post-title

Bizi cırmaq istəyənlər

Bu günlərdə sosial şəbəkələrin birində Xatirə İslam adlı müğənninin xalqa müraciətlə “Hökumətlə işiniz olmasın, manat düşübsə o neyləsin, ay səviyyəsizlər? Çox danışmayın, sizi ortadan cıraram. Qaraçı kimi doluşub mağazalardan bütün malları aldınız” və sairə və ilaxır məzmunlu yazısını oxuyası oldum. Müğənni elə ortadan cırmağa hazır olduğu insanların təzyiqlərinin qarşılığında yazısını sonradan sildiyindən fikirlərinin məzmununu yazdım, amma bu onun xeyrinədir ki, ziyanına deyil, çünki mən şəxsindən fərqli olaraq həm bütün qrammatik normaları gözləmişəm, həm də şanlı məktubunu el içinə çıxacaq hala gətirmişəm.

 
 
Əslində savaddan, bəşəri dəyərlərdən bir xeyli uzaq bir insanın bu fikirlərinin üstündən rahatlıqla ötüb keçmək olardı amma elə həmin günlərdə müğənnilərin devalivasiyadan sonra peykimizin yanına gedib çıxmış yeni toy “daskı”larını  gördükdən sonra istədim  Xatirənin səviyyəsiz və qaraçı adlandırdığı xalqdan yaxşı yöndə heç bir fərqi olmadığı və hətta onların bu hala gəlib çatmasında xüsusi bir əməyi olduğu haqqında bir-iki kəlmə yazım. 
 
Öncəliklə, şou-biznes deyilən bir kəsimin necə səviyyədən, savaddan məhrum bir toplu olduğunu, hətta o fantastik qiymətləri onlara verib toylarına gətirən insanların belə bildiyinə heç kimin şübhəsi yoxdur. Etiraf edək ki, beynini yetərincə inkişaf etdirməyib sivil dünyadan bir xeyli uzaq qalan, ancaq az-çox pulu da olan insanlar üçün səviyyəsizliyə, bambılılığa baxıb mənasızca qəhqəhələr atmaq hər zaman əyləncəli olub. Vaxtı ilə müəyyən qədər mülki olan az qala bütün varlı xan, bəy, şahların təlxəkləri olurdu, kefsiz olduqlarında oynadır, oxudur, danışdırır əylənirdilər. Yemlərini, sularını, zınqırov, daş-qaşlarını isə əskik etmirdilər ki, təlxəklər özlərini dəyərli hiss etsinlər və beləliklə, gün o günlər olurdu ki, özünü şahın ən dəyərlisi hesab edən təlxək şahın özünü belə təqlid edə, söz ata, məzələnə bilirdi. 
 
İndi məhz xalqın bu təlxək sevmə boşluğundan istifadə edib insanların zehin israfı, fiziki yorğunluq bahasına bir ildə zorla qazandığı məbləği bir günlük toy məclisindən qazanan bir müğənni xalqına səviyyəsiz deyirsə, istər istəməz adam bu işdə bir harınlıq halının olmasını görməyə bilmir. Qazanılan bu fantastik məbləğlər barı musiqi savadının artırılmasına, sənətə, musiqi intellektinə xərclənsə bəlkə də hərşey bu dərəcədə ox olub adamın gözünə batmaz, amma içi Xatirə qarışıq az qala 90% müğənninin not, salfeca bilmədiyi, klassik musiqi dahilərinin heç birini tanımadığı, üstəlik Azərbaycan dilində normal danışa, yaza bilmədiklərini görəndə adam şəxsi, mənəvi, zehni, praktiki bazası bu qədər zəif olan insanların zərrə qədər utanc hiss duymadan xalqı necə hədələyə bildiyinə təəccüb edir. El arasında belə şeylərə cahil cəsarəti deyirlər. 
 
 İnsanların qalxan qiymətlərdən qorunmaq üçün devalvasiya xəbəri çıxan kimi mağazalara kütləvi hücumu, qənaəti, boğazından kəsib sizə verib toylarına dəvəti olmasa idi siz indi bu qədər yağ bal içində ucsuz-bucaqsız villalarınız, maşınlarınızdan bahalı telefonlarınızla xalqı təhqir edə bilməzdiz. Sizin səviyyəsizliyinizə olan mənasızca marağın onların bu hala düşməyində böyük rolu var.  Bir savadsız və yüngül müğənni kimi sənət və həyatınızın ən böyük uyumlu dueti xalqın sizin zınqırovlarınızın cingiltili səsi olmadan həyatlarını, televiziya və xeyir işlərini təsəvvür etməməsi ilədir. Onlar olmasa siz olmazsız, siz olmasaz bu hərislik olmaz. Amma qudurğanlığınız bir az da belə davam edib hər addımda xalqı təhqirlə davam edərsə, bir səhər şah oyanıb sarayından sevimli təlxəyi acımasızca qovub yeni təlxək tapacaq. Nə çoxdur atılıb düşməklə, ağzı yavalıqla rahat həyat həvəsində olan təlxək.
 
Bu biabırçılıq, bu ucu-bucağı görünməyən kütlük haqqında xeyli danışmaq olar. Ancaq mənasızlıq və boşluq haqqında uzun uzadı danışmağın özü də mənasızlıq olduğu üçün məcburam uzatmayam. Bizə yenə qalan bütün bunların kökünün nə zaman kəsiləcəyini düşünməkdir. Qısaca, çətindir.
 
Aygül Qurbanova
 
Kultura.az
Yuxarı