"Studentlər" romanı haqda müsabiqə üçün yazı
Bizim “Studentlər” "Ali və Nino&q…
Hazırda Yür kürəsindəki dövlətləri inkişaf səviyyələrindəki fərqlərə görə şərti olaraq, 3 yerə bölürlər: I dünya dövlətləri, II dünya dövlətləri, III dünya dövlətləri. Bunlardan “üçüncü dünya dövləti” ifadəsini mütəmadi olaraq, daha çox eşidirik. Bu bölgüyə əsasən, inkişaf etmiş təxminən 30 dövlət I dünya, yeni sənayeləşmiş, müstəmləkə keçmişi ya uzaqda qalan, ya da ümumiyyətlə olmamış bir neçə dövlət II dünya, yerdə qalan inkişafı zəif dövlətlər isə III dünya sayılır.
Bu bölgü ilə bağlı geniş araşdırma-filan yazmaq olar, sosioloqlar özləri bilərlər (keçən yazıma qarşı iradlardan biri bu idi ki, sosioloqların sahəsinə girmişəm, sanki ayrıca bloqçu və ya köşə yazarı sahəsi var), mən burada araşdırma aparmaq, səbəbləri göstərmək fikrində deyiləm. Sadəcə nəticəni göstərməyə çalışacağam.
Üçüncü dünya dövlətində doğulmaq və bu dövlətin vətəndaşı kimi yaşamaq yükdür, ayrıseçkiliklərlə qarşılaşmaq məcburiyyətidir. Biz özümüz də III dünya dövlətində yaşadığımıza görə öz nümunəmiz üzərində danışa bilərik.
III dünya dövləti vətəndaşının normal təhsil imkanları ya yoxdur, ya da çox məhduddur. Normal səhiyyə imkanları əlçatmazdır. Sağlam qida qəbul etmək çətin məsələdir. Geyim istehsalında III dünya dövlətlərinə xüsusi paltarlar nəzərdə tutulur – keyfiyyətsiz və zövqsüz. Hətta Allahın Çini də 2 cür paltar buraxır – “onlar”a və bizə.
Savadsızlıq, anti-sanitar şərait, sağlamlığın qoruna bilməməsi, ən əsası da daim işləmək, borcların, kreditlərin altında əzilmək, özünün və ailəsinin acından ölməməsi üçün qanuni və qanunsuz yollarla pul qazanmaq yollarını sınamaq kimi amillər III dünya dövləti vətəndaşlarını qaş-qabaqlı, daim düşüncəli, fikirli, acı dilli, mədəniyyətsiz edir. Bu da onsuz da ağır olan həyatı bir az da dözülməz hala gətirir. Küçədə anqırışanlar, maşın siqnallayanlar, zibili yerə atanlar, bir-birinə kobud cavab qaytaranlar, adi şey üstündə qanlı-bıçaq olanlar – bunlar hamısı III dünya dövləti vətəndaşı olmağın nəticələridir.
ANS-in “JEK müxalifətçiliyi” adlandırılan “İç xəbər”, “Növbətçi” kimi verilişləri bunu bizə əyani olaraq, göstərir. Toyda, yasda mütəmadi kütləvi zəhərlənmələr, xüsusən yaxın qohumlar arasında vəhşiliklə törədilən cinayətlər, məhlələri zibil basması, insanların bir-birinə hörmətsizliyindən qaynaqlanan davalar və s. və i.a.
Kənardan baxanda III dünya dövləti xaos içində olan bataqlığa bənzəyir. İnsanlar bir-birlərinə zülm verirlər, hər kəs acıqlı, yorğun, bezmiş haldadır, yaşamaqdan daha çox sürünmənin şahidi oluruq. Burada hər şey keyfiyyətsizdir. III dünya dövlətinin brendi “keyfiyyətsizlik”dir. Ərzaqdan tutmuş digər satılan mallara qədər, dövlət idarələrindən tutmuş özəl şirkətlərdəki işlərə qədər, bütün sahələrdəki xidmətlər – hər şeydə kefiyyətsizlik. Hətta insanların özbaşına buraxıldıqları, özlərinin qərar vermə azadlığı olan sahələrdə də bataqlıq qaydaları hökm sürür – nəticədə fahişələrə nifrət edənlərin həyat yoldaşlarına münasibəti fahişələrə münasibətindən fərqlənmir. Hətta ən bahalı, Qərb brendləri adlanan məmulatlarda, xidmətlərdə də III dünya dövləti üçün xüsusi yanaşma, “ikinci əl”, “outlet” ehtimalları çoxdur.
III dünya dövlətlərinə aid çox xüsusiyyət sadalamaq olar. Bunlar aşağı-yuxarı hər yerdə - Asiyada da, Afrikada da, Amerikada da eynidir. Amma bütün bunların tək səbəbi var – hakimiyyət. Əhalisi belə ağır vəziyyətdə yaşayan elə bir dövlət yoxdur ki, normal, demokratik hakimiyyəti olsun. Yaxud əksinə, normal, demokratik hakimiyyət altında yaşayan əhali heç vaxt III dünya dövləti kateqoriyasına aid oluna bilməz. Bir mütəfəkkir demişkən, “hakimiyyət pozur, mütləq hakimiyyət mütləq pozur”. III dünya dövlətlərində mütləq və pozucu hakimiyyətlər iş başındadır. İdarəedənlərin və onlara yaxın olan bir qrup insanın təmin olunmuş həyatı naminə (daha dərin səbəb kimi I dünya dövlətlərinin rahat yaşaması da göstərilə bilər, amma mövzudan kənara çxmamaq üçün buna girişmirəm) milyardlarla insan III dünya dövlətinin vətəndaşı olmaq kimi iyrənc taleyə yiyələnib.
Bəli, biz də bu bataqlıq sakinlərindənik. Ona görə də şikayət edəndə nədən şikayət etdiyimizə baxsaq, əksər şikayətlərimiz bizə gülməli gələr. III dünya dövləti vətəndaşının qidanın keyfiyyətsizliyindən, xidmətlərin aşağı səviyyəsindən, anti-sanitariyadan, insanların zəhrimar sifətlərindən, yol qəzalarının yüksək qırğın reytinqindən, incəsənətin, sivilizasiyanın geri qalmasından və ya ümumiyyətlə olmamasından və s. bu kimi vahid səbəbli məsələlərdən şikayət etməsi gülüncdür. Axı biz III dünya dövləti vətəndaşıyıq. Başqa cür necə olmalı idi ki? Yoxsa hansısa diktatura təbəəsi bir nəfərin kultuna əsaslanan ideologiya yeridilməmiş normal təhsil istəyir? Yoxsa hansısa oliqarxiya təbəəsi korrupsiyadan uzaq, gülərüz tibbi xidmət istəyir? Yoxsa totalitarizm təbəələrindən biri küçədə gülərüz insanlar, ictimai nəqliyyatda tər iyindən azad atmosfer istəyir? Bəlkə avtokratiya təbəələri ölkələrinin incəsənətdə yüksək zirvələr fəth etməsini istəyir?
Axı, ey təbəələr, siz III dünya dövlətinin vətəndaşı kimi doğulmaqla bütün bu hüquqlarınızı başqa ölkəyə köçməyənə qədər itirmisiniz. Bəli, ayrıseçkilikdir, özü də rasizmdir, amma reallıqdır. Başqa ölkəyə köçsəniz də, daim aşağılanacaqsınız. I dünya dövlətinin ən tolerant vətəndaşı da sizə yuxarıdan aşağı baxmağa məcburdur, bunu onun normal təhsili, dünyagörüşü, normal hakimiyyəti, öz dövləti ilə normal münasibətləri tələb edir. Başqa cür mümkün deyil, ən azı indiki dövrdə. Nəinki I dünya dövlətində, elə II dünya dövlətində də III dünya dövlətinin vətəndaşı aşağılanmaya məruz qalır, özü də daha çox. Çünki II dünya dövləti vətəndaşı nə ondan, nə də bundan olaraq, ortada qalıb və yarımçıqlıq kompleksini daha bədbəxt olanın başında sındırır.
Bilmirəm, buna bəxt deyilməlidir, yoxsa başqa şey. Amma fakt budur ki, biz öz təqsirimiz olmadan rasizm kimi ədalətsizliyin qurbanı olaraq doğulmuşuq. Məcburuq ki, nə isə istəyəndə nəzərə alaq, ağlardanıq, yoxsa qaralardan.
Ruaz Nabruq
Kultura.Az