post-title

“Avroviziya nağılı”

Gözümüzü açıb, həyatı dərk etməmiş analarımız, nənələrimiz elliklə bir olub bizləri nağılla tərbiyə etdilər. O nağıllarla ki, qardaşları bir olub Məlikməmmədin ipini kəsib bir zənənə görə quyuya atıblar. Torba tikmək ənənəsi uşaqlıqdan qanımıza yeridilir. Nə isə, ümumimilli nağıllarımızın spesifikasından danışmaq niyyətində deyiləm. Bir “Avroviziya” nağılıdır ki, məmə yeyəndən pəpə yeyənə kimi hər kəs bu “nağıl” haqda danışır.

 

 

Bu yarışmada qalib olmamışdan əvvəl yetərincə “inkişaf”, “liderlik” nağılları ilə baş-beynimiz dəng olunmuşdu. Xoş qalibiyyət isə yeni nağıllara yol açdı. Qalib olduqdan sonra məlum oldu ki, sən demə Qafqazın lider ölkəsində otel qıtlığı varmış, paytaxt yolları yamaq-yamaq imiş və s. Sağ olsun hökümət boş oturmayıb, kosmetik işlərlə problemləri aradan “qaldırdı”.

Məsələn, Azərbaycan Respublikasının dövlət sərhədlərini qoruyan sərhədçilərin orderləri paylanmış evlərini “Miracle” otelə çevirib turistlərin ixtiyarına verdilər (Yazıq sərhədçilər indi qorxu içində yaşayırlar. Düşünürlər ki, turistlər razı qalar və evləri həmişəlik otel kimi istifadə olunar). Şəhərin mərkəzində yerləşən metrostansiyaların pilləkənlərində alma, armud, xiyar satan xala və dayıları bir müddətlik o ərazilərdən uzaqlaşdırdılar (Bu söhbət “Xalqlar Dostluğu”, “Neftçilər” və “Əhmədli” kimi uzaq stansiyalara aid deyil). Yasamalın xarabaya çevrilmiş yollarının üstündə yerləşən “İctimai” Televiziyanın qarşısını asfaltladılar. Londondan min bir əziyyətlə qəttəzə taksilər gətizdirdilər. Sadalamaqla bitməz deyib dayanıram. Qarabağ probleminə görə Qərbi qınayıb, “ikili standartlar”ı dillər əzbərinə çevirənlər ədalətsiz adlandırdıqları cəmiyyətin mötəbər “Avroviziya” yarışına ev sahibliyi etməklə Avropa dəyərlərinin daşıyıcıları olduqlarını düşünürlər. O böyüklüyündə yarışmanı öz qafalarına uyğun təşkil etmək istəyən zehniyyətin etdiklərinin bir adı var: görməmişlik.

Bir həftə əvvəldən yollar bağlanır, şəhərə giriş mümkünsüzə çevrilir, iri yük maşınları xəttdən çıxarılır. Görün nə edirsiniz, hər evin qarşısına əlisilahlı polis qoyun və insanları saatla şəhərə buraxın. Ağzıma qəmbər-daş, birdən namizəd olduğunuz 2020-ci il olimpiadasını Bakıda keçirəsi olsanız əhalini evakuasiya edərsiniz ki... Görməmişlik isə mədəniyyətlə uzlaşmır. Təsəvvür edin utanmaz-utanmaz veriliş hazırlayıb, avtobus sürücülərinin kobudluğundan dəm vururlar. Guya sürücülərin kobudluğuna görə turistlərin yanında bir xalq olaraq biyabır olmaq təhlükəsi gözləyir bizləri. Bu hökümətin timsalında kobudluğuna görə ad qazanmış Tağı Əhmədovun ad və soyadı çox şey deyər sizə. Yekə qarın, qalın bığlı, qırmızı yanaq polislərimizdən isə danışmasam yaxşıdır.

Bir AİLƏ və onun yaxın ətrafı öz imici üçün yarışma keçirir, sizə nə olub e? AİLƏyə məxsus “AZENKO” şirkətinin inşa etdiyi Dövlət Bayrağı Meydanının yaxınlığında tikilən “Baku Kristal Hall”ı da eyni şirkət təhvil verdi. Ev-eşiyindən zorla köçürülən yüzlərlə ailənin ahı üzərində bir AİLƏnin şənlik festivalı. Demokratiya, söz və mətbuat azadılqları siyahısıda Azərbaycanı Botsvana, Kamboca kimi ölkələrlə qonşu edən rejimin mədəniyyət və idmanda liderlik küləkləri əsdirməsinin mənasızlığı Müəmmər Qəddafi tiraniyasının süqutu ilə isbat olunmuşdur. Qəddafinin dəcəl oğlu Əl Sədi Liviyada “Yuventus”la “Milan”ı görüşdürə-görüşdürə didərginə çevrilmədimi? Səsinizə, smsinizə qüvvət, daha doğrusu pulunuza, neftinizə. Kaş deyirəm futbol üzrə dünya çempionatı da smslə, səslə müəyyən olunaydı. Ölməyib ayağı top tuta bilməyən futbolçularımızın boynuna Rövnəq Abdullayevin qızıl medalları asmağının şahidi olardıq.

“Avroviziya”da bizə yüksək səs verən, əhalisi 3000 civarında olan, futbol yığmamızı 3:0, 4:0 hesabıyla məğlub edən adalı maltalılar görəsən sosiskanı samovarda qaynadıb, suyunu içə-içə zirzəmidə ölən xalq artisti Süleyman Nəcəfovun dramını bilirlərmi? S. Nəcəfov bu ölkənin mədəniyyət xadimi deyildimi? Tez-tələsik yolları astfaltlayıb, bardyürləri dəyişib, küçə ticarətinə müvəqqəti qadağa qoyub, oğruları damlayıb “Avroviziya” keçirən ilk ölkə çox güman Azərbaycan olacaq. Düsseldorf və Bakı müqayisə oluna bilərmi? Sizcə, Düsseldorfu görən turist Bakıya heyran ola bilərmi? Yox ki, Bakımız eybəcərdi. Əsla bu belə deyil. Sadəcə Bakımızı, Azərbaycanımızı eybəcər qafalı adamlar eybəcərləşdirib bu hala salıblar. Azərbaycan höküməti, bu dəqiqə toy hazırlığında olan ailə təsiri bağışlayır. Görəsən toy necə keçəcək deyə baş sındırırlar. Yaxşı və ya pis bu toy baş tutacaq. Ancaq toydan sonra gələn səs çox güman uzun zaman qulaqlarımızdan getməyəcək... Azərbaycanlılar, toyunuz, eee, “Avroviziya”nız mübarək!

P.S. “Avroviziya”da çıxış edəcək müğənnilərin “Sarı gəlin”i oxumalarına bir ad verə bilmirəm. Sanki bu mahnıdan savayı oxunacaq bir mahnı yox.

P.P.S. Yarışma qabağı ən çox Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun durumu ürək ağrıdır. Zaqatalanı cənginə alan, dayanmaq niyyətində olmayan zəlzələ onu Bakı-Zaqatala yollarında qoyub. Arzulayaq ki, final günü zəlzələ olmasın və bəstəkar-nazir finalı izləyə bilsin. Yoxsa zəlzələnin aqibəti çox pis olacaq...

Mirzə Fərid

[email protected]

Kultura.Az

Yuxarı