iPhone ilə pirə gedənlər

 
 
Ömər Faiqin təsvir etdiyi bu tiplər aradan 100 il keçdikdən sonra da aramızdadır, onlara hər yerdə, addımbaşı rastlamaq olar. Qiyafələr yeni, modern, çağdaş qafalar əski, köhnə, çağdışı.
 
Belə bir məşhur söz var, “fransızlar qonağı geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar”.
 
Bizim üçün isə geyim hər şeydir. Kənardan baxdıqda – insanların geyimləri-keçimləri, altındakı “inomarkalar”, qollarındakı saatlar, ciblərindəki mobil telefonlar ən son modeli ifadə edir. Amma çoxluq bütün bu modern brendləri, bütün bu texnoloji yenilikləri ərsəyə gətirən, ortaya çıxaran düşüncə, təfəkkür tərzindən çox uzaqdır. Əlində iPhone telefonla hansısa pirə gedən azərbaycanlı təsəvvür edin. Gülməli deyilmi? Acınacaqlı deyilmi, ağlamalı deyilmi?
 
Küçədə şütüyən ən son model avtomobilləri götürün. Onun sükanı arxasında əyləşənlərin nə qədəri sürdüyü texnoloji icadın fərqindədir, bu icadı yaradan təfəkkürlə ayaqlaşmaq, onu anlamaq, ona sayğı göstərmək, onu bölüşmək gücündədir, iqtidarındadır. “Mersedes”lə falçı yanına gedən insanlarla eyni yerin üstünü, eyni göyün altını bölüşməkdən dəhşətli, ağrılı nə ola bilər?
 
Geyimini dəbə uyğunlaşdırmaq nədir, beynini 1300 il öncənin dini düşüncəsinə, daş dövründən qalma mental qanunlara təslim etmək nə? Niyə əynindəki qiyafətin, qolundakı saatın, evindəki televizorun, soyuducunun, cibindəki mobil telefonun, altındakı “inomarka”nın ən yeni modeli yaxşıdır, amma fikrə, düşüncəyə gələndə bu torpaqlar üzərində yaşayan çoxluq keçmişə, köhnəliyə “stavka” edir, ondan qopmaq, ayrılmaq istəmir? Niyə heç kim çağdaş dünyanın istənilən texnoloji icadına heyranlıqla baxır, onu əldə etmək üçün dəridən-qabıqdan çıxır, borclanmaqdan, kredit altında əzilməkdən çəkinmir, amma gəlişmiş ölkələri indiki səviyyəyə gətirib çıxaran modern, yeniçi dəyərləri, idealları yaxına buraxmır, hətta onlara nifrətlə, ikrahla yanaşır? Bunun adı ikiüzlülük deyilsə, riyakarlıq deyilsə, bəs nədir?
 
Bəyəm sevərək, bəyənərək yararlandığınız, həyatınızı asanlaşdıran, sizə inanılmaz dərəcədə geniş imkanlar yaradan o icadların, o yeniliklərin arxasında məhz nifrət etdiyiniz həmin yüksək idealların, ali dəyərlərin dayandığından bu qədərmi xəbərsizsiniz?
 
Açıq demək lazımdır: müasir geyinib, müasirliyin bütün meyvələrindən gen-bol bəhrələnib, amma həyata, dünyaya, insanlara baxışda yüz il öncələrin, min il öncələrin dini və mental düşüncələrinə söykənmək, təfəkkür etibarilə arxaik olan, aqrar olan nə varsa, onu müdafiə etmək, ondan çıxış etmək rəzilliyin ən böyüyüdür. Ya düşüncəniz kimi, geyiminizi də, məişət avadanlıqlarınızı, ünsiyyət və nəqliyyat vasitələrinizi də dəyərlərindən çıxış etdiyiniz  çağlara görə müəyyənləşdirin, çarığı, uzun arxalıqları, kəlağayını, canım sizə desin, qatırı, xışı, vəli geri qaytarın, ya da zəhmət çəkin dünyəvi elmin, təhsilin, bilginin ətəyindən ikiəlli yapışın, oxuyun, öyrənin, beyninizi, düşüncələrinizi yeniləyin, müasirləşdirin, geyindiyiniz kimi də düşünün.
 
Yenə Ömər Faiq Nemanzadənin, amma bu dəfə başqa bir məqaləsində dediyi kimi: “Qiyamətə qədərmi kor gəlib, kor gedəcəyiz? Qafil doğub, qafil öləcəyiz? Boynumuzdakı bu ağır cəhalət zəncirlərini, qəflət yüklərini məhşərə qədərmi sürükləyib götürəcəyiz?”
 
Elnur Astanbəyli
 
Azadliq.info
Kultura.az | Developed by Samir Yahyazade