaradılış Kitabı 11.31-də bu ad bir daha qeyd edilir. Həmçinin İsrailin müqəddəs şəhəri Yəruşəlim də “Ur” adlandırılır. İlk dönəmlərdə bu şəhər “Ur-Şalim”— yəni Sülh Şəhəri — adlanırmış. Lakin mətni köçürən şəxs bu adı “od, alov” mənasını verən yəhudi sözü “or” ilə dəyişik saldığına görə şeir bu şəkilə düşmüşdü: ”Kildanilərin odundan səni çıxaran Rəbb mənəm.” Bu beyti izah edən həmin xəttat yazır ki, bu hadisə Nimrodun hakimliyi zamanında baş verib, İbrahimi də bütlərə baş əymək istəmədiyi üçün ocağa atıblar, lakin od İbrahimə xətər verməyib.
Bu hadisənin xəttat tərəfindən uydurulması inandırıcı deyil. Çox guman ki, sadəcə xəttat o zamanki yəhudi folklorundan çox populyar bir rəvayəti təkrarlayıb. Tövratda keçən gerçək hadisəni yəhudilərin folklor əfsanəsinə çevirməkləri ağıla batan deyil. Yəhudiləri suçlayan Quran bəyan edir ki, onun rəvayətləri ilahi vəhylərdir. (Surə 2.79). Lakin öz Müqəddəs Kitablarının folklora döndərilməsində onları suçlamaq qətiyyən olmaz. Öncə deyildiyi kimi, bu əhvalatın mənşəyi əsil İncil mətninin yanlış tərcüməsinə gedib çıxır. Quranın yəhudi hekayə və əfsanələrinin növbəti təkrarlanması qənaətinə gəlməmək mümkün deyil.
Yəhudi rəvayətlərinin Məhəmməd tərəfindən çoxsaylı yanlışlıqlarla istifadəsinin sübutu kimi İbrahimin atasının Quranda adını göstərmək olar. Bu adamın əsil adı Tərahdır, Quranda isə o, Azər adlanır. Görünür, Tərahı İncildə adı keçən İbrahimin qulluqçusu əl-Azərlə səhv salıblar. Evlad sahibi olmadığına gileylənən İbrahim deyir ki, varisi qulluqçusu Şamlı Əliəzər olacaq (Yaradılış Kitabı 15.2). Bütün bu örnəklər sübut edir ki, islam peyğəmbərinin ikinci əldən aldığı məlumatları çaşıb qarışdırdığına görə Quranı yaradarkən bu və ya digər tarixi səhvlərdən qaça bilməzdi.
Quran təlimində digər yəhudi qaynaqları
Quran mətnlərində bir çox başqa qədim yəhudi əfsanələri tapmaq mümkündür. Aşağıdakı şeir qədim yəhudi hekayəsiylə olan əlaqəni aydınca göstərir:
Bu Quranı biz dağa çıxarsaydıq, dağ itaət edib baş əyər, qorxudan Tanrı qarşısında ikiyə bölünərdi...
Surə 59.21
Tərqum əsərinin Hakimlər kitabı 5.5-də (“Dağlar Tanrı qarşısında titrəyir, ey Sina, sən İsrail Tanrısı qarşısındasan”) qədim yəhudi rəvayətinə görə, təkəbbürlü Favor, Ərmon və Karmil dağlarından fərqli olaraq Sina dağı Tövratı almağa hazırlaşarkən özünü alçaltmışdı, yerindən oynadılmışdı.
Quranda da var ki, Musa bir neçə gün bu dağda qalanda dağın ətəyində onu gözləyən camaat qızıl dana düzəldib ona sitayiş etməyə başlayır. Allah ona dedi:
(Tanrı) dedi: “Sən gedəndən sonra xalqını sınağa çəkdik, Samiri onları yoldan çıxardı.
Surə 20.85
Növbəti şeirlərdə deyilir ki, Samiri (əs-Samiri) dana bütünü oddan götürəndə səcdə edənlərə elə gəldi ki, büt diri dana səsi çıxarır. Adı çəkilən Midraşın Pirke Rəbbi Əliəzər mənbəsində deyilir ki, İsraillilər həqiqətən böyürən bir dana görüb. İyequa Rəbbi israr edirdi ki, rəvayətə görə, yəhudilərin ölüm məleykəsi Səmaəl dananın içinə girib adamları aldatmaq məqsədiylə böyürürmüş. Tamamilə aydındır ki, Qurandakı əhvalat yəhudi əfsanəsinə əsaslanır. Sual: Quranda ölüm məleykəsinin adı niyə çəkilmir, adamlardan birinin adı isə niyə əs-Samiridir? Axı “əs-“ artiklinin işlədilməsi bu sözün insan adı olmamasına aydın işarədir. Quranın əksər müsəlman təfsirçiləri bu sözü “samarili” kimi tərcümə edirdi, göründüyü kimi, onlar özləri də bilmədən haqlı idi. Məsələ orasındadır ki, samaritlər yəhudilərin Misir çıxışından bir qədər sonra müstəqil xalq kimi şəkillənmişdi, qızıl dana əhvalatı da o zamana aiddir.
Şübhə yox ki, bu qarışıqlığın kökü İerovoamın Yəruşəlimdə bəzi İsrail tayfalarını həqiqi İsrail Tanrısına səcdə qılmaqdan yayındıran zamana gedib çıxır və Süleymanın yerini Rovoam tutandan sonra baş vermişdi. İerovoam İudey şəhərindəki səcdəgaha müxalif Samariyənin Dan və Vəfil bölgələrində iki qızıl dana bütü ucaltmışdı. Sonralar bunun əleyhinə elçilərinin birinin vasitəsiylə Tanrı öz fikrini belə bildirmişdi:
Samariya, danan səni atdı! Qəzəbim onları tutdu; bunlar nə vaxta qədər təmizlənməyəcək? Axı bu da İsrailin işidir. O, tanrı deyil, çünki onu rəssam yaradıb. Samariya danası tikə-tikə olacaq!
Osiya 8.5-6
Çox guman ki, öz problemlərinə görə iudeylər qumsallıqdakı qızıl dana əhvalatının bu hissəsini qəsdən qarışdırıb samariyalıları günahkar çıxarmışdı. Ya da ki, Məhəmməd Samariyalıların qızıl dana hekayətini Ərəbistanda yaşayan iudeylərdən eşidib Musanın qumsallıqda məhv etdiyi qızıl dana əhvalatıyla bilməyərəkdən qarışdırıb. Məhəmməd Quranda büt düzəltmiş dəmirçiyə verdiyi əs-Samiri adını da ölüm məleykəsi Səmaəl ilə qarışdıra bilərdi. Yəhudilərin Misir çıxışından bir neçə əsr sonra samarilərin müstəqil xalq olmasını da Məhəmməd bilməyə bilərdi.
Yuxarıdakı məlumatlar Quranın Məhəmmədə göndərilən ilahi vəhy olmamasını yetərincə sübut edir. Burada yerli yəhudi folklorundan plaqiat həddindən artıqdır. Məhəmməd öz kitabı üçün materialı onu əhatə edənlərin söhbətlərindən topladığını nəzərə aldıqda nəticələr heç də gözlənilməz olmur. Bir xronoloji yanlışlıq da var: Quran Misir əsirliyi dövründə yaşamış və firon ordusunun başçılarından biri olan Amana istinad edir. Əslində isə Aman bir neçə əsr sonra yaşamış və Persiya şahı Artakserksin baş naziri olaraq yəhudiləri məhv etməyə çalışan birisi idi (Esfir Kitabı 3.1).
Səba kraliçasının Süleymana qonaq gəlməsini İncildən fərqli olaraq Quran tamamilə başqa cür qələmə verib. Quranda deyilir ki, quşlar arasında hüdhüd quşunu tapmayan Süleyman onu cəzalandıracağını söyləyir. Lakin birazdan Süleymanın yanına qayıdan hüdhüd izah edir ki, ölkədən uzaqda idi. Orada Səba ölkəsini idarə edən bir qadın görmüş; o gözəl nəhəng kürsüdə oturur, amma günəşə sitayiş edir. Süleyman o qadına quş vasitəsiylə məktub göndərir. Məktubu alan kraliça Süleymana hədiyyə yollamaq, sonra isə özü də qonaq gəlmək istəyir (Surə 27.20-42). Buna bənzər hadisə əfsanəvi yəhudi zəbur ədəbiyyatı olan “Esfir” kitabının İkinci Tərqum bölümündə təsfir edilib. Bircə fərq var, o da budur ki, Qurandakı hüdüdün yerini xoruz tutur. Ən əsası isə budur ki, rəvayətin uzunluğuna baxmayaraq onun hansı məqsədlə söylənildiyi Quranda verilmir. Əslində isə “dünyanın o biri tərəfindən gələn xanım qonaq Süleyman müdrikliyini dinləməyə gəlmişdi” (Luka 11.31).
İlahə Ucaruh tərcümə etdi