Kamyu və Sartrı bir-birindən küsdürən səbəb – Azadlıq mövzusu
Onlar qəliz cütlük idilər. Əlcəzairli fransız Alber Kamyu yoxsulluq içində böyü…
Son vaxtlar incəsənət aləmində müxtəlif formatlarda bir-birini alçaltmağa can atan mövqe toqquşmaları baş verir. Bu, cəmiyyətdəki dərin böhranın təzahürüdür. Mən öz mövqeymi sənətimlə, işimlə bildirməyə üstünlük vermişəm. Yəni quruluş verdiyim və aktyor kimi iştirak etdiyim tamaşalarla, çəkdiyim filmlərin vasitəsiylə.Özü də alçaltmaq və təhqir cəhdi mənlik deyil. Ancaq satira, lap elə sarkazm, qrotesk mənlikdir. Özü də tək elə bunlar yox...
İndi Azərbaycanda 800.000 iş yeri açıldığından mənim bu işlə məşğul olmağım üçün heç bir şərait yoxdur.Yəqin 800.001 iş yeri açılmalıymış ki, mən sənətimlə məşğul olum. Bu səbəbdən də mən məcburam mövqeyimi yazıyla bildirim. Bəlkə, elə bu, yaxşılığa doğrudur?! Nə isə...
Mən sözümü daha çox gənclərə yönəldirəm. Çünki sabah onlarındır. Bir şey etsə onlar edəcək.
I
İtirilmiş həqiqət.
Cəmiyyətdə hap-gop baş alıb gedir. Söz öz müstəqim mənasını itirib. Yəni, söz və onun ifadə etdiyi məna bir-birinə uyğun gəlmir. Bir çox sözlər ancaq səslənir, yəni havanı titrədir, heç bir əmələ, işə çevrilmir. “Mənlik”, “Ləyaqət” boş sözlərdir. Bu hiss, bu insani keyfiyyət həqarət obyektinə çevrilib. Nə “Mənlik”, nə “Ləyaqət”! Bu sözlər gülüş doğurur, lap ucuz şouların, komediyaların kadrarxası fonoqramında olduğu kimi: ha-ha, he-he, hiii-hih!
Şekspir deyirdi ki “İndi ləyaqətli olmaq 10 min adamdan biri olmaq deməkdir”. Bizim zamanda, görəsən, bu nisbət neçənin neçəyə olan nisbətidir?
Müharibə vəziyyətində yaşayan hər bir ölkədə olduğu kimi bizim cəmiyyətimiz də dərin psixoloji gərginlik, nevroz içindədir. Müvəqqəti olsa da, müharibəni uduzmuş, bir milyon qaçqını olan məmləkətin vətəndaşı kimi ilk növbədə mənliyimiz, ləyaqətimiz alçalıb. Etiraf etsək də, etməsək də, bu, belədir. Əslində bu alçalma, təhqirolma hissini yaşamaq çox təbiidir. Ancaq bir şey var ki, bu hissi məhz mənliyi, ləyaqəti olan yaşaya bilər. Indi fikirləşirəm, görən adam mənliyini, ləyaqətini itirəndən sonra alçalır və torpağını, vətənini itirir, yoxsa torpağı, vətəni itirəndən sonra mənliyini, ləyaqətini itirib alçalır? Ardıcıllığı heç cürə müəyyən edə bilmirəm. Burda, necə deyərlər, nevroz olmayasan neyləyəsən? Yaxşı ki, dəli olmamışıq!
Yox, axı, deyəsən səhv elədim. Əslində dəli olmağın əsl vaxtı çatıb. Mənliyini, Ləyaqətini, Şərəfini qaytarmağın yolunda sözün əsl mənasında Dəlı, Məcnun! Bəli, dəli olmalısan ki, sənin mənliyinə, ləyaqətinə, şərəfinə təcavüz edən kim olursa-olsun, dəhşətdən bağrı yarılsın. Bu dünyada nə eləyiblərsə, dəlilər ediblər. Ancaq bu cür dəlilik üçün gərək çox büyük sevgin, eşqin olsun! O qədər sevgimiz, eşqimiz varmı? Bu sualı verirəm və bir cavabı eşitməkdən çox qorxuram: - bəli, var! Bu cavabda gözə kül üfürmək, baş aldatmaq cəhdini, bir sözlə hap-gopu görmək çox kədərlidir. Bu gün Azərbaycanda pula, vəzifəyə olan istəkdən güclü bir istək, sevgi yoxdur. Məhz bu istək dəlilik, manyaklıq dərəcəsindədir. Belə bir bir atmosferdə “mənlik”. “ləyaqət” sözü ancaq gülüş doğurur:- ha-ha, he-he, hiii-hih!
Ancaq deyilənə görə söz, axırıncı gülənindir.
Bəli, cəmiyyətimiz nevroz içindədir və ətrafımızda gördüyümüz isteriya, psixopatiya da bunun klassik ifadəsidir. Bu gün Azərbaycan yaradıcı insanlarının, incəsənətinin də əsas vəzifəsi cəmiyyətə bu xəstəlikdən çıxmaqda kömək etməkdir. Bunun üçün birinci növbədə özümüz özümüzlə səmimi olmalıyıq. Yekəxanalıqdan və yekəbaşlıqdan uzaq olmalıyıq. Etiraf etməliyik ki, vəziyyətimiz acınacaqlıdır. Və bu etirafdan sonra hiss etsək ki, ləyaqətimizin alçalmasıyla, mənliyimizin tapdadanmasıyla barışmiriq, və görsək ki, bu hiss bizi yandırıb tökür, onda nəyin düz, nəyin səhv olduğu haqda düşünməliyik. Yalnız belə olduğu halda bizim yaratdığımizin bir mənası ola bilər, ləyaqətimiz, mənliyimiz öz yerini tutar.
Hökumət və qeyri hökumət qurumları daha çox rəqəmlərdə ifadə olunan manipulyasiyaya üstünlük verirlər, hesab edirlər ki, hesabatlarında rəqəmlərlə gözəl mənzərə yaratmaqla nəyisə həll edirlər. Və adam başına nə qədərsə nəyin düşdüyünün ya düşmədiyinin artımını fəxrlə bəyan edirlər. Və bununla mənlik, ləyaqətin ucaldığını güman edirlər.
Yəni 7 manatı olanın mənliyinin 3 manat olandan daha üstün olduğunu düşünürlər. Ona görə bahalı maşını olan ucuz maşını olana, ucuz maşını olan piyadaya həqarətlə baxır. Əslində bu hal mənlik və ləyaqəti yoxların əxlaqından doğa bilər. Sözsüz ki, mən maddi firavanlığın əksinə deyiləm və insanın maddı durumunun daim artmasının tərəfdarıyam. Ancaq mənim üçün ilk olaraq adam başına nə qədər haqsızlığın, dərd-bəlanın düşdüyünün hesabını aparmaqdır. Dostayevski demişkən, dünyanın heç bir firavanlığı günahsız bir körpənin göz yaşına dəyəməz.
Alçaldılan, təhqir olunan insan görəndə çox kədərlənirəm. Yekəxana, yekəbaş insan görəndə əsəbləşirəm. Beləcə, əsəb və kədər içimi dağıdır. Məsələ heç mənim halımda da deyil. Məsələ bu halı ifadə etmək üçün meydanın olmamasıdır.
Gəlin məsələnin cavabını axtaraq.
Cavabi- məsələ:
Bir halda ki, məsəli kiçik bir səhnəciyə çevirdik, gəlin onun personajlarının mümkün olan münasibətlərini araşdıraq...
II
“Çörəyi ver çörəkçiyə.”
Səhnəcik.
Səlahiyyətli şəxs - (əlində çörək çox ağıllı və qayğılı bir pozada, üzülərək): - Çörəyi kimə tapşıraq, bu vacib işə kim baxsın!? (O əlində çörək üzülərkən əlində bir qəşəng çomaq olan ağsaqqal peyda olur. O, Məsləhətçidir.)
Məsləhətçi: - Başım çıxmır sən niyə üzülürsən? Bu ki, çox sadə məsələdir. Çörəyi ver çörəkçiyə, o əlindəki çörəyi də üstəlik. Vəssəlam-şüdtəmam. (Ağsaqqal bu sözləri deyib çomağı üç dəfə yerə vurur və bu anda digər tərəfdən Çörəkçi görünür.)
Çörəkçi (Səlahiyyətli adama yaxınlaşıb):- Mən hər cür çörək bişirə bilirəm. ( başlayır çörək bişirməyə).
Bəli, məsələ sanki həll olunur. Ancaq problem bundan sonra başlayır.
Səlahiyyətli adamla Çörəkçi yola getmir. Çörəkçinin nüfuzu artır. Bu, Səlahiyyətli adamın xoşuna gəlmir. O başlayır çörəkçinin işinə qarışmağa, ona çörəyi bişirməyin qaydalarını öyrətməyə. Xəmir necə olsun, maya necə olsun, duz necə olsun DİKTƏ eləməyə.
Çörəkçi - Mənim peşəkarlığım, ləyaqət və mənliyim sən deyən kimi hərəkət etməyə imkan vermir!
Səlahiyyətli adam: - Sənin peşəkarlığın, ləyaqət və mənliyin boş şeydir!
Bu söhbətdən sonra Çörəkçi işdən uzaqlaşır. Səlahiyyətli adam çörəkbişirməni öz əlinə alır. Bu işi ala-yarımçıq bacaran, ancaq ləyaqətsiz və mənliksiz adamları bu işə cəlb edib başlayır çoxlu pul qazanmağa. Bu iş bütün məmləkətdə genişlənir. Səlahiyyətli adam çörəkbişirənlərin başbiləni də seçilir. Demə, o məmləkətin bütün işlərinin BAŞBİLƏNİ adını almaq üçün sino gedirmiş.
Ancaq bu məmləkətdə çörəyin dadı olmur. Çörək saman dadı verir. Onu yeyən-yeyən şərəfini, ləyaqətini itirir. Bir gün Səlahiyyətli adam yuxusunda Məsləhətçini görür. Ondan soruşur ki, çörəyimizin dadı niyə yoxdur, sirr nədədir?
Məsləhətçi - Çox sadədir, diqqətlə qulaq as. Küləklə Ləyaqət söhbət edir. Külək deyir ki, "Mən bütün dünyanı gəzərəm, bir qitədən digərinə gedərəm, oradan başqa bir yerə. Bəs sən?" Ləyaqət cavab verir: "Mən bir az başqayam. Getdimsə, qayıtmaram".
Səlahiyyətli adam bir şey anlamır. Onda Məsləhətçi kədərlə deyir:
Məsləhətçi - Onu bil ki, ləyaqət, mənlik olmayan yer ..... xanadır və orda çörəyin dadı olmur.
Bəli, əziz oxucu, bu bir səhnəcik-pritça idi. Ancaq bu pritçada bizim reallıq əks olunub. Yəni səninlə mənim həyatım.
Indiki həyat tərzimizdən az fərqlənən Sovet İttifaqı deyilən bir məkan var idi. Elə hey çalışırdılar ki, yeni bir adam – Sovet adamı formalaşdırsınlar. Guya, bostanda xiyar yetişdirirdilər. Bostanda deyəndə, istixanada, yəni parnikdə. Bir şey çıxmadı. Parnikdən məhsul ala bilmədilər. Yəni, öz düsturlarına uyğun adam yetişdirə bilmədilər.
Başa düşə bilmirəm, tarixin bu dərsi indiki əldəqayırma ideoloqlara bəs eləmir? Mən onlara sual edirəm:
Elə isə qulaq asın!
Vaqif Azəryar
Kultura.Az