post-title

Rəşad Səfər: Həyata ədəbiyyatdan gələnlər

Başqa kateqoriya da var, amma onlardan danışarkən ədəbiyyatı birbaşa mənası ilə götürməyək. Daha çox, xəyal dünyası deyək. Beyinləri havada uçuşan gənc qızlar kimi təsəvvür edək. Ümumiyyətlə, bu kateqoriya daha çox qadınlarda qeydə alınır. Ortabab təminatlı ailələrin kövrək qəlbli, həssas, nikbin qızları. Əlif Şəfəq, Paolo Koelye, Sisilia Ahern fanatları. Aşkın kırk kuralı... Xoşbəxtlik ətrafımızdadır, tuta bilmirsiz... Bəsdir, həyatdan şikayətləndiniz, yaşamağı bacarmırsız.... Əsas, aşkdır, gerisi önəmli deyil...


Ədəbiyyata həyatdan gələnlər, yoxsa ədəbiyyata ədəbiyyatdan gələnlər? Belə mənasız, yanıltmacvari müzakirələrdən keçib ədəbiyyatımız. Hələ də ara-sıra gözə dəyir bu söhbətlər. Bir də görürsən, nəbilimnə.az saytında qoltuğu papkalı qoca kişilər, bir də onları yamsılayan cavan eynəklilər diskussiya aparırlar. Filan yazıçı ədəbiyyata həyatdan gəlib, özü də hoppana-hoppana, külbaş ədəbiyyat nəzəriyyəsini bilmir, hələ bir roman yazır. O birisə deyir, filan yazıçı ədəbiyyata ədəbiyyatdan gəlib, bir qəpiklik yazıçı deyil, həyatı tanımır, boyunu yerə soxum onun. Təxminən bu səviyyədə. Dünya üslub, janr, axın, fikir üzərində baş sındırarkən və yeni nələrsə yaradarkən, biz hələ kimin hara hardan gəldiyini tapa bilməmişik. Özümüz cəhənnəm, bir xeyli dünya yazıçısına da "bicbala" damğası vurub, "literaturşina" adı ilə yıxıb-sürüyürük. Nə isə, köhnə dərddir. 

O zaman, həyat və ədəbiyyat ilişkisində üçüncü bir tipi də biz düzüb-qoşaq. Həyata ədəbiyyatdan gələnlər. Yəni əvvəlcə ədəbiyyat və belə deyək, xəyal və fantaziya dünyasında yaşayıb, sonra gerçək yaşamla üzləşənlər. Bunlar da öz aralarında bir neçə kateqoriyadırlar. 


Birinci kateqoriya uşaqlıqdan romanın, şeirin, hekayənin içində özünə yuva qurub ətrafdan xəbərsiz olanlar, gerçəkliyi, önündən ötüb keçən zamanı itirənlər. Təbii ki, belələri bizdə indi çox azdır. Uşaqlıqdan yalnız ədəbiyyat oxuyacaqmış, həyat, əyləncə, avaralıq, boş-boş zaman itkisi filan olmayacaqmış... Bu, bizə aid deyil. Hardasa uzaqlarda var belələri. Asosial olurlar. Reallıq hissini itirirlər, xəyal dünyasında yaşayırlar. Gerçəkliklə ilk toqquşmada ciddi zədələnirlər. Yaxşı sevgili, yaxşı ər, yaxşı arvad, yaxşı dost, yaxşı işçi ola bilmirlər. Onlar sonda ya yaxşı-pis yazıçı, rəssam olurlar, sənət adamı yəni. Ya da gerçəkliklə üzləşə-üzləşə, yara-bərə ala-ala, yıxıla-dura ayaqda qalmağı bacarırlar. Cəmiyyət də, yaşadıqları sistem də onları özlərinə uyğun axara düşməyə yardım edir. Bu tip insanlar bəzən də reallıq hissini itirməsələr belə, oxuduqları kitablar ruhlarını elə rəndələyir ki, həyatın çirkabını və ehtimal olunan pisliklərini, maneələri nəzərə almadan İsa Məsihlik edən birinə çevrilirlər. Pisliyə qarşı yaxşılıq filan söhbətləri yəni. Düzdür, tez-tez məyus olurlar, lakin bu, artıq zamanla xarakterə çevrilir. Bu xarakter onları məhvə aparsa da, əl çəkmirlər. Bəzən də, niyyətləri yaxşı, məqsədləri xeyir olur, lakin reallıqdan uzaq düşmələri onları gülünc vəziyyətə salır. Ədəbiyyatda bu tip insanların xeyli obrazı yaradılıb. Ən məşhuru Don Kixotdur. Xatırlayırsınızsa, Don Kixot da cəngavərlik haqqında çoxlu kitablar oxuyaraq reallıq duyğusunu, xəyal və gerçəklik xəttini itirir, kiməsə yardım niyyəti ilə olmazın səfehliklər edir. 


Növbəti kateqoriyanın isə uşaqlıqdan ədəbiyyatla-filanla əlaqəsi olmur. Daha tanış tiplərdir. Küt bir təhsil sisteminin və oğlunu prokuror, qızını həkim görmək istəyən ailənin böyütdüyü bir gənc təxminən 18-20 yaşlarında, hansısa səbəbdən ədəbiyyatla tanış olur. Yəni bu tanışlıq təqribən ali məktəbə daxil olandan sonra başlayır, çünki ondan əvvəl bədii ədəbiyyat oxumaq masturbasiya etmək, pornoya baxmaq qədər ayıb, günah və zərərli bir məşğuliyyət hesab olunur əksər ailələrdə. Bu gəncin bir az öz qabında oxumaq həvəsi var, bir az da təsadüflər dartır o tərəfə. Sistemsiz oxuyur. "Səfillər"dən başlayır, birinci cildin yüz səhifəsini oxuyub keçir "Kapitan Qrantın uşaqları"na, sonra "Çovdarlıqda uçurumdan qoruyanlar" gəlir. Vaxt eləyib, Seymur Baycanın, Əli Əkbərin, Günel Mövludun, Rasim Qaracanın kitablarını, məqalələrini, müsahibələrini də oxuyur. Arabir solçu filan söhbətləri ilə rastlaşır. Qan qaynayır. Yazmaq, sözünü demək həvəsi yaranır. Əslində, gözəldir. Belə də olmalıdır. Düzdür, bir az tez başlamalıdır, amma day neynək, buna da şükür. Yazır, pozur, tənqid edir, hamını qarşısına alır, hətta hərdən özünü saxlaya bilmir, oxuyub təsirləndiyi insanları da söyür. Deyir, Seymur kimdir, mən ondan da yaxşı yazaram, Əli Əkbərdən daha cəsarətli olaram. Kənardan baxan deyir, bu adam odda yanmaz, su da batmazdır. Belə hay-küylə, alayarımçıq ədəbiyyat havası ilə universiteti yola verir. Sonra işləmək, pul qazanmaq məqamı yaranır. Cinsəl istəklərin doyuzdurulmasının evlilikdən başqa yolu olmadığını (pulla da olar, amma pul yoxdur) da anlayır, başa düşür ki, aylarla şeirdən, romandan danışsa, pay verən olmayacaq. Ona görə də evlənmək lazımdır. Sonra uşaq, sonra pulsuzluq. Gəldik çıxdıq həyatın ortasına. Sonra nə baş verir, hansı ucuz təsəllilər, hansı özünübəraətlər, hansı rəzilliklər yaşanır, hamımız bilirik. Qınamaq da olmur. Üçüncü şəxsdə danışsam da, əslində, bu gənclər elə mənəm, sənsən, odur. Biz özümüzük, kimsə özü olduğunu boynuna almırsa, özü bilər... Beləcə, bir insan alayarımçıq ədəbiyyat dünyasından sürüşüb düşür həyatın tən ortasına. 


Başqa kateqoriya da var, amma onlardan danışarkən ədəbiyyatı birbaşa mənası ilə götürməyək. Daha çox, xəyal dünyası deyək. Beyinləri havada uçuşan gənc qızlar kimi təsəvvür edək. Ümumiyyətlə, bu kateqoriya daha çox qadınlarda qeydə alınır. Ortabab təminatlı ailələrin kövrək qəlbli, həssas, nikbin qızları. Əlif Şəfəq, Paolo Koelye, Sisilia Ahern fanatları. Aşkın kırk kuralı... Xoşbəxtlik ətrafımızdadır, tuta bilmirsiz... Bəsdir, həyatdan şikayətləndiniz, yaşamağı bacarmırsız.... Əsas, aşkdır, gerisi önəmli deyil... Təpəsinə güllə qoy, MUM-dan yarımmetrlik toy nabatı aldırmasa, şadlıq sarayına gəlin kimi girməz, deyir, əsas aşkdır, gerisi önəmli deyil. Gözünə döndüyüm erkək də, toyunu edir, nabatını alır, müxtəlif pozalarda şəkillərin çəkdirir, sonra da üç uşaq qucağına, bir yumruq təpəsinə qoyur, arabir şubadan, dublyonkadan alıb atır qabağına (əgər pullu erkəkdirsə, yəni menyuda şuba, dublyonka olmaya da bilər ). Nikbin gözəl də otuz il aşkın kırk kuralını axtarır, amma birini də tapa bilmir. Əvəzində, qoca öküzün bərkimiş ətində bir parça yumşaq ət tapır: belə dəli-dolu olduğuna baxma, əslində, yaxşı adamdır, evdən yeməyi əksik etməz, anasının yanında üstümə qışqırmaz, mən də həmişə belə haylı-küylü, güclü kişi axtarmışam, filan fəsməkan... Təbii ki, ərə gedəndən sonra kitab, intellektual atlanıb-düşmələr zad da gedir işinin dalınca. Xəyal dünyasından vağzalı sədaları altında köçürlər əsl dünyaya. 


Bu nikbin gözəllər siyasətə qarışmazlar. "Bolkart"dan filandan nəyisə olsa və kimsə vaxtlı-vaxtında pulunu ödəsə, heç iqtisadiyyata da qarışmazdılar. Amma ayaqqabı mağazalarında uzun müddət endirim olmayanda, "yaman bahaçılıqdır, bunun axrı hara gedir" deyə arabir gileylənərlər. Haqlarını yeməyək. 


Xoşbəxtliyin yerini dəqiq bilən, amma bir formada onu tuta bilməyən bu gözəllər hərdən facebook-da, ya da kiminsə əlində sanballı ədəbiyyat nümunələri görüb şirnikə bilər, tapıb oxumağa çalışa bilərlər. Amma, ey möminlər, onları harda görsəniz deyin ki, özlərini yormasınlar, onsuz da söhbəti tam dalından anlayacaqlar. Bir dəfə tanışım olan bu nikbin xanımlardan biri əlimdə təsadüfən Çexovun hekayələrini gördü. Nə kitabıdır, deyə soruşdu, cavab verdim. Necədir? Ağızucu təriflədim. Dedi, ver mən də oxuyum. Verdim. Bir həftə sonra yenə rastlaşdıq. Dedi, ayy, bu nə gözəl kitab idi, məhv oldum. Dedim, nə idi xoşuna gələn? Dedi, Çexovun fikirləri aynən mənim yoqa müəllimimin fikirləridir. Nə fikirlərdir o elə? Soruşdum, dəqiq bir şey tapıb deyə bilmədi. Hə, bir də sonda əlavə elədi ki, arada Qurani-kərimi də oxuyuram, həmin fikirləri orda da görmüşəm. Təbii ki, yenə də söhbətin hansı fikirlərdən getdiyini anlamadım, amma anlamış kimi göstərdim özümü...


Lənət şeytana, hardan başlayıb hara gəldik. Mövzuya uyğun müşahidə elədiyim bir kateqoriya kimi bu nikbin xanımlardan ötəri bəhs edib keçəcəkdim, amma gör nə qədər uzatdım. Diqqəti bir az yayındıraq.


Beləcə, ədəbiyyata, ya da öz xəyal dünyalarına aludə olub, gerçəkliyi unudanların, lakin sonda məcburən ədəbiyyatdan, xəyal dünyasından qopub həyata dığırlananların acı taleləri ilə tanış olduq. Problem ədəbiyyatı sevmək, kitabların içində qeyb olmaq, xəyallar aləminə tez-tez səyahət etmək deyil. Əksinə, bunlar öz-özlüyündə gözəl və gərəkli şeylərdir. İnsanın bədii təfəkkürü formalaşır. Bədii təfəkkürsə ən azından, insanın özünü özünə maraqlı edir. Bədii təfəkkürü, xəyal aləmi zəngin olanlar təklikdə darıxmazlar. Onlarla söhbət etmək də maraqlı olur. Halbuki bütünlüklə həyat gerçəkliyi içərisində yaşayanlar, rutin düşüncə tərzindən kənara çıxa bilməyənlər necə də darıxdırıcıdırlar! Adam onların yanında bəzən boğulacaq dərəcədə sıxılır. Ona görə də, heç ədəbiyyat aludəçisi olmayanların belə, tez-tez xəyal dünyasına, əlçatan-əlçatmaz arzular, ideyalar aləminə səyahət etməsi yaxşı olardı. Amma ayaqları yerdən üzülməmək şərti ilə. Ayaqların yerdən üzülməsinə yeganə bəraət gerçək, tutqulu bir sevgi ola bilər bəlkə də, o da qismən. Bu isə başqa söhbətin mövzusudur. 


Problem bunlar deyil, problem gerçəklik və xəyal arasında xəttin itməsidir. Çoxumuzun başına gəlir bu hadisə, az və ya çox dərəcədə. Gerçəklik xəyal, xəyalsa gerçəklik kimi qəbul edilir. Bu haqda çox danışılıb, çox yazılıb. Bu cür xətt itkisi baş verdikdə, ən realist ədəbiyyat nümunəsini oxuyarkən belə yanlış anlaşıla bilər. Bu itki baş verdikdə, tez-tez gülünc duruma düşürük. Bizə verilən məsləhətləri də yanlış anlayırıq. Məsələn, hörmətli bir yazıçı tutalım, bədii ədəbiyyatın faydasından bəhs edən, çox mütaliə etməli olduğumuz haqda bir məqalə yazır. Elə zənn edirik ki, bu yazıçı yalnız bədii ədəbiyyat oxumağımızı istəyir, yəni yazıçımız deyir ki, gedin yalnız roman, hekayə oxuyun, hər şey düzələcək. Bir adam da, tutalım, gedir ilə iki yüz roman oxuyur. Amma digər tərəfdən hansısa sahədə peşəkar deyil, xarici dil bilmir, təhsil zay. Məktəbi və universiteti möhtəşəm bir avaralığın müşayiəti altında keçirib. Üstəgəl, ölkədə hamımıza bəlli olan durumlar. Əlbəttə ki, bu adam normal iş tapıb, normal pul qazana bilməyəcək. Lap min roman oxusun, işləmək istədiyi peşəni bilmirsə, heç bir təşkilata, şirkətə gərəkli olmayacaq. Tək Azərbaycanda deyil, elə xaricdə də. Təbii ki, iddiasına uyğun işdən söhbət gedir. Bu adam uğursuzluğa doğru getdikcə, fikirləşir ki, bu yazıçılar, aydınlar boş-boş yazır, heç bir xeyri yoxdur ədəbiyyat oxumağın... Başqa birisi də burdan yola çıxıb hətta yeni nəzəriyyə irəli sürə bilər: bədii ədəbiyyat heç kimə lazım deyil, roman oxuyunca gedin dərs oxuyun. Al, bu da sənə başqa bir gülünc vəziyyət! Sənə kim deyir dərsini oxuma? Kim deyir, yaxşı hüquqşunas, yaxşı İT meneceri, yaxşı həkim olmaq üçün mütləq “Karamazov qardaşları”nı oxumaq lazımdır? Yaxud yaxşı həkim olmaq üçün bütün tibb kitablarını kənara qoyub bütün günü Hüqonun, Balzakın, Tolstoyun külliyyatlarını oxumalısan? Tamam fərqli şeylərdir. İndi bu yazıq yazıçı neyləsin ki, ən yaxşı bildiyi şey ədəbiyyatdır. O da öz yardımını burdan edir. Əlavə bədii ədəbiyyat oxumağınsa heç bir peşəyə zərəri dəyməz. Bunun əksini söyləyən ciddi bir elmi araşdırmanı tapın paylaşın, ədəbiyyatı təbliğ edən yazıçılar da oxusun, nəzərə alsınlar. 


Xəyal xəttini itirənlərin gerçəkliklə üzləşməsi qaçılmazdır, geci-tezi var. Nə qədər tez baş versə, o qədər yaxşıdır, çünki insan yalnız bu zaman öz həqiqi gücünü, iradəsini, istedadını dəqiqliyə daha yaxın dərəcədə müəyyən edə bilər.
 

Rəşad Səfər

Kultura.az

 

Yuxarı