Firudin bəy Köçərli "Usta Zeynal" hekayəsi haqqında yazır
Kultura.az Firudin bəy Köçərlinin Cəlil Mə…
Bu yaxınlarda Moskvada tanınmış Azərbaycan qadın şairi Nigar Həsənzadənin «Balaca nağılbaz və Ağ Quş Nara» adlı nağıl kitabı nəşr olunmuşdur.
Mayın 31-də Moskvada Mərkəzi Jurnalistlər Evində kitabın təqdimatı keçiriləcək. Təqdimat mərasiminin təşkilatçısı «Buta» İncəsənət Mərkəzidir. Tədbirdə müəllif öz yeni kitabını təqdim edərək əsərdən parçalar oxuyacaq və oxucuların suallarına cavab verəcək. Bundan əlavə, Nigar xanım kitabın nüsxələrini öz imzası ilə oxuculara hədiyyə edəcəkdir.
Kitab «Belovodye» nəşriyyatında Azərbaycanın Gənclər və İdman Nazirliyinin dəstəyi ilə buraxılmışdır.
Nigar Həsənzadənin adı artıq çoxdan həm bakılılara, həm də şairənin uzun illərdən bəri yaşadığı və uğurla yazıb-yaratdığı London sakinlərinə yaxşı tanışdır – 2002-ci ildə onun İngiltərədə Riçard MakKeynin tərcüməsində «Qanadlı üfüqlərdə” adlı şerlər kitabı çapdan çıxmışdır. Nigarın şerləri dəfələrlə İngiltərə, Almaniya, Türkiyə, ABŞ, Kanada, Avstraliya, Polşa və Rusiyada aparıcı şairlər tərəfindən tərcümə olunaraq ədəbi mətbuatın səhifələrində dərc olunmuşdur.
Nigar – bir çox ədəbi gecə və festivalların iştirakçısıdır. O, həm öz vətənində, həm də onun hüdudlarından kənarda çoxsaylı nəşrlərin müəllifidir.
Nigarın şerləri Böyük Britaniyanın “Modern Poetry in Translations” jurnalının buraxılışlarından biri kimi çıxan “Russian Women Poets” antologiyasına (redaktoru – professor Valentina Poluxinadır), eləcə də XX əsrin 70 rus qadın-şairi – “Russian Women Poets” Antologiyasına (“Carcanet” nəşriyyatı, ABŞ) daxil edilmişdir.
2009-cu ildə Nigar Həsənzadə Böyük Britaniya ərazisində yaşayan 10 ən yaxşı əcnəbi şair siyahısına daxil edilib ki, bunun da nəticəsində Nigarın əsərləri onun öz ifasında Britaniya kitabxanasının ölməz audio-arxivlərinə həmişəlik daxil edilmişdir.
Nigarın yeni əsəri «Balaca nağılbaz və Ağ Quş Nara» öz məzmuna görə Şərqin mənəvi və dini irsini müəllif təfsirində incəliklə birləşdirən, böyüklər və uşaqlar üçün sehrli nağıldır. Nağılda Nigar oxucuya onu maraqlandıran mənəvi, müasir elmdə öz təsdiqini tapmış dini məlumatları açıqlamağa çalışır.
Nağıldakı hadisələr ağ quşların uydurma səltənətində cərəyan edir. Burada hər bir quşa «Səma Qanununa» əsasən böyük missiya ayrılıb –gələcək nağılbazlara ağıllı yuxular danışmaq.
Əsərin baş qəhrəmanı ağ quş Nara öz müdrikliyini səltənətin çoxdan gözlənilən nağılbazına – «Qanuna» görə adı mükafat olaraq hekayənin sonunda açıqlanacaq balacaya öyrətmək üçün göylərdən yerə enir.
Hər bir fəsildə balaca nağılbazın qarşısında öz sirlərini və biliklərini onunla bölüşən müxtəlif canlı və cansız qəhrəmanlarla, eləcə də təbiət təzahürləri ilə tanışlıq durur.
Balaca nağılbazla birlikdə oxucu müəllifin özünün şərq sayağı müdrikliklə və qadınsayağı ustalıqla, obrazlı şəkildə xatırlatdığı köhnə həqiqətləri özü üçün bir daha kəşf edir.
«Buta» İncəsənət Mərkəzinin Direktoru Nəsib Piriyev Nigar Həsənzadənin yeni əsərinin işıq üzü görməsini və təqdimatını belə şərh edib: «Nigar Böyük Britaniyada özünü orijinal və həssas müəllif kimi uğurla tanıdıb. Onun yaradıcılığı azərbaycanlı ürəyinə bu qədər yaxın olan və günümüzdə bu qədər ehtiyac duyulan mistik və dini-mənəvi tematika ilə hopmuşdur. Nigarın yeni kitabı həm müasir uşaqlar, həm də onların valideynləri üçün maraqlı olacaq – xeyirxahlıq və müdriklik haqqında olan bu nağıl müasir ədəbiyyatda bu cür əsərlərə kəskin ehtiyac fonunda olduqca aktualdır.»
«Buta» İncəsənət Mərkəzi bundan əvvəl 2009 – 2010-cu illərdə Londonda Mərkəz tərəfindən təşkil edilmiş Azərbaycan İncəsənəti Festivalı çərçivəsində Nigar Həsənzadə ilə əməkdaşlıq imkanı əldə etmişdir. Festivalda digər tədbirlərlə yanaşı şairənin Yaradıcılıq Gecəsi də keçirilmişdi. «Buta» İncəsənət Mərkəzi Nigar xanımı onun Rusiya ədəbi mühitinə ilk çıxışında da böyük məmnuniyyətlə dəstəkləyir və ona yeni yaradıcılıq uğurları arzulayır.
“Buta” İncəsənət Mərkəzi haqda:
2004-cü ildə Azərbaycan incəsənətini təbliğ edən mərkəz kimi yaradılmış “Buta” İM hazırda bütün dünyadan olan mədəniyyət nümayəndələri ilə əməkdaşlıq edir və incəsənət və mədəniyyət sahəsində böyük beynəlxalq tədbirlərdə iştirak edir. “Buta” İM-in Azərbaycan incəsənətini bütün dünyada məşhurlaşdırmaq istəyi və Mərkəzin bu istiqamətdə gördüyü işlər artıq öz bəhrəsini vermişdir – mərkəzin fəaliyyəti nəticəsində xaricdə hər il daha çox insan Azərbaycanın zəngin mədəniyyəti haqda öyrənir. 2010-cu ildə Mərkəz 5 illiyini Londonda Azərbaycan İncəsənətinin 100 günlük Festivalı ilə qeyd etmişdir.