Anar Məsimli: Şəbəkə marketinqi

Публицистика

 

PROLOQ


    Təxminən, 6-7 il əvvəl, Xarici Dillərdə (ADU) oxuyarkən İqtisadiyyat müəllimim mənə dedi ki, “görürəm, iqtisadiyyata həvəslisən, başın var. İşləmək istəyərsən?”. Öz pulumu qazanmaq istəyirdim. Sadəcə, bu. Növbəti gün görüşdük və Nərimanov m/s yaxınlığında bir evə getdik. Ev ofisə dönmüşdü. İnsan qaynaşırdı. Çoxlu kompyuterlər olan otaq vardı, hər kəs bir işlə məşğul idi. Müəllimim haqqında bir qeyd: Əsl adı, deyəsən, Asif idi, ancaq bizim qrup ona Tərlan deyirdi – ona Tərlan adı yaraşırdı. Tərlan müəllim məni içəridəkilərə təqdim etdi. Hər kəs çox mehriban davranırdı. Mən isə görəcəyim işi öyrənmək üçün can atırdım. Ayrıca bir otağa keçdik, stol başında oturduq. Tərlan müəllim solumda, bir qız isə qarşımda. Qız əlindəki iri kitabı açdı və parlaq səhifələrdə mənə müxtəlif məhsulları – saatları, jetonları və s. göstərdi. Növbəti səhifədə bu məhsulların hazırlanması, istehsalçı şirkət və bu kimi məlumatlar vardı. Ürəyim çəkilirdi; digər tərəfdən hörmətsizlik olmasın deyə, süni maraq hissi ilə hər şey haqqında sual verirdim, ətraflı başa düşməyə çalışırdım. Ən sonda sual verdim: “Mən nə iş görəcəm?”
    

İŞ
    Mənim başıma gələn bu hadisə çoxlarına tanış gələ bilər. Mən ilk dəfə şəbəkə marketinqinə düşmüşdüm. Soldan müəllimim, qarşıdan isə bir qız mənə eyni şeyləri təkrar edirdi. Mən isə hər dəfə onları dinlədikdən sonra təkrarən soruşurdum “axı mən nə İŞ görəcəm?”. Bu suala aldığım bütün cavablar ancaq düzgün cavabı verməmək üçün deyilən yönəldici sözlər idi. Düzgün cavabı bir həftə sonra anladım və gəlib dərsdə iqtisadiyyat müəllimimə sxem çəkərək izah etdim. Sonradan öyrəndim ki, mənim çəkdiyim həmin sxem “maliyyə piramidası” adlanır və fırıldaqçılığın bir növüdür. Cəlb olunmaq istədiyim şirkət isə Quest Net idi (qnet kimi də tanınır).
Şəbəkə marketiniqi metodu ilə işləyən çox şirkət var. Bunlardan Oriflame və Amway dünyaca məşhurdur. Azərbaycanda isə Quest Net daha çox tanınır. Bundan başqa, Vivasan, Sibirskoe Zdorovye firmaları da fəaliyyət göstərir. Bəs bu şirkətlərə qoşularkən bizim işimiz nədən ibarət olur?
Şirkət təmsilçisi bizə deyir: “Firmamıza qoşulmaq üçün məhsullarımızdan birini alırsınız, daha iki nəfər gətirirsiniz və onlar sizin üçün işləyir. Onlar da sizin kimi iki nəfər gətirir. Həmin bu son iki nəfərin gətirəcəyi adamlara görə sizə pul veririk. Gətirdiyiniz adamların marağında olur ki, başqa adamları gətirsinlər və pul qazansınlar. Siz artıq özünüzdən aşağıdakıların gətirdiyi hər adama görə faiz alırsınız. Bu zamana qədər artıq siz şirkətdən aldığınız məhsulun pulunu çoxdan çıxartmış olursunuz. Siz özünüzdən aşağılara adam tapmağa kömək edirsiniz ki, gəlirləriniz daha da artsın. Ona görə, yaxşı olar, sizin gətirdiyiniz ilk adamlar ən yaxınlarınız olsun ki, onlar sizdən sonra ən çox qazananlar olsun. İndi gəlin, sizə sxem çəkim. Bu sizin məhsula verəcəyiniz pul, burada isə hər gələn şəxsə görə şirkətin sizə ödədiyi məbləğ. Göründüyü kimi sizin gəlirləriniz ilkin məbləğdən qat-qat çoxdur.” Şirkət təmsilçisi daha sonra ofisdə olan bir neçə nəfəri işarə verərək onların necə uğurlu olduğunu deyir: “Sadəcə, işə maraq göstərib işləmək lazımdır.”


İndi isə gəlin şirkət təmsilçisinin sözlərinin tərcüməsinə baxaq: 
    Bizim torumuza düşmək üçün maya dəyəri çox aşağı olan məhsulumuzu dəfələrlə baha qiymətə alın. Bu məhsul sizin heç nəyinizə lazım deyil. Sadəcə, sizi axmaq yerinə qoyduğumuz çox bəlli olmasın deyə, məhsulun önəmsiz cəhətlərini qabardırıq. Biz sizi həriflədiyimiz kimi siz də iki nəfər ən yaxın adamınıza torba tikin. Sabah şirkət bağlananda yaxın adamlar sizi divara dirməyəcək və sizi də bura gətirən yaxın adamınız olduğuna görə, siz də ona söz deməyəcəksiniz və biz rahatlıqla pullarınızı götürəcəyik. Gəlin, indi sizə sxem çəkim və qazancağınız pulu göstərim ki, tənbəllik və zəhmətsiz pul qazanmaq hissi sizin ağlınızı kor eləsin. Göründüyü kimi, siz yalnız 6 nəfər (2 nəfər sizin özünüzün gətirdiyi, o iki nəfərin də hərəsinin gətirdiyi ümumi 2 nəfər, cəmi = 6) gətirəndən sonra şirkət sizə pul verməyə başlayır. Şirkət sizdən başqa 6 nəfəri – özü də sizin sayənizdə loxladıqdan sonra növbəti gələn adamların şirkətə qoşulmaq üçün 500 manata aldıqları 5 manatlıq saatın pulundan 100 manat sizə verəcək. Sxemdən də göründüyü kimi siz özünüzdən sonrakı 3-cü sıranın bizim ucuz məhsula ödədiyi puldan qazanırsınız. Bu 3-cü sırada 8 nəfər var. Hərəsindən 100 manat = 800 manat. Siz şirkətə qoşularkən aldığınız saatın pulunu çıxartdınız. Əvəzində şirkətə ödənilmiş məbləğə baxaq. 2 nəfər sizin gətirdiyiniz – 1000 manat, 4 nəfər sonrakı sıra – 2000 manat, 8 nəfər üçüncü sırada – 4000 manat. Ümumilikdə, 7000 manat. Bu pulun 800 manatı sizə, 6200 manatı bizə. Ah... bir dəqiqə! Axı siz özünüz də saat almışdınız! Deməli, ən başda sizdən 500 manat götürmüşük. Onda şirkətin gəliri 6700 manat, sizinki isə 300 manatdır. Təbrik edirik, siz 16 nəfər yaxın adamınıza kələk gəldiyinizə görə 300 manat qazandınız! Sizin görəcəyiniz işin adını deyim: FIRILDAQÇILIQ!
    

EPİLOQ
    Quest Net-dəki “müsahibə”dən sonra, növbəti dərsdə iqtisadiyyat müəllimimə bu işə qoşulmaq istəmədiyimi bildirdim. Burada fırıldaqçılıq var idi və bunun tərkib hissəsi olmaq istəmirdim. Mən iqtisadiyyatdan dərs deyən universitet müəlliminə piramida çəkərək maliyyə fırıldağının bütün detallarını izah etdim: “Göründüyü kimi, şirkət bağlanan zaman ən aşağıda olan iki təbəqənin şirkətə ödədiyi ümumi məbləğ həddindən artıq böyükdür. Bu məbləğ bəs edir ki, ən alt iki təbəqə özündən yuxarıda olan bütün təbəqələri varlandırsın.” Müəllim (!) cavab verdi: “Şirkət bağlanana qədər sən öz pulunu çıxartmış olacaqsan”. Bu pulun fırıldaqçılıq yolu ilə qazanılan pul olduğunu qoyuram bir kənara; axı praktikada mən 16 adam tapa bilmərəm ki, heç olmasa, öz pulumu çıxardım! Əlbəttə, əgər peşəkar fırıldaqçı deyiləmsə. Üstəlik, bu cür şirkətlər istədikləri an bağlana bilər.


P.S. Şəbəkə marketinqinin tarixi, növləri, məhsulları, bu şirkətlərin işləmə yöndəmləri və onlara qarşı açılan cinayət işləri barədə növbəti yazılarda qeyd edəcəm.

Anar Məsimli
Kultura.az

Kultura.az | Developed by Samir Yahyazade