Əkrəm Əylisli: Əllərimi kəsərdim

Интервью

 

- Yadıma düşmüşkən bir sual verim, sonra mövzumuzu davam edərik. Rayon, kənd mühitindən çıxmış yazıçıları tənqid edirlər ki, onlar şəhərdə otura-otura kənd həyatını yazırlar. Buna münasibətiniz necədi?

- Bu heç bir dəftər-kitaba sığmayan nadanlıqdı.  Bu sözləri deyən ədəbiyyatdan xəbərsiz adamdı. Adamın belə şeyi dilinə gətirməsi gülüncdü. 

- Mənə də bu bölgü həmişə lazımsız görünüb. Bir dəfə bir təbrizli dostumuzla oturmuşduq. O yaxşı bir sual verdi mənə. Dedi ki, sən özünü kənd yazıçısı hesab edirsən, yoxsa şəhər yazıçısı? Dedim  hadisə mənimlə nə qədər bağlıdısa, onu yazıram. Bu hadisə kəndə də ola bilər, şəhərdə də. Məncə, bu lazımsız bölgüdü və bir adamı sıxıb demək olmaz sən niyə kənddən yazırsan və ya niyə şəhərdən yazmırsan? Əkrəm müəllim, qayıdaq xatirələrə. Elə bir insan varmı ki, siz onunla söhbət etmək, dərdləşmək istəyərdiniz, amma o indi yoxdu,  başqa dünyadadı?

- Bu haqda danışmağa adam bir az sıxıntı çəkir. O adamlar ki, mənimlə bir yerdə olurdu, onlar dünyanın o yerinə köçdü ki, orda nə uşaqlıq var,  nə də xatirə. Orda aydın məqsədlər var, karyera var,  qazanmaq məqsədi var. Mənə elə gəlir ki, mən o tərəfə köçmədim. Mən qaldım çayın bu tərəfində, onlar keçdi o tərəfə və çox uzaqlaşdılar. Bu şeylərdən baş aça bilmirəm. Bir vaxtlar söhbətim tutduğu adamları indi tanıya  bilmirəm. Necə dəyişdilər? Niyə dəyişdilər? Mənimlə oturan, söhbət edən axı bu adam deyildi? Hərdən mənə elə gəlir ki, fiziki cəhətdən sifətləri də dəyişdi. Məsələn, mən Fikrət Qocayla bir gecə Kür çayının bir tərəfindən, o bir tərəfinə üzüb keçmişəm. Bunu yaddan çıxarmaq olarmı? 

Dost bir az qəliz söhbətdi. Bizim nəsildə cox maraqlı adam Yusif Səmədoğlu idi. Sabir Əhmədli yaxşı yazıçı idi, amma maraqlı adam deyildi. Maraqlı insanla, maraqlı yazıçı fərqlidi. Mirzə Cəlil heç maraqlı insan deyildi, amma maraqlı yazıçı idi. Amma ən dəhşətlisi budur ki, bir də ayılıb görürsən ki, sənin yanındakı sənin tanıdığın adam deyil. Əxlaqı da başqadı. Mən niyə ayrıldım öz nəslimdən? Kim istəyər bu yaşda dost itirə? Məcburən ayrılmalı oldum. Gördüm bunlar tamam başqadı. Mənim bunlarla bir yerdə olmağım mümkün deyil. Açıq deyirəm, bu yaxınlarda Finlandiyadan iki qadın gəlmişdi və orda çıxan kitablarımı gətirmişdilər. Görüşdüm, söhbət etdik. Ayrılanda onlar da ağladı, mən də. Çünki mənə elə gəldi ki, danışa biləcəyim adamlar onlar idi, getdilər. Azərbaycan mühitində ən dəhşətlisi budur ki,  30-cu illərdən qalan, o qorxunun hesabına müstəqil yazıçıların ünsiyət problemi olub. İnsan həmişə tənhalığından qorxur. Cəmiyyət həddən artıq saxtalaşıb. Aydın gördüyümüz həqiqətləri bizə yalan kimi qandırmaq istəyirlər. Doğrunu yalan şəklində təbliğ edirlər. Eynilə George Orwellin "1984" əsəri indi Azərbaycanda baş verir. Mən artıq bunu çoxdan hiss edirəm. Yəni insanlar insani keyfiyyətindən çox uzaqlaşıblar. Məsələn, mən Ermənistanda sovet dövründə olmuşam. Bunu yazanda ehtiyatlı yazın ki, birdən yenə deyərlər erməniləri təbliğ edir. Onların ziyalı mühitində olmuşam. Axşam necə yığışmaqlarını, necə söhbət etməklərini görmüşəm. Ora sırf içmək üçün yığışmırdılar. O mühitə mən həmin vaxt heyrət etdim ki, Azərbaycanda niyə belə bir mühit yoxdu? Azərbaycanda mənəvi ünsiyyət artıq mümkün deyil.

 - Əkrəm müəllim, Azərbaycan oxucusundan nə dərəcədə razısınız? Azərbaycan oxucusu bədii cəhətdən sizi qane edirmi? Necə bilirsiz, sizi başa düşə biliblər, duya biliblər?

- Məni başa düşməyiblər.  Zaman gələcək və biləcəklər ki, mən Azərbaycan xalqının real taleyini yazmışam, Azərbaycan insanının müsibətini, çətinliyini  yazmışam. Oturub “Beş mərtəbəli evin altıncı mərtəbəsi”ni yazmamışam. Mənasız şeylər yazmamışam. Əlimi kəsərəm elə əsər yazsam. Bütün ömrü boyu çalışmışam ki, yazılarımı Azərbaycanın taleyi kimi oxusunlar. Abstrakt, mücərrəd mövzu yazmamışam. Yazdıqlarımın hamısında insan taleyi var. Mənim çox əziz yazılarımdan biri "Yas yerindən reportaj"dı.  Ziyalı taleyi var orda. Mənim tale yazılarımdan biri də  "Ürək yaman şeydir" yazısıdı. Orda mənim taleyimdən söhbət gedir.

- Yəni, bizim oxucular sizi istədiyiniz qədər duymayıb. Mən hələ bədii cəhətdən deyirəm...

- Xeyr. Lap elə son əsərə gələk. Biri tanışıma deyib ki, Əkrəm Əlisli o nədi yazıb? O da sual verib ki, sən o əsəri oxumusan? Deyib yox. Bu tərzdə yanaşma var. Oxumuyubsa, yanaşması aydındı. Burda mürəkkəb bir şey yoxdu. Amma o biri əsərlərimin də lazımınca başa düşülmədiyini görürəm. İnsan həyatını bu dərəcədə sadə şəkildə yazasan, amma anlaşılmaya. Orda nə var başa düşülməməli? Qadının əri müharibədən gəlir. Qadının matəmi başlayır. Əri müharibədən gələndə qadın sevinməliydi, amma kədərlənir. Əri müharibədən gələndə kədərlənən qadın obrazını kim yarada bilər? Bunun səbəbi odu ki, qadın ərini sevməyib. Elementar şeyləri anlamırlar. 

- Əkrəm müəllim, siz başqa dillərə də tərcümə olunmusunuz. Son dövrləri demirəm, əvvəlləri nəzərdə tuturam. Sizin əsərləri  sovet xalqlarının, Şərqi Avropa xalqlarının dillərinə tərcümə ediblər. Necə bilirsiz, sizi harda yaxşı başa düşüblər, sizi harda daha cox hiss ediblər?

- Mənə elə gəlir ki, ən çox Rusiyada. Yadıma gəlir, Əziz Nesin Bakıya gəlmişdi. Hamı töküldü Əziz Nesinin üstünə ki, bizim əsərlərimizi Türkiyədə çap eləmirlər. O da əsəbləşib dedi ki, gedin böyük qapıdan gəlin. O vaxt ədəbiyyatın böyük qapısı Moskva idi. 

- Hər bir yazıçının camaat tərəfindən qəbul edilmiş məşhur əsəri olur, bir də yazıçının özünün güclü hesab elədiyi əsər olur. Sizi lazımı qədər oxumuşam. Mənə elə gəlir ki, ən güclü əsəriniz "Ağdərə"di. Siz necə düşünürsüz, ən güclü əsəriniz hansıdı?

- "Ağdərə"də bəzi məqamlar sənin qədər mənə də əzizdi. Ən güclü əsərlərimin adını çəksəm, birinci "Bir misranın yuxusu"nu çəkərəm. İkinci "Güllü paltar mövsümü"nü deyərdim. "Ağdərə"də mənə xoş gələn yerlər də var, zəif gələn yerlər də.

- Əkrəm müəllim necə düşünürsüz, hər şeyi yazmısız?

- "Dağlar deyir ki soyuqdu" povestim haqqında Çingiz Hüseynov yazmışdı ki, bu Əkrəmin ən dəyərli əsərdi. Ancaq oxucular necə sükutla keçdilər bu əsərin üstündən. O povesti  yazanda hiss elədim ki, hələ çox yazmalıyam. 

- Povestdə həqiqətlərin üstünə şığıyan Əkrəm Əylisli görə bilmədim. Siyasi baxımdan deyil, yaradıcılıq baxımından. Orda boğulan Əkrəm Əylisli gördüm. Daha cəsarətli yazmaq olardı. Bilmirəm, bəlkə də o dünyanı tam dağıtmağa əliniz gəlməmişdi. Səbəbini özünüz daha yaxşı bilərsiniz...

- Seymur,  bu gün Azərbaycan bir mənəvi boğuntu içindədisə, əsərim necə başqa cür yazıla bilərdi? Mən boğulmaqda olan, itməkdə olan dünyanı yazmışam. Əsər çox ağır əsərdi. 

- Əkrəm müəllim bir sual da verim. Sovet dövründə niyə bizdə sovet respublikalarının qəbul edəcəyi səviyyədə, hamının tanıya biləcəyi səviyyədə yazıçı yetişməyib? Hamı kifayət qədər də nəşr olunub. Heç kim deyə bilməz məni nəşr etməyiblər. Bu yaxınlarda Tiflisdə bazarda gəzərkən İlyas Əfəndiyevin “Moladaya Qvardiya” nəşriyyatında çıxmış kitabıyla rastlaşdım. Hətta bu gün Azərbaycan oxucularına adı məlum olmayan yazıçıların belə o dövrdə 15-20 əsərləri başqa dillərə tərcümə olunub. Bəs niyə bizdən hamının qəbul edəcəyi, tanıya biləcəyi səviyyədə yazıçı çıxmadı? Tutaq ki, Aytmatov kimi…

- Mənə elə gəlir ki, Aytmatov rusca yazdığına görə geniş yayıldı. İkincisi, Aytmatovun yazıçı taleyi mənim üçün heç bir göstərici deyil. Mənə görə, Şukşin ondan daha yaxşı yazıçıdı. Çingiz Aytmatov məni heç vaxt cəlb etməyib.

- Mən söhbəti Aytmatov üzərində qurmaq istəmirdim, sadəcə misal olaraq dedim...

- Mən sənə olanı deyirəm. Məsələn, mən Çingiz Aytmatovun "Əlvida Gülsarı" əsərini çox yüksək səviyyədə tərcümə etmişdim. Əsəri tərcümə edərkən onu bir yazıçı olaraq gördüm. Çingiz Aytmatovun əsərində çobanla raykom katibi çətin dildə danışır. Mən məcbur oldum ora bir az əlavələr etdim. Aytmatov üzdə olan şeyləri yazıb. Çingizi də çox şişirtmək lazım deyil..

Seymur Baycan

Elkin Xəlilov

Qaynar.info

Kultura.az | Developed by Samir Yahyazade