Elkin Xəlilov: Axı niyə öpüşürsünüz?

Публицистика

 
Addımbaşı hadisə, gündəm. İnsanlar darıxırlarmı, yoxsa bekar qalmağı sevmədiklərindən mövzu-mövzu ardıncadır. Nəsə yazdığım kimi, çox uzunçuluq edib, nə sizi, nə də özümü yormadan mövzuya keçim. 
 
Dünən (red-iyulun 10-da) “Tarqovı”da bir oğlanla qız öpüşdüyünə görə polislər tərəfindən tutularaq bölməyə aparılıb. Polislərin qardaşı tutması videosuna baxdım, sanki şanlı polisimiz aylarla bu əməliyyata hazırlaşıb. Qardaşın başına elə yığışmışdılar ki, ən professional cinayətkar belə ordan qaça bilməzdi. Bir sözlə əməliyyat uğurla həyata keçdi. Əxlaqsızlığı yaymağa cəhd edən şəxs zərərsizləşdirildi.
 
Bu hadisədən 10 gün qabaq isə (iyulun 1-də) sevgilisi ilə binanın qarşısında öpüşdüyünə görə bir gənc qətlə yetirildi. Səbəb isə bu olub ki, oğlan gecə saatlarında sevgilisini evə ötürərkən, qızla binanın qarşısında öpüşərək sağollaşıb. Bu səhnəni məsciddən namaz qılıb, dua oxumaqdan gələn bir cavan oğlan görüb. Qardaşın məsciddən gəlməsinə baxmayaraq, içində şeytanlar peyda olub. Və başlayıb gənclərlə söhbət etməyə. Nəsə çox uzatmayaq, görüb ki, söhbət mümkün deyil, götürüb bıçağı bir neçə dəfə oğlana sancıb. Beləliklə də daha bir öpüşən gənc zərərsizləşdirilib. 
 
Yadıma düşmüşkən onu da deyim ki, gənci qətlə yetirən oğlan haqda artıq əfsanələr yayılıb. Qatilin namaz qılması, dindar olması, bir vaxtlar kriminal aləmlə yaxınlığı, onun nüfuzunu artırıb. Artıq qatilin fanatları da var. Onun kimi olmaq, təmiz ad-sanla içəri düşmək istəyən gənclərin sayı artıb. İstəyirsiniz inanın, istəyirsiniz inanmayın. Amma tam ciddi yazıram. Bir neçə yerdə bu söhbəti özüm eşitmişəm. Namaz qılıb, dua oxuyub və əsas da namus-qeyrət söhbəti üstə "içəri" düşənlərə böyük hörmət edilir. Ona görə də özünüzü qoruyun, harda gəldi necə gəldi öpüşməyin. 
 
Bəxtiniz gətirsə polis sizi saxlayıb bölməyə aparacaq. İndi orda vəziyyət sizin diribaşlığınıza baxır. Ya üçdən-beşdən verib, canınızı qutaracaqsınız, ya da söhbət uzanacaq, yediyiniz-içdiyiniz zəhər olacaq. Hətta ola bilər ki, elə psixoloji travma keçirərsiniz ki, sonra heç kimlə öpüşə bilməzsiniz. Ən pisi isə budur ki, bayaq yazdığım kimi bir qardaş sizi kimləsə öpüşən yerdə görə. Bu an artıq vəziyyət çətin olacaq. Hətta öldürülə də bilərsiniz. Yox öldürülmək, döyülmək, şikəst edilmək istəmirsinizə kimsə sizi görsə və yaxınlaşsa tez üzr istəyin. Deyin bilməmişik, qələt eləmişik, yeddi arxa dönənimiz ilə, başımızı da daşa döymüşük, daha belə bir qələt olmayacaq. Bu an sağ qurtula bilərsiniz. 
 
Və nəhayət ümumiyyətlə nə polisin, nə hansısa bir yaxşı oğlanın əlinə düşmək istəmirsinizə öpüşməyin. O qədər illərlə öpüşmədən, sevişmədən yaşayan adamlar var ki. Hətta deputat var ki, 40 yaşı var, amma əli oğlan əlinə dəyməyib. Ona bir şey olmayıb ki? Əksinə hörmətli-izzətli adamdır. Sizə nə olub addımbaşı öpüşürsünüz. Gözləyin qırmızı lentdən, 50 nəfərlik nişan, 100 nəfərlik xınayaxdı, 500 nəfərlik toy mərasimindən sonra öpüşərsiniz. Məşhur kinoda deyildiyi kimi, "Tələsmə Zaur tələsmə".
 
Elkin Xəlilov
 
Qaynar.info
Kultura.az | Developed by Samir Yahyazade