Qanlı evdə yaşamaq
Səhər saat 7 olardı. Telefonun zırıltısına oyandım. Zə…
Əgər Novruzəli məktubu poçt qutusuna ata bilsəydi, Mirzə Cəlil başqa bir mövzuda hekayə yazardı və nəticədə Azərbaycan ədəbiyyatı ilə dünya ədəbiyyatı arasında məsafə bir az qısalmış olardı. Mirzə Cəlil özü “Poçtxana” adlı felyetonunda bu məsələyə aydınlıq gətirir. Həmin felyetonda Mirzə Cəlil deyir ki, mən Balkan müharibəsi, Balkanlarda baş verən hadisələr haqqında yazı yazmaq istəyirdim, amma bir xalq ki, poçtla məktub göndərə bilmir, həmin xalqa Balkanlarda baş verən hadisələrin səbəbləri dünəndən lazım deyil.
Həqiqətən də, XX əsrin əvvəllərində meydana çıxmış bizim yazıçılar bir neçə cəbhədə vuruşmağa məhkum idilər. Onlar Novruzəliyə məktubu poçt qutusuna atmağı öyrətməli, mollaları, kərbəlaları, hacıları, məşədiləri ifşa etməli, həm də məktəbin necə müqəddəs bir məkan olduğunu xalqa başa salmalı idilər. Nəticədə həqiqi ədəbiyyatla məşğul olmağa çox az vaxt və enerji qalırdı.
Bir çoxları Nizamidən, Fizulidən, qədim mədəniyyətdən, zəngin tarixdən, 9 iqlim qurşağından danışmağı sevsələr də, Azərbaycan 3-cü dünya ölkəsidir. 3-cü dünya ölkəsinin yazarının 3 masaüstü kitabı olmalıdır. Tomas Vulfun esseləri, Somerset Moemin “Həyata yekun vurarkən” əsəri və Henri Millerin “Yunanıstan gündəliyi”.
Tomas Vulf öz esselərindən birində qeyd edir ki, alman və fransız yazıçılarının işi amerikan yazıçılarının işinə nisbətən daha asandır. Çünki, alman və fransız yazıçıları bellərini böyük bir ənənəyə söykəyiblər. Biz, amerika yazıçıları isə ilk növbədə Amerikanın necə bir ölkə olduğunu amerikalılara başa salmalıyıq. Və bir çox alman və fransız yazıçıları Amerikada yaşasaydılar, bu şərtlər altında çətin ki yazıçı ola bilərdilər.
Əlbəttə, mən 3-cü ölkəsinin yazarı olaraq inkişaf etmiş xalqların yazarlarının nə yazdıqlarından az-çox xəbərim var. Lakin, öz ölkəmdə cəhalət hökm sürdüyü, insanların təməl hüquqlarının qorunmadığı halda balinaların hüquqlarının pozulmasından, insanların sivilizasiyadan, şəhər həyatından bezib təbiətə qayıtması haqqında hekayələr, roman yazsam avtomatik olaraq özümü gülünc vəziyyətə qoymuş oluram. 80-ci illərdə bir xeyli şairlər var idi. Onlar Eyfel qülləsindən, Sena çayından, Van Qoqun iztirablarından şeirlər yazırdılar. Və onların yazdığı şeirlər indi gülməli görsənir. Deməli, sən dünya ədəbiyyatında baş verən prosesləri nə qədər yaxşı bilsən də, öz ölkəndə baş verən hadisələr, yəni reallıq öz sözünü deyir və sən bu reallıqlarla hesablaşmağa məhkumsan.
Bəs 3-cü ölkənin yazarı necə diqqət cəlb edə bilər?
1. Yazar mütləq ictimai siyasi proseslərdə aktiv iştirak etməli, önəmli məsələlərdə öz mövqeyini açıq şəkildə ortaya qoymalı, ezop dilindən imtina etməlidir. Uzun müddətdir ki, Azərbaycanda hakimiyyət dəyişikliyinin baş verməməsi, bir çox sahələrdə köhnələrin təzələrlə dəyişməsi prosesini əngəlləyir. Təzə adları oxucu yalnız qəzet səhifələrində görür. Radiolar, TV-lər vətəndaş mövqeyi göstərən yazarların üzünə bağlıdır. Azərbaycanın dünya siyasətində rolu nöqtə boydadır. Böyük masştab böyük yazar, böyük bəstəkar, böyük rəssam yetişdirir. Bizim kimi xalqların mədəniyyəti iki halda inkişaf edə bilər. İmperiya daxilində və tam azadlıq şəraitində. Bizdə isə heç biri yoxdur. Nə imperiya, nə də azadlıq. Hadisənin miqyası, mahiyyəti, yaradıcı şəxsə müxtəlif imkanlar tanıyır.
Məsələn, çex yazıçısı Milan Kundera sovet tanklarının Praqaya girməsi ilə maksimum oynayaraq 1984-cü ildə “Var oluşun dözülməz yüngüllüyü” romanını yazıb dünya şöhrəti qazandı. Kunderanın öz sözlərinə görə, o zamanlar mühacirət edən çex rəssamları əsərlərini baha qiymətə satırdılar. Çünki, mühacir çex rəssamlarına qarşı adamlarda mərhəmət hissi oyanmışdı. Çox güman ki, başqa bir zaman heç kəs onlara bu qədər diqqət göstərməzdi. Hadisə yaradıb söhrət qazanan yazarlardan biri də Orxan Pamukdur. Azərbaycan oxucusu Orxan Pamuku kifayət qədər tanıdığından detallara varmağa ehtiyac yoxdur. Umberto Ekonun “Gülün adı” və Orxan Pamukun “Mənim adım qırmızı” romanlarını oxuyanlar üçün bir cümlə yazmaq kifayətdir. Eko hələ də mühazirələr oxuduğu halda, Orxan Pamuk Nobel mükafatı aldı. Rus millətçiləri Sorokinin əsərlərini unitazlara doldurub yandıranda Sorokinin əsərlərinin satışı Almaniyada 5 dəfə artmışdı. Tutaq ki, bizim yazarların arasından kimsə, biri özünü peysərliyə vurub, Qarabağın qədim erməni torpağı olduğunu bəyan etdi. Bu bəyanat uzaqbaşı 5-6 avara erməni saytının diqqətini cəlb edəcək. Orxan Pamuk isə bütün dünyaya məlum olan 100 ildir müzakirə edilən erməni genosidi mövzusundan istifadə etmişdi. O, çox bicliklə erməniləri öz oyununa saldı.
Hücrə ədəbiyyatı anlayışı öz ömrünü başa vurub. Günümüzün yazarı mütləq özünə bioqrafiya yazmalıdır. İstedadlı olmaq günümüzdə uğur qazanmağın ən son şərtlərindən birdir. Müasir yazardan texnikanı mənimsəmək, dil öyrənmək, davamlı səyahət etmək, müxtəlif vasitələrlə daima gündəmdə qalmaq tələb olunur. Əgər sabah bədii duyumu, istedadı zəif olan bir şəxs, bir yazar bu yollarla hansısa bir ölkədə mükafat alsa, hücrə ədəbiyyatı yaradanlar, lütfən, həmin adamın uğurunu haqsızlıq, ədalətsizlik, onun bəxtinin gətirməsi kimi qəbul etməsinlər. hər dövrün öz qanunları var.
2. Yazarı oxucuya tanıtdıran, cəmiyyətə təqdim edən vasitələrdən biri də müsabiqələrdir. Folkner Nobel mükafatı alanda Amerikada bu yazıçını çox az adam tanıyırdı. Vyetnam yazıçısı To Xuayı geniş oxucu kütləsinə aldığı Lotos mükafatı tanıtdırdı. İnsanlar mükafat almış yazıçının yaradıcılığına istər istəməz diqqət göstərirlər. Bu təbiidir. Ən azı yazıçının aldığı mükafata layıq olub olmamasını yoxlamaq avtomatik olaraq müəllifi tirajlayır. Müsabiqələr yazarlar arasında yarışmaya təkan verir, yazarları yazmağa həvəsləndirir, ədəbi mühiti canlandırır. Azərbaycanda ciddi ədəbiyyat müsabiqəsi çox azdır, halbuki ciddi ədəbiyyat müsabiqələri yazıçıları daima işləməyə məcbur edə bilər. Qonşu Gürcüstan bu mənada bizdən o qədər irəlidədir ki, adam hətta yazmağa utanır. Az qala hər bank, şirkət, dövlət müəssisəsi yazarlar arasında hekayə, şeir, roman müsabiqəsi keçirir, yazarlara, tənqidçilərə, şairlərə pul mükafatları verilir. Bununla da həm ədəbi mühit canlanır, həm də yazıçıların maddi vəziyyəti qismən yaxşılaşır.
3. Əsərlərin ekran həllini tapması da (raskadrovka) əsərlərin müəllifinin tirajlanmasında böyük rol oynayır. 25 noyabr 1970-ci ildə intihar edən yapon yazıçısı Missimanın yazdığı 40 romandan 18-i öz ekran həllini tapmışdı. Nəzərə alaq ki, kino sənayesi hələ o dövrdə o qədər də inkişaf etməmişdir. Qonşu Rusiyada gürcü əsilli yazıçı Boris Akuninin əsərlərinə filmlər çəkilməsi yazıçını xeyli məhşurlaşdırdı. Akunin keçmiş sovet məkanında ən çox qazanan yazarlardan biridir. Filmə baxan adamın filmlə əsəri tutuşdurma marağı yazarı tirajlayır.
Çox təəssüf ki, Azərbaycanın gənc rejissorları gənc yazarlardan xeyli uzaqda dayanıblar. Nəinki uzaqdan dayanıblar, gənc rejissorların yeni əsərləri vərəqləməyə heç həvəsləri də yoxdur. Onları haradasa başa düşmək olar. Bəlkə də bunun ən önəmli səbəblərindən biri kinonun birbaşa dövlət qayğısından asılı olmasıdır. Müstəqil, vətəndaş mövqeyi göstərən rejissorun dövlət sifarişi alması, kino çəkməsi demək olar ki mümkünsüzdür. Çünki Azərbaycanda rejissorlar üçün yaradıcı azadlıq yoxdur. Yazarlar aktyorlarla, rejissorlarla müqayisədə xeyli proqressiv, müstəqil görünürlər. Gənc rejissorlar üçün səlahiyyətli, əllərində xeyli vasitələr saxlamış, titullu, sovet dövründə tirajlanmış yaşlı yazıçılarla işləmək daha məqsədə uyğun siyasət sayılır. Gənc yazıçılarla gənc rejissorlar arasında böyük bir uçurum var və bu uçurumun adı azadlıqdır.
4. Əlbəttə, yazarın tanınmasında ən önəmli rolu onun kitabının alınması, oxunması, müzakirə edilməsi oynayır. Tiraj hər yerdə öz sözünü deyir. Bu mənada ölkəmizdə vəziyyət həqiqətən faciəvidir. Müharibədən çıxmış ölkənin qələm adamları bir azca özünə gəlmişdilər ki, başqa bir müharibəyə, şou müharibəsinə girməyə məcbur oldular. Ölkəni xeyli kitabsevər adamlar tərk edib. Yazarlara yardım edən azsaylı maarifpərvər insanlar da öz resurslarını xərcləyib bitirməkdədirlər. Hər tərəfdən vurulmuş bu nəcib insanların bundan belə də yazarlara maddi yardım göstərməsi çox çətindir. Digər tərəfdən ölkədə pullu şəxslər kitaba, yazara deyil, mikrafona, müğənnilərə maraq göstərirlər. Çünki onların böyük əksəriyyəti pulu ağılları, bacarıqları, zəhmətləri hesabına deyil, mövcud hakimiyyətin yaratdığı monopoliya siyasətindən yararlanaraq qazanıblar. Və onların elmə, kitaba yox, şou-biznesə pul xərcləməsi təbiidir... Televiziyalarda kitab sözü dilə gətirilmir, TV verilişlərdə əsərlər müzakirə olunmur. Azərbaycan hakimiyyətinin illərlə apardığı incə bir siyasət nəticəsində insanlar zombiləşdirildi. Bu siyasət nəticəsində müğənnilər, şoumenlər, kəndirbazlar cəmiyyətin ən önəmli fiqurlarına, televiziya qəhrəmanlarına çevrildilər. Şou nümayəndələri haqqında portret verilişlər hazırlandı. Artıq şou dünyasının qəhrəmanları televiziyalardan insanlara necə geyinmək, nə yemək, necə ailə qurmaq haqda müdrik mesajlar ötürürlər. Üstəlik, hətta kitabla həyatda özünə yer tutmuş adamlar da kitaba öz borclarını qaytarmaq istəmirlər. Ən pisi odur ki, Azərbaycan xalqının gəncliyə qarşı səmimi bir nifrəti var, onlar gənc insana inanmadığı kimi onun yazdığına da inanmaq istəmirlər. Qonşu Gürcüstanda mənimlə yaşıd və məndən kiçik təxminən 10 yazar var ki, onları bütün Gürcüstan sözün həqiqi mənasında yazıçı kimi qəbul edir. Onları televiziyaya yazıçı kimi dəvət edirlər. Bizdə isə hətta ən yaxın insanların belə mənə yazıçı deməyə dili dönmür. Ən yaxşı halda adımın qarşısına publisist sözü əlavə edirlər. Çünki Azərbaycan insanının kiçik bir yeniliyə qarşı nifrəti səmimidir. Azadlıq Radiosuna verdiyim müsahibədə söylədiyim bir cümləni təkrarlamaq tam yerinə oturur. Əgər “Quqark” romanını Anar Rzayev, Elçin Əfəndiyev yazmış olsaydı, indi bizim cəmiyyətin ən müxtəlif təbəqələrindən olan adamlar onlara yaltaqlanmaqdan ötrü növbəyə düzülmüşdülər. Bütün bu şərtləri nəzərə alaraq mən bir çox yazılarımda öz sözlərimi xarici yazıçıların adından yazıram. Və mənim dövrəyə buraxdığım bəzi fikirləri bir çox insanlar söhbətlərində, yazılarında xarici yazıçılardan gətirdikləri sitat kimi istifadə edirlər.
Mən, sadəcə həmin insanları pərt etməmək üçün hələ ki susuram...
(davamı var)
Seymur Baycan
"Reytinq"