post-title

Orxan Əmrullayev: Doğru saydığımız yanlışlar haqqında

Karl Saqan deyib ki, sübutun yoxluğu yoxluğun sübutu deyil. Hələ kainatda xeyli izah olunmamış məqamlar var və “biz insanlar bunları anlaya bilmərik” deməklə işin içinə qeyri-müəyyənlik qatıb min-bir nağıla dəstək verməkdənsə, “hələ bilmirik, amma bir gün biləcəyik” demək daha məntiqlidir.


"İnancım uğrunda heç vaxt ölmərəm, çünki o yanlış ola bilər."

– Bertrand Russell 


Gündəlik həyatımızda böyük həcmdə məlumat axınına məruz qalırıq. Məlumatların bir qismi doğru olmadığı halda inandırıcı görünə bilir. Mühakimələrimizi doğru bildiklərimizə əsaslanaraq apardığımızdan, doğruluğundan əmin olmadığımız məlumatlara istinad etməklə səhv nəticələrə vara bilərik.

İnsan daha sürətli və zəhmətsiz olduğu üçün intuitiv qərar verməyə meyillidir, intuitiv qərarlara söykənən seçimlər isə – bunlar xüsusiylə intuisiyanın hazırlıqsız olduğu mürəkkəb ya da müasir həyata dair problemlərinə aiddirsə – heç də həmişə doğru seçimlər olmur. Zamanla həyatın qazandırdığı təcrübə, insana intuitiv qərarların zərərlərini və rasional qərarların etibarlılığını göstərir. Odur ki, intuisiyamıza doğru görünən məlumatlarla həqiqətən doğru olan məlumatları fərqləndirmək vacibdir.

Dinləyicilərin məlumatlı olmadığı mövzuda əminliklə danışan birinə inanma meyli yüksək olur. Dinləmə zamanı dinləyəndə şübhə yaransa belə, şübhəsini dəstəkləyən arqumentə sahib olmadığı üçün natiqin danışdığının doğru olduğu ilə razılaşmağa meyilli olur. Belə hallarla qarşılaşdıqda, məlumatların doğruluğundan əmin olana qədər skeptik (şübhəçi) olmaq daha faydalıdır.

Tanınmış skeptik yazar Maykl Şermer başda olmaqla, bir sıra mənbəyə1əsaslanan aşağıdakı bəndlər, intuitiv dəyərləndirmə və təsirə qapılma ilə yanaşı, yanlış nəticələrə vardıracaq düşüncə tələlərindən bəhs edir.
Dörd hissəli məqalənin aşağıda təqdim edilən birinci hissəsi psevdo-elmi düşüncənin zəiflikləri barədədir.

   
   
 
I HİSSƏ

   Psevdo-elmi düşüncənin problemləri
   

1. Rəvayətlərdən elm formalaşmır

Bir zamanlar Amerikada Mari adlı qadının Marks qardaşlarının filmlərini izləməklə xərçəng xəstəliyindən xilas olması barədə rəvayətlər gəzirdi. TV izləməklə xərçəngdən xilas olmaq arasında birbaşa əlaqə qurmaqdansa, digər variantlar düşünmək mümkün idi: xərçəng bəzi hallarda zəifləyə bilərdi; qadına yanlış diaqnoz qoyulmuş ola bilərdi və sair. Bütün bu variantların arasından hansının doğru olduğuna qərar vermək üçün rəvayətlərə deyil, eksperimentə, təcrübəyə ehtiyacımız var. 100 nəfər xərçəng xəstəsi olan insanlardan 25-inə Marks qardaşlarının filmlərini, 25-inə Alfred Hiçkokun filmlərini, 25-inə xəbərləri və 25-inə də heç nə göstərməməliyik. Ancaq bu təcrübədən sonra xəstəliyin sağalması ilə Marks qardaşlarının filmləri arasında birbaşa əlaqə olub olmadığına qərar verə bilərik.

Buna oxşar saysız hesabsız hadisələr olub və heç biri elmi təsdiqini tapmayıb. 
Qəbul etməliyik ki, həmin cümlələr heç bir iddianın sübutu deyil və bir sübut min rəvayətdən üstündür.
   
2. Elmi dil elm meydana gətirmir


Hər hansı bir inanc sistemini elmi dil və terminlərdən istifadə etməklə elm qılığına salmağın mənası yoxdur. Onlar "sübut-eksperimental, sınaq-təsdiq" mərhələlərini keçməlidirlər ki elmi sayılsınlar. Cəmiyyətdə elmin böyük qüvvəsi olduğu üçün, hörmət qazanmaq istəyənlər, lakin sübutu olmayanlar “elmi” görünüb, “elmi” danışaraq olmayan sübutlarını gizlətməyə çalışırlar. Yazılarında elmi terminlərdən istifadə etməyə can atırlar. Lakin hər bir elmi terminin öz qarşılığı olduğundan bəzən əsassız yerə yeni elmi sözlər yaratmağa və ya elmi yolla fikir yürütməyə cəhd göstərirlər. Təbii ki, uğursuz alınır.

 “Daha yüksək enerji tezlikləri” (Nə qədər daha yüksək?), “sədalanan vibrasiya” (Bunu kim müşahidə edib?) və sair.

Çox zaman ziddiyyətli məsələlərdə bu kimi terminlərdən istifadə etməklə mövqelərinin hamı tərəfindən qəbul olunduğunu sırımağa çalışırlar. Sanki bir mərhələni görməzdən gəlib növbətiyə adlayırlar: “Əksər alimlərin razılaşdığı bu fikir” (Əksər? Hansıdır o əksər alimlər?), “Məlum olduğu kimi” (Məlumdur? Hardan məlumdur?) və sair.
Əmin olmaq lazımdır ki, dil-dil ötən insanlar əminliklə danışdıqları mövzudan sübut (!) göstərmirlərsə, danışdıqları söz yığınıdır.
   
3. Şayiələr həqiqətə bərabər deyil

“Hardansa ... olduğunu oxumuşdum”, “kimdənsə ... olduğunu eşitmişdim”. İnsandan insana ötürüldükcə bu söhbətlər “... olduğunu bilirəm” formasına düşür.

Elm tarixçisi Den Kevles bir ziyafətdə baş verib-vermədiyindən əmin olmadığı bir əhvalat danışır və ziyafətdəki başqa iki nəfər də bunun kimi bir əhvalat eşitdiyini deyir. Bir gün sonra dərsdə tələbələrə bu əhvalatı danışanda da sona çatmamış üç tələbə əhvalatın sonluğunu deyir. Yəni, şayiələr tez yayılırlar.

Şayiələr doğru ola bilər. Amma ümumi götürdükdə onların çoxu doğru deyil. 
Yadda saxlamaq lazımdır ki, şayiələr tez yayılması ilə tanınır, doğru olması ilə deyil.
   
4. İzah oluna bilməyən fenomenlər başa düşülməyən fenomenlər deyil

Bir çox insan belə düşünür ki, bəzi fenomenləri izah etmək mümkün deyilsə, deməli bu mütləq başa düşülməyən bir fenomendir və paranormal “reallığın” əsl sirridir. “Elə şeylər var ki, insanların onları başa düşməsi üçün nəzərdə tutulmayıb” fikri də absurdluq baxımından bu qəbildəndir.

Yanan kömürlərin üzəri ilə addımlayan insanın paranormal qüvvəsinin olduğuna inananlar çoxdur. Məsələ burasındadır ki, yüngül və yumşaq kömürlərin istilik tutumu aşağıdır və buna görə də bu kömürlərdən ayağa istilik ötürülməsi zəif olur. Kömürün üstündə çox durmasanız, yanmazsınız.

230 C istiliyi olan sobada bişən keksi düşünün. Hava, keks və dəmir listin hər biri 230 C istiliyə malikdir. Amma bircə dəmir list əlinizi yandıracaq. Hava kiçik istilik tutumuna və aşağı istilik ötürməsinə sahibdir. Buna görə əlinizi keksə və dəmirə toxundurmayıb sobanın içində bir qədər saxlaya bilərsiniz. Keksin istilik tutumu havadan daha çoxdur, amma aşağı istilik ötürməsinə malikdir deyə ona da yanmadan qısa müddət toxuna bilərsiniz. Dəmir list isə keks kimi istilik saxlama qabiliyyətinə sahib olsa da, yüksək istilik ötürülməsinə malikdir. Buna görə, ona toxunsanız yanarsınız.

Təəssüf ki, əksəriyyətimiz hələki izah edilməyən bir mühitdə yaşamaqdansa, pis-yaxşı izah edilən bir mühitdə yaşamağı daha komfortlu hesab edirik. Digər sözlə, inanmaq düşünməkdən asandır deyə, inanmağı seçirik. Kobud desək, özümüzü aldadırıq.

Karl Saqan deyib ki, sübutun yoxluğu yoxluğun sübutu deyil. Hələ kainatda xeyli izah olunmamış məqamlar var və “biz insanlar bunları anlaya bilmərik” deməklə işin içinə qeyri-müəyyənlik qatıb min-bir nağıla dəstək verməkdənsə, “hələ bilmirik, amma bir gün biləcəyik” demək daha məntiqlidir.

   
5. Uğursuzluqlara “ağıllı” səbəb tapılır

Dürüst insanlar (başda elm adamları olmaqla) öz səhvlərini qəbul edirlər, çünki səhvlər sayəsində həqiqətə yaxınlaşdığımızla razılaşırlar. Amma nadürüst, psevdo-elm adamlarının səhvləri üzə çıxdıqda onu ört basdır edirlər və ya bu səhvə özləri xaricində bir səbəb tapırlar. Hiylə işlətmələri aşkar olunanda bəyan edirlər ki, onların gücü həmişə yox, əksər vaxtlar işləyir.

Saxta-alimlər eksperimental sınağa dəvət ediləndə və onların hiyləsinin bu mühitdə işləməyəcəklərini biləndə çoxlu kreativ səbəblər sadalayırlar: eksperiment üzərində ciddi nəzarət olanda nəticələr neqativ olur, gücləri skeptiklərin olduğu yerdə işləmək istəmir, gücləri elektronik alətlərin olduğu mühitdə işləmir, gücləri gedir-gəlir və indi də getdiyi zamana rast gəlib və sair.

Yeri gəlmişkən, Ceyms Randi eksperimental şəraitdə hər hansı paranormal hadisə gerçəkləşdirənə bir milyon dollar mükafat verəcəyini elan edib. Bu bəyanatdan illər keçsə də, o mükafatı qazanan olmayıb. 
Bilməliyik ki, şərtləri və şərhləri işə başlamazdan əvvəl bəyan eləyənlər həqiqətin tərəfində olurlar.
   
6. Ardıcıl baş verən hadisələrdə əlaqə axtarmaq

Ardıcıl baş verən iki hadisə arasında əlaqə qurmaq, birincinin ikinciyə səbəb olduğunu düşünmək aldadıcıdır. Filan futbolçu filan rəngli butsları geyinəndə çox qol vurur, evin qapısından sağ ayaqla çıxanda gün uğurlu keçir və sair.

1993-cü ildəki bir araşdırmanın nəticələrinə görə, birbaşa ana südü ilə qidalanan uşaqların IQ səviyyəsi daha yüksək olurdu. Bu, uşaqlarını süni uşaq yeməkləri ilə qidalandıran analarda günahkarlıq hissi yaradırdı. Sonradan məlum oldu ki, uşağın IQ səviyyəsinin yüksəkliyi əmizdirməkdən deyil, ananın uşaqla daha çox vaxt keçirməsindən asılıdır. Buradan çıxarılan digər dərs budur ki, “amerikalı alimlər filan faktı ortaya çıxarıblar” kimi xəbərlərə qarşı da skeptik davranın. 
   
7. Təsadüf – yadda qalan hadisədir

Bir çox insan iki hadisənin eyni zamanda (sinxron) baş verməsini bəzi fövqəltəbii qüvvələrin adına yazır. Çünki insanlar ehtimal qanunlarını öz intuisiyaları ilə sorğulayırlar. Amma insanların çoxunun ehtimal qanunları haqqında çox az şey bildiklərindən xəbərsizdirlər. Elə buna görə də 30 nəfərlik bir otaqda iki nəfər eyni gündə doğulduqlarından xəbərdar olduqda bunu fövqəladi bir əlaqə kimi başa düşürlər. Halbuki 30 nəfərlik otaqda iki nəfərin eyni gündə doğulma ehtimalı 0,71-dir (71%), otaqdakı şəxslərin sayı 70 olarsa, iki nəfərin eyni gündə doğulma ehtimalı 0,999 olacaq (99,9%).

Eyni qayda ilə dostunuz Əhmədə zəng vurmaq üçün telefonu əlinizə alan kimi Əhməddən sizə zəng gəlir. Bu tip təsadüflərə görə Əhmədlə aranızda telepatik bağlılıq olduğunu düşünürsünüz. Halbuki hadisənin baş vermə ehtimalını intuisiyanızla qiymətləndirirsiniz deyə, bu sizə qeyri-adi gəlir. Özünüzə bu sualı verin: Əhmədə zəng etmək üçün neçə dəfə telefonu əlinizə almısınız və o an Əhməddən sizə zəng gəlməyib? Və ya əksinə: Əhməd sizə neçə dəfə zəng edib, amma o an siz ona zəng etməmisiniz?

İzahı budur ki, siz sinxron hadisələrin baş verməsini yadda saxlayırsınız, lakin digər halları tez bir zamanda yaddan çıxarırsınız.

Davranış psixoloqu B. F. Skinnerin laboratoriyada sübut etdiyi kimi, insanın ağlı hadisələr arasında əlaqə axtarır və hətta mövcud olmasa da bu əlaqəni çox vaxt tapır.
Məsələn, hər hansı bir insanı tez-tez görməyimizin səbəbi gözlərimizin o insanı axtarmasıdır. Üstəlik hər dəfə gördükdə onu görməyimiz ağlımızda yaddan çıxmayacaq dərəcədə təzə qalır (emosional təsir ucbatından). Halbuki başqa biri yaxınlığımızdan keçsə də, az hallarda onun fərqinə varırıq. Çünki gözümüz onu axtarmır. Üstəlik, başqa birini gördüyümüz an ötəri yaddaşımızda qalır və hər dəfə onu görəndə əvvəl də onu gördüyümüz yadımıza düşmür. Çünki o maraq dairəmizdə olan bir insan deyil. Qısa desək, görmək istədiyimizi görürük. 

   
8. Ümumi danışıb, sonra “mən demişdim axı... ” demək

“Təsadüflərin cəmi müəyyənliyə bərabərdir,” deyib Aristotel. Əhəmiyyətsiz təsadüfləri yaddan çıxarır, əhəmiyyətli olanları yadda saxlayırıq. Bu zəifliyimizdən istifadə edən münəccimlər “gələn il ölkəmiz ciddi problem yaşayacaq” kimi bir çox ümumiləşdirilmiş (buna görə də, daha çox ehtimala əsaslanan ) proqnozlar verib, həyata keçməyənlərin üstünü vurmadan həyata keçənləri vurğulayırlar. 
“Mən demişdim axı filan şey filan olacaq,” kimi iddialar səsləndirənə belə cavab verməmək mümkün olmur:

“Sən hər şeyi demişdin, o mənada yox ki, hər şeyi düz demişdin; o mənada ki, dediyini o qədər ümumi – az qala, hər şeyin hər cürə ola biləcəyini – demişdin ki, nəticədə hər şeyi deməyin heç nə deməməyinlə eyni dəyərə malik olur.”

Aristotelin təbirincə desək, az qala bütün təsadüfi hadisələri demişdin, onların cəmi də bütün baş verən hadisələri, yəni, müəyyənliyi, həqiqəti verir.

Bermud üçbucağının sirri də buna bir örnəkdir. Orada baş verən təyyarə və gəmi qəzalarına səbəb kimi fövqəltəbii qüvvələr göstərilir. Əslində isə Bermud üçbucağından ətraf ərazilərə nisbətən daha çox gəmi marşrutu keçir. Buna görə də qəzaların, qəribəliklərin və yoxa çıxmaların bu ərazidə olmasının ehtimalı daha böyükdür. Statistikaya baxsaq, Bermud üçbucağındakı qəzaların sayı ətraf ərazilərdəki qəzalardan daha azdır. Yəni, bu ərazidə normadan çox qəzanın olması absurd iddiadır. Bermud üçbucağı haqqında bütün informasiyaların toplanıb araşdırılmasından ibarət Kusche’nin “Bermud üçbucağının sirri tapılıb” kitabında öz sübutunu tapdığı kimi, bölgə haqqında rəsmi qəza xəbərlərinin illər ərzində təhrif olunub dildən-dilə keçməsi sayəsində insanlar arasında Bermud üçbucağı haqqında “psevdo sirr” və ya “əldəqayırma sirr” formalaşmışdır.

İnsanlar qəribə halların izahını paralel dünyalarda axtarmazdan əvvəl öz dünyamızdakı mümkün izahları diqqətlə nəzərdən keçirməlidirlər.


Orxan Əmrullayev
Kultura.az

Yuxarı