Müharibə haqqında

Сеймур БАЙДЖАН

 
 
 
“Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü” 
 
Hüseyn Cavid
 
Adamlar sadə suallardan doğan həqiqətlərlə üz-üzə qalmamaq üçün qəsdən vəziyyəti mürəkkəbləşdirirlər. Ola bilsin, insan hələ də bir çox həqiqətlərlə üz-üzə qalmaq istəmir. Biz siyasətçi, vəkil, yazıçı, psixoloq, sosioloq, tarixçi oluruq. İnsan olduğumuzu yadımızdan çıxarırıq. Gəlin, tarixə emosional yanaşmayaq və  siyasətçi, vəkil, millətçi, aktyor, rejissor kimi deyil, bir  insan kimi, terminsiz başqalarından sitat gətirmədən, sadə bir suala  cavab verək. İnsanlar niyə müharibə edir?
 
 
Din uğrunda? O necə dindir, o necə allahdır ki, başqasını öldürməyə icazə verir, başqasını öldürməyə təhrik edir? Torpaq uğrunda. Əgər səmərəli və ağıllı istifadə olunsa, təbiətə zərər verilməsə, hamıya çatar, hələ artıq da qalar. Mal, dövlət uğrunda? Əgər ədalətli bölüşdürülsə, hamıya bəs edər. Hamı da rahat dolanar. Bəs o zaman insanlar niyə müharibə edirlər? Siz dindən, millətçilikdən, ideologiyalardan, tarixdən doğan emosiyalarınızı bir kənara qoyun, bir mömin, bir millətçi, bir siyasətçi, bir hərbçi kimi deyil, yalnız və yalnız bir insan kimi müharibə səhnələrini gözünüz önündə canlandırın.
 
Yaxud bir insan kimi müharibədən bəhs edən filmə baxın. İnsanlar ailələrindən ayrılır. Səngərdə yaşayır. Bit-birə onu basır. Xəstəlik yayılır. Uşaqları, arvadı üçün darıxır. Qorxur. Həyəcan keçirir. Sağ qalacağını yoxsa öləcəyini, evinə qayıdıb-qayıtmayacağını bilmir. Siz bir anlıq döyüş səhnəsini bir insan kimi gözünüz önündə canlandırın. Adamlar bir-birinin başına mərmi yağdırır. Bir-birini vəhşicəsinə öldürür. Birini öldürürkən öldürdüyünün ailəsini ömürlük yasa batırır.  Buna görə ona mükafat verirlər. Daha çox öldürməsini təbliğ edirlər.
 
 
Bütün bunlar necə də mənasız və absurd görünür. Bu cür kobud hərəkətlər insana yaraşmır. İnsanlar nəyin uğrunda bir-birlərini öldürürlər, bir-birlərinin evini dağıdırlar? Dindən, millətçilikdən, ideologiyalardan gələn düşmənçiliyi qoyaq kənara, bu mənzərəyə necə ad vermek olar? İnsanlar bir-birini doğrayır,  bir-birlərini öldürürlər. Müharibə öldürməyə, zorlamağa, dağıtmağa icazə verir. Müharibənin qəhrəmanlıq tərəfləri maraqsızdır.  Müharibələr siyasətin, quruluşların nəzarətində olduğu üçün muharibə haqqında çoxlu yalanlar uydurulub.  
 
Tarix, musiqi, ədəbiyyat, kino bu yalanların daha canlı alınması niyyətiylə istifadə olunur. Müharibə haqqında uydurulmuş yalanlar təəssüf ki, bəzən çoxluğu qane etdiyi üçün az qala hər kəs tərəfindən həqiqət kimi qəbul edilir. Hətta bir çox  normal fikirli adamlar da dindən, millətçilikdən, ideologiyalardan doğan  nifrətlə yüklənirlər, emosional stabillikləri pozulur. Müharibələrə bir insanlıq faciəsi kimi baxa bilmirlər, tökülən qanları zəruriyyət kimi qəbul edirlər.
 
Təəssüflər olsun ki, bir çox sənət adamları da ümumi ab-havaya uyaraq müharibə çağırışlar etmişlər, nifrətin, düşmənçiliyin alovlanmasında rol oynamışlar. Nə yaxşı ki, müharibə çağrışları edən, nifrət oyandıran əsərlər tarixin imtahanından keçə bilmirlər. Bunun özü az deyil. Bu fakt onu göstərir ki, insanlar insan olduqda müharibə istəmirlər. Tarixə qarşı öz münasibətini emosiyalarsız müəyyən edən adamlar nifrət alovlandıran, düşmənçilik toxumları yayan, müharibələrə səsləyən əsərlərin üstündən birdəfəlik xətt çəkiblər.
 
Deməli, yalnız sülhə çağıran, məhəbbətə xidmət edən ağıl qiymətlidir. Deməli, insanlar millətçiliyin, zərərli fikirlərin, dini fanatizmin caynağından qurtardıqca müharibənin nə qədər dəhşətlər törətdiyini başa düşürlər. Müharibə nədir? Müharibə qandır. Göz yaşlarıdır. Müharibə insanların illərlə tikdiklərinin, qurduqlarının bir anda, bir mərmiylə dağıdılmasıdır. Müharibə insanın bir insan kimi dəyərdən düşməsidir. Özünü, qiymətini itirməsidir. Müharibə uşaqların yetim qalmasıdır. Müharibə kəndlərin, qəsəbələrin, şəhərlərin xarabazarlığa çevrilməsidir. Müharibə başdan-başa dəhşətdir. Onun dəhşətini heç bir filmlə, heç bir romanla ifadə etmək olmaz.
 
Müharibənin heç bir romantikası yoxdur, ola da bilməz. Dağıntılardan, ölümlərdən, zorlanmalardan, göz yaşlarından, qan axıdılmasından, insanın alçaldılmasından romantika yaratmaq istəyənlər cinayətkardırlar. İnsan düşmənidirlər. Söhbət insanın birbaşa qatil olmasından getmir, sən əlini heç bir silaha vurmadan da, müharibə çağırışları etməklə, düşmənçiliyi, nifrəti alovlandırmaqla,  minlərlə insanın qətlinə, ölümünə bais ola bilərsən.  
 
Bəs əgər müharibə bu qədər dəhşətlər doğurursa, insanlar niyə müharibədə iştirak edirlər? İnsanlar niyə müharibəyə yox deyə bilmirlər? Təəssüf ki, insanlar hələ də dinlərin və millətçiliyin, zərərli ideologiyaların, zərərli fikirlərin doğurduğu nifrətdən xilas ola bilməyiblər. Ona görə də, insanlar nifrətlərinin qurbanına çevrilirlər. Başqa səbəblər də var. Muharibədə vətəni qoruduqlarını düşünənlər azlıq təşkil edir. Çoxlarını məcbur aparırlar. Mexanizm işə düşür və insanlar bu mexanizmə tabe olmaq məcburiyyətində qalırlar.  
 
 
Hətta qəti olaraq, öldürmək istəməyənlər də, təbiəti öldürməyə icazə verməyən adamlar da, müharibə mexanizmi işə düşdükdə aciz vəziyyətə düşürlər. Müharibədə bəziləri macəra axtarır. Bəzisi varlanmaq istəyir. Bəzisi darıxır. Bəzisi həyatdan bezib, müharibə onun üçün legitim ölümdür. Məsələn, bir vaxtlar Avropada yoluxucu xəstəliklər çox geniş yayılmışdı. Bu xəstəliklərdən əziyyət çəkən adamlar müharibələrdə həvəslə iştirak edirdilər. Bu haqqda Volter “Kandid” əsərində, Stefan Sveyq “Dünənin dünyası”nda yazıblar.  Lakin səbəb nə olursa olsun, müharibə insanların, insanlığın səhvi kimi qəbul edilməlidir.
 
Hər bir insan millətçilikdən, dini fanatizmdən, zərərli fikirlərdən, irqçilikdən qidalanan nifrətdən azad olub, tarixə, həyata qarşı bir insan kimi münasibətini müəyyən etdikdə, müharibənin dəhşətlərini daha kəskin hiss edəcək, müharibənin insana yaraşmadığını başa düşəcək, passiv də olsa, müharibəyə “yox” deməyi bacaracaq.
 
Bəzən müharibə haqqında danışarkən tez-tez belə bir ifadə işlədilir - müharibədə uşaqlar, qocalar, qadınlar ölür. Şüuru hələ tam formalaşmamış və həyatını yaşamış bir insanın ölümü faciədirsə, şüuru formalaşmış və həyatını tam yaşamamış adamın ölümü niyə faciə olmasın? Bir insanı topun və tankın qabağına verib onu acınacaqlı, gülməli vəziyyətə salmağın mənası nədir? Ona görə ki, beş-altı adam qəhrəmanlıq göstərib medal alacaq? Həyatını yaşamış bir qoca öz ideyasının doğruluğunu sübut edəcək? Bəyəm hamı qəhrəman və cəsarətli olmalıdır? Bəs təbiətən çəkingən olanlar, öldürmək istəməyənlər nə etsinlər? Kişi deyib bir insanı bu qədər yükləmək, onun iradəsini sınağa çəkmək, zəif çıxdıqda isə qorxaq, fərari, vətən xaini deyib ləkələmək nə dərəcədə doğrudur.  Bu adam kiminsə oğludur, kiminsə əridir, kiminsə atasıdır, kimisə dayısıdır, kiminsə əmisidir. Dinc həyatda, sülh və əminamanlıq dövründə normal vətəndaş, normal oğul, normal ata ola biləcək bu adamları gözdən salmağın, alçatmağın, ağlatmağın heç bir xeyri yoxdur. Nə vətənə, nə də insanlığa. Yalnız zərəri var. Çünki hansı vəziyyətdə olursa olsun, təhqir olunmaq pisdir və heç vaxt insanın yaddaşından silinmir.
 
Seymur Baycan
 
Metdan.tv
Kultura.az | Developed by Samir Yahyazade