post-title

Seymur Baycan: Uğurlu biznes

Hər şeyi birləşdirib şadlıq evi adlı universal bir sənət növü yaratdılar. Məsələn daha teatra, konsertə, restorana, sirkə, yarışlara ayrı-ayrı vaxtda getməyə ehtiyac yoxdu. Vaxt çox gedər, xərc çox çıxar. Bir az riyazi biliyi olan adam götürüb hesablasın. Əgər bir insan ayrı-ayrılıqda teatra, sirkə, konsertə və hər hansı idman yarışına getsə nə qədər vaxt itirər. Nə qədər xərcə düşər. Şadlıq evi adlanan universal bir sənət növü isə bütün bunları bir yerdə görməyə şərait yaradır. Sən orda həm sirkə, həm tamaşaya baxırsan. Musiqi dinləyirsən. Rəqs edirsən. Qohumları və tanışları görürsən. Həm də yeyirsən. Mənəvi borcundan çıxırsan, üstəlik bir növ banka pul qoyursan.

 

Gündəmi zəbt etmiş mövzulara baş qoşmamağa çalışıram. Çalışıram, elə mövzularda yazılar yazım ki, heç olmasa, iki il sonra da oxumağa həvəs olsun. Mövzu aktuallığını tez itirməsin. Düzdü, gündəmi zəbt etmiş mövzu haqqında da uzunömürlü yazı yazmaq mümkündür, lakin bu çox çətin işdir. Publisistdən yumor, gündəmi diqqətlə izləmək, bəzən hadisələrin iştirakçısı olmağı, ənənəni bilmək, milli kodları dollara çevirmək bacarığı, həmçinin bəşəri dəyərlərə hörmət nümayiş etdirmək tələb olunur.

Olduqca çevik və güclü olmalısan. O dərəcədə ki, iş adiləşməlidir. Sənətdə, ədəbiyyatda öz gücünü dəqiq müəyyən etmək vacib şərtlərdən biridir - Taqorun bu sözünü çox sevirəm. Gözümün qabağında nə qədər adam öz gücünü dəqiq müəyyən edə bilmədiklərinə görə iflas etdilər. Halbuki, öz güclərini müəyyən edə bilsəydilər, vəziyyət bu cürə pis hal almazdı. Faydalı ola bilərdilər. Doğrudan da yarımçıq papaqçı olmaqdansa, kamil palançı olmaq daha yaxşıdır. Güclü olduğun yerdə fəaliyyət göstərməlisən. “Necə?” sualı “nə?” sualı qədər vacibdir. Bu haqda başqa bir yazıda söz açacayıq . Ucundan tutub ucuzluğa gedəcəyik.
Mövzunun böyüyü-kiçiyi yoxdur. Söhbət necə yazmaqdadı. Sənətin də böyüyü-kiçiyi yoxdu. İşi nə dərəcədə bilmək, işə nə dərəcədə məsuliyyətlə yanaşmaqdadı qaval daşının sirri. Bizim bir dostumuz vardı. Yaxşı araq tapanda həmişə deyərdi:

 

Qaval daşının sirrini gətirmişəm
 

Əgər gündəmi zəbt etmiş mövzu birbaşa siyasətlə, partiyalarla bağlıdırsa özümə qarşı tətbiq etdiyim qadağa daha da sərtləşir. Lakin bəzən elə hadisələr baş verir ki, heç cürə özünə hakim ola bilmirsən. Qadağaları pozursan. Ha istəyirsən işlərinə qarışmayasan, alınmır. Çünki bu cürə hadisələr xeyli dərəcədə digər mövzulara toxunmağa fürsət yaratmış olur. Yaxınlarda belə bir hadisə baş verdi. Söhbət Rauf Arifoğlunun əməkdar jurnalist adını almasından gedir.
Təcrübə iştirakçı olmaqdır. Bu mövzu on ildən artıq bu və ya digər formalarda fəaliyyət göstərdiyim mətbuatla birbaşa əlaqəsi olduğuna görə mənə daha doğma və yaxındır. Bu doğmalıq və yaxınlıq mövzuya bir az ərkyana yanaşmaq cəsarəti verir. Rauf Arifoğlunu çoxdan müşahidə etməkdəyəm. Həm də jurnalist tayfası belədir ki, birini şəxsən tanımasan da, münasibətin olmasa da, müxtəlif söhbətləri gəlib çatır. Xəsis yoxsa səxavətli, sərt yoxsa yumşaq adam olduğunu bilirsən.
Bu hər yerdə belədir. Hər yerdə də belə olub. Bir adamın ki, işi xəbər axtarmaq ola, dili necə dinc dayana bilər? İstər-istəməz peşə insanın xasiyyətinə öz təsirini buraxır. Bu mənada Rauf Arifoğlu ilə elə bir şəxsi münasibətimiz uzun-uzadı söhbətimiz, görüşümüz olmasa da, onu tanıdığımı düşünürəm. Əlehinə yazı da yazmışam. Bəzən necə olubsa, tərəfini də tutmuşam. Birinci ikincidən daha çox olub.
İnsan zəhmətinə şər atılanda kim olursa olsun özümü pis hiss edirəm. Çünki hər şeyə şər atmaq, paxıllıq etmək olar, lakin zəhmətə şər atanda adamlar çox qərəzli görünür. Haqqında danışdığım adam o qədər də böyük savada malik olmasa da, zəhməti, çevikliyi hər zaman onu xilas edib, eyiblərini örtüb, işgüzarlıq onun həmişə xilas yolu olub. Zərbəyə işlə cavab verənlərdəndir. Belə adamlar istiqamətindən asılı olmayaraq bir nəticə göstərirlər. İstedadı qiymətləndirir. Yaxşı yazının nə olduğunu duyur. Kimə hansı dərəcədə söz demək olduğunu da bilir. Bu da rəhbərlik etməyi bacaran adamlara xas xüsusiyyətdir.
“Yeni Müsavat”ın uzun illərdir mətbuatda at oynatmasının ən başlıca səbəblərindən biri də onun işgüzarlığıdır. İşdə intizamı sevir. İntizam olan yerdə də nəticə olmalıdır. Ona yazıb-oxumağı bacaran adam ver, bir ilə həmin adamdan reportyor düzəltsin. Bəzən hətta o yazıb oxumağı bacarmayanlardan da jurnalist düzəldir. “Yeni Müsavat” qəzeti bu illər ərzində ən çox jurnalist yetişdirən qəzetlərdən biri olub. Yuxarıda da qeyd etdiyimiz kimi dərin savadı olmasa da vəziyyəti, kimin kim olduğunu, harda davaya girməyi, harda dayanmağı yaxşı hiss edir. Ona nifrət edən adamlardan biri belə demişdi:

 

Yaxşı ki, onun savadı yoxdur
 

Rauf Arifoğlu öz hərəkətlərini əsaslandırmağı bacaran adamlardandır. Ən əsası da odur ki, özü də dəlillərinə inanır. Onun bu vaxta qədər də hakimiyyətlə əlaqələri haqqında çox danışılırdı, çox yazılar yazılırdı. Lakin bir məsələ var. Hakimiyyət bəyəm təkcə ona maya qoymuşdu? Hətta bu əlaqələrin, dəstəyin olması ehtimalını fakt kimi qəbul etsək belə o, işini bacarıqla yerinə yetirmiş adamlardan sayılmalıdır. Uzun illər media sahəsində nə qədər adam hakimiyyətin göstərmiş olduğu etimadı, yardımı doğrulda bilmədi. İşi alınmadı, həm də özləri də biabır oldular. Qazandığı uğuru “Yeni Müsavat”ın bir vaxtlar sərt yazmasında görənlər isə başqa bir fakt qarşısında qalmalı olurlar. Qat-qat sərt yazan qəzetlər vardı, lakin bu qəzetlər “Yeni Müsavat”ın tirajını ötüb keçə bilmirdilər. Keçəndə də bu müvəqqəti bir ötüş olurdu. Nə qədər dəstək alsa belə qəzetin tirajını düşünən adamdı. Uğur var, daha bundan sonra dayanmaq olar fikrini yaxına buraxmır.
O, dəqiq bilir ki, əlində bir güc vasitəsi olmasa, ona hörmət edən olmayacaq. Cəbhə xətti yoxdur, ümumilikdə isə cəmiyyət üçün hansısa qırmızı xətt mövcud deyil. Hər bir qayda və qadağa yerinə, şəxsinə görə dəyişir və müxtəlif mənalara salınır. Güc varsa, hərəkətlərin sənin xeyrinə yozulacaq. Özü də elə bir cəmiyyətdə ki, adamlar özündən zəifi görəndə qəddarlaşmağı özündən güclünü gördükdə məzlumlaşmağı bacarırlar. Bu çevrilməni də əsaslandırırlar. Hər iki halda onlar vəzifəsini yerinə yetirirlər. Özlərindən zəifi parçalayıb qanını içənlər özlərindən güclüyə rast gəldikdə quzuya dönürlər və bunu “mərifət”, “hörmət edirəm”, “aramızda pərdə var” adlandırırlar. Kimə hansı səviyyədə etimad göstərməyi bilirlər. Elə bir qayda yoxdur ki, ona hamı riayət etsin. Elə bir qırmızı xətt yoxdur ki, adamlar bu qırmızı xətti keçməyə çəkinsinlər. Bilsinlər ki, bu qırmızı xətti keçmək onları urvatdan sala bilər.
Əgər 2005-ci ilə qədər müxalifət partiyalarının rəhbərləri etirazçı elektoratın tələblərinə az-çox cavab verirdilərsə, bu gün funksionerlər adlanan dəstənin üzvləri düşünən adamların tələblərinə cavab verə bilmirlər. Eyni aqibəti müxalifyönlü qəzetlər də yaşadı. Əgər 2005-ci ilə qədər müxalifyönlü qəzetlər etirazçı təbəqənin tələblərinə cavab verirdilərsə, bu gün düşünən adamların tələblərinə cavab verə bilmirlər. Neçə-neçə qələm əhli birdən-birə aktuallığını itirdi, surətlə köhnəldi. Yalnız ayrı-ayrı adamlar xilas olmağı bacardılar.
2003 cü il məlum oktyabr hadisələrinin nəticələrindən nəticə çıxarmış xeyli adam siyasətlə maraqlanmadılar. Qəzet də oxumadılar. Qəzet oxumağın da daşın atdılar. Müxalifyönlü qəzetlər çoxlu oxucu itirdi. Gürcustanda və Ukraynada baş verən dəyişikliklərdən bir balaca ruhlanan camaat təzədən siyasətlə maraqlanmağa başladı. Bu dəfə də onlar uğursuzluğa düçar oldular. Olan -qalan da siyasətlə maraqlanmağı tərgitdi.
Sonra da ortaya sosial şəbəkələr çıxdı. Belə bir vəziyyətdə müxalifət düşərgəsinə aid olunan funksionerlərdən, qəzet redaktorlarından, agentlik direktorlardan daha artıq çeviklik və aşkarlıq tələb olunur. İndi elə bir vəziyyət yaranıb ki, klassik dildə desək, yaxşı qiymətə satılan adam uğurlu biznesmen, uğurlu iş adamı hesab olunur. Ümumən cəmiyyətin hardasa təxminən beş-altı faizi fikir, ideya, yol və söz üzərində biznesini qurub. Bu adamlar da öz aralarında gec-tez dil tapırlar. Əgər güc varsa, ünsiyyət yaranacaq.
Klassik janrda fəaliyyət göstərən sıravi etirazçılar isə o qədər məzlum vəziyyətdədirlər ki, səhər yuxudan onlar üçün xəyanətkar kimi oyanıb, axşam isə qəhrəman kimi yatağa uzanmaq olar. Görmədiniz biri xahiş etdi, biri yalvardı, biri tələb etdi, Elnur Astanbəyli “Azadlıq” qəzetində çox tərbiyəli bir müraciət yazdı, xeyri olmadı. Cəmil Həsənli Yazıçılar birliyindən çıxmadı. Hətta bir az da dərinə gedib Anar Rzayevi dostu adlandırdı. Cəmil Həsənli tənqid etdiyi bir hakimiyyəti daima dəstəkləyən və mədh edən, iyirmi ildən artıq ədəbiyyat naziri vəzifəsini icra edən bir adamı dostum adlandırmaqdan utanmadı.
Cəmiyyət də bunu normal qəbul edir. İndi bir xeyli ağıllı düşünəcək ki, müəllif yenə hərlədib-fırladıb söhbəti Cəmil Həsənli və Anar Rzayev dostluğunun üstünə gətirdi. Adamlar üçün belə məsələlər adi görünə bilər. Onlar bunun hətta cığallıq da adlandıra bilərlər. Qoy onlar düşünsünlər ki, müəllif böyük söhbətləri qoyub xırda söhbətlərdən yapışır. Qoy necə istəyirlər, elə də fikirləşsinlər. Mənim üçün isə belə məsələlər adi məsələlər deyil.
Cəmil Həsənli bu gun baş verən hadisələri 37-də baş verən hadisələrlə müqayisə edir. Paralellər aparır. Faktlar tutuşdurur. Amma nədənsə həmişə unudur ki, 37 repressiyalarında müstəsna bir rol oynamış təşkilatın üzvüdür. Nəinki o təşkilatı tərk etmək fikri yoxdur, hətta ona irad bildirənlərə də cavab verir. Bu adam tarixçidir və tarixçi kimi həqiqəti əvvəlcədən inkar edir. Adam öz sahəsinə aid olan məsələlərdə həqiqəti inkar edirsə, hətta inkar etmək nədi qıpqırmızı sifət alıb öz hərəkətlərinə haqq qazandırırsa onun siyasət sahəsindəki fəaliyyəti heç bir məna daşımır.
Qoy, sizin üçün məna daşısın, mənim üçün bir qram da əhəmiyyəti yoxdur. Hətta zərərlidir. Sizin üçün bu professor qəhrəman olsun, mənim üçün isə sadəcə siyasətimizin Şeyx Nəsrullahıdır. Yumoru - “Domkrat”, “Ofsayd”, “Perpendikulyar”, “Peritonit”, “Montyor”, “Mikser”, “Akrobat”, “Odekalon”, “Gəncə post”, “Naxçıvan tayms”, “Qazax press”, “Göyçay ekspres”, “İmişli nyus”, “Lənkəran impuls”, “Quba alternativ”, “Şamaxı xilton”, “Şəki şop”, “Mərəzə market” , “Üç badam” ... “Rentgen-TV”, “Avropa-Flyus” radiosu. HAPGOP (yəni Həmişə Axtaranlar Proqramı üstə gəl Gənc Oyunçular Proqramı)... -Salam, “Zırrama” satirik jurnalının müxbiri Hədyan Hərisdir. Sizinlə müsahibə aparmaq istəyirəm, -”RENTGEN” – TV-dən Mamlı Matan xanımdır , gözəl bəstəkarımız Təfəkkür Təmtəraqlının, gözəl şairimiz Ondan Betər Babatın sözlərinə bəstələdiyi gözəl bir mahnısı, “Radikulit” radiosundan müxbir Sualə Cavablıdır “ səviyyəsində olan bir adamı yazıçı, sənətkar kimi qəbul edən, ona bir büt kimi baxan professorun və onun kimilərinin səviyyəsi aydındır.
Bir neçə belə kəskin ölçü vahidim var. 100 faiz özünü doğruldur. Yuxarıda gətirdiyim nümunələr Anar Rzayevin “Kimdir dəli?” və yaxud “Yaşasın söz azadlığı” adlı hekayəsindəndir . Özlüyündə guya qəzetləri və jurnalistləri dolamışdı. Səviyyə isə göz qabağındadır. Buyurun baxın. Əyani sübut. Sizin büt kimi qəbul etdiyiniz bir adamın səviyyəsi budur. Lap Viktor Hüqonun özü dirilib gəlsə və bu səviyyənin yiyəsinə yazıçı desə, Viktor Hüqonun özünün səviyyəsinə də şübhə edəcəm. Bir balaca zövqü olan adama heç kim bu səviyyənin yiyəsinin yazıçı, sənətkar olduğunu inandıra bilməz.
Mənim günahım odur ki, bütlərə inanmıram. Bu adamları oxumuşam və o dəqiqə görmüşəm ki, əldəqayırma, mənasız, ədəbiyyata dəxli olmayan adamlardı. Düzdü, mənasız adam çoxdur . Hamısıyla dava etməyə nə güc çatar, nə də vaxt. Lakin bu mənasız adamlar özlərini həqiqi sənət adamı , dissident, ictimai-siyasi xadim kimi təqdim edəndə və bir dəstə adamın da onlara qoşulub sevinərək çalib-oynadığını görəndə zövqsüzlüyün təntənəsindən ürək bulanır. Buna da bir təhər dözmək olar. Onlar sinələrinə“satılıram” yazıb bazara tək özlərini deyil, Rəsulzadəni, Mirzə Cəlili, Sabiri ,Üzeyir Hacıbəyovu, Mikayıl Müşviqi, Hüseyn Cavidi də çıxaranda bu saxtakarlıq havasında boğulursan, heç olmasa özün-özünü xilas etmək üçün bir yazı yazırsan. Bu isə adamlarda “təkrarçılıq edirsən” qınağının yaranmasına səbəb olur. Adamın üzünə deyirlər. Bildik də, nə təkrarçılıq edirsən? Bəs siz təkrarçılıq etmirsiniz? Nə düzəldi ki, bunu görmədik.
Bu mənada mədəniyyət müxalifətində olmaq daha çətindi. Elə bir cəbhədəsən ki, burda ən qatı düşmən kimi görünənlər də sıxıntı filan keçirmədən birləşib, qardaşlaşır. Bu cür hadisələr çox olub. Ramil Səfərovun baltası ətrafında birləşmək bariz nümunələrdən biridir. Ötənlərdə AzTv-in daha bir qüdrətinin şahidi olduq. Bu elə bir qüdrət idi ki, şərq əfsanələrində deyildiyi kimi, gözünün ucuyla görən ibrət dərsi alardı. Bina yanmışdı. Adamlar ölmüşdü. Xalqımız bir az coşmuşdu. Hətta bir televiziya aparacısını lənətləyirdilər. Üzr istəməyə məcbur etdilər. Hirslərini tökdülər onun üstünə. Bilirlər kimə nə qədər hirslənmək lazımdı. Hər dəfə belə hadisələr zamanı bir qurban tapırlar.
Lakin oyunların açılışı günü uçan xalçanı , qız qalasını və bu kimi atributları görənlərin təkcə hirsi soyumadı, onların ürəklərindən fantan vuran “heyran oldum”, “fəxr etdim” sədaları göylərə yüksəldi. Milli atributlarla bu hirsli adamları minus vəziyyətindən plus vəziyyətinə gətirdilər. İndi gəl sən bu asanlıqla qardaşlaşan cəbhələrin nümayəndələrinə söz de. Konkret adamlardan danışaq. Konkret misal gətirək. Belə nə demək istədiyimiz ola bilsin daha asan anlaşılar. Çoxluğun özünümüdafiə şüarı onsuz da hazırdı-necədi qanmayam, qalasan yana-yana.
AzTv demişkən uzağa getməyək, götürək Elmir Mirzoyevi. Ola bilsin Elmir bəy onu bir misal kimi göstərməyimizə görə bizdən inciyəcəkdir. Belə bir şeyin baş verməsini istəmirik. Anlayışla qarşılasın. Bu cür yağlı bir misalı qaçırmaq günah olardı. Bəli, Elmir Mirzoyev savadlı, məlumatlı , cəmiyyətə fayda verəcək ,cəmiyyət üçün yararlı ola biləcək, xarizmatik bir adamdır. O kənardan görünüşcə heç bizimkilərə oxşamır. Sahəsinə aid adamların toplaşdığı müxtəlif səpkili məclislərdə bir neçə dəfə iştirak etmişəm. Ona qarşı hörmət görmüşəm. Hətta bir neçə dəfə onun azərbaycanlı olduğuna təəccüb ediblər. Təəssüflər olsun ki, bunu da Elmir müəllimin hesabına bir xal kimi yazmalıyıq.
Bu adam başını salardı aşağı zəhmət çəkib ilk fürsətdə kiçik bir vəzifədən-filandan əldə edərdi. Hər şeyi qoyuram bir kənara, ən azı , ən ölən yeri xaricdə və daxildə keçirilən Azərbaycan mədəniyyəti günləri adlı silsilə tədbirlərə çox yarayan adamdı. Bu da ilin-günün bu vaxtı az şey deyil. Ora düşmək üçün qanlı vuruşmalar gedir. Basabasdır. Hər yerdə olduğu kimi burda da növbəyə durmağı bacarmırlar. Xalqımız da prosesdən xəbərdardır. Bilir ki, seçilən sənətkarlar seçilən sənətkarlardır. Məsələn biləndə ki, Kamal müəllim Alim Qasımovun xətrini çox istəyir (xətri həmişə xoş olsun) xalq da Alim Qasımovun xətrini çox istəyir.
Bəli, Elmir bəy özünü seçdirseydi, sevdirsəydi, arada da başı-ayağı bilinməyən mücərrəd bir cümlə işlətsəydi, indi qohum-əqrəbasının, etirazçı elektoratın, ümumən xalqımızın daha çox hörmətini qazanacaqdı. Belə, o heç kimə lazım deyil. Nə özü, nə yazdıqları, nə də danışdıqları. İnciməsin.
Başqa bir yağlı misal. Rasim Qaraca. Kimə lazımdır onun fəaliyyəti? Boş yerə hamıyla düşmən olub. Nəyə lazımdır bunlar? Yazıçılar Birliyində, büdcədən maliyyələşən jurnallardan birində kiçik bir vəzifə tutsaydı, arada AzTv-yə çıxıb soyuq bulaqdan , ədəbi irsimizdən, mədəni tilsimimizdən danışsaydı, hərdən aparıcıların dilimizi korlamasından şikayətlənsəydi daha yaxşı olmazdımı? Allaha da xoş gedərdi, bəndəyə də. Zirək adamdı. Özün ora-bura vurub axırda bir şey qoparardı. Öz qohumlarının , ümumən xalqımızın qarşısında daha çox hörmət sahibi olardı. Deyərdilər zirəkdir, ağıllıdır, zövqü var, başqalarından seçilir... Yoxsa belə Rasim bəyin nə özü, nə də gördüyü iş heç kimə lazım deyil. Açıq danışmaq lazımdır. Gizlətməli heç nə yoxdur.
Xalq özü necə baxır bu işlərə? Nəylə məşğuldur? Xalq zəhmət çəkib öz hüququnu qorusun. Svetaforda on beş santimetr qabağa düşməyin üstə bir-birlərini bıçaqlayırlar. Yoldan on beş santimetr yer kəsib öz həyətinə qatmaq üçün otuz min hoqqadan çıxır, bir yeşik sənədlər düzəldir. Bir manat qazanmaq üçün and içmədiyi müqəddəs qalmır. Yalandan şikayətlənməyə baxmayın, toy adlı bir məşğuliyyət tapıblar. Sağ olsunlar, bunu da bacardılar. Deyəndə ki, bizim öz yolumuz olmalıdır, adam bu sözləri qeyri-ciddi qəbul edirdi. Dediklərini etdilər.
Hər şeyi birləşdirib şadlıq evi adlı universal bir sənət növü yaratdılar. Məsələn daha teatra, konsertə, restorana, sirkə, yarışlara ayrı-ayrı vaxtda getməyə ehtiyac yoxdu. Vaxt çox gedər, xərc çox çıxar. Bir az riyazi biliyi olan adam götürüb hesablasın. Əgər bir insan ayrı-ayrılıqda teatra, sirkə, konsertə və hər hansı idman yarışına getsə nə qədər vaxt itirər. Nə qədər xərcə düşər. Şadlıq evi adlanan universal bir sənət növü isə bütün bunları bir yerdə görməyə şərait yaradır. Sən orda həm sirkə, həm tamaşaya baxırsan. Musiqi dinləyirsən. Rəqs edirsən. Qohumları və tanışları görürsən. Həm də yeyirsən. Mənəvi borcundan çıxırsan, üstəlik bir növ banka pul qoyursan.
Pərəstiş etdiyin müğənniləri və aparıcıları yaxından görmək, onlarla şəkil çəkdirmək kimi əyləncələr də yaddan çıxmamalıdır. Şadlıq evi adlı universal sənət növünün ən maraqlı və əlverlişli tərəfi odur ki, bu prosesdə iştirak etmək üçün insandan heç bir intellekt tələb olunmur. Şadlıq evi mədəniyyəti hansısa kitabı oxuyub müzakirə aparmaq , sual vermək kimi axmaq məşğuliyyətlərdən və yersiz əziyyətlərdən adamı azad edir. Burda hər şey sadə və əlçatandır. Pulunu verirsən. Müğənni gəlir toya. Oxuyur. Sən də şəkil çəkdirirsən.
Göründüyü kimi burda insandan heç bir intellekt tələb olunmur . Sabah toy eləsəm, çağırmağa üç yüz adam var. İki yüzü də niyə onu çağırmadığıma görə inciyəcək. Ciddi deyirəm. Ucuz əyləncədi. Bir şey də var ki, yaşı ötmüş adamın toy çağırışına bir az da həvəslə hay verirlər. Hamısı gəlib adama “hə, səni də orda otuzdurduq” demək istəyir. Deyirlər də. Gec evlənənlər bu haqda çox əhvalatlar danışıblar. Amma kitab təqdimatı keçirəndə toya çağıra biləcəyin beş yüz adamdan iyirmisini tapa bilmirsən...
Xalq kimi saxlayırsa, kimə sənətkar deyirsə, həmin adamlar buyurub, xalqın hüquqların qorusun. Qorumurlarsa və xalq da bunu qəbul edirsə, qəbul etmək nədir, onlara senətkar deməyə , hörmət qoymağa davam edirsə, deməli, bu razılaşdırılmış söhbətdir. Bütün hallarda vəziyyət belə görünür. Əgər xalq onların hərəkətlərini bəyənməsəydi, onlara hörmət qoymazdı.

 
Seymur Baycan
Meydan.Tv
Yuxarı