Elkin Xəlilov- Qeyrətsiz Ukraynalılar
Bu qərara etiraz edib küçələrə axışan insanların tələ…
Bizim məktəblərdə əlaçı, olimpiada birincisi, nümunəvi şagirdlər olmur. Əvəzində məktəb vaxtdı hər dövrün bir lotusu olur. Oğlanların ən güclüsü, qızların hamısının hayıl-mayıl olduğu tip. Bu tip əsasən məktəbin qeyri rəsmi təhlükəsizlik məsələləri ilə məşğul olur. Yad oğlanların məktəbə daxil olmasının qarşısını alır, məktəb daxilində hamıya başçılıq edir, mübahisəli məsələləri həll edir.
Hətta müəllim kollektivi də bu tipin avtoritetini tanıyır. Məsələn, ona heç bir müəllim nəinki əl qaldırmağa, (təbii ki, bizim məktəblərdə hələ də uşaqları döyürlər) gözün üstündə qaşın var deməyə də cəsarəti çatmır. Məktəbin yarısı qorxusundan, yarısı yaltaqlığından, yarısı da simpatiyasından ona yarınır.
Mən məktəbdə oxuyanda bizimlə paralel oxuyan bir oğlan dövrümüzün lotusu idi. Fəaliyyətini yuxarıda yazmışam. “Polejeniya”ya baxırdı. İdmançı cüssəli bu “şagird” (lotu) məktəblər arası davaları təşkil və həll edirdi. Çox təhlükəli adam idi. Çox sadə səbəblərdən güclü-zəif, böyük-kiçik demədən hamını vururdu. Çox adamı şikəst eləmişdi. Fizika müəllimini kəllə ilə vurub eynəyini və burnunu qırmışdı. Məktəbimizə praktikaya gəlmiş tələbəni də döymüşdü. Bir nəfər tanışım onun yumruq zərbəsi ilə görmə qabiliyyətini itirmişdi. O həm də imkanlı idi. Sonralar, universitet vaxtında da dəyişmədiyinin, ətrafına özü kimi onlarla dost yığdığının və fəaliyyətinin miqyasını artırdığının şahidi olmuşdum.
Dünən isə kriminal verilişlərinin birində həmin oğlanı gördüm. Fikirləşdim ki, yəqin ilişib. Hər halda, bu qədər kriminal mahiyyətə sahib insan axır-əvvəl həbs olunacaqdı. Fəqət sonra məlum oldu ki, həbs olunan yox, həbs edən odur. Sən demə, bizim bu lotu polis orqanlarına hansısa işə düzəlib….
O gündən hələdə şahidi olduğum hadisənin stressini ata bilmirəm. Şagird olduğumuz vaxt dəfələrlə gözümün qabağında öz sinif yoldaşlarını, müəllimini, dostunu, məhəllə uşağını al qana bulayan adam indi polis işçisi olub. Dəhşətdir. Təsəvvür edirsiniz, bu qədər cinayətkar mahiyyətə malik, islah olunmaz, amansız adam dəmir barmaqlıqlar arasında olmaqdansa polis işçisi olub.
Yaxşı, belə bir adam polis işçisi olacaqsa bəs cinayətkar kim olacaq? Hələ şagird ikən günahsız insanlara qarşı bu qədər amansız olan insanın hüquq-mühafizə orqanı işçisi səlahiyyəti qazandıqdan sonra nələrə qadir olacağını təsəvvür etmək dəhşət deyilmi?
Bu adamı hüquq-mühafizə orqanına işə götürmək özü ağır cinayətdir. Bəs əgər belə bir adam polis olursa onda biz polisimizdən nə gözləyək?
Deməli hələ də bizim təhlükəsizliyimizi savadsız, nəzakət – davranış qaydalarından xəbərsiz, quldur xislətli, çox təhlükəli adamlar qoruyur. Əgər hüquq-mühafizə orqanlarına bu tip insanlar götürülürsə deməli, biz polisdən mədəni danışıq, vətəndaşla davranış qaydasını gözləməyi, vəzifə borcunun nə olduğunu anlamağı gözləməkdə və tələb etməkdə xeyli sadəlövhlük edirik. Bu adamların işi amansızlıq etmək, bacardıqca qəddar olmaq, heç bir dəyər tanımamaqla səciyyələnir.
Ona görə bu gün sadə vətəndaş polisə hörmət etmir, onun quldur və şər xislətindən qorxur. Ona görə bu gün polis insanda ən yaxşı halda ikrah hissi doğurur. Cəmiyyət üçün bütün mənalarda ən təhlükəli adamların hüquq-mühafizə orqanlarına işə qəbul olunmasından sonra biz polisdən nə gözləyək?
Onda belə çıxır ki, bizim təhlükəsizliyimizi qorumaq sadəcə mitinq və piketi amansızcasına dağıtmaq, vətəndaşları döyə-döyə evindən çıxarmaq, insanların üzünə durub onları tutdurmaq, parklarda öpüşən gəncləri qorxuzub pul almaq, qısacası qanunsuz və amansız zorakılığı yaxşı bacardığı üçün quldur xislətli adamlara həvalə edilir.
Bu gün polis vətəndaşın rahatlığı və təhlükəsizliyi təminatı üçün deyil, hökumətin gücünü və amansızlığını göstərməyə hesablanıb. Sanki, bu adamların vəzifəsi qanun çərçivəsində asayişi qorumaq yox, fiziki güc və qəddarlıq hesabına çox təhlükəli, cinayətkar kütləni itaətə gətirməkdir. Ancaq görünür, biriləri hər şeyi o gün üçün hesablayıb, amma bilmir ki, o gün yalnız bir qalib olacaq. O da Xalqdır.
Nurlan Hüseyn