post-title

Pul, yoxsa insan...

\"Pulun insanları təmbəlləşdirdiyi kimi aclıq da insanları normal davranış qaydalarından uzaqlaşdırır.\" (Corc Oruell \"Paris ve Londonda qara qəpiksiz\")

 
İkinci devalvasiya olmamışdan qabaq, Corc Oruellin bu kitabını oxumağa başlamışam. 
 
Elə yuxarıdakı sitatı da zaraftayana bir dəfə sosial şəbəkədə paylaşmışdım: krizis dövrüdür, hazır olun dedim. 
 
Amma sən saydığını say gör Mərkəzi Bank nə sayır. Aradan 5 gün keçməmiş ikinci devalvasiya oldu. Dövlət rəsmiləri çıxıb dedilər ki, devalvasiya deyil, "üzən məzənnə"dir. Manatı buraxıblar üzməyə...
 
Zarafatyana yazdığım status da bir az da gerçəkləşdi. Dünən oturub kitabı tam bitirdim. Düzdür, Corc Oruellin yazdığı əsər ilə bizim indi düşdüyümüz vəziyyət arasında bir xeyli fərqlər var. 
 
Əvvala, Corc Oruellin bu əsəri avtobiaqrafik əsər hesab olunur. Tənqidçilərin fikirincə, bu elə Oruellin özüdür. Parisdə və Londonda başına gələnləri qeyd edir. 
 
Amma ümumilikdə hadisələr Ourelin bu cümləsi ətrafında cərəyan edir: "Pulun insanları təmbəlləşdirdiyi kimi aclıq da insanları normal davranış qaydalarından uzaqlaşdırır"
 
Ourelin fikirincə, aclıq insanları normal davranış qaydalarından uzaqlaşdırır. Əsəbi, aqressiv və ya mülayim, kiməsə yarınmağa hazır duruma salır. 
 
Dünən devalvasiya xəbərindən sonra insanların kütləvi marketlərə axışı başladı. Elə bil qaça-qaç idi: çay, yağ, düyü, qənd, ət alan kimi, çörəyi 4-5 dənə götürən kim, alış-veriş üstündə mübahisə edən kim... Bəzi marketlər isə ərzaqların satışını məhdudlaşdırdı, məsələn bir şəxsə iki qutudan artıq qənd, siqaret satmırdılar.
 
Yadıma benzinin qiymətinin artdığı zaman düşdü. Hamı yanacaqdoldurma məntəqələrinə qaçırdı. Sanki ömür boyu bir "baçok" benzinlə maşın sürəcəkdilər. Dünən də belə oldu. Sanki 5 paçka çayla həyatlarını yola verəcəklər. 10 kilo əti bir ömür yeyəcəklər.
 
Başa düşmədilər ki, vətəndaş olmaq lazımdır, turist yox. Serial qəhrəmanları kimi özlərini aparırdılar. İstənilən ciddi bir mövzudan danışırdın, çıxıb "Kurtlar Vadisi"ndən misal çəkirdilər. Massonlardan danışırdılar, yol göstərənlərə də lağ edirdilər. 
 
İndi düşüblər çıxılmaz duruma: qənd, çay, çörək dalıyca qaçırlar. Bir dəfə də haqlarının, vətəndaş məsuliyyətlərinin dalıyca qaçsaydılar, indi yəqin, çox şey dəyişərdi.
 
Bu yaxınlarda "12 Angry Men" filminə baxası oldum. Film ABŞ-dan bəhs edir. 
 
Gənc bir oğlan atasını amansızcasına öldürməkdə ittiham edilir və barəsində ölüm hökmü çıxarılır. Ölüm hökmünün ədalətli olub-olmamasını araşdırmaq üçün isə bir-birini tanımayan 12 andlı iştirakçı seçilir. 
 
Andlı iştirakçılar məsələni 10-15 dəqiqə içərisində həll etməyi, qısa zamanda oğlanın ölüm hökmünü rəsmiləşdirməyi düşünürlər. 
 
Amma bir nəfər etiraz edir. O, bu hadisədə qaranlıq məqamların olduğunu deyir. Digər iştirakçılar isə qəzəbli halda etiraz edən şəxsin üstündə düşürlər. O isə sakit halda, arqumentlərini sadalaya-sadalaya: "Mən vətəndaşam, sübhə etdiyim bir məsələdə heç zaman, heç nə olmamış kimi səs verə bilmərəm", - deyə fikirlərini isbatlamağa çalışır. 
 
Təəssəvür edirsiniz, hadisələr 1957-ci ilin ABŞ-ında baş verir. İnsan vətəndaş olduğunu dərk etdiyi üçün etiraz edir. Və filmi tapıb izləsəniz, bir səsin, bir etirazın, bir fərqli fikirin nə demək olduğunu anlayacaqsınız. 
 
İmkanınız olsa Corc Oruellin də "Paris ve Londonda qara qəpiksiz" əsərini oxuyun. Onsuz da bu qış sərt olacaq.
 
Elkin Xəlilov 
 
 
Qaynar.info
Yuxarı