post-title

Əlaqəsiz söhbətlər

İki ya üç yüz səhifəlik, əsas süjeti iki gəncin yataq macəralarından ibarət, hər iki-üç səhifəsində pornoqrafik səhnələri olan, bəsit xarakterlər yığını, klişeləşmiş dil və yazı texnikası işlədən pornoromana ədəbiyyat demək olarmı?

 

 
I
 
Minlərlə nüsxə basılan və satılan kitabların müəllifi, qəzet və jurnallarda palaz-palaz tərif və tənqidlərə səbəb olan, müsahibələri, pul və şöhrəti əldə edən şəxs uğurlu yazıçıdı. Bu fikirlə razısınız?
 
Bəs belə bir versiya necə, sizcə, uğur sayıla bilərmi? Əsasən ədəbiyyat professorlarından, akademiklərdən, ədəbiyyat xəstələrindən ibarət az, və ya çox azsaylı sadiq oxucu kütləsi, ancaq ədəbiyyat xəstələrinin oxuduğu, az tirajlı, ixtisaslaşmış bir-iki ədəbiyyat qəzet-jurnalında müsahibə, sadəcə ədəbiyyat mütəxəssisləri arasında az-çox tanınmaq və... daha heç nə. Bu da uğurdu?
 
Yazıçısınızsa, hansı taleyi və niyə seçərdiniz? Bəs hər ikisini birləşdirmək necə, mümkündürmü? Bəlkə orta yolu tutasınız? Asan və vaxt öldürmək üçün soruşulan suallara bənzər bu suallar əslində çağdaş ədəbiyyatdakı, daha doğrusu inkişaf etmiş ölkələrdəki ədəbiyyatda gözə girən, danışılmasa da qəbul edilən, ara-sıra bərkə-boşa çəkilən bölgünün ritorik sorulara həkk edilmiş ifadəsidi.
 
Ancaq iş burasındadı ki, bu bölgü, fərqləndirmə, sadəcə mücərrəd bir şey deyil. Bu bölgü hansı əsərin harda basılıb-basılmayacağını, hansının orta və ali məktəblərdə ədəbiyyat dərsliklərinə salınacağını, hansının azsaylı, hansının çoxsaylı tirajla çapını təyin edir. Siz, əlbəttə, yazanda hansısa bölgüyə sığmaq istəməzsiniz, ancaq axı ədəbiyyat sadəcə sizin istəyinizlə yaşamır.
 
II
 
Ceyms Patterson (James Patterson) məşhur Amerika yazıçısıdı. Varlıdı, kitabları yüz minin üstündə bir tirajla nəşr edilir. Onlarla kitab yazıb. Ceyms Patterson detektiv, triller yazır. O qədər çox çalışır və o qədər çox ideyaları var ki, artıq həmmüəlliflərlə birgə işləyir. Onun oxucuları da çoxdu. İstənilən kitabxanada onun əsərlərini taparsınız, yazı-pozuyla uzaqdan-uzağa məşğul olan istənilən amerikalının onu tanıması az-qala qaçınılmaz hal alıb. O, ədəbiyyat bölgüsünün bir tərəfində duran yazıçıdı.
 
Nə olduğunu hələ açıqlamadığım bu bölgünün o biri tərəfində D.F. Uollas D. F. Wallace) durur. Depressiyanın əziyyətinə dözməyib özünü asmaqla intihar edən Uollas bir neçə romanın, bir neçə hekayələr kitabının və esselərin müəllifidi. Nə kitabları, nə də esseləri ədəbiyyat həvəskarlarından kənarda tanınmır. Yazı-pozuyla məşğul olan amerikalıların onu tanımamasını qəbahət hesab etməzlər. O, sanballı ədəbi mükafatların qalibiydi, dərin zəka sahibiydi, çağdaş Amerika ədəbiyyatının az qala sağlığında kanona çevrilmiş yazıçılarındandı, qeyri-peşəkar tennisçi üçün yüksək deyə biləcəyimiz səviyyədə idmançıydı.
 
Hər iki yazıçının özünə görə oxucu kütləsi var. Hər iki yazıçı ölkəsində ədəbiyyat dünyasının fərqli qütblərində yer tutub. Hər ikisinin özünə görə bir dəyəri var. Ceyms Pattersonun yazıları kommersiya ədəbiyyatı və ya kütləvi ədəbiyyat sayılır. Belə ədəbiyyatın süjet xətti çox maraqlı və əyləncəli, dili sadədi. Belə yazılar müəllifin seçdiyi janr gözləntilərinə uyğun yazılır, kiməsə fəlsəfə, dərin həyat mənaları xırdalamaq iddiasından uzaqdı, mətni və süjetdəki elementləri anlamaq üçün ədəbiyyat tarixini, nəzəriyyəsini cikinə-bikinə qədər bilmənizə ehtiyac yoxdu. Ancaq bu cür mətnlərdə xarakterlərdən daha çox süjet, hadisələr önəmlidi. Kommersiya ədəbiyyatı və ya kütləvi ədəbiyyat çox geniş oxucu kütləsinə hesablandığı və müəllifə gəlir gətirmək məqsədi güddüyü üçün onu idealda hamı – savadlı da, savadsız da – anlamalıdı və zövq almalıdı. Odur ki, kommersiya ədəbiyyatının ən əsas özəlliyi oxunaqlılıqdı, mətləbçilik deyil. Yaxşı yazılmış belə ədəbi əsərlər sizə vaxtı unutdurmağa qadirdi. Təyyarədə bir neçə saatlıq uçuş vaxtını maraqlı etmək, bütün günü davam edən yolçuluğun necə gəlib, necə keçdiyini unutmaq istəyirsinizsə, kütləvi ədəbiyyat əsərləri sizə yaxşı yol yoldaşı olar. Mən bu cür kitabları ancaq yolçuluq zamanı oxuyaram. Evdə oxumaq bir az mübaliğəli desək təhlükəlidi, çünki “bu səhifəni də çevirim daha bu günlük bəsdi” düşünə-düşünə kitabı yarılayarsınız əvəzində hazırladığınız çay soyuya, bişirdiyiniz yemək yana, işləriniz tökülüb qala bilər. Kütləvi ədəbiyyat yaratmaq heç də asan deyil. Məgər hər kəs maraqlı və oxunaqlı yaza bilərmi? Məgər D. Braun (D. Brown; “Da Vinci Code”) vəya C. K. Rouling (J. K. Rowling; “Harry Potter”) kimi yazmaq asandı?
 
Ancaq sadəcə ədəbiyyat sərrafları üçün yazmaq da asan deyil. Dillə, süjetlə, metaforlarla təcrübə aparan, mürəkkəb obrazları qabardan, janr sərhədlərini aşan və ya genişlədən, qəliz konseptləri konkret, detallı və rəngarəng həyat hadisələrində açıqlayan bir əsər yazmaq üçün də enerji, incəlik, bilik gərəkir. Belə yazılarda əyləndirmək ikincidi, əksinə, mətləb, nəyisə, necəsə anlatmaq, oxucu üçün hansısa problemi qoymaq, bir sözlə, oxucunu dərin və ciddi düşünməyə sövq etmək ağır basdığına görə, hərdən oxunaqlılıq arada it-bata düşür. Odur ki, bu cür bədii əsərlərin oxucuları da azdı. Bunlar əsasən ədəbiyyatı peşəyə çevirmiş, hər cümlədə, sözdə məna altından məna çıxaran, əsərin altını-üstünə çevirərək analiz edən, simvolların ucundan tutub-ucuzluğa gedən insanlardı. O cür oxucu kütləsi üçün yazmaqdan ötrü, hər kəs U. Qaddis (W. Gaddis; “Recognitions”), C. Staynbək (J. Steinbeck; “Grapes of Wrath”) ola bilmir.
 
Mən bu cür ağır yazıları əsasən evdə sakitlikdə, yavaş-yavaş, diqqətlə oxuyaram. Bir cümləsi ara-sıra üç-dörd səhifəni tutan, hər iki cümlədən bir hansısa it-bata düşmüş yazıçıya, əfsanəyə, dolayısıyla və nəyisə qabartmaq üçün istinad edən, bir söz deyib başqa sözü məcburən yadınıza salan yazıçılardan zövq almaq üçün əyləncə arzusu, qaçdı-qovdu süjetləri yetmir.
 
III
 
Yəqin Azərbaycanda da bu cür ədəbiyyat nümunələri yaranmaqdadır artıq. Açığı, mən kimin necə yazması haqqında mühakimə yürütməyəcəm. Ancaq bir yerə qədər ədəbiyyatımızın gələcəyi elə belə də olacaq: bir tərəfdə kütləvi və ya kommersiya ədəbiyyatı, o biri tərəfdə ədəbiyyat peşəkarları və xəstələri üçünyazılan əsərlər. Peyğəmbərlik eləmək kimi çıxmasın, yəqin gələcəkdə ədəbiyyatımızın janr müxtəlifliyi də artacaq. İnsanlarımızın maraqları dəyişdikcə və fraqmentarlaşdıqca, güncəl yaşamımızda bizlər dünyayla qaynayıb-qarışdıqca artıq elmi-fantastik, tarixi, filan-beşməkan hekayələr, romanlar yetməyəcək. Əksinə, yeni janrlar doğulacaq, kiçik oxucu dairəsinə hesablanmış, kənardakıların anlaması zor olan, bir növ ixtisaslaşmış əsərlər yazılacaq.
 
IV
 
Kitab mağazasındakı hündür bir rəfin ən üst qatında qırmızıüzlü, adama görünüşüylə gəl-gəl deyən kitabı daha da yaxşı görmək üçün bir az kənara çəkilirəm, başımı yuxarı qaldırıb uzaqdan adını oxumağa çalışıram. Yaxınımdakı dostum, alıcıya yardım etmək məqsədilə rəfin üstündə yazılmış və kitabların janrını bildirən ada, “Triller və Detektiv” sözünə gözucu baxıb əks tərəfdəki rəfə getmək üçün dönür və sonra da qanrılıb qulağımın dibində pıçıldayır: “Sən nə vaxtdan zibil oxuyursan”?
 
Mənsə əlacsız təbəssümlə başımı yelləyirəm və onun söylədiyi sözü istehzayla təkrarlayıram:“Zibilədəbiyyat”. Bəzi dost-tanışlarım üçün kütləvi ədəbiyyat zibil ədəbiyyatdı. O mənada ki, onu oxumağa dəyməz, orda mənalar, gözəl və düşündürücü bənzətmələr axtarmaq olmaz. Hər zaman olmasa da hərdən onlara haqq verirəm. İki ya üç yüz səhifəlik, əsas süjeti iki gəncin yataq macəralarından ibarət, hər iki-üç səhifəsində pornoqrafik səhnələri olan, bəsit xarakterlər yığını, klişeləşmiş dil və yazı texnikası işlədən pornoromana ədəbiyyat demək olarmı? Bu mənada onların fikirləri ilə razılaşıram. Ancaq iş burasındadır ki, kütləvi ədəbiyyatla, belə deyək, yüksək ədəbiyyat arasındakı sərhəd kəskin deyil. Hər ikisinin arasında qalan, həm geniş oxucu kütləsinə hesablanmış, orijinal, həm də dərin obrazlara ağırlıq verən, çox maraqlı süjetə malik, kütləvi və janr gözləntilərinə uyğun əsərləri də var. Stefen Kinqin (Stephen King; “Black House”) dəhşət romanları kütləvi ədəbiyyat nümunələri sayılır, ancaq onlarda ciddi və dərindən gəlişdirilmiş xarakterlərə də rastlanır. O, iki ədəbiyyat dünyasının arasında yaşayır. 
 
V
 
Ədəbiyyat, istər Azərbaycanda olsun, istərsə də uzaq Avstraliyada, əvvəlki onilliklərdəki kimi aydınların əsas oyuncağı, imtiyaz və intellekt göstəricisi olmaq mövqeyini itirir. Yazı – pozunun yerinə görüntü dünyası, vizual mədəniyyət qabarır. İnternet, reklam, televiziya, film dünyasında dizini qatlayıb, təkliyə çəkilib dərin bir kitabı, dərindən oxumaq artıq çətinləşir. 
 
Ədəbiyyat sadəcə oxucunun düşüncələrinə müraciət edir. Sözü oxumaq və onu düşüncələrinizdə canlandırmaq üçün oxucunun tər tökməsinə ehtiyac var. Əksinə, vizual media vasitələri sizə səs, görüntü, hərəkət, sürət, üstəgəl mətn təklif edir, gözünüz bir səhnədən ya görüntüdən yorulanda sizə başqa bir şeylər verir. Vizual medianın və vizual-interaktiv vasitələrin rəngarəngliliyinə qarşı ədəbiyyatın və ümumiyyətlə yazı-mətn dünyasının qoya biləcəyi heç nə yoxdu. Bu mənada, ədəbiyyat öz kütləviliyindən, içtimai-humanitar aydınlar arasındakı imtiyazlı mövqeyindən güzəştə getməyə məhkumdu.  
 
Məncə Azərbaycanda da vizual olanın oxunmalı olanı udması prosesinin izlərinə artıq rastlamaqdayız. İndi artıq hər kəsin unutduğu, ziddiyyətli “A” romanını xatırlayın. Qaraqanın romanı bir çoxlarının təəccübünə rəğmən mükafat da almışdı. Amma məni həmin romanın ədəbi məziyyətləri maraqlandırmır. Məni maraqlandıran, həmin kitabın film dünyası ilə əlaqəsiydi. Həmin romanın filmdən, yəni vizual ifadə vasitəsindən təsirləndiyini məncə əsaslandırmağa ehtiyac yoxdu. Fikir verirsinizmi? bir zamanlar sinema ədəbiyyatın arxasınca ayaq döyürdü. Əslində elə indi də elədi, məşhur əsərlərin motivləri əsasında filmlər hər zaman çəkilib və çəkilir də. Ancaq artıq ədəbiyyat, daha doğrusu ədəbiyyat adına iddialı yazılar da filmlərin, özü də qaçdı-qovdu-vurdu-tutdu blokbasterlərinin arxasınca ayaq döyür. Filmlərdən təsirlənən, filmdəki obrazları qəhrəmana çevirən, filmdən sonra gələn və onların şöhrətindən pay qapan, “ədəbi” olmaq istəyən romanlar, əsərlər də ortaya çıxmaqdadır. Əgər bunun sadəcə Azərbaycanda belə olduğunu düşünürsünüzsə, yanılırsınız. 
 
VI
 
Əlimdəki kitabı rəfə qoyuram və dostumla birlikdə kitab mağazasından çıxırıq. Dostum almaq istədiyi kitabı İnternetdə pul ödəmədən tapacağını söyləyir. Az sonra sağollaşıb ayrılırıq. O, sabah sevdiyi bir filmi gətirəcəyini deyib döngədə gözdən itir. Yadıma düşür ki, mən ona oxumaq üçün kitab verəcəkdim. 
 
İlğım
 
Kultura.Az
Yuxarı