"Dünya nəhəngləri ilə lahiyələr arzusundayam"

Интервью


Şəhriyar bəy, qısa özünüz haqqında tanımayanlar üçün tanıtım edə bilərsiniz?

Titul olaraq bir çox bəzək-düzəklə təqdim eləmək də olar, amma düşünürəm sadəcə musiqiçi-tarzən Şəhriyar İmanov desək daha sadə və səmimi olar.


Neçə ildi musiqi ilə məşğulsuz? Necə oldu məhz tarı seçdiniz?

19 ildir artıq. Bilirsiniz 8-9 yaşımda musiqiyə istiqamət aldım və o yaşda təbiidir ki, özünü dərk edən formalaşmış gənc belə deyildim və hər hansı musiqi alətinə marağımı, sevgimi qətiyyətlə bildirə bilməzdim. Odur ki, valideynlərim musiqi duyumumun olmasını hiss eliyib, musiqiyə getməyimi məsləhət bildilər və tar da milli musiqimizin şah ləti olaraq övladlarının musiqiyə getməsini istəyən bir çox valideynlər kimi mənim də valideynlərimin diqqətini çəkibmiş. Beləliklə də mən də tar sinfinə yazıldım.


Solo karyera başlamaq fikriniz necə oldu yarandı?

Deyim ki, solist olmaq istəyi xarakterdən irəli gələn bir şeydir və gec-tez bu özünü biruzə verir. Əgər daxilində fərd olaraq, yüzlərin, minlərin qarşısına çıxmaq istəyin, cəsarətin, sevgin varsa bu gec-tez reallaşacaq. Bu istiqamətdə uşaqlıqdan marağım olub. Müsabiqələrdə, konsertlərdə solo ifalarım daha uğurlu alınırdı. Onu da deyim ki, solist olmağın bir çox müsbət və mənfi tərəfləri var. İlk olaraq üstün tərəflərini qeyd edərək deyim ki, əgər sən tək ifa edirsənsə səhnədə fikirlərini, hisslərini ifadə eləməkdə heçkim sənə manə olmur, çünki sən səhnədə təksən, oranın şahısan, daha çox sevilirsən. Sima olaraq bütün diqqətlər səndə olur deyə yadda qalırsan və s. Çətin tərəfləri isə odur ki, qeyd etdiyim kimi, bütün diqqətlər səndədir, bu da o deməkdir ki, sənin səhv etmək ixtiyarın yoxdu. Cüzi əhval-ruhiyyə və ya texniki çatışmazlıq olsa, bu tamaşaçının nəzərindən qaçmır, çünki eyni anda yüzlərlə gözün diqqəti səndədir.


Sizin ifanızda tar ilk dəfə öz imkanlarını aşdı. Tarda bu çətindi yoxsa alına bilər ?

Tarın çox geniş imkanları var və kəşf edildikcə də bitmək bilmir. Gəlin bu məsələyə məntiqlə yanaşaq və özümüzə sual edək: əgər tarın milli musiqimizin şah aləti olaraq bu qədər imkanları varsa, bunları niyə üzə çıxarıb dünyaya tanıtdırmayaq? Hamının başa düşdüyü musiqi dilində dörd bir tərəfə bu aləti dinlətdirib sevdirməyək, kütləviləşdirməyək? Bizim musiqimiz çox zəngindir, çox rəngarəngdir, amma inanın hansısa avropalıya ya asiyalıya və ya qeyrisinə bizim klassik rastımız, seygahımız kostyum qalstuklu musiqiçilərimizin ifasında yalnız 5-10 dəqiqə maraqlı olar bilir, ondan sonrasına yalnız ekzotika kimi yanaşırlar.


Son muğamla bağlı fikriniz məndə bir sual doğurdu. Bir neçə müasir bəstəkarlarımız var. Məsələn adlarını da çəkə bilərəm. Elmir Mirzoyev və Firudin Allahverdi. Onlar deyir ki, muğam ibtidai musiqidir. Orta əsr musiqisi kimi onun təkamülü baş verməyib. Bu mənada bu gün bizim onu müasir musiqimiz kimi tədbirlərdə ifamız, o bəzəkli geyimlərdə təqdim etməyimiz qeyri adekvatdır və avropalıya gülünc görsənir. Nə düşünürsüz bu haqqda?

Mən bu fikirlə razı deyiləm. Hər bir musiqi əsəri o zaman mükəmməl olur ki, onun müəllifi, ifaçısı bir-birini tamamlayır. Bizim musiqinin qədim tarixi, böyük potensialı var yetərki biz ifaçılar onu düzgün tərzdə təqdim edək.


Yeri gəlmişkən ifalarınızı təndiq edirlər? Yaşlı nəsil necə qəbul edir?

Bilirsiniz yeni bir tərz ortaya çıxanda özüylə tənqidi fikirlər gətirməsi də normaldır. Mənə qarşı olan tənqidlər də təbiidir, zaman-zaman diqqətlə dinləyib nəticə çıxarmağa çalışıram. Təbii ki, əgər bu tənqid sağlamdırsa. Bir şeyi də vurğulayım ki, həmin fikirləri səsləndirən adamların, sənətçilərin çəkisi və fəaliyyəti çox önəmlidir mənim üçün. Çünki bəzən elə sənətçidən, elə adamdan elə fikirlər eşitməli oluram ki, yerindəcə unutmağa çalışıram və ya əksinə öz fəaliyyətiylə, gördüyü işlərlə bu nöqsanları deməyə haqqı çatan sənətçilərimiz var ki, hər zaman dinləyib nəticə çıxarmağa çalışıram.


İfanızda yeniliklər barədə kifayət qədər cəsarətlisiniz, yoxsa müəyyən mənada özünü senzura da edirsiniz?

Əlbəttə nə etsəm, onu min ölçüb bir biçməyə çalışıram. Bu çox həssas məsələdi. Tarix göstərir ki, bəzən üst-üstə yeniliklər etməyə çalışan ifaçılar heç də hər zaman uğur əldə edə bilməyib. Xeyli sayda tənqid və qınaqdan sonra ruhdan düşüb, hətta sənətdən uzaqlaşanlar olub. Bunu həmin fəaliyyətin kor-təbii olmasıyla əlaqələndirsək düşünürəm yanılmarıq. O üzdən balansı saxlamağa çalışmaq və qızıl ortanı itirməməyə çalışmaq lazımdı.


Tarın daha da təkmilləşməsi üçün şəxsən eləmək istədiyiniz dəyişikliklər var?

Tarın ehtiyacı olan dəyişiklər çoxdu. Daha təkmil olmağa ehtiyacı olan alətdi. Zaman-zaman çətinliklərlə qarşılaşırıq hansıki musiqi alimlərimizin, bu alətin ustalarının həmin çətinliklərə bir əncam çəkməyini çox arzulayıram. Bilsəniz tar bir alət kimi ifaçıya nə qədər çətinlik yaradır, saymaqla bitməz. Bunu ifaçılar daha gözəl anlayar. Tək bir şeyi deyim, təsəvvür edin otağın və səhnənin tempraturunun ani dəyişməsi tarın bütün kök sistemini yerindən oynadır və sən 11 simi yenidən kökləməli olursan.


Hazırda nəylə məşğulsunuz? Konsert vemrək və ya disk çıxarmaq haqqında düşünürsünüz?

Hazırda bir çox səfərlər var ki, ona hazırlıqlar gedir sürətlə. Milli konservatoriyada müəllim kimi çalışıram, bir çox istedadlı tələbələrim var və onlarla təcrübəmi paylaşmaqdan çox məmnunam. Təəssüflə qeyd etməliyəm ki, tez-tez baş tutan səfərlərlə əlaqədar vətəndə uzun zamandır ki konsert ideyası baş tutmur, amma bu haqda ciddi düşünməyə başlamışam.


Ümumiyyətlə bizdə indi mühit necədir ? Yaradıcı adam üçün normal fəaliyyətə şərait var?

Gözəl sualdı. Düşünürəm ki, yardıcı insan bu muhiti özü-özü üçün yaratmalıdır. Çünki bu prosesin mürəkkəbliyi ondadır ki, sənin yaradacağın yeni bir şeydir və səndən başqa heç kim bu yeni şeyin nə olduğunu bilə bilməz. Belə olduğu halda da, ilkin mərhələ üçün sən o yeni məhsulunu özün yaradıb ortaya çıxartmalı, bəyəndirməli, sevdirməli və ətrafına dinləyici kütləsi toplayıb onu satmalısan.

 

Hazırda müasir Azərbaycan musiqisində nə baş verir? Doğrudan da cılızlaşma gedir yoxsa, şou və ucuz musiqilərin fonunda ciddi hadisələr kənarda qalır?

Mən deməzdim ki, ümumi cılızlaşma var. Diqqətlə boylansaq gözəl şeylərin baş verdiyini də görəcəyik. Sadəcə bu tək bizdə deyil, bütün dünyada daha tez dərk olunan musiqinin dinləyiciləri düşündürücü, dərin musiqilərin dinləyicilərinə baxanda daha çoxdur. Bunun səbəbləri ilə bağlı da onu deyərdim ki, məsələn heç də hamının Qara Qarayev musiqini sevərək dinləməsi mümkün deyil. Müxtəlif zövqlü dinləyicilər var olduğu kimi, hər kəsin də öz zövqünə uyğun musiqi dinləmək hüququ var.


Adlarını çəkmək istəmirəm, ancaq qonşu ölkələrdə klassik alətlərdə uğurlu solo ifaçılar var. Hətta regionda və başqa Avropa ölkələrinə çıxa bilirlər? Özünüz üçün belə bir karyera düşünürsünüz ?

Sizinlə tamamilə razılaşıram. Bu yolda məndən asılı olan hər bir şeyi etməkdəyəm və təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, ilkin mərhələyə nə aiddirsə alınmaqdadır. Artıq şəxsi dəvətlər almaqdayam ki, bu da məni daha da həvəsləndirir və daha yeni uğurlara stimul verir.

 

Başqa belə uğurlu ola biləcək ifaçılar var? Onların çıxmasına nə mane olur?

Düşünürəm ki var. Bununla hamı razılaşar ki, bizim torpaqlar çox istedadlı insanlar yetişdirir. Azərbaycanın dörd bir tərəfi istedadlı insanlarla zəngindi. Sadəcə siz qeyd etdiyiniz istiqamətdə yalnızca istedalı olmaq yetərli deyil, bir çox başqa ünsürlər var ki həmin insanların istədiyi nöqtəyə çatmasında əsas rol oynayır.


Hansı ünsürlər məhz?

Bu ünsürlər bəzən həmin ifaçının özündə, bəzənsə də ətrafında olan çatışmazlıqlar səbəbindən olur. Bəzən ifaçı çox istedadlıdır, amma tənbəldir. Bəzən ifaçı istedadlıdır, tənbəl də deyil, amma elə bir məişət olur ki, onun sənətçi kimi irəliləməsində keçilməz bir sədd olur. Bəzən istedad da, zəhmətkeşlik də var. Heç bir məişət problemi də yoxdu, ancaq ifaçının götürdüyü istiqamət düz deyil. Bu hallar böyük uğurlara əngəl yaradan əsas səbəblərdi. Amma bir şey deyim, istənilən halda istək varsa, sən özünü bir dünya brendi görüb ona doğru dürüst addımlayırsansa bu gec-tez baş verəcək.


Bir müəllim kimi deyə bilərsiz məktəblərimizdə tədrisin səviyyəsi necədir? Müasir musiqi təhsili üçün lazım olan maddi və texniki baza şəraiti varmı?

Bəli, mən Milli Konservatiroyada və Bülbül adına orta ixtisas məktəbində müəllim kimi çalışıram. Deyim ki, hər iki təhsil ocağında tələbə və şagirdlərimin doğru istiqamət almasına, peşəkar sənətçi olmasına yüksək səviyyədə şərait və maddi texniki baza mövcuddur. Elə bunun da nəticəsi kimi hər iki müəsisədə çox istedadlı gənc nəsil yetişməkdədir.

 

Şəhriyar bəy, hələ də narodniklər not bilmir və öyrənmək istəmir, yoxsa dəyişiklik var?

Maraqlı sual oldu. Bilir bilir ... Hal-hazırda milli konservatoriyada və ona qədərki baza sayılan orta ixtisas məktəbləri, texnikom və kolleclərdə bu istiqamətdə bir boşluq yoxdu. Öyrənmək istəyən öyrənir. Mən narodniklərin not savadı barədə hal-hazırda belə bir sıxıntının olduğunu düşünmürəm.


Son səfərlərinizdən birində Dhafer Youssef-lə görüşmüsünüz. Birgə hansısa lahiyə planlayırsınız?

Bu sadəcə görüş deyildi, Dhafer bir müddət əvvəl birgə proyekt istəyilə dəvət göndərmişdi və xeyli vaxt idi ki, bu konsertə virtual da olsa hazırlıq gedirdi. Sonda bu konsert baş tutdu. Və deyim ki, belə bir dünya nəhəngi ilə bir səhnəni paylaşmaq çox qürur verici idi. Konsertdən sonra Dhafer daha bir neçə davamlı olacaq konsert təklifi verdi hansı ki, gələcəyə daha da nikbin əhval-ruhiyyə ilə baxmağa bundan gözəl hadisə ola bilməzdi.

 

Sonda, birgə işləmək istədiyiniz ifaçı var?

Əlbəttə, dünya nəhəngləri ilə layihələr arzusundayam və bu son zamanlar gerçək olmağa başlayır. Amma görüləsi işlər, baş vurmalı dərinliklər də həddindən artıq çoxdur.


Müsahibəni apardı Nurlan Hüseynov
Kultura.az

Kultura.az | Developed by Samir Yahyazade