post-title

Azərbaycanlı xanımların twitterdə sosial interaksiya prosesi

Sosial şəbəkələrdə eksperimentlərin aparılma mümkünlüyü üzərinə mülahizələr

 
 
Keçən il bu vaxtlarda yazmağa başladığım ”Qadın sosiogenezisinin tarixi inkişaf prosesi” adlı iki hissəli elmi məqaləmin sonunda bir də bu mövzuya qayıtmayacağımı düşünürdüm. Lakin sən saydığını say, gör fələk nə sayır. Hər nə qədər qadınlarımız haqqında yazmamağa cəhd etsəm də, davam edən proseslər bu məsələ haqqında “üç meymun” u oynamağa qoymadı. Mən də “üç meymun” u oynaya bilmirəmsə, üç mərhələli eksperimentlə məsələyə münasibətimi bildirmək qərarı aldım. Bunun üçün münbit şərait də var idi. Sosial şəbəkələrdən effektli istifadə etdiyim Twitter, həmin sosial şəbəkədə daima hər məsələyə reaksiya verməyə hazır olan insanlar və ən nəhayət toplanacaq məlumatı ələyəcək nəzəriyyələrin mövcudluğu, mənim əlimi güclü edən inqrediyentlər hazır idi. Geriyə qalırdı eksperimentə başlamaq. Bunun tarixçəsi və inkişaf mərhələsinə nəzər yetirmək faydalı olar.
 
İdeyanın ortaya çıxışı
 
Hər şey, 2015-ci ilin sonlarından etibarən Twitterdə dövr edən bayağı “intellektuallıq”,”intellektual adam”, "ziyalı" diskursunun daha qabarıq forma almasından sonra başladı. Artıq insanlar gərəkli oldu, olmadı bir intellektual, ziyalı insan qılığına bürünərək ön plana çıxmağa cəhd edirdilər. Bu məni təbii ki, düşündürürdü. Axı “intellektual” məfhumu elə bəsit bir şey deyil ki, kim necə gəldi ağzında gəvələsin. Üstəgəl twitterdəki qarşı cins arasında intellektuallığa iddialı, ictimai-fikrə təsir edə biləcək pafoslu cümlələrlə “silahlanmış” xanımlar ortaya çıxmaqdaydı. Kənarda baxıb, məsələnin getdikcə ürək bulandıran bir hal aldığını görməkdə idim. Bir şey etməli, bir texnika formalaşdırmalı və qarşı tərəfi bir başa bu məsələnin içinə çəkməliydim. Niyyətim reallaşacağı halda şəxsim haqqında yanlış fikirlərin ortaya çıxacağını, hətta üzərimə ediləcək hücumları da nəzərə almışdım. Odur ki, eksperimentin texnikasını formalaşdırmaq lazım gəlirdi. Bunun üzərində düşündüyüm vaxt ərzində heç gözləmədiyim bir şey baş verdi və ideyanı tapdım.
 
Fevral ayının sonlarında işlə əlaqədar yaşadığım Antverpen şəhərindən Belçikanın digər bir şəhəri, Oostendeyə gedirdim. Brügge stansiyasında qatar 6-7 dəqiqə artıq gözləməli oldu. Pəncərədən bayıra baxarkən platformada gözümə bir reklam paneli sataşdı. Sosial mediaya aid olan bu paneldə Twitterin simvolu quşun ağzında müxtəlif paketlər var idi. Və bu paketləri müxtəlif istifadəçilərin qucağına buraxır və kənardan baxıb insanların sevinməsinə tamaşa edirdi. Bu panelə diqqətlə tamaşa edib, üzərindəki ən xırda yazıya qədər oxudum. Gözlərim parlayırdı, axtardığım ideyanı tapmışdım. Tez qeyd dəftərimi çıxardıb eksperimentin strukturunu qurmağa başladım.
 
Ekspermentin strukturu: işin effektivliyini təmin etmək üçün sosial elmlər sahəsində geniş istfadə edilən “sahə” ekspermentini Twitterə modifikasiya etməli oldum. Sahə ekspementi zamanı müşahidəci kənarda dayanmır(Bryman 2012), bir başa ekspermentin içinə daxil olur və bir növ iştirakçıları öz hərəkət və fəaliyyəti ilə istiqamətləndirir, təşviq edir. Bu zaman müşahidəçinin gizliliyi tövsiyyə edilir. İştirakçılar bu halda sıxılmaz, süni davranmaz və eksperment də yaxşı davam edər. Mən də bu ekspermenti tvitterdə tətbiq etməyə çalışdım. Bunun üçün iki seçimim var idi. Ya özümə bir neçə saxta, “fake” hesab açıb metodologiyanı tətbiq edəcəkdim, ya da ki, şəxsi hesabım olan “t_turalamin” twitter hesabı ilə açıqdan açığa ortaya atılacaqdım. Birinci alternativ məni sığortalayıb, imicimi  qoruyacaqdısa, ikinci ehtimal məni bir başa hədəfə çevirəcək, hətta insanların fikirlərinin də əleyhimə yönəldə bilərdi. Lakin elmin mənə öyrətdiyi etik tərəfləri nəzərə alaraq ikinci ehtimal üzərində qərar qıldım. Bu halda həm araşdırmanın öhdəliyini qaldıra bilərdim, həm də gələcəkdə bunun daha geniş tətbiq edilməsi üçün alt zəmini hazırlaya bilərdim. Və ən nəhayət şəxsi hesabımdan bu araşdırmanı aparmaq mənə vaxt və enerji qazandıracaqdı. Sosial elmlərdə bu ikisi ən vacib faktorlardan hesab edilir.
 
Sahə ekspermentini tətbiq etməyi qətiləşdirdikdən sonra sosioloji prespektivi qətiləşdirmək elə də çətin olmadı. Ekspermentimin davamını gətirəcək metodologiya isə  məhşur kanadalı sosioloq Ervinq Qofmanın dramaturgiyası oldu. Qofmana görə (Goffman 1959) gündəlik insani münasibətlər hər nə qədər müəyyən ssenariyə, davamlılığa dayansa da, bu münasibətlər zaman – zaman fərqli kontekslərdə müxtəlif cür interpretasiya oluna bilər. Bir növ biz münasibətlərimizi şəxsi maraqlarımıza görə yenidən gözdən keçirə bilərik. Müəllifin fikrincə, insanlar hər nə qədər də arxa səhnədə (evdə, iş otağında, mətbəxdə, yataqda) nə qədər dağınıq, qərarsız, kobud olsa da ön səhnədə (ictimai yerlərdə, işdə, universitetdə, qonaq otağında) bir o qədər qərarlı, mədəni, səliqəli görünə bilərlər. Bunun doğruluğunu müəyyən edəcək kriteriya isə fərdin performansıdır (Goffman 1959). Fərd bu performansı tam mükəmməl yerinə yetirə bilmədikdə özünü ələ verir, son zamanlar insanımızın sevimli sözü olan “səmimi” olmur. Bundan başqa gündəlik münasibətlər zamanı insanların sevinməsi, kədərlənməsi, ağlaması, hayqırması, bağırması, yalan danışması da bu dramaturgiyanın bir parçasıdır. Biz bunları etmədən gündəlik fəaliyyətə davam edə bilmərik. Bunlara riayət etmədikdə ətrafımızda şəxsimiz haqqında ikili fikirlə formalaşar, hətta şəxsimiz haqqında ruhi sıxıntılardan əziyyət çəkən biri təəssüratı da yarana bilər. Məhz bu səbəbdəndir ki, biz, günədlik faəliyyətimizdə rolumuzu yaxşı oynamağa çalışırıq. Bu rolun xarakteristik keyfiyyətlərinə riayət etməyi daima nəzərdə saxlayırıq. Bu gündəlik peşələrdən tutmuş, ailəvi rollara qədər şamil edilir. 
 
Eləcə də, cəmiyyətdə müəyyən şəxslərin iddia etdiyi “intellektual şəxs”, “ziyalı obarazı” da özünə şamil edilən rolu yaxşı yerinə yetirməlidir. Bəs bizim bu “intellektual” öz rolunu yanlış icra etsə necə olar? Və ya xanımlarımızın iddia etdiyi intellektuallıq əslində mövcud deyilsə? Bu günə qədər deyilənlərin, yazılanların əksinə intellektual şəxs əslində heç də mədəni imic formalaşdırmırsa? Hətta daha irəli gedib, cəmiyyətimizdə intellektual şəxsin olmadığına iddia etsək necə?  Və yaxud da, intellektual imic sahibi olaraq görülməyə cəhd edən insanın “saxta maskasını” yırtmaq mümkündürmü? Bu eksperimentlə ortaya atdığım suallara  çox dar çevrədə, tanıdığım insanlarla müzakirə etməklə veriləcək cavab səmərəli olmayacaqdı. Odur ki, eksperimentə maksimum şəkildə çox tanımadığım insan cəlb etməli, zaman-zaman məni tanıyan insanları belə tərəddüd içində buraxmalı və gərəkdiyində əlavə texnikaya (aqressiv üslub, sərt ritorika və s.) müraciət etməli idim. Beləkilə ekspermentin ilk mərhələsi üçün qarşıya qoyulan lazımı şərtlər- eksperimentin növü (sahə eksperimenti), metodologiya (Qofmanın dramaturgiyası) və eksperimenti həyata keçirilməsi üçün platforma (Twitter) müəyyən edilmişdi. Artıq eksperimentə başlaya bilərdik.
 
Eksperimentin ümumi gedişi
 
İkinci mərhələ işin əsas zaman və enerji alan tərəfi oldu. Ancaq müəyyən etdiyim struktur çərçivəsində nəyi necə edəcəyimi öncədən bildiyim üçün əlavə səbəblər ortaya çıxmadı. Twitterdə izlədiyim və məni izləyən insanların üslubuma az-çox aşina olduqları üçün yeni istifadəçilərə xitab etmək lazım gəlirdi. Bunun üçün iki gediş etdim. Birincisi, üslubuma müəyyən qədər yumuşaqlıq edib, yeni, çox izləyicisi olan istifadəçilərə açıldım. Onların yazdıqlarını bəyənir, onlara özümü xatırlatdım. İkincisi isə, ekspermentin əsl qayəsini təşkil edən “intellektuallığa” iddialı xanımları tapmaq idi. Burada “iddialı” olaraq istifadə etdiyim kəlmə əslində təbii ki, səthi məna daşıyır. Aydın məsələdir ki, Azərbaycan twitter şəbəkəsində əsl intellektual deyilən şəxslər yoxdur. Əsl intellektual necə olur məsələsinə isə yazının irəliləyən hissəsində yenidən qayıdacağıq. İndi isə ekspermentimizin davamına nəzər yetirək.
 
Beləliklə, eksperiment üçün lazım olan maraq qrupları müəyyən edildikdən sonra hərəkətə keçmək olardı. Bu zaman Qofmanın dramturgiyasında deyildiyi kimi, gündəlik ünsiyyət performansını əks tərəfdən, mənfi tonlarda başlatmalı oldum. Özümü həddindən artıq intellektual, bununla öyünən, başqalarına yuxarıdan aşağa baxan, aroqant, bildiklərinii gözə soxan, oxuduğu kitablardan daima sitat gətirən biri olaraq göstərməyə başladım. Bunu edərkən artıq martın ilk həftəsi geridə qalmışdı. Martın ikinci həftəsinə girərkən artıq izləməyə başladığım xanımlara ümumi “timeline”da xoş sözlər yazır, onların nə qədər zərif olduqlarını açıqdan açığa dilə gətirirdim. Bununla isə niyyətim ümumi kütlənin nəzərində “padxod” edən, “flirt” niyyəti olan biri təəssüratı yaratmaq idi. Hər kəsin bu cür düşünməsi mənim işimə yarayacaq və əsl məqsədimi biruzə verəcəkdim. Əsl məqsədin biruzəsi isə bir izləyici ilə başlanan bu dialoq ilə mümkün oldu:
 
- Mən: Xanım, salam, məni izləsəniz çox şad olaram.
- Xanım: Sizi niyə izləməliyəm.
- Mən: Çünki çox intellektual, mədəni, dünya görüşü zəngin biriyəm.
 
Bu dialoqda açıqdan açığa intellektual olduğumu bir növ qabardır, timelineda məni izləyənlərdə ikili təəssürat yaradırdım. Sonrakı günlərdə çıxan hər polemikada bir şeylər ortaya atır, qadınların cəmiyyətdə heç bir uğur sahibi ola bilməyəklərini dilə gətirirdim. Hətta və hətta daha da irəli gedərək qadının yerinin mətbəx olduğunu ifadə edirdim. Uşaq böyütməyin qadının ən ali vəzifəsi olduğunu da xüsusi şəkildə vurğulayırdım. Məhz qurduğum bu cümlələrdən sonra qarşı tərəfin damarına basmış oldum. Mənə qarşı formalaşan tendensiya da çox maraqlı oldu. Öncə mədəni, soyuqqanlı şəkildə deyilən cümlələr daha da aqressivləşir və kobudlaşırdı. Təbii ki, mənim bilərək istifadə etdiyim ritorika da qarşı tərəfi qıcıqlandırırdı. Bunlardan birincisi daima intellektual biri olduğumla öyünməyim idisə, digəri isə sözlərimin iki mənalı olması. Bir dediyimin digəri ilə tutmaması idi. Hə bir də, mənimlə açıqdan açığa polemikaya girən xanımlara tez-tez zərif və gözəl olduqlarını xatırladırdım. Məsələn istitfadə etdiyim, “mən bir intellektual olaraq sizin kimi zərif xanımla ünsiyyətdən məmnunam” cümləsinin yaratdığı qıcıqlığı ifadə etmək elə də asan deyil. Beləliklə bir başa interaksiya zamanı Qofmanın dramuturgiyasından kənara çıxırdım. Bir növ gündəlik davam etməli olan senariyanı pozur, öz rolumu improvizasiya əsasında qururdum(Goffman 1959). Mənim istifadə etdiyim normal insani münasibətlərin əksinə olan bir şey idi. Hətta mənim bu üslubumu ailə tərbiyəsinin olmaması, pulun harınlatdığı biri olması, qadınlar tərəfindən daima uğursuzluğa məruz qalan biri kimi fərqli məsələlərlə əlaqələndirən xanımlar da tapıldı. İntellektuallığın əslində qarşı tərəf üçün anlaşıqlı olmaması da mənim əlimi güclü edən səbəblərdən idi. Mən yaratdığım intellektual obrazı ilə əslində əsl intellektual məhz mənim kimi olmalıdır deyə təkid edirdim.  Qarşı tərəfin bunun əksinə səsləndirdiyi fikirlər isə intellektualın əslində “adam kimi adam”olaraq görünməsi kimi tipik, səthi qadın ritorikası idi. Artıq tərəfləri intellektual söhbətindən bir növ tiksindirmişdim. Onlar bir yerdən sonra təhqirə və kobud sözlərə keçdilər. Eksperimentin effektivliyini qorumaq üçün tərəfimə səsləndirilən təhqirləri başqa istiqamətə yönləndirib, bu sözlər üzərindən yeni mənalar çıxarırdım. Qofmanın da təbirincə desək ön səhnədə daha mədəni davranır, insanlara gülüməsyir və improvizasiyama davam edirdim. 
 
Eksperimentin gedişində özümü bilərəkdən “saf” yerinə qoymağım məni tanıyan insanların da təəccübünə səbəb olurdu. Bəziləri mənim qadınları ələ saldığımı, ünsiyyətdə olduğum xanımlarla məzələndiyimi(ən irrite olduğum kəlimələrdən biri) və ya yeni nəslin dili ilə desək “trolladığımı” düşünürdü. Digər bir qrup isə uğursuz “padxodların” nəticəsi kimi bunu qiymətləndirməyə başlamışdı. Bütün bunlar eyni ilə Qofmanın irəli sürdüyü tezisin bir parçasıdır. Bu tezisi güclü edən digər nəzəriyyə amerikalı sosioloq Harold Qarfinklə(Garfinkel 1991) məxsusdur. Onun “etnometodologiya” nəzəriyyəsinə əsasən insanlar gündəlik münasibətlərdə qrup içində birinin “pozulmuş” davranışlarını öz dünya görüşünə əsasən alqılayır və analiz edirlər(Garfinkel 1991). Məhz mənə qarşı twitterdə formalaşan fikirlər bu çərçivədə oldu. Şəxsim adına deyə bilərəm ki, eksperimentə başlayarkan bu cür nəticənin ortaya çıxmasını düşnməmişdim. Təbii ki, sosial elmlər sahəsində aparılan hər bir eksperimentdə olduğu kimi(Bryman 2012), burada da gözlənilməyən nəticələrin ortaya çıxması təəccüb doğurlmamalıdır. Çünki insani münasibətlər üzərinə eksperiment, müşahidə apardığınız zaman hesabda olmayan bir çox məsələ gündəmə gələ bilər. Bunlardan ən vacibi mənim xitab etmədiyim qrupun xaricində qalan twitter istifadəçilərinin də məsələ haqqında fikirlərinə rast gəlməyim oldu. Twitterin paylaşmaq və bəyənmək funksiyasi nəticəsində twittlərim, ortaya atdığım intellektuallıq diskursu xitab qrupuma daxil olmayan bir çox insanda da qıcıq oyatmağa başlamışdı. Bəziləri “əsl intellektuallıq bu deyil”, “intellektuallıq söhbətindədən də iyrəndirdiniz” kimi öz aləmlərində mövqe nümayiş etdirirdi. Başqa bir qrup isə “xaricdə oxuyanlara gərəyindən artıq əhəmiyyət verilməyin fəsadları” kimi elmi-fəlsəfi məsələlərə də müraciətdən çəkinmirdi. Uzun sözün qısası mənim planlı şəkildə, bilərəkdən başlatdığım eksperiment bir neçə gün “timeline”ı gərginlikdə saxladı. 
 
Nəticə yoxsa interpretasiya
 
Birinci və ikinci mərhələni uğurla yekunlaşdırqdan sonra geriyə qalırdı işin ən çətin və məsuliyyətli tərəfi, yəni analizi. Etməli olduğum şeyin məsuliyyəti də burada ortaya çıxacaqdı. Çünki, sosial elmlərlə, ələl xüsus sosiologiya ilə məşğul olan  insanların apardığı araşdırmaya verdikləri şərh, ortaya qoyduqları yanaşma adətən onların təmsil olunduğu “məktəb” və ya fikir axını ilə əlaqədardır. Lakin, hər nə olursa olsun, maksimum şəkildə obyektiv olmaya diqqət yetirmək lazımdır. Bunu nəzərə alaraq, gəldiyim nəticələri sizin diqqətinizə ərz etmək istəyirəm,
Birincisi, bu araşdırma müəyyən etdi ki, sosial şəbəkələrdə, ələlxüsus twitterdə daima fərqli insan kimi görünmək, özünü fərqli biri kimi təqdim etmək mümkündür. Bunu qəsdən edirsinizsə, sizin işiniz daha da asanlaşır. Çünki bu vasitə ilə yönələ biləcək reaksiyları da görə bilərsiniz. Sizə qarşı yönələn ittihamlar qeyri və ya qeyri-ciddi olmasından aslı olmayaraq məqsədli şəkildə “maskalandığınız” halda qarşınıza qoydğunuz amalı reallaşdıra bilərsiniz. Necə ki, mövcud eksperiment ilə insani münasibətlərin necə pozulduğu, haçalandığı, hətta və hətta gözlənilməyən reaksiyalara səbəb ola biləcəyini görmüş olduq. Beləliklə, günlük həyatda işi gücü pivə içmək üçün onun bunun dəvətini gözləyən işi gücü olmayan insanlar ciddi söz sahibi ola bilər, və ya günlük həyatında ciddi uğurları olan şəxslər sosial məkanda ən “bivec” və uğursuz insan kateqoriyasına enə bilər. Hafizəm məni yanıltmırsa “Cənnətin krallığı” filimində də deyildiyi kimi “Burada 
(Avropada) işi gücü olmayan, səfil günündə yaşayanlar orada (Qüdsdə) ən nüfüzlu insanlar mərtəbəsinə yüksəldilər. Burada var-dövlət sahibi olanların, orada necə bir tikə çörək üçün diləndiyini də gördüm.” Bəli, Twitter də bir krallıqdır, həm də ki, hər kəsin öz məqsədinə əsasən iş görə biləcəyi bir krallıq.
 
İkincisi, ararşdırma bir daha göstərdi ki, twitterdə qruplaşmalar çox asanlıqla qurula bilər. Bunun səbəbləri müxtəlif ola bilər. Buraya günlük həyatda ciddi ünsiyyət problemi yaşamaq, ətrafdan gələn basqılar, eyni maraq dairəsi, özünü təsdiq axtarışı, günlük həyatın fikir və stressindən yayınmaq, ölkə xaricində yaşamağın gətirdiyi üzüntü və s. bu kimi səbəblər sadalana bilər. Lakin, mənim düşüncəmə görə isə, insanın təməl ehtiyacı olan sosiallaşmaq, ünsiyyət Azərbaycan twitter məkanında ən ciddi, təməl prinsipdir. Yalnız buradakı ünsiyyət zamanı daha “ağıllı” və “yaradıcı” olmaq sizi müəyyən qruplara daxil edə bilər və həmin qruplar tərəfindən təsdqiqlənə bilərsiniz. Bu eyni ilə, gündəlik həyatda dost çevrəsi, iş kollektivi, dərnək, təşkilat kimi yerlərdə bir araya gələn insanların ünsiyyətinə bənzəyir. Tək fərq, monitorun sizi ələ verməyən gücüdür ki, buna görə sevinməyə dəyər.
 
Üçüncüsü, twitterdə qadınların daha tez aqressivləşməsi və gərəyindən artıq reaksiya göstərməsidir. Bu fakt twitterin ümumilikdə ortaya çıxardığı əsas şərtlərdən biridir. Bilib bilmədən məsələyə reaksiya vermək, ciddi cəhdlə doğruluğu üçün təkid etmək, və ən nəhayət qarşı tərəfi çox asan şəkildə “qadın düşməni”, “kompleksli” adlandırmaq xanımlarımızın Azərbaycan twitter şəbəkəsində əsas fəaliyyətləri sırasına daxildir.  Bunlar içində xüsusi ilə vurğuladıqları qadınlara qarşı “kompleksli” olmaq artıq klişelərdən birinə çevrilib.  Bütün səmimiyyətimə yaslanıb deyə bilərəm ki, mən bu məsələdə xanımlarımıza haqq verirəm. Gündəlik cəmiyyətdə hər cür sıxıntı, xoşa gəlməz münasibət, arzulolunmaz ifadələrlə üzləşən xanımlarımız üçün sosial şəbəkələr, ələl xüsus da twitter bir nəfəslikdir. Onsuz da gündəlik həyatın qayğı və sıxıntısından qaçıb twitterdə özünə müsbət imic formalaşdıran gənc xanıma “sənin yerin mətbəxdir” deyiləndə əlbəttə ki, sərt reaksiya verər. Verməlidir də, çünki onun sosial statusu artıq sosial şəbəkələrdə müəyyən edilir. Onun dostları ortaq haştaqlarda xanımın ciddi mövqe sahibi olduğunu ona aşılayır. Beləliklə sosial interaksiya özünü yeni bir mərhələyə daşıyır. Bunun adı özünü təsdiq mərhələsidir. Lakin, işin maraqlı tərəfi sosial interkasiya zamanı onun yanında olan dostlar( oğlanlar ) bəzi polemikalardan kənarda qalması həmin xanımı hiddətləndirir. Beləliklə sosial interaksiyanın təməli sallanır. Yenidən ünsiyyət nəzrdən keçirilməli, yenidən toparlanmalı və bu dəfə isə sadəcə öz həmcinslərinin dəstəyinə arxalanmalıdır. Biz sosial şəbəkələrdə bunun ən bariz nümunəsini “Nardaran hadisələri” zamanı görmüşdük.  Həmin vaxt da sosial şəbəkələrdə bəzi xanımlara yapışdırılan “mənim polisim”, “potensial uşaq qatilləri” etiketləri hələ də xatırlanır. İşin maraqlı tərəfi onlara gələn əsas dəstk məhz elə xanımlar tərəfindən gəlmişdi. Və budur, bir daha görürük ki, Azərbaycan twitter şəbəkəsində xanımların əsas dəstək qrupu xanımlardır. Hə, bir də, bu  xanımları ciddi-ciddi ağıllı olduqlarına inandıran bəylərimiz var ki, onların da gözləntisini təxmin etmək çətin deyil.
 
Və nəhayət, son olaraq, dördüncüsü, twitter məkanında eləcədə, ölkədə intellektuallığın sui-istifadə olunması faktıdır. Bu eksperimentin ortaya çıxardığı maraqlı nuanslardan biri də, insanımızım əslində intellektuallığın nə demək olduğunu bilməməsidir. Klassik sovet ziyalısı imicini günümüzün ingilis dili bilən, kompyuter istifadə edib, iki-üç xarici film izləyən insan modelinə transformasiya etmək sadəcə və sadəcə hödüklükdür. Hə, bir necə dənə də fəlsəfi-tarixi kitab da oxuyurlar axı. Sonra yuxarıdan aşağı baxmaq falan, başqalarını acılamağı da unutmurlar. Olursan günümüzün fikir, ictimai çəki sahibi intellektual bir şəxs. Halbuki, intellektuallıq o qədər ağır bir prosesdir ki, onun altına girmək üçün günümüz Azərbaycanında nə həvəsi olan, nə pulu, nə də qabiliyyəti olan adam çətin tapılar. Bəs kimdir sözün əsl mənasənda olan intellektual olan şəxs? Bu şəxs hər şeydən əvvəl öz sahəsini çox yaxşı bilən, peşakar bir insandır. Öz sahəsi ilə bərabər sosial elmlərə, fəlsəfəyə, incəsənətə, tarixə, ədəbiyyata hakim olan şəxsdir. Bundan başqa intellektual şəxs həm qədim yunan və ya latin dillərindən birinə hakim olmalı, eyni zamanda ərəb və ya fars dilini də bilməlidir. Təbii ki, bir neçə qərb dillərində yaxşı bilməli, oxuyub, yazması yüksək səviyyədə olmalıdır. Eyni zamanda, musiqi alətində ifa edə bilməli, rəsm və ya heykəltaraşlıqla məşğul olmalıdır. Adam içində az olmalı, öz güşəsinə çəkilib, işi-peşəsi yazıb yaratmaqdan ibarət olmalıdır. Yeri gəldiyində də ictimai fikrə təsir edəcək fikirləri də söyləməlidir. Lakin bu intellektualın gündəlik həyatda, cəmiyyətdə baş verən hadisələr haqqında fikir bildirməsi mənasəına gəlməməlidir. Günümüz intellektualının gəliri də çox yüksək olmalıdır. O qədər yüksək olmalıdır ki, gündəlik xərclərini qarşılamaq üçün kitab korreksiyası ilə məşğul olmasın. Bu cür şəxslər də adətən zəngin insanların övladları və ya, zəngin bir ailənin başcısı ola biləcək şəxslərdir. Ancaq heyif ki, Azərbaycanda zəngin insanlar və onların övladları daima “ağ fil” lahiyələri ilə məşğul olmağı daha üstün tutdular. Beləliklə də, cəmiyyətimiz potensial intellektuallardan məhrum oldu.
 
Söz ardı
 
Beləliklə, ortalama bir aya qədər davam edən bu araşdırmanın nəticəsində Twitterin gündəlik həyatımızda formalaşdırdığı təsəvvür haqqında bəzi nüanslara toxunduq. Bu araşdırma şəxsimin təşəbbüsü ilə başlayıb, şəxsim tərəfindən davam etdirildi. Bu müddət ərzində sadəc bir neçə məsələni ön planda tutduğum üçün bütün sosial interaksiya prosesini əhatə edə bilmədim. Bu araşdırma müxtəlif yaş qruplarına, peşə qruplarına, kişilərin problemlərinə, qadınların problemlərinə və sair digər mövzulara aid edilib, fərqli nəzəriyyə və metodologiyalarla aparıla bilər. Xüsusən də, Twitterin istifadiçələrə təklif etdiyi “Sorğu” funksiyası bu işi daha da effektli edə bilər. Bunun üçün yaradılan işçi qrupları və mümkün maddi resurslar da araşadırmanın effektivliyini artıra bilər. Və son olaraq, sosial elmlər sahəsində aparılacaq hər araşdırma, hər kiçik təşəbbüs cəmiyyətimizin öyrənilməsinə böyük töhfələr verəcəkdir.
 
İstifadə olunmuş ədəbiyyat:
Bryman, A. (2012). Social Research Methods, OUP Oxford.
 
Garfinkel, H. (1991). Studies in Ethnomethodology, Wiley.
 
Goffman, E. (1959). The Presentation of Self in Everyday Life, Doubleday.
 
01.04.2016
 
Tural Amin Oyrati
 
Antverpen Universiteti
Sosial Elmlər Fakultəsi
 
Yuxarı