post-title

Demokratik seçki günü - hekayə

Oxucularımıza Rövşən Yerfinin \"Demokratik seçki günü\" hekayəsini təqdim edirik. Hekayə ilk dəfə 1989-cu ildə dövrü mətbuatda dərc olunub.

 
 
Hekayə
 
Əhəd kişi uzun illər idi kənd sovetinin sədri vəzifəsində işləyirdi. Bir sözünü iki eləyən yox idi. İşlədiyi dövrdə nə milis rəisinin, nə prokurorun ayağı hələ kəndə dəyməmişdi. Hər işi özü həll edərdi. Qocalmışdı Əhəd dayı, daha işləmək istəmirdi. O, qocaldığını dövrün dəyişdiyinə inandığı gündən duymuşdu.
 
Sabah seçki günü idi. Axşam tərəfi raykomdan zəng edib tapşırmışdılar ki, seçkidə hamı iştirak etsin, çalışın camaat bu dəfə xalçaçı qıza yox, sağıcı qıza səs versin. Əhəd kişi komissiyanın üzvü olduğu üçün erkən yatdı ki, səhər saat altıda məntəqə yeri təyin olunmuş məktəbdə olsun.
 
Birinci səsverən məktəbin xidmətçiləri oldular. Fermaya işləməyə gedən sağıcılar, malabaxanlar, yolüstü gəlib kağızlarını atdılar. Bülletenləri alanda partkom hamıya xalçaçının üstündən xətt çəkməyi məsləhət görürdü. Ona qulaq asan da olurdu, asmayan da. Ağılları kəsəndən belə görmüşdülər. Məsləhət görülənə səs verilərdi. Bu dairədən həmişə deputat qadın seçilirdi. Qəzetlər də təzə-təzə onu tərifləyirdilər. Sonra həmin deputat gedib böyük-böyük iclaslarda oturardı. Bütün işləri də öz qaydasında, yağ kimi axarında gedərdi. Bir də, o beş ildə deputatın yaxın qohum-əqrəbasına dəyib-dolaşan olmazdı. Vəssalam. Əslinə qalsa partkomun özü üçün də deputatın kim olacağının fərqi yox idi, ”yuxarının” tapşırığını yerinə yetirirdi. Ağzıgöyçəklərin dediyinə görə qonşu kənddən olan bu dəfəki sağıcı xanım namizədi əyilib buzovu əmizdirən vəziyyətdə kənardan raykom katibi özü şəxsən görüb bəyənmiş, deputatlığa layiq bilmişdi... 
 
Saat səkkizdən sonra isə, gələnlərin sayı azaldı. Partkom telefonu götürüb sözü yetən adamların hamısına bir-bir zəng vurdu ki, a kişilər bəsdi yatdınız evdə, a balam gəlin kağızınızı atın da, nə özünüzü naza qoymusunuz, onsuz da seçilən seçiləcək, ayıbdı, rayon qabağında bizi hörmətdən salmayın. Danışıb qurtarandan sonra partkom bir az əsəbi halda siqaretini yandırıb söyləndi: "Pah atonnan, demokratiya camaatı ağıldan çıxarıb, bir parça kağızı qutuya atmaq da istəmirlər”.
 
Keçən seçkilərdə günortaya qədər camaatın əksəriyyəti səs verərdi. Bu dəfə isə seçicilərin üçdə biri gəlmişdi. Xüsusən komissiya üzvü olmayan müəllimlərin görünməməsi partkoma yer eləmişdi. Uşaq göndərib müəllimləri də çağırdılar. Günorta dəvət olunanların hamısı gəlmişdi. Təkcə İskəndər müəllim yox idi.
 
Günortadan sonra camaatın yarısının qaldığını, səs vermədiyini görən partkom naəlac qalıb komissiyanın cavan üzvlərinə komsomolçuları qoşub, qırmızı kətana tutulmuş qutuları verib evlərə göndərdi.
 
Saat beşdə evlərə gedənlər qayıtdılar. Hamı səs vermişdi. Yalnız İskəndər müəllim etiraz etmişdi. Partkom ürəyində götür-qoy etməyə başladı, necə eləsin ki, İskəndər də səs versin. Nahaqdan onu “demaqoq  İskəndər” çağırmırlar. Başqası olsaydı heç fikirləşməyə dəyməzdi. Seçkinin gedişi barədə götürüb yazar ora-bura, sonra da gəl baş ağrısı çək. Onu necə var seçkiyə qatmaq lazımdır. Bəlkə Əhəd kişinin sözünü yerə salmaz. Naəlac qalan partkom başladı Əhəd kişiyə yalvarmağa ki, öz adından bir uşaq göndərsin İskəndərin arxasınca.
 
İskəndər bostanında yer belləyirdi. O, nə seçki məntəqəsinə getmək istəyirdi, nə də həyət-həyət gəzdirilən qutuya öz bülletenini atmışdı. Çünki, bu günkü seçki kənddə üç-dörd adama gülünc görsənirdisə, onlardan biri də İskəndər idi. İskəndər ürəyində yanıb-tökülürdü ki, bu camaat nə vaxtadək  qoyun kimi yaşayacaq, onları hara istəsələr oraya da haylayacaqlar. Beləmi olur demokratik seçki? Nə vaxtadək görməyə-tanımaya özlərinə xalq “elçisi” seçəcəklər? Niyə görə onların rayonundan deputat həmişə “zəhmətkeş qadın” olmalıdır? Biganəlik xəstəlik kimi yoluxub hamının canına, yıxıb evlərini. 
 
Axşam tərəfi Əhəd kişinin adından çağırılanda İskəndər başa düşdü ki, bu partkomun işidir. Amma, getməmək də olmazdı. Əhəd kişinin sözünü saymamaq kənddə özünü tamam gözdən salmaq olardı.
 
İskəndəri partkom qımışa-qımışa qarşıladı: "Ay müəllim, gəl çıx da, lap “xan gəldisinə” döndərdin ki gəlişini...”
 
İskəndər onun qımışmasına əhəmiyyət verməyərək Əhəd kişi ilə görüşüb dedi:
 
-Səs vermək də üzvlük haqqı deyil ki, məcbur eləyəsən, sadəcə olaraq Əhəd dayının sözündən çıxmaq olmur.
 
Sonra bülletendə özü bildiyi kimi qeyd edərək onu qutuya salıb evinə qayıtdı.
 
Axşam yeddidə səsvermənin nəticələri yoxlanıldı. Bülletenlərin birində hər iki namizədin üstündən xətt çəkilmişdi. Partkom bunu görüncə təəccüb etdi. Dodağının altında öz-özünə yəqin bu “demaqoq İskəndərin” işidir, qımıldandı. Nəticələri hesablayıb qurtardıqdan sonra rayon mərkəzinə zəng elədi. Telefona birinci katib gəlmişdi:
 
 -Yoldaş katib, seçki böyük mütəşəkkillik və demokratiya şəraitində keçmişdir. Seçicilərin doxsan doqquz faizi iştirak etmiş, onun səksən faizi sağıcı namizədə səs vermişdir. Komissiya üzvlərindən Əhəd kişi xüsusilə fəallıq göstərmişdir.
 
-Çox sağ olun. Malades. Həmişə belə olun. Məndən Əhəd kişiyə salam söyləyin. İndi mən rayon qəzetinə tapşıraram, sizdən növbəti nömrədə geniş bir yazı hazırlasınlar, qoy bütün rayon sizdən nümunə götürsün.
 
Əhəd kişi məsuliyyətli seçki prosesindən sonra gecəyə yaxın evində oturub çay içə-içə televiziyadan verilən xəbərlərə qulaq asırdı. Mürgüləmək keçirdi könlündən. Diktor seçki gününün respublikada uğurlu gedişatından danışırdı. Fərqlənənlər arasında onların da rayonunun adı çəkildi. Əhəd kişi bunu eşidərkən qəribə bir narahatlıq hissi keçirdi: demək, onlar da “demokratik seçkinin” öncüllərindən idilər...
 
Rövşən Yerfi   
 
06.1989
Yuxarı