Şikayətlənmək haqqı qazanmaq

 
 
Bir sözlə, bu “şən və hazırcavab” cənabları narahat edən üzləşdikləri senzuradır.
 
Açığı, mən onların tamaşalarına demək olar, baxmamışam, arabir Bakı-Qazax avtobusunda uzaq yol gedərkən izləməli olmuşam və heç bir estetik zövq almamışam. Ətrafımda onların səhnəciklərinə gülən adamları görəndə də xeyli təəccüblənmişəm, fikirləşmişəm, yəqin mənim yumor hissim tamamilə ölüb.
 
Digər tərəfdən, icazəli cəsarət məni həmişə iyrəndirir. Düzdür, indi onlar deyirlər ki, vaxtilə, hətta ölkə rəhbərlərinin qarşısında parodik və tənqidi tamaşalar göstəriblər və buna görə heç vaxt senzura ilə qarşılaşmayıblar. Amma bu, əlbəttə, tənqidə dözümlülükdən irəli gəlmir, həmin tamaşaların “icazəli cəsarətin”, “təhlükəsiz tənqidin” məhsulu olmasından, hakimiyyət və cəmiyyət üçün sonuncu dərəcəli məsələlər və mövzuları hədəf seçməsindən, ifşa etməsindən doğur.
 
Azərbaycanda 22 ildir nəzarətdənkənar ən xırda tənqid belə, qəbuledilməz sayır, siyasi hakimiyyət üçün həssas mövzulara baş vurmağın bədəli həmişə ağır olub. Cahangir Əsgərova “Canik” deyib şit ironiya etmək, ya da Hacıbala Abutalıbovla mırt tutmaq nə vaxtsa normativ idi, saraydakıları əyləndirirdi. Necə ki, məsələn, ANS-ə də hardasa kanalizasiya lyuklarının ağzının açıq qalmasını, yaxud başqa bir yerdə “JEK” əməkdaşının arayışa görə vətəndaşdan rüşvət almasını ifşa və tənqid etmək haqqı verilirdi.
 
Ümumilikdə isə Azərbaycanda bütün azadlıqlar kimi, yaradıcı azadlıqlar üzərində də ciddi basqı, təhdid daim olub, zaman-zaman nəyi necə yazmağın, danışmağın, göstərməyin lazım gəldiyinə dair özünəməxsus kriteriyalar müəyyənləşib. Həmin kriteriyalara görə, ola bilsin dünən polisə yüngül formada “ilişmək”, onu iynələmək icazəsi vardı, bu günsə yoxdur! Cənab “şən və hazırcavablar”, bunu başa düşmək lazımdır: əgər bir ölkədə azadlıqların sərhədləri hakim rejim tərəfindən çizilir, siz də belə hakimiyyətə daim tost deyib tərif söyləyirsinizsə, o zaman onların müəyyənləşdirdiyi “yaradıcılıq kriteriyalarına” da öyrəşməli və tabe olmalısınız.
 
Vaxt vardı aranızdan biri polis sistemində çalışırdı, 2000-ci illərin əvvəllərində xalqın haqlı etiraz aksiyalarında iştirak edənlərin işgəncəyə məruz qalmasında əməyini əsirgəmirdi. Yəni mövcud idarəetmə həm də sizin əsərinizdir, ondan hər hansı formada gileylənmək haqqınız yoxdur. Düzdür, açıqlamalarınızda deyirsiniz, sizə məlum senzura tapşırığının polis orqanlarından gəlmədiyini söyləyiblər, bu, tamaşanın göstərilməli olduğu telekanalın təşəbbüsü imiş. Əlbəttə, inandırıcı deyil, amma bir anlıq təsəvvür edək ki, doğrudan belədir. Normal, demokratik, hüquqi bir cəmiyyətdə hər hansı telekanalın, sənət dəyərindən asılı olmayaraq, hər hansı tamaşaya, filmə, ümumilikdə isə fikrə, düşüncəyə, xəbərə yasaq qoymasını təsəvvür etmək mümkündürmü? Azərbaycanda isə telekanalların hansı şərtlərlə fəaliyyət göstərdiyini hər kəs bilir. Bu şərtləri yalnız siyasi sistem yaratmayıb, həm də şəxsi mənafelərdən çıxış edərək onun möhkəmlənməsində, güclənməsində iştirakçı olmuş hər kəs birlikdə, əl-ələ verərək yaradıb.
 
Ona görə də hər kəs bu gün hansısa haqsızlıqla üzləşəndə, giley-güzar edəndə ilk növbədə özünə bu sualı verməlidir: ölkədə belə anormal mühitin yaranmasında mənim rolum varmı, iştirakım, xidmətim, əməyim varmı? Varsa, daha şikayətlənmək nə üçün? Hər kəs zəhmət çəksin, öz əkdiyi ağacın meyvəsini də ləzzətlə nuş etsin.
 
Qısası, şikayətlənmək haqqını da qazanmaq lazımdır.
 
Elnur Astanbəyli
 
Azadliq.info
Kultura.az | Developed by Samir Yahyazade