post-title

Azərbaycan bir neçə il öncənin Suriyasına bənzəyir

Azərbaycanda ilk dəfədir seçkidən sonra siyasi səhnə bu qədər sakitdir. Müxalifət adına iddialı təşkilatların hamısında susqunluqdu. Seçki prosesinə qoşulub gözlənildiyi kimi heç bir nəticə qazanmayanların məhkəmələrə 1 noyabr saxtalaşdırmaları haqqında şikayət göndərmələrindən başqa seçki xəbəri gözə dəymir. Siyasi səhnədəki mənzərə o qədər yeknəsəkdir ki, müxalifət təşkilatları toplantı keçirib seçkiyə qiymət verməyə də ərinir. Eyni sözləri eyni adamlara nə qədər danışmaq olar axı?..

 
 
Əvəzində dini cameədə ciddi fəallıq, hərəkətlənmə var. Şiə, sünni, sələfi, nurçu, vəhhabi, fərq eləmir - Azərbaycanda var olan bütün təriqətlər sürətlə hörgütlənir. Artıq durum o həddə çatıb ki, hakimiyyətin durumu nəzarətdə saxlamaq cəhdləri, liderləri “içəri” göndərməklə cameələrə “nəzarətdəsiniz” mesajı verməsi tamamilə əks effekt verir. Dindarlar basqı gördükcə daha da təşkilatlanır, küçələrə daha mütəşəkkil qaydada çıxır. İllərdir gizli gedən və görünən tərəfləri qısa zamanda cəmiyyətin ovqatına uyğun ört-basdır edilən proseslər aşkara köçürülür. Həm də hakimiyyətə və onlardan olmayanlara meydan oxuma modunda...
 
Elə görünməsin ki, biz Haqqın yolunu arayan insanların çoxalmasından əndişəliyik. Əsla! Əksinə, hansı dini seçməsindən asılı olmayaraq vətəndaşın imanlı olmasını çox arzulayırıq. İstəyirik ki, Azərbaycanı idarə edənlər arasında imanlılar çoxluqda olsun, imanlılar millət vəkili seçilsin, hakimlər, prokurorlar, polislər, həkimlər, müəllimlər, qəzetçilər, sosioloqlar, politoloqlar, aşpazlar, bərbərlər imanlı olsun, insanlar həm şəxsi, həm cəmiyyət həyatlarını bütün dinlərin əsas özəlliyinə - ədalət prinsipinə köklənərək yaşasınlar. 
 
Hansı tərəfdən baxsaq, təriqətlər, dinə bağlı ideologiyalar cəmiyyətdə parçalanma, bölücülük yaradır, bəlli bir kəsimi qanadı altına alır, digərlərini, digər ideologiyaları inkar edir.
 
Durumun ən ziyanlı tərəfi isə odur ki, bu gün özünü inanclı, dindar adlandıran, dinlə pərdələnib toplumdakı əyər-əskiyi düzəldəcəyini iddia edən cameələrin əksəriyyəti yaxın-uzaq xarici dövlətlərə bağlıdır. Təriqət qapılarından hansını döysəniz, orada nə Azərbaycan sevdası, nə Azərbaycanda azad, ədalətli cəmiyyət qurmaq istəyi görməzsiniz. Hər dini liderin çıxışı bağlı olduğu xarici ölkənin çıxarlarından xəbər verir. 
 
Onların ətraflarına topladıqları kütlə isə əsasən fanatiklərdir. O fanatiklər ki, istənilən an yaşadıqları ölkənin var olan düzənini hansısa mücərrəd cəmiyyət uğruna qurban etməyə, fərqli düşünənləri “qılınc” yolu ilə özlərinə baş əydirməyə hazırdırlar.  
 
Azərbaycandakı proseslər bir neçə il öncə Suriyada yaşananları xatırladır. Hakimiyyət gücləndikcə müxalifəti sıxışdırmağa başlayır, siyasi mübarizə imkanları getdikcə sıfıra yaxınlaşdırılır, müxalifət tamamilə sıradan çıxarılır, müxalifətin yoxluğu sosial ədalət prinsipini müdafiə edən qüvvənin olmamasına gətirir, cəmiyyətdə təbəqələşmə sürətlənir, öz həyatlarında yaxşılığa doğru heç bir dəyişiklik edə bilməyənlərin bir hissəsi çarəni dinlərdə axtarır, müxtəlif ölkələrin maraqlara xidmət edən təriqətlərin təsiri altına düşərək radikal qüvvəyə çevrilir, sonucda xaosa xidmət edir.
 
İllərdir müxalifət, media bu ssenarinin Azərbaycan üçün də qaçılmaz olduğunu deyir, yazır, hakimiyyət isə qulaqardına vurur. Ancaq nahaq yerə... Getdikcə radikallaşdıqları açıq-aydın hiss olunan təriqətləri “ipə-sapa” yatırtmaq müxalifət düşərgəsini ram eləmək kimi asan deyil. Müxalifətin silahı sözdür. Tribunasını bağla, söz demək imkanını əlindən al, ərisin. Dinlə pərdələnən radikalların silahı nədir, bəs? Bir yoxlayın... Seçim hər zaman olduğu kimi hakimiyyətdədir - ölkəni radikal “dinçi”, yoxsa demokratların meydanına çevirmək qərarı və məsuliyyəti birbaşa onun üzərindədir. Milyonuncu dəfədir deyirik...
 
Aygün Muradxanlı
 
Musavat.com
Yuxarı