Fariz Bayramov: Seymur Baycan \"Adsız itin qayıdışı\"

Публицистика

 

“ İki dövrün adamı olmaq çox çətindir. Bəzən nə qədər əlləşsən də, hansı dövrə aid olduğunu müəyyən edə bilmirsən “

Seymur Baycan 1976-cı ildə ildə Füzuli rayonunda anadan olub. Təkcə bunu bilməklə, yazının əvvəlindəki iki cümləni oxumaqla və bir qədər düşünməklə, bu insanın uşaqlıq xatirələrinin necə olacağını təxmin etmək mümkündür. Bəli doğru düşünürsüz, bu uşaqlıq və yeniyetməlik xatirələri 80- lərin axırına və 90- lara, böyük bir imperiyanın çöküşü və onun külləri üzərində müstəqil dövlətlərin yarandığı,millətlərin azadlıq qazandığı, amma azadlıqdan çox hərc- mərclik, xaos baş alıb gedən günlərə təsadüf edir. İki dövr arasında qalan bir uşaqlıq düşünün. Yeniyetməliyin ilk illərində doğma rayonundan, kəndindən, evindən ayrı düşmüş insanlar və ən əsası isə uşaqlar təsəvvür edin.

Başlayan müharibə yüz minlərlə rahat yaşayışı pozmuş, insanları didərgin salmış, beyinlərdə şok effekti yaratmış, minlərlə uşağı təhsilsiz qoymuşdu. Müharibə ən çox da uşaqlara təsir etdi. Ölkəni birdən- birə bürüyən xaos özüylə qıtlıq, kasıblıq, yoxsulluq gətirdi, uşaqların yaddaşında yoxluq illəri kimi qaldı.

Əsasən yazıçının uşaqlıq hekayələrinin toplandığı bu kitab, iki dövr arasında qalmış bir uşaqlığın xatirələridir. Seymur bəyin bədii yaradıcılığında rast gəldiyimiz avtobioqrafik üslub, onun bütün əsərlərini bir- birinə oxşadır. Ona görə də bəzi oxuyanlar bunu bəzən irad tutur, onun zəfiliyinə bağlayırlar. Lakin diqqət etsək görərik ki, hər əsərində bu xatirələri, baş vermiş hadisələri müxtəlif rakurslardan baxaraq danışır, dönə – dönə xatırladır və diqqət yetirdikdən sonar əmin olursan ki, məhz bu hadisə burda danışılmasaydı o epizodun marağı və effekti zəifləyəcəkdi.

Kitabı bitirdikdən sonra sanki bir roman oxumuş kimi oldum. Çünki hekayələr qarışıq şəkildə düzülsə də, sanki bir planlı şəkildə qurulmuşdu : Bir yazıçının uşaqlıq xatirələri fonunda imperiyanın çöküş illərinin təsviri və Qarabağ müharibəsinin təsviri. Müəllif bütöv bir kitabda ən çox bu 2 məsələyə diqqət yetirib.

Seymur Baycanın digər kitablarında və məqalələrində rast gəldiyim və çox zaman razılaşdığım bir fikir var : Azərbaycan xalqını yenidən birinci sinifə göndərmək lazımdır. Həqiqətən də indiki cəmiyyətə baxanda, insan bu fikirlə razlışmaqdan özünü saxlaya bilmir. Bilirəm, patriarxal hisslərə toxunuram bu sözlərlə, amma lütfən, bir qədər dərindən düşünün və görün siz də bu fikri dəstəkləyəcəksiz ya yox. Dəstəkləməsəz də ki, canınız sağ olsun. Kitabın üstündə yazılmış olan “ -12 “ yazısı ilə məncə yazıçı qismən də bu məsələyə işarə edib.

Hekayələrdə o dövrdəki müəllim- şagird, valideyn- övlad, böyük- kiçik münasibətləri, qonşularla, yaxın və uzaq qohumlarla olan münasibətlər qabardılıb. Bəlkə mənim uşaqlığım da qismən 90- lara təsadüf edir deyə, bu hekayələr mənə çox doğma gəldi.

Məktəbə oxuyarkən, hərbi litseydə təhsil alarkən müəllimlərlə, şagirdlərlə bağlı xatirələr, yaxın qohumlarının evlərinin, həyətlərinin təsviri, küçələrin, kənd ətrafının, meşənin, təpələrin, məktəb və uşaq bağçasının, fəhlə yeməkxanasının və hətta qəbristanlığın belə təsvirləri, müəllimlərin, şagirdlərin, babaların, nənələrin, ata- anaların, bibi- xala, dayı- əmilərin davranışlarının təsviri o dövrün insanlarının psixologiyasını gözlər önünə sərir.

Bütün hekayələr haqda ayrılıqda yazsam, onsuz da uzun olan bu yazım daha da uzanar. Odur ki mənə ən çox təsir edən hekayələr barədə qısa yazaraq keçmək istəyirəm.

“ Fərqanə “ hekayəsi ilə müəllif sanki rəssam kimi işləyərək, ümumilikdə bütün Qarabağ müharıbəsinin pərdə arxası təsvirini verərək, müharibə romantikasına uymuş insanların kor- koranə döyüşməsini, könüllülərin müharibəni amerikan döyüş filmləri sanmasını, pafoslu vətənpərvərlərin çıxışlarını və ciddi insanların bu pafosa necə uymasını danışaraq, bu müharibənin əsl portretini cızıb. İndiyədək yazılmış və mənim oxuduğum, Qarabağ müharibəsi haqqında bütün bədii, publisistik və sənədli əsərlərin hamısından çox, məhz bu hekayə bu müharibənin niyə uduzluduğunu, onun necə absurd bir hadisə olduğunu, cəbhədə baş verənləri, onların səbəbini aydınlaşdırır. Hadisəni danışan şəxsin, xəstəxanada bir xərəkdə gördüyü və üstünə döymə ilə “ Fərqanə “ yazılmış kəsik qolu görməsi ilə başlanan bu hekayə, Qarabağ müharibəsinin daxili portretidir desəm yanlmaram.

“ Uşağın elçilikdə nə işi var? “ adlı hekayədə bir uşağın gözü ilə böyükləri görəcək, böyüklərin öz işlərində uşaqlardan necə istifadə etdiyini oxuyarkən o hadisələrdə özünüzü də görərək bəzən gülümsəyəcəksiz.

“ Musiqi tarixi “ hekayəsində, insanların ta uşaqlıqdan valideynləri tərəfiindən sevmədikləri məktəblərdə oxudulması, sevmədikləri sənətə sahib olmalarına çalışılması, böyüklərin uşaqların fikirlərini nəzərə almaması, ümumiyyətlə valideynlərin öz xoşbəxtliklərini uşaqları üzərindən qurmağa çalışması göstərilib.

“Azad ev “ və “ Sirrli ev “ hekayələrinin özünəməxsus tərzi var. Bu iki evin təsviri ilə kənd sakinlərinin və qohumlarının psixologiyası, xasiyyətləri, yaşam tərzləri oxucuya çatdırılır, onların simasında isə bütöv bir dövrün, regionun şüuraltı, mentaliteti təsvir edilir.

Dövrün dəyişdiyi zamanlarda xalq hərəkatının pərdə arxasını “ Azadlıq nədir “ hekayəsindən oxuya bilərsiz.

Yaltaq yazıçıların, publisistlərin, sənət adamlarının iç üzünü göstərən “ Yaxşı padşahın təlxəyi “ hekayəsi də ən bəyəndiklərimdən oldu.

Yazıçı öz həyatında baş verən , amma yaddaşında güclü iz buraxan hadisələri, deyilən sözləri, ayrıca bir başlıqla yazaraq bizlərlə bölüşüb: “ Həyatımda heç bir rol oynamamış, amma yaddaşıma əbədi həkk olunmuş sifətlər, mənzərələr, səzlər haqqında “ .

Atasını tez itirən yazıçı “ Dirilik suyu “ hekayəsində hər zaman tənqid etdiyi atasının haqqında bu dəfə tamam ayrı cür danışır, indiyədək demədiyi tərəflərini deyir, onun ölümü zamanı hiss etdiklərini uşaqlara sadə dillə nağıl edir.

“ Adsız itin qayıdışı “ mənə Əziz Nesinin “ Tarzan “ hekayəsini xatırlatdı. Təsirli hekayədi, mütləq oxumaq lazımdır.

Ümumilikdə əksər hekayələrdə bir uşağın xatirlərini oxusaq da, zamanla bu hekayələrdən bir böyük adamın, həm də o illərin məşəqqətini indiyədək yaddaşında daşıyan bir böyük adamın boylandığını görürük. Sanki yazıçı arabir uşaqlar üçün yazdığını tamam unudaraq özü bir böyük adam kimi ortaya çıxır, hadısələrə rəy verir. Bütün xatirələrdən bir fərqli uşağın, fərqli insanın, fərqli yazıçının həqiqi kədəri duyulur.

Yazıçımıza uğurlar diləyirəm. Bilmirəm bir gün bu yazını görəcək, oxuyacaqmı ya yox, yəqin ki buna ehtiyacı da yoxdu, ancaq bunu demək istəyirəm ki, siz yazın Seymur bəy, yenə də yazın. Sizi başa düşənlər hər zaman var. Elə özünüz üçün yazın, biz oxuyarıq.

Hər kəsə tövsiyyə edirəm. Qeyri- adi, alışılmamış, səmimi, bəzən ironiyalı, sarkazmlı uşaqlıq xatirələri oxumaq, cəmiyyətimizin 90- cı illlərdəki vəziyyətini görməyə və yaxın keçmişimizi bilib öyrənməyə həvəsi olan hər kəs bu kitabı oxusun istərdim.

 

Fariz Bayramov
Kultura.az

Kultura.az | Developed by Samir Yahyazade