\"Mən heç vaxt deməmişəm ki, yaxşı aktyoram\" - Edvard Norton

Кино

"Döyüşçü Klubu" filminin baş qəhrəmanı Edvard Nortonun həyat qaydalarını təqdim edirik:
 
Mən uşaq televiziyasının qızıl dövründə böyümüş adamam.
 
Mənim karyeram teatrdan başlandı və gənclik illərimi məhz teatrda keçirdim. Əlbəttə, bilet satışı ilə məşğul olan şəxs qismində.
 
Uşaq vaxtı biz adi videokamerada "Pauza" düyməsini basmaqla kino çəkirdik. Bizim heç nəyimiz yox idi, yalnız bir kasset, "pauza" düyməsi və yaxşı reaksiya. Biz sadəcə vaxtında bu "pauza"nı basırdıq, sonra isə növbəti səhnəyə keçirdik, düyməni sıxırdıq və əgər ikinci çəkiliş də alınmırdısa, lenti geri çevirirdik və yenidən pauzaya qoyurduq, sonra yenidən bu düyməyə basırdıq. Bu filmləri mən dostumla bir yerdə çəkirdim və onların hamısı "Əjdahanın Çıxışı" kimi bir filmlər idi, üstəgəl spagetti-vesternin və kunq-funun qarışıq parodiyası. Üstündən çox illər keçdi, mən "Kriminal qiraət" filminin təqdimat mərasiminə qatıldım. Bu filmi seyr edərkən, film boyu üzümdən təbəssüm əskik olmadı, çünki o filmdə baş verənləri mən neçə illər əvvəl öz məhəlləmizdə dostumla bir yerdə çəkmək istəyirdim.
 
İndi heç kimə heç nəyi sübut etməyimə ehtiyac qalmadığı üçün mən öz həyatımı çox rahat hesab edirəm.
 
Bütün karyeram boyu mən şəxsi təcrübəm tələb olunan rolu oynamağı öz üzərimə götürməmişəm.
 
Mən öz peşəmə qaçış imkanı, hər qapıya düşən məxfi açar və istənilən reallığa daxil olmağa və onun qoxusunu almağa imkan verən xüsusi buraxılış vərəqəsi kimi baxıram. Mən sadəcə bu pulsuz buraxılışdan həzz alıram.
 
Kino çəkilişi prosesində aktyorlar çəkiliş meydançasında mübahisə edirlər. Mənim fikrimcə, bu cür münaqişələr lazımlıdır. Sakit və rəvan gedən çəkilişlər həmişə bayağı sonluqla nəticələnər.
 
Fikrimcə, gördüyün bütün işlərin eyni qədər yaxşı olmasını səndən tələb etməyə insanların haqqı çatmır.
 
"Döyüşçü Klubu" mənim adi filmim deyil. Amma bu, o, cəlbedici 1999-cu ilin yalnız bir hissəsidir. "Matrisa", "Üç kral", "Maqnoliyalar" və "Con Malkoviç Olmaq" illəri.
 
Sosial şəbəkələr dəqiq o məqsədlə yaradılmayıb ki, səhər nə yediyimizi dünyaya bəyan edək.
 
Mən Nyu-Yorkda yaşamağa üstünlük verirəm, çünki bu şəhər istənilən insanın sonsuz anonimlikdən həzz ala biləcəyi məkandır. 
 
Amerika xüsusi xidmət orqanlarının son 50 il ərzində etdiklərini oxumaq, bu, ən azı təəccüblüdür. Təəccüblü və qorxuludur.
 
Dəhşətli işlərin əksəriyyəti insanlara qayğı bəhanəsi altında görülür.
 
Yaxşı kino suallara cavab verməməlidir. Yaxşı kino səni sual verməyə vadar etməlidir.
 
Mən heç vaxt deməmişəm ki, yaxşı aktyoram. Amma mən başqa insanları müşahidə etməyi, sonra isə onları filmdə canlandırmağı yaxşı bacarıram. Mimikriya - mənim əsas alətimdir, elə beləcə də yadda saxlayın.
 
Şöhrət daha dağıdıcıdır, nəinki paslanma.
 
Tərcümə: Ramil Rahiboğlu
 
Qaynar.info
Kultura.az | Developed by Samir Yahyazade