Gülnar Səlimova: Ukraniyadakı azərbaycanlı tələbələr

Интервью

 

İş elə gətirdi ki, müsabiqə yolu ilə bir müddətlik Kiyevdə qəzetlərin birində iş təcrübəsi qazandım. Burada qalacağım müddətdə Kiyevdəki hostellərin birində qalmaq qərarına gəldim. Ev kirayə götürüb tək qalmaqdansa, burada qalacağım günlərin daha maraqlı keçməsi və yeni-yeni insanlarla tanış olmaq üçün hostel əla fürsətdi. Dünyanın bütün yolları məhz elə buradan keçir.


Burada nəinki dünyadan, ümumən Ukraynanın bir çox şəhərlərindən gələnlərin də az olmadığını gördüm və onlardan bir çoxları ilə tanış oldum. Tanış oldqularımdan biri də Vasiliy Tomashuk oldu. Qərbi Ukraynadan, daha dəqiq desəm Lutsk şəhərindən Kiyeve iş təcrübəsi keçmək üçün gəlib. 22 yaşı var, Ukrayna Gömrük Xidməti Akademiyasının məzunudur.

 
"Siz haradan gəlmisiniz?" sualına cavabı eşidəndə anlaşılmaz bir reaksiya gördüm üzündə. "Bakıdanam" dedim - "Azərbaycandan".
Söhbət elə buradan başladı. Vasiliy sən demə azərbaycanlılarla çox tez-tez rastlaşırmış. Hətta onlarla bir universitetdə də oxuyub. Təəssüf ki, çox neqativ hekayətlər eşitdim ondan. Və hər dəfəsində də utandığımdan nə deyəcəyimi, necə deyəcəyimi bilmədim. Sadəcə təmkinlə onu dinləyib, daha çox bizlər haqqında nə düşündüyünü öyrənmək üçün suallarımı soruşmağa davam etdim. 


- Belə bir deyim var bizdə "девиантное поведение" (“Deviant özünüaparma” – ümumi və geniş yayılmış, qəbuledilmiş qaydalara zidd özünüaparma), bax, onlar məhz bu cür özlərini aparırlar. Tamam fərqlidirlər. Misal üçün, bizim tələbələrdən biri hər hansı bir səbəbdən auditoriyadan çıxmazdan öncə müəllimdən adətən icazə alır, amma azərbaycanlılar kefləri nə zaman istəyir heç bir şey soruşmadan, heç bir şey demədən durub çıxıb gedirdilər. Və ya görürdün ki, gecə saat 2-də yataqxanada ləzginka musiqisini qoşub səs-küylə rəqs etməyə başlayırdılar.
 

- Hmm...
- Bilmirəm bu bütün qafqazlılara aid xüsusiyyətdir yoxsa yox?
- Təbii ki, yox. ...dərs oxumaqları haqda nə deyə bilərsən?
- Dərs oxuduqlarını demək olar ki, görməmişəm, nəinki ukrayna, rus dilində belə danışa bilmirlər. Misalçün, onlara rus dilində sual verirsən, onlarsa sənə azərbaycan dilində cavab verirlər. Amma mən azərbaycanca bilmirəm axı (gülür).


Bundan əlavə, yenicə tanış olduğum Vasiliy, azərbaycanlıların odlu silahla belə universitetə dərsə gəldiyini bildirdi. – bilmədim buna nə deyim...
- Odlu silahla?! – təəccübdən savayı bir şey əlavə edə bilmədim.
- Hə, təsəvvür edirsən? Onu da deyim ki, əgər hər hansı bir narazılıq olurdusa, onlar söhbət etməyə heç vaxt tək gəlməzdilər. Dostları tanışları yaxın həndəvərdə kim varsa hamısı davaya gəlirdi.
- Tez-tez mübahisələr olurdu? 
- Mübahisə yox, ancaq dava. Mübahisə edən olmurdu (gülür). Hətta, tutaq ki, ukraynalılardan hər hansı biri azərbaycanlının səhv etdiyi bir şey üstündə və ya lap səhv olmasın xırda bir anlaşılmazlıq olsun, ukraynalı azərbaycanlıya yaxınlaşıb məsələni aydınlaşdırmağa çalışanda, azərbaycanlı anidən qəzəblənirdi, davaya başlayırdı. 
- Hə, çılğınlıq demək olar ki, bütün qafqazlılara xasdır.
- Ona görə də söhbət uzanırdı və bir də görürdün bir qrup qara şalvarlı, qara gödəkcəli dəstə gəlir sənin üstünə. Ona görə də heç kim onlarla ünsiyyətə girmək istəmirdi. Adi vaxtda da onların tək olduğunu heç vaxt görməzdin. Qara gödəkcələrdə, qara şalvarlarda adətən gəzirlər, heç vaxt da papaq taxmazlar. Şaxtalı hava olsa belə. 
- Vasya, demək istəyirsən indi oxuduğun illər ərzində bir nəfər də olsun oxuyan bir azərbaycanlı görməmisən? – yaxşı deyiblər “suda batan saman çöpündən də yapışar” bu dialoq zamanı elə bu cür hiss edirdim özümü, az da olsa bir ümidim vardı ki, oxuyan biri olmamış olmaz. 
- Var idi, amma çox az. 25 nəfərdən biri. O da qrupda sinifkom olardı. 
Mövzu ətrafında danışarkən onu da öyrəndim ki, azərbaycanlılar o qədər "bespredel" olublar ki, universitet rəhbərliyi hətta təhsil ocağının tam bir mərtəbəsini məhz azərbaycanlılar üçün ayırıbmış. Həmin mərtəbədə yalnız həmyerlilərimiz oxuyurlarmış, əgər buna oxumaq demək mümkünsə...
- Amma bu rəhbərlik tərəfindən heç də düzgün atılan addım deyil, Vasya. Onları əksinə, universitetə, ümumi qaydalara adaptasiya etdirmək əvəzinə, tam bir rahat məkan ayırıblar ki, nə istəyirsiniz edin, təki bizim başımızı ağrıtmayın. 
- Haqlısan, amma nə etmək olar. Heç kim onlara baş qoşmaq istəmir. Onsuz oxumurlar, özləri də deyirdilər ki, bizə ancaq diplom lazımdır.
- Dili bilmirlərsə bəs imtahanı necə verirdilər? Müəllimlərə rüşvət verirdilər?
- Yox, adətən imtahanlarda müəllim deyir ancaq dərslərə gəldiyinə görə 3 verə bilərəm, qane edir? Təbii ki, onları da bu qiymət qane edirdi. Elə bir kursdan növbeəi kursa keçmək üçün onlara 3 kifayət edirdi. 


Təbii ki, Ukraynada olduğumuz üçün ukraynalı qızlarla azərbaycanlıların münasibətini də soruşmalı idim. Sualımı eşidən Vasyanın üzündə yaranan təbəssümə də, ondan eşitdiklərimə də təəccüblənmədim: “Oh, bu tamam başqa mövzudur...” (gülür). 
Onun sözlərinə görə, ukraynalı qızlar hər zaman azərbaycanlılardan kənar gəzməyə çalışıblar. Təbii ki, söz-söhbət də olub. Ancaq nə qədər maraqlansam da Vasya bu haqda söhbətin üstündən hər dəfə çox böyük məharətlə keçirdi. 


Vasya müqayisə üçün oxuduğu universitetdə Qazaxıstandan gələn tələbələri də xatırladı: “Müqayisə edilməzdi, sanki iki fərqli dünyanın nümayəndələridirlər”. 
Söhbətimizin sonunda əlimdən gələn yalnız o oldu ki, Vasyanı inandırmağa çalışım ki, biz hamımız belə deyilik. İllərdir şüuraltı qurduğu o stereotipi bir kənara qoyub, önyarqılı olmasın.
Bu kimi halların sonu necə olacağı, nə ilə nəticələnəcəyi haqda bir şey deyə bilməyəcəyəm, çünki heç bir təxminim yoxdur, sadəcə acizanə bir ümidim var ki, bəlkə ölkədə nə vaxtsa bütün bunlara səbəb olan siyasi sistem dəyişə, təhsil və mədəniyyət lazımı səviyyədə təbliğ oluna ki, başqa ölkələrə gedən həmyerlilərimiz də getdikləri yerdə mədəniyyətsiz, barbar azərbaycanlı obrazı yaratmaya. Biz də fərdlər olaraq, böyük çoxluğun utancını yaşamayaq.

 

Gülnar Səlimova

Kultura.az | Developed by Samir Yahyazade