Seymur baycan: Biz niyə klassiklərimizi oxumalıyıq?

Сеймур БАЙДЖАН


Hər bir usta, hər bir sənətkar istifadə etdiyi xammalın xassələrin dərindən bilməlidi. Sənətkar istifadə etdiyi xammalı nə qədər yaxşı tanısa hazırladığı, ərsəyə gətirdiyi məhsul bir o qədər keyfiyyətli olar. Əgər dülgərdirsə ağacı, taxtanı yaxşı tanımalıdı. Əgər dəmirçidirsə dəmiri yaxşı tanımalıdı. Əgər kababçıdırsa əti yaxşı tanımalıdı. Adi heyvanin hansı bölgədən olması kababın dadına və keyfiyyətinə nə qədər təsir edir. Məsələn, dağ yerinin heyvanının əti bərk olur. Ora-bura dırmaşır, əzələləri inkişaf edir. Düzən yerin heyvanının əti həm yumşaq, həm də dadlı olur. Bərdə, Ağcabədi, Beyləqan, qismən də Tər-tər rayonunda yaşayan və otlayan heyvanların ətinin dadı Azərbaycanın digər bölgələrində Qax, Zaqatala, Quba, Qusar, Yardımlı, Lerik, Tovuz, Qazax rayonlarında yaşayan və otlayan heyvanların ətinin dadından kəskin fərqlənir. Həmçinin, közünün hansı ağacdan olması da kababın dadına və keyfiyyətinə öz təsirini mütləq göstərir...

Əgər çörəkçidirsə unu yaxşı tanımalıdı. Kəndlidirsə torpağı yaxşı tanımalıdı. Torpağı tanımasan, orda nə əkmək lazım olduğunu da bilə bilməzsən. Tutaq ki, sən arpa əkməlisən götürüb soğan əkirsən heç nə əmələ gəlmir. Xalqı tanımaq üçün isə onun ədəbiyyatını bilməlisən. Əgər bizim xalqın yaranmasında ədəbiyyatın oynadığı müstəsna rolu nəzərə alsaq deməliyik ki, xalqı tanımaq istəyən adam mütləq bizim klassik ədəbiyyatı Axundovun, Mirzə Cəlilin, Haqverdiyevin, Üzeyir bəyin, Cəfər Cabbarlının, Yusif Vəzir Çəmənzəminlinin əsərlərini, həmçinin Çingiz Hüseynovun “Fətəli fəthi”, Seyfəddin Dağlının “Bahar oğlu”, Mirzə İbrahimovun “Pərvanə”, Bayram Bayramovun “Karvan yolu” romanlarını, Ömər Faiq Nemanzadənin, Həmidə xanımın, Abdulla Şaiqin xatirələrini diqqətlə oxumalıdı. Xüsusən, həkimlər, müəllimlər, yazarlar, siyasətçilər...

Bu adamların əsərlərini oxumaq üçün cəmisi bir neçə ay vaxt lazımdı. Bədbəxtlikdənmi, yoxsa xoşbəxtlikdənmi vəziyyət elə gətirib ki, çox yazmağa macal tapmayıblar. Bu xalqın necə yarandığını, necə formalaşdığını, yüz il bundan əvvəl nə yediyini, necə yaşadığını, hansı problemlərin məngənəsində sıxıldığını bilmədən xalqla ünsiyyətə girmək, yazarlıqda və siyasətdə ciddi uğur qazanmaq çətin məsələdir. Bizim bir çox gənc yazarlarımız, siyasət meydanında uğur qazanmaq istəyən gənclərimiz, gənc həkimlərimiz, gənc ziyalılarımız klassiklərimizin, ümumilikdə nə yazdıqlarını, nə istədiklərini bilirlər, amma prosesin incəliklərindən, detallarından xəbərləri yoxdu. Ona görə də xalqı tanımırlar, nəticədə xalqla ünsiyyətə girə bilmirlər. Əgər onlar klassiklərimizi oxusaydılar o zaman əsrin əvvəllərində bir dəstə insanın necə böyük fədakarlıqlar etdiklərini dərindən hiss edərdilər. Bu fədakarlıqdan, bu cəsarətdən güc alardılar. Bilərdilər ki, yüz ildə biz heç dəyişməmişik deyən adamlar necə böyük bir səhvə yol verirlər. Bilərdilər ki, yüz il bundan əvvəl bir dəstə fədakar insan bizim savadsız, köntöy, cəhalət bataqlığında boğulan ata-babalarımıza yiyə durublar. Onların avamlığından, əyin-başlarından, bit-birəsindən qorxmayıblar. “Molla Nəsrəddin” jurnalının ilk nömrəsinin necə nəşr olunduğunu bilsəydilər öz tənbəlliklərinə görə xəcalət çəkərdilər. Sivil dünyayla əlaqə yaratmaq üçün adamların necə böyük əzab çəkdiyini yəqin ki, başa düşərdilər. Bu gün baş verən bir çox proseslərin səbəbini anlayardılar. Problemlərin mənbəyini öyrənmək xeyli asanlaşardı.

Bəzən klassiklərimizi davamlı olaraq təbliğ etməyim bir çox insanlar da belə bir fikir oyadır ki, mən adamları yüz il əvvələ qaytarmaq istəyirəm. Xeyr, bu haqda az sonra. Bəzi insanlar düşünürlər ki, “Molla Nəsrəddin” məktəbi ona görə qalib gəldi ki, Sovet hökuməti bu məktəbin nümayəndələrinin əsərlərini yüksək tirajla nəşr edib kitabxanalara yaydı. Bu məktəbin nümayəndələrinin əsərlərini dərsliklərə əlavə etdi. Onların əsərlərinə bədii filmlər çəkildi. Ölkə teatrlarında tamaşalar oynanıldı. Düzdür, bütün bunlar “Molla Nəsrəddin” məktəbini geniş xalq kütlələrinə tanıtdırdı. Bunu inkar etmək ədalətsizlik olardı. Bu öz yerində. Amma məsələ ondadır ki, “Molla Nəsrəddin”çilər elə zamanında da qalib gəlmişdilər. Ona görə yox ki, onların hamısı dahi idi. Ona görə ki, onların tutduqları yol doğru yol idi. Bu yol gələcəyə, inkişafa, tərəqqiyə, elmə, savada, yeniliyə aparan yol idi. Tarix özü bu yolun doğru yol olduğunu sübut etdi. Söz oyunu, gül-bülbül, şam-pərvanə hoqqabazlığı, şərq boşboğazlığı deyil, fikir, sağlam istiqamət qalib gəldi. Dünyanın bir çox xalqları başqa xalqları təqlid edərək, başqalarından mədəniyyəti öyrənərək, əxz edərək inkişaf ediblər və nəticədə öz mədəniyyətlərini, öz ədəbiyyatlarını, öz kinolarını yaradıblar. İnkişaf çox vaxt təqliddən başlayır. Ruslar da fransız mədəniyyətini təqlid edirdilər. Rus dilində yazmağa qorxurdular. Napoleon Rusiyaya hücum edəndə ruslar həm de ona görə qorxurdular ki, onlar öz allahları ilə vuruşmağa məcbur idilər. Lakin Puşkinlə başlayan rus ədəbiyyatı güclü inkişaf yolu keçdi. Qısa müddətdə dünya ədəbiyyatının bir neçə nəhəng nümayəndəsi yetişdi. Fransız ədəbiyyatını, fransızları təqlid etməklə başlayan rus ədəbiyyatı sonradan öz orijinallığını ortaya qoydu. Əsas istiqamətin sağlam olmasıdı, inkişaf sonra başlayır. Əlbəttə, “Molla Nəsrəddin”çilərin əsərlərində xeyli qüsurlar, boşluqlar tapmaq olar. Amma bu qüsurlar həmin əsərlərin dəyərinə ciddi xələl gətirmir. Əvvəla o vurhavurda yazmaq çətin idi. Bədbəxtlər bilmirdilər jurnal nəşr etsinlər, pul tapsınlar, özlərini qorusunlar, yoxsa əsər yazsınlar. Cəhalət hər tərəfi bürüyüb. Adamlar oxuma-yazma bilmirlər. Qoçular meydan sulayır, mollalar uşaqların məktəbə getməsinə imkan vermirlər. Deyirlər ki, orda uşaqlara donuz əti yedizdirirlər. Mirzə Cəlilin bir məqaləsi var. “Molla” adında. Bir kəndə gedir. Orda görür ki, uşaqlar erməni kəndindəki kimi məktəbə gedirlər. Başlayır bu sirrin səbəbin öyrənməyə. Məlum olur ki, bu kənddə molla yoxdur. Ona görə uşaqlar məktəbə rahat gedib gələ bilirlər. İş görə bilən adam az, problem çox, pul və güvən yox. Bu şəraitdə yaradıcılıqla məşğul olmaq asan deyildi. Həm də ənənənin yerli-dibli olmadığı bir ölkədə. Təbrizdə “Ölülər” tamaşasını göstərəndə aktyorlar səhnəyə tapançayla çıxmışdılar. Qadın rolu oynamağa adam tapılmırdı. Nəcəf bəy Vəzirov ahıl yaşında qadın rolu oynamağa məcbur olmuşdu. Vəziyyətin ağırlığın göstərən faktlar çoxdu. Bütün bunlar onların fəaliyyət göstərməsinə mane olmurdu. Sokratın təbirincə desəm sınaqdan çıxmamış həyat, həyat deyil. Yuxarıda da qeyd etdiyim kimi əsas istiqamətin sağlam olmasıdı, inkişaf sonra başlayır. Bu mənada Azərbaycan klassiklərinin və maarifçilərinin tutduqları yol və göstərdikləri istiqamət Azərbaycan xalqı ucun bu vaxta qədər göstərilən ən doğru yol, ən sağlam istiqamətdir.


Kulis.az
Seymur Baycan

Kultura.az | Developed by Samir Yahyazade