post-title

...Ateistəm

Bu gün Azərbaycanda ən çox tənqid olunanlar, uğursuzluqda ittiham olunanlar gənclərdir. Bu ölkədə gənclər nə edirsə, tənqidlə üzləşir, yaşlı nəslin basıqısı ilə baş – başa qalır. Bunun bir çox səbəbləri var və bu səbəblər səbəbkarı da bəzən gəncliyin özü olur. Nədir bu səbəblər, kimdir bu səbəbləri yaradıb bəhanələrə imkan verənlər. Özümü dahi göstərmək iddiam olmadığı üçün sadə fikirlərlə, öz düşüncəmdə formalaşdırdığım səbəbləri göstərməyə çalışacağam.

 

Beləliklə;

1. Azərbaycanda iki dəfə böyük inqilabi hadisə olub. 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin qurulması və 1988-ci ildə meydan hərəkatı ilə başlayıb müstəqilliyin qazanılması ilə başa çatan hər iki proses zamanı xalqın böyük hissəsinin vahid ideya ətrafında birləşmə şansı var idi. Bu ideya bir toplumun öz müqəddaratını özü həll edə bilməsi üçün əldə etmək istədiyi müstəqillik idi. Bu proseslərdə gənclik öz gücünü göstərməyi bacarırdı, meydanlarda, diplomatik əlaqələrdə, ideoloji təbliğatda fəal iştirak edirdi. Həmin vaxtlarda cəmiyyətin gəncliyə sifarişi var idi, hamı o enerji mənbəyinin gücünü görmək istəyirdi. Bu gün isə Azərbaycan gəncliyinin fəaliyyəti obyektiv səbəblərdən uğurlu deyil. Ona görə ki, Azərbaycan gəncliyi hələ o cəmiyyətdə yaşamır ki, cəmiyyətin ona bir sifarişi olsun. Cəmiyyətin gənclik kəsimi sifarişsizlikdən əziyyət çəkərək uğur əldə edə bilmir.

Əslində bu çox yaxşıdır. Çünki hər hansı sifariş olmayanda yeni bir şey yaratmaq, düşünmək imkanı daha çox olur. Ancaq təəssüflər ki, gəncliyinin çox kiçik bir faizi düşünməyi sevir. Bu kiçik faizin isə, kiçik bir hissəsi düşünərək yarada bilir, yaratdıqları sayəsində uğur qazana bilir. Digərləri – düşünüb yarada, uğur qazana bilməyənlər isə onlara qisqanclıqla yanaşır və nəticədə gəncliyin aparmalı olduğu ideoloji, fəlsəfi, yaradıcılıq mübarizəsi qısqanclıqlar müstəvisində arxa plana keçir. Belə olan halda düşünüb yaradanlar da səhvə yol verərək cəmiyyətə qazandıqları uğur modelini təqdim edə bilmir və ya buna vaxt tapa bilmir. Nəticədə ilk tənqid buradan başlayır: BOŞ YERƏ ENERJİ SƏRF EDİRSİZ. Bunu yəqin çoxlarımız yaşlı nəsildən, valideynlərimizdən eşidib. Bax, o boş yerə enerji sərf etmək budur. Qısqanclığa sərf edilən enerji.

2. Hakimiyyət faktoru. Bu faktor Azərbaycan gəncliyinə ən böyük zərbəni vuran faktordur. Bu gün birmənalı olaraq Azərbaycan hakimiyyəti tərəfindən gənclərə qarşı diskrimasiya siyasəti aparılır.

Ümumi sözlərələ danışıb, kimlərinsə əlinə şans vermək fikrim yoxdur. Kiçik də olsa bəzi faktları qeyd emətk istəyirəm.

Azərbaycanda neçə illərdir ki, gənclər günü keçirilir, bununla bağlı müxtlif tədbirlər təşkil olunur. Əksər hallarda Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə baş tutan bu tədbirlərin indiyə qədər heç birinə müstəqil və ya müxalif fikirli gənclər təşkilatları nümayəndələri dəvət olunmayıb.

Bu yaxınlarda Seymur Baycan Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə məktub ünvanlamışdı. Seymur Baycan Azərbaycanda çap olunan kitablar sırasında müəllifi olduğu kitabların satış həcminə görə ilk yerlərdən birini tutur. Məktubu oxuyanlar və Seymur Baycanı tanıyanlar anlayırlar ki, əslində Seymurun nazirdən istədiyi təkcə 4 “Eurovision 2012” biletinin pulu deyildi, o həm də bu məktubla Azərbaycanın gənc və müstəqil yazarlarının durumunu göstərmişdi. Normal ölkələrdə bu məktuba görə bütün media ayağa qalxardı, nazirlik dəfələrlə açıqlama yayardı. Ancaq nə oldu?! Nazirliyin sadə bir işçisi zor gücü ilə bir açıqlama verib, açıqlama vermək istəmədiyini dedi. Çünki nazirə müraciəti Eldar Qasımov və ya Aygün Kazımova etməmişdi, müstəqil düşüncəli bir insan etmişdi.

3. Bu gün Azərbaycanda ictimai, siyasi inistutların formalaşmasında çox ciddi problemlər var. Təbii ki, bunun ilk səbəbkarı və ya günahkarı hakimiyyətdir. İstənilən halda hakimiyyət ölkənin inkişafını istəyirsə, ölkədə siyasi inistutuların formalaşmasında, ictimai təşkilatların güclənməsində maraqlı olmalıdır. Əgər bunu istəmirsə, deməli ölkənin inkişafında maraqlı deyil. Çünki, bütün hallarda rəqabət inkişafın təməl prinsipidir. Ancaq tək səbəb hakimiyyətin özü deyil. Çox kiçik bir faizlə olsa belə günah həm də bu gün siyasi və ya ictimai sektor adlandırğımız kəsimdədir. Siyasi partiyaların bir – biri ilə aparmalı oduğu siyasi – ideoloji mübarizə tamamilə sıradan çıxıb. Sanki siyasi müxalifət özü də qəbul edib ki, Azərbaycandakı hakim partiya yenilməzdir, məğlubedilməzdir və belə olan halda iqtidar partiyasını çıxmaq şərti ilə digər partiyalar arasında ikincilik uğrunda birincilik savaşı gedir. Bu savaşda iştirak etməyənlər, necə deyərlər ortaya “movqe” qoya bilməyənlər isə qorxaq və ya “hakimiyyətin adamı” adlandırılır. Bunlar isə daha çox gənclər olur. Yəni gənclər hər hansi siyasi partiaya qoşulmaqdan daha çox müstəqil gənclər təşkilatlarına üz tutur, orada aktivlik nümayiş etdirir. İlk mitinqinə 10 yaşında – 1998-ci ildə Etibar Məmmədovun prezidentliyə əsas namizəd olduğu seçkilər vaxtında rayon səviyyəli mitinqə çıxan, daha sonralar isə 2003-cü il və 2005-ci il mitinqlərində aktivlik göstərən biri olaraq bu gün əgər ikincilik uğrunda birinclik savaşında iştirak etmək istəmirəmsə, və mənim kimi çoxlu insanlar varsa, bu gənclik nədən qorxaq adlandırılır? Axı bu atmacalar, böhtanlar həm də gəncliyinin ikinci boş yerə enerji sərfinə səbəb olur. Bu isə gəncliyin uğur qazanmağına mane olan və gecə gündüz çayxanlarda domino “çırpmaq”la siyasətlə məşğul olanların gəncləri tənqid etmək üçün növbəti bəhanədir. Mövzuya nə qədər aidiyyatı olub olmamasnda asılı olmayaraq demək istəyirəm ki, mən Azərbaycan siyasətində ateistəm!

P.S. Yazını internet mediası üçün yazdığıma görə əslində çox uzatmaq istmədim. Çünki internet syatlarında yuerləşdirilən yazıların çox böyük olması düzgün sayılmır. Ancaq bu bütün səbəblərin göstərilməsi də deyil. İmkan tapıb beynimdə dolaşan daha bir neçə səbəbi göstərməyə çalışaram.

Pərviz Əzimov

[email protected]

Kultura.Az

Yuxarı