Emin Aslan: Ənənənin gücü

Эмин Аслан

Amma ortada açıq-aydın  böyük fakt var: hazırda inkişaf etmiş ölkələrdə geniş anlamda, istənilən sahə ilə bağlı, məlumatların bir nəsildən digərinə tam ötürülməsi, yeni gələn nəslin bu məlumatları oxuyub, mənimsəməsi, daha sonra onu analiz edib zənginləşdirərək bir başqa nəsilə ötürməsi prosesi mükəmməl işləyir. Bunun nəticəsidir ki, həmin ölkələr bütün sahələrdə yeniliklər edir, iqtisadi-siyasi-sosial inistitutlarını inkişaf etdirir, elmi kəşflərə imza atır, kosmosa çıxır, ən dərin sulara dalıb, ordakı bitki və heyvanları öyrənir, bir sözlə, dünyanın açılmamış sirrlərini açmağa və onu insanlığa çatdırmağa çalışır. 
 
Mən möhkəm inanıram ki, bir xalqa nəyinsə inkişafı mütləq şəkildə ora edilən yatırımla (maddi və insan resursu şəklində) bağlıdır.  Məsələn, elmin inkişafı üçün mütləq elmə maddi yatırım edilməlidir. Mədəniyyətin inkişafı üçün təhsilə, geniş mənada, maarifçiliyə yatırım edilməlidir. Qısa desək, hansı sahəyə daha çox yatırım edirsənsə, o sahə də inkişaf edir. 
Amma qoyulan yatırımların daimi xeyir gətirməsi üçün o sahə inistitutlaşmalı, bir şəxsin istək və arzusundan asılı olmadan movcudluğunu saxlamalı və inkişaf etdirməlidir.  
 
Ənənə:
 
Karl Saqan yazır ki, 17-ci əsrdə Hollandiyada bir alim yaşayırdı. Adı Huygens olan bu böyük alim, astronomiya və bir çox başqa sahələrdə böyük kəşflər etmiş adamdır. Marsdakı bir günün Yer kürəmizdəki 24 saatla eyni olduğunu ilk hesablayan, Saturnun Böyük Ayı olan Titanı ilk təsbit edən, dənizçilikdə meridianı təyin edən və s. bir çox yeniliklər onun adı ilə bağlıdır. Onun bu işləri sonradan “Göylərdə kəşf edilən dünyalar: Planetlərdəki, bu dünyada yaşayan insanlar, bitkilər və məhsullara aid düşüncələr” adı altında 1690-cı ildə kitab şəkilində nəşr olundu. Bu kitabı bəyənənlər içərisində Rus Çarı I Pyotr da var idi. Kitaba valeh olan I Pyotr onu dərhal rus dilinə tərcümə etdirir...
 
19-cu əsrdə Rusiyada bir məktəb müəllimi olan Tsiolskovsky ilk dəfə planetlər arası səfərlər üçün roketlərdən istifadə haqqında ilk düşünən adam idi...
 
Sonrakı tarixlərdə Sovet İttifaqının, Kosmosun, planetlərin fəthi ilə bağlı gördüyü işlərdən aşağı-yuxarı hamının xəbəri var. 
Sizi bilmirəm, mən şəxsən Çar I Pyoturun Huygensin kitabını tərcüməsi ilə, Tsiolskovskynin peyda olması və Sovet İttifaqının Kosmosda etdiyi kəşflər arasında bir dərin bağlılıq görürəm. Əkilən toxum, qoyulan yatırım öz bəhrəsini verdi. Sovet İttifaqı Kosmosun kəşfində ABŞ və Avropa ilə, hətta bəzən onu qabaqlayaraq rəqabət içərisinə girə bildi.
 
Bu gün rus ədəbiyyatı, bilirsiz, niyə zəngindir? Çünki zamanında onlar Qərbdə çıxan bütün bədii mətnləri tərcümə edirdilər. Bunun adını ənənə qoyuram. Məlumatın ötürlüməsi ənənəsi.
 
Ölkəmiz hazırda dərin sosial, siyasi, iqtisadi və mədəni çöküş yaşayır. Bu isə onu göstərir ki, biz müstəqilikdən üzü bu tərəfə bu sahələrin normal inkişafı üçün heç birinə yatırım edə bilməmişik. Etdiyimiz yatırımlar isə uğursuz olub. Uğursuzluğun səbəbini müxtəlif səbəblərlə (Siyasi, iqtisadi vəs) izah etmək olar.
 
Amma mən mövzunu daha da spesifikləşdirib, işi kitab(lar) və onun tərcüməsinə gətirmək istəyirəm. I Pyotrla bağlı verdiyim misaldan da göründüyü kimi, ən azı mən buna inanıram, məlumatın daimi olaraq cəmiyyətə ötürülməsi inkişafın təməlini təşkil edir. 
Kitab (geniş anlamda mətn) və onun tərcüməsi bizdə nə yerdədir? Bizdə bu ənənə varmı? Bu sahə bizdə institutlaşa bilibmi?
 
Təəssüflə qeyd edim ki, bu suala cavabım böyük bir YOX-dur. Bizdə heç bir sahə ilə bağlı sistematik tərcümə olmayıb. Dövlətin başında duranların nə ilə məşğul olduğu aydındır, onları mədəniyyət, elm, kitab qətiyyən maraqlandırmır. Onlar hətta kitaba düşməndir, ondan ikrah hiss keçirdir. Savadlı adam onların gözünün düşmənidir. Bunu ona görə yazıram ki, onlardan əlinizi üzün.  
 
Bu işdə ayrıca olaraq günahkar da axtarmaq istəmirəm. Düşünürəm ki, az və ya çox hamı, bütün cəmiyyət günahkardır.  
 
Bilirsiz, gülməli olan nədir? Gülməli olan odur ki, biz demokratik idarəçilik qurmaq istəyirik, amma Con Loku (Cohn Locke), Montoskyönü (Montesquieu), Jan Jak Russonu (Jean-Jaques Rousseau), Tomas Peyni (Thomas Paine), Karl Popperi - siyahını uzatmaq olar - tərcümə etməmişik, nəyinki etməmişik, heç siyasətçilərimizin çoxusu onları oxumayıb.
 
Və ya götürək, iqtisadiyyatı. Allah qoymasa, biz bazar iqtisadiyyatı qurmaq, ona bir az sol, bir az sağ, bir az mərkəzçilik qatmaq istəyirik. Amma işə bax ki, bazar qanunlarını ilk işləyib hazırlayan, onu sistematik şəkildə kitabında izah edən adamdan universitetdə iqtisadiyyat üzrə oxuyan tələbəninin xəbəri yoxdur. Onun adı Adam Smitdir (Adam Smith). Bu sahənin ikinci əjdahası David Rikardonu (David Ricard) bəlkə cəmiyyətə tanıtmışıq? Bəlkə Keynes və Hayek? Milton Friedman və ya Shumpeter?  Hansını tərcümə etmişik? Biz, ümumiyyətlə, bu kitabları, orda səsləndirilən fikirləri bilmədən iqtisadiyyat qura biləcəyikmi? Bu adamları bilmədən iqtisadiyyat, siyasət haqqında danışdıqlarımız boşboğazlıq deyil də,  nədir?
 
Sosialogiyada durum necədir? Bərbaddır. Bu sahə, ümumiyyətlə, Azərbaycanda ölüb. Dəqiq elmlər sahəm olmadığından orda vəziyyətin necə olduğunu bilmirəm. Amma bir tibbdə oxumuş dostlardan eşitdiyim qədəri ilə orda tədris edilən dərslərin çoxusu köhnəlib, tibbdə baş verən yeniliklərlə bağlı müəllimlərin heç nədən xəbəri yoxdur.
 
Biz dünya siyasəti, Amerikanın, Rusiyanın, Qərbin, maraqlarından, Şərqin yaşadığı fəlakətlərdən, onların dava-dalaşından əsəbi-əsəbi danışır, mübahisə edirik. Bu son dərəcə normaldır, dünyada baş verənlərə insanın münasibət bildirməsi qədər normal olan heç nə yoxdur. Amma çox ağır bir  mənzərə var. Fransiz Fukuyama (Francis Fukuyama), Kennetz Valts (Kennetz Waltz), Hans Morqentau (Hans Morgenthau), Samuel Hantiqton (Samuel P. Huntigton), Noam Çomskini (Noam Chomsky) - siyahını yenə də uzatmaq olar - tərcümə eləməyən bizlər, beynəlxalq siyasətdən dəm vurur.
 
Bu yaxınlarda bir tanışım, Stephen Havkins və Leonard Mlodinovun (Stephen Hawkins, Leonard Mlodinow) “Zamanın qısa tarixi” adlı kitaba qrant tapa bilməməsindən gileylənirdi. Deyəsən, Gənclər Fonduna müarəciət etmişdi və ona bu qrantı verməmişdilər. Elmi populyar ədəbiyyatla bağlı, səhv etmirəmsə, ümumiyyətlə heç bir tərcümə yoxdur. Stephen Havkins elmi kitabların populyar edilməsinin səbəbi haqqında təxminən belə deyirdi: “Mən kitabımı fizikçilərdən ibarət son dərəcə kiçik insanlar qrupu üçün yaza bilərdim, amma mən hesab edirəm ki, həqiqətləri hamı bilməlidir” Biz onun ortaya çıxardığı bu həqiqətlərdən xəbərsizik. Karl Saqan, Stephen Havkins, Ricard Davkins (Richard Dawkins) kimi elm adamlarından xəbərimiz olmadığımızdan, cahillik baş alıb gedir, insanlar elmin artıq cavab verdiyi suallara dində cavab axtarır, möcüzəyə inanır. Bu gün tolerantlıq yolunda xərclənən millyonlarla pulu zamanında bu kimi insanların tərcüməsi üçün xərclənsəydi indi tamam fərqli mənzərə ilə qarşı-qarşıya olardıq. Sabah bir mollanın siyasi hakimiyyətə gəlməsi bax həm də, məhz səbəbə görə qaçılmaz olacaq.
 
Bir daha təkrar edirəm ki, günahkar axtarmıram, hamımız günahkarıq. Amma hesab edirəm ki, zamanında siyasi partiyalar ən azı siyasi ədəbiyyatı, vətəndaş cəmiyyəti isə - məşğul olduqları sahələrə uyğun olaraq - dəyəri dünyada təsdiqini tapmış kitabları tərcümə etməli idilər. Millyonlarla ayrılan qrantların içərisində çox az adam kitaba yatırım elədi, çox az sayda təşkilat kitabı qrantın tərkibinə daxil elədi. Yalnız hesabata, qısamüddətli təsirlərə hesablanmış “fəaliyyətlər” fundamental heçnə dəyişə bilməzdi. Bu gün bağlanan QHT-lərdən geri qalan nə oldu? Kim kitab tərcümə etmişdisə, o qaldı. Qalan yalnız kitablar, mətnlər və ondan faydalanıb hələ də “dirəniş” göstərən fərdlər oldu.
 
Bir onu bilirəm ki, tarix bizi bağışlamayacaq. 
 
Emin Aslan 
 
Meydan.tv
Kultura.az | Developed by Samir Yahyazade