Tukidides, Peloponnes Müharibəsi, 2, 34-46 „Periklesin qəbirüstü nitqi“

Публицистика

 

Tərcüməçinin qeydi: Tukididesin Peloponnes Müharibəsi (bəzi mənbələrdə: Peloponnes Müharibəsinin Tarixi) tarix elminin kanon mətnlərindən biridir. Amma Tukididesin adı tək tarixçilər arasında məşhur deyil, məsələn, müasir demokratiyalardan çıxmış bir çox siyasi məşhurlar üçün sitat və istinad mənbəyidir. Belələrinə misal olaraq Abraham Lincoln, George W. Bushs, Giscard d’Estaings kimi adlar çəkmək olar. Karl Popper “Açıq cəmiyyət və onun düşmənləri” (1944) yazısında Tukididesə istinadən yazırdı ki, Afina demokratiyası tək “Yunanıstanın məktəbi” deyil, ondan sonra ötmüş və hələ gələcək yüzilliklər boyu da bütün bəşəriyyətin məktəbi olaraq qalacaq. Əsərin belə məşhurluğunun səbəbi ümumilikdə Tukididesin təqdim etdiyi Perikles fiquru, konkret olaraq isə kitabın ikinci hissəsində yerləşdirilmiş “Periklesin qəbirüstü nitqi” parçasıdır. Burda Tukidides müharibənin ilk döyüşündə həlak olanların dəfni zamanı Periklesin söylədiyi nitqi təqdim edir. Perikles nitqində azad Afina demokratiyasının azad olmayan digər dövlətlərdən (Sparta) fərqini təsvir edir və izah etməyə çalışır ki, nə üçün demokratiya uğrunda mübarizə aparmağa və ölməyə dəyər.

Retorik keyfiyyətinə görə “Periklesin qəbirüstü nitqi” bir “master peace” sayıla bilər. Ancaq retorik performansın parlaqlığından daha çox məzmundakı özünəməxsusluqlar bu mətnin tərcümə edilməsinə səbəb sayıla bilər. Oxucumuzun hazırda yaşadığımız cəmiyyətlə Periklesin təsvirini verdiyi o maraqlı cəmiyyət arasında olan və olmayan fərqlər haqqında bol-bol düşünmək imkanı olacaq.

Tərcümə mətnində adlar orijinalda (qədim yunanca) olan oxunuşda saxlanılmışdır, məsələn, rusca tərcümələrdən azərbaycancaya keçmiş Fukidid yerinə Tukidides, Perikl yerinə Perikles və s. işlədilib. Tərcümədə orijinaldan əlavə aşağıdakı ingiliscə və almanca tərcümələrdən istifadə edilmişdir:

– Thucydides. The Peloponnesian War. London, J. M. Dent; New York, E. P. Dutton. 1910.

(http://www.perseus.tufts.edu/hopper/text…)

– Thukydides (Thucydides); Des Thukydides Geschichte – übersetzt von J.F.C. Campe. Erster Band (Einleitung, Buch I bis IV) [und] Zweiter Band (Buch V-VIII, Register). [” Bände in einem – komplett].

(http://www.gottwein.de/Grie/thuk/thuk2034.php)

 

Elə həmin qışı afinalılar dövlət işlərində atalarından qalma adətə uyğun olaraq bu müharibənin ilk ölənlərinin dəfnini təşkil etdilər və bunu bu cür etdilər.

Onlar dünyasını dəyişənlərin cəsədlərini üç gün boyu xüsusi hazırlanmış çadırda saxlayırdılar və hər kəs, əgər istəsəydi, əzizinə bir qurban hədiyyəsi gətirirdi.

Dəfn anı gələndə isə sərv taxtasından olan tabutlar, hər məhəllə (phyle – Afinada şəhər hissələri) üçün biri olaraq, basdırılma yerinə aparılırdı; burada cəsədlər həlak olanların aid olduğu məhəllələrə uyğun olaraq yerbəyer edilirdi. Örtüklərlə örtülmüş boş bir tabut-taxtı isə itgin düşüb basdırıla bilməyənlər üçün aparılırdı.

Vətəndaşlardan və yadlardan kim istəsə dəfn mərasiminə qoşulurdu; eləcə də qadın qohumlar ağı deyə-deyə dəfndə iştirak edirdilər.

Onlar (həlak olanlar) şəhər ətrafının ən gözəl yerində kütləvi məzarlıqda dəfn edilirdilər ki, burda ancaq müharibədə həlak olanlar dəfn olunurdu, Marafonda həlak olanlar istisna idi: onların şücaəti elə misilsiz idi ki, elə öldükləri yerdə basdırılmışdılar.

Onlar torpağa qoyulandan sonra şəhər tərəfindən seçilmiş, layiqli təhsili olan və vətəndaşların hörmətini qazanmış bir nəfər məzar üzərində uyğun bir nitq söyləyir, sonra hər kəs evinə gedirdi.

Onların (afinalıların) dəfn mərasimi belə idi və bütün müharibə boyu, hər dəfə buna səbəb yarandıqca, onlar bu ənənəni icra edirdilər.

Bu ilklər (ilk qurbanlar) üçün isə Perikles, Ksantipposun oğlu, natiq seçilmişdi. Məqamı yetişəndə o, məzarın önündəki, xüsusi bu mərasim üçün hazırlanmış, natiq kürsüsünə çıxdı ki, səsi yığışanların arasında mümkün qədər uzaqda eşidilsin və belə danışdı:

„Əvvəllər burda danışmış natiqlərin çoxu bu nitqi qanunla dəfn mərasiminə əlavə etmiş (qanuniləşdirmiş) şəxsə tərif deyiblər, belə ki, müharibədə həlak olanlar buna layiqdirlər ki, onların məzarı önündə belə bir nitq söylənsin. Mənə isə elə gəlir ki, özlərini əməlləri ilə sübut etmiş kişilərə göstərilən şərəfli ehtiram da elə əməldə göstərilərsə, kifayətdir, necə ki, bu ictimai dəfn mərasimi ilə edilir, çünki belə olarsa, çoxluğun xidməti tək bir nəfərin ixtiyarına buraxılmaz və ona münasibət onun (bu bir nəfər natiqin) yaxşı ya da nisbətən yaxşı danışmasından asılı olmaz.

Belə bir nitqdə – hətta sadə şeylərlə bağlı belə dinləyicini düzgün olana inandırmağın az qala mümkün olmadığını nəzərə alsaq – deyilməsi lazım olanları tapıb demək çox çətindir. Çünki əgər hadisənin şahidi olmuş və niyyəti düz olan bir dinləyici danışanın sözlərinin onun özünün hiss etdiklərindən və bildiklərindən çox zəif olduğunu güman edəcək, eləcə də hadisə yerində olmayan biri onun özünün edə bilməyəcəyi/gücü xaricində olan bir əməl haqqında deyilənləri, paxıllıq hissinə qapılaraq, şişirdilmiş hesab edəcək. Çünki başqasına deyilən tərif hər kəs üçün eynisini özünün də edə biləcəyini düşündüyü qədər dözüləndir; bundan böyük olan şeylər isə paxıllıq və bununla da şübhə ilə qarşılanır.

Ancaq əgər əcdadlarımız bu mərasimi məqsədəuyğun biliblərsə, mən də qanuna tabe olmalıyam və sizlərdən hər birinizin arzu və təsəvvürlərinizə mümkün qədər uyğun gəlməyə çalışmalıyam.

İlk əvvəl əcdadlarımızdan başlayım; çünki belə bir hadisə münasibətilə ilk olaraq onları ehtiramla yad etmək həm düzgün, həm də yerində olardı. Çünki onlar öz cəsurluqları ilə bu ölkəni qopmayan (fasiləsiz) bir ardıcıllıqla, bu günə kimi, nəsildən nəsilə ötürərək, onu özlərindən sonra gələnlərə azad bir ölkə olaraq miras qoymuşlar.

Və əgər əvvəlkilər tərifə layiqdirlərsə, onda atalarımız daha yüksək tərifə layiqdirlər. Çünki onlar miras olaraq (təhvil) aldıqlarına bütün bu günkü dövlətimizi əlavə ediblər – bu da mübarizəsiz olmayıb – və bunları bizlərə, bu gün yaşayanlara, qoyub gediblər.

Nəhayət, dövlətimizdə çox az şey var ki, indi yaşımızın yetişkən dövründə olan bizlər tərəfindən artırılmamış/inkişaf etdirilməmiş olsun, şəhəri də hər cəhətdən olduqca möhkəmlətmişik ki, savaş və barışda özü özünə yetərli ola bilsin.

Mən burda, vasitəsilə hər cür şey əldə edilmiş olan döyüşləri ötüb keçmək istəyirəm, mən həmçinin bizim özümüzn yaxud atalarımızın barbarların və ya bizi təhdid edən yunanların hücumunu harda və necə dəf etdiklərindən danışmaq istəmirəm; çünki özləri həmin döyüşləri görmüş kişilərin qabağında uzun-uzadı danışmağa nə ehtiyac var? Ona görə də mən, canından keçmiş bu qəhrəmanlara tərif deməzdən əvvəl izah etmək istəyirəm ki, bizim həyatımızın hansı prinsipləri bizi buraya gətirib çıxarıb və ictimai və şəxsi həyatımızın hansı düzəni/quruluşu əzəmətimizi belə ucaldıb. Çünki düşünürəm ki, bu sözlər bugünkü mərasim üçün heç də uyğunsuz sayılmaz və bura yığışmış bütün vətəndaşlar və yadlar da bunları dinləməkdə özlərinə bir fayda görər.

Bizim yaşadığımız (hərfi: istifadə etdiyimiz) quruluş/qanun (konstitusiya, siyasi quruluşu müəyyən edən qanun) yadların (başqalarının/qonşuların) qanunlarını təqlid etmir/onlara oxşamağa can atmır; əksinə, biz təqlidçi yox, özümüz təqlid edilənlərik. Onun demokratiya/„xalqın hakimiyyəti“ (burada „xalq“ „siyasi xalq“dır (demos) və „etnos“dan fərqləndirilməlidir) adlandırılması hakimiyyətin çoxluğa tabe olmasına görədir; mahiyyəti isə ondadır ki, qanun fərdi üstünlüklərinə görə heç kəsi digərindən üstün tutmur, amma həqiqi nüfuz (cəmiyyətdə təsir imkanları) məsələsinə gəldikdə isə, nə iləsə fərqlənən hər kəsə dövlətə xidmətinə görə tam ehtiram/hörmət tanıyır: bu, tərəfkeşliyə yox, həqiqi keyfiyyətə bağlı olan bir tanımadır. Bir kəs kasıb ola bilər, amma cəmiyyətə bir fayda vermək bacarığında olduğu təqdirdə, onun seçilmişliyə olan yolu münasib olmayan həyat şəraitinə (məs. aşağı sosial statusa) görə bağlana bilməz.

Vətəndaş olaraq tam azadlıqdan bəhrələnərkən biz həm də gündəlik həyatımızda qarşılıqlı paxıllıq və pislik ilə bir-birimizə mane olmuruq; biz həmvətənimizə, istədiklərini sərbəst etdiyi üçün, hirslə baxmırıq, və biz, əmlakımıza ziyan vuracaq cəriməsi olmasa belə kimisə incidəcək (hərfi: üzündə incik ifadə yaradacaq) əməllərdən çəkinirik.

Bir-birimizlə münasibətlərimizdə belə rahat olmağımıza (incidib-incidilməmək rahatlığına) rəğmən ictimai həyatımızda ədəb-ərkandan gələn bir çəkingənliklə hər cür qanun pozuntusundan qaçırıq və müvafiq hakimiyyət qurumlarına (idarələrə) və qanunlara könüllü olaraq tabe oluruq, əsas da əzilmişlərin müdafiəsinə yönəlmişlərinə; eləcə də özümüzü yazılmamış, onları pozmağın rüsvayçılıq hesab edildiyi qanunlara tabe edirik.

Bundan başqa, biz ruhumuzun gərgin əməkdən sonra dincəlməsi üçün çoxlu imkanlar yaratmışıq. Biz bütün il boyu yarışlar və qurban mərasimləri keçiririk. Evlərimizdə isə, hər gün gözümüzü oxşayıb tutqun fikirləri bizdən uzaq tutan əşyalar saxlamağı sevirik.

Şəhərimiz böyük olduğundan da dünyanın hər yerindən istədiyimiz hər şey bizə gətirilir. Buna görə də biz başqa ölkələrin məhsullarından da eynən öz ölkəmizin məhsullarından olduğu kimi bəhrələnə bilirik.

Biz həm də müharibəyə hazırlaşmaq tərzimizdə rəqiblərimizdən seçilirik. Biz şəhərimizi hamı üçün açıq etmişik və vaxtaşırı yadları şəhərdən çıxarmaqla kiminsə nəyisə öyrənməsinin yaxud görməsinin qarşısını almağa çalışmırıq və bunlar gizlədilmədiyi halda, düşmənlərimizdən də kimsə bunun faydasını görə bilər; çünki biz hazırlığa və (sirr) gizlətməyə (məxfiliyə) daha az inanırıq nəinki döyüş anında vətəndaşlarımızın cəsarətinə. Onlar (rəqiblər və düşmənlər) tərbiyə işlərində də gənc yaşdan başlayaraq əziyyətli məşqlər vasitəsilə cəsarətə çatmağa çalışırlar; biz isə bunun əksinə, özümüzə əziyyət vermirik və yenə də elə onlarınkı qədər cəsarətlə, gücdə bizə bərabər düşmənin yaratdığı təhlükələrə atılırıq.

Buna sübut budur: lakedaimoniyalılar tək yox, həmişə bütün birləşmiş orduları ilə ölkəmizin üstünə gəlirlər, biz isə bunun əksinə, tamamilə təkbaşına (müttəfiqlərimiz olmadan) düşmənimizin ölkəsinə gedə bilirik və yad bir ölkədə, elə öz ordusu üçün vuruşan rəqibimizə rahatca qalib gəlirik.

Bizim birləşmiş qoşunlarımızın qarşısında da hələ heç bir düşmən duruş gətirə bilməmişdir, çünki biz həm dənizdən mühafizəmizin qayğısına qalmalı, həm də vətəndaşlarımızı quruda müxtəlif istiqamətlərə yönəltməliyik. Və əgər onlar bizim bir hissəmiz ilə hardasa toqquşsa və bizlərdən bəzilərimizə qalib gəlsə, elə öyünürlər ki, sanki hamımıza qalib gəliblər; əksinə məğlub olsalar, sanki bütün ordumuz tərəfindən məğlub edilmiş kimi davranırlar.

Yəni əgər biz əziyyətli məşqlərə yox, əziyyətsizliyə (rahatlıq vərdişimizə) inanaraq, qanunlara yox, təbiətimizdəki cəsarətə arxalanaraq təhlükələrə atılmağa hazırıqsa, onda bizim bu cür çətinliklərə görə özümüzə öncədən əzab verməmək üstünlüyümüz var, və həm də belə çətinliklərə düşəndə özümüzü daima özlərinə əziyyət verənlərlə eyni səviyyədə cəsarətli göstərə bilmək üstünlüyümüz. Ancaq şəhərimiz təkcə buna görə yox, bir çox başqa səbəblərdən ona valeh olmağa layiqdir.

Biz gözəlliyi sadəliyində sevirik və ruhi həzzlərdən sevinc alarkən yumşaqlıqdan ((duyğusal) zəiflikdən) uzaq qala bilirik; və var-dövlətimizdən lazım olan məqamlarda həyat üçün istifadə edirik, nəinki onunla sözdə öyünürük; rüsvayçılığı kasıblığını etiraf etməkdə yox, əksinə, ondan qurtulmaq üçün çalışmamaqda görürük.

Dövlət adamlarımız (siyasətçilərimiz) da dövlət maraqlarını gözləməkdə mahir olduqları kimi öz maraqlarını da gözləməkdə mahirdirlər, və həmçinin özlərini qazanc işlərinə həsr edənlər də dövlət işlərindən anlayışsız deyillər. Çünki tək biz bu işlərdə (dövlət işlərində, siyasətdə) iştirakçı olmayan birini səssiz, sakit vətəndaş yox, yararsız vətəndaş hesab edirik, və biz olanlar (baş verənlər, hadisələr) haqqında ya özümüz düzgün fikir formalaşdırırıq ya da başqalarının məsləhətlərini anlayıb qəbul edirik. Çünki biz düşünüb-daşınmaqda əməl (iş) üçün bir əngəl görmürük, amma əksinə, lazım olanda işə keçməzdən əvvəl lazımınca sınanıb dərs almamağı ziyanlı hesab edirik.

Biz başqalarından həm də onunla irəlidəyik ki, ən cürətli olmağımızla yanaşı həm də hər işimizdə ən çox düşünüb-daşınan bizik. Başqalarında isə düşünmək zəifliyi (az düşünmək) cürət yaradır, çox düşünmək („bir şeyi ölçüb-biçmək“) isə tərəddüdə səbəb olur. Amma ruhən mükəmməl o kəslər sayılırlar ki, çətinlik (bəla, təhlükə) və həzzi ən yaxşı onlar tanıya (seçə) bilirlər, bununla belə təhlükədən qorxub geri çəkilmirlər.

Həmçinin yaxşılıq etməkdə də biz çoxlarının əksiyik. Çünki biz özümüzə dost axtaranda bunu onlara yaxşılıq etməklə edirik, onlardan yaxşılıq görməklə yox.Yaxşılıq edən biri isə daha etibarlı biridir, çünki o, yaxşılıq etdiyi adamın məsuliyyətini sönməyə qoymamaq üçün yeni-yeni yaxşılıqlar etməyə hazır olandır. Bundan fərqli olaraq yalnız bir yaxşılığın əvəzini qaytarmalı olan birinə çox etibar edilməməlidir; çünki o, bilir ki, o, sevgi (dostluq, xoş münasibət) qazanmaq üçün deyil, borcun altından çıxmaq üçün sevgi (dostluq) qulluğu göstərir.

Bundan başqa, yalnız biz başqalarına öz xeyrimizi güdərək yox, sadəcə azadlara xas olan bir etibarla, qorxmadan dəstək veririk.

Bütün bunları az sözlərlə desəm (qısası), bir tərəfdən, şəhərimiz bütün Yunanıstan üçün bir məktəbdir, digər tərəfdən də, mənim fikrimcə, ayrı-ayrı insanlar (fərd mənasında, ümumidən/kütlədən fərqli olaraq) bizim ruhumuzdan qanadlanaraq özlərini ən fərqli tərəflərdən və nəcib bacarıqlarda bərkidəcəklər.

Və bunların məqam üçün deyilmiş bəzəkli sözlər yox, gerçək həqiqət olduğunu şəhərimizin əzəməti sübut edir, onu mahiyyətimizin bu xüsusiyyətinə borcluyuq.

Çünki bütün indiki şəhərlər arasında tək o, – sınaqdan çıxmalı olduğu üçün – öz adından böyükdür, və yalnız o, imkan verməz ki, nə hücum edən düşmən ondan zəif olduğu üçün utansın, nə də məğlub olmuş rəqib dəyərsiz biri tərəfindən idarə edildiyini düşünsün.

Buna görə də indiki və bizdən sonra gələcək nəsillər bizə valeh olacaqlar – çünki biz əzəmətimizi sübut etmişik və onu şahidsiz (nişanəsiz) buraxmamışıq, və bizə alqış oxuyacaq bir Homerə ya da gözəl sözlərlə məqamı şirinləşdirəcək başqa bir oxuyana artıq ehtiyacımız yoxdur – əslində görüntülər (illuziyalar) sonradan həqiqətin qarşısında puç olub gedir; biz isə dənizdə və quruda cəsarətimizlə özümüzə yol açdıq, və olduğumuz hər yerdə orda olmağımıza dəlalət edən abidələr özümüzlə ora gətirdiyimiz yaxşılıqlara yaxud pisliklərə əbədi şahidlik edəcək.

Belə bir şəhər uğrunda bu burdakılar, onu itirməmək üçün, çəsurluqla döyüşüb həlak olublar, və (sağ) qalanlar arasında da onun uğrunda əzaba girməkdən çəkinən kimsə olmamalıdır.

Mən şəhərimiz haqqında buna görə belə ətraflı danışıram. Sizə göstərmək istəyirəm ki, bizim uğrunda vuruşduğumuz şeylər bu üstünlüklərimizə bərabər tutula biləcək heç nəyə sahib olmayan digərlərinin uğrunda vuruşduqları şeylər ilə eyni deyil; və mən bununla həm də şərəfinə bu nitqi söylədiklərimə (həlak olanlara) dediyim tərifimi sübutlarla bərkitmək istəyirəm.

Əslində bununla əsas şeylər artıq deyildi. Çünki mənim bu şəhərlə bağlı təriflədiklərim şeylərə o, (Afina) bu mükəmməllərin ( həlak olanları nəzərdə tutur, əslində: yaxşılar – ἀρεταὶ – „perfect“ mənasında) – ki, bunlarda olan söz ilə əməlin bu cür vəhdətinə yunanların çoxunda tez-tez rast gəlməzsiniz – sayəsində sahibdir. Mən düşünürəm ki, bu kişilərin indi artıq bitmiş (tamamlanmış) olan həyatları əsl kişilik mükəmməlliyi nümayiş etdirir, belə ki, onların sonu əvvəlinin vəd etdiyinə öz (şərəf) möhürünü vurmuşdur.

Adi vaxtda zəif olanları vətən üçün döyüşdə göstərdikləri cəsarətə görə tərifləyib dəyərləndirmək də əlbəttə ki, doğru işdir, çünki onlar pisi yaxşı ilə örtərək hafizələrdən silmiş olurlar və bununla ümumi işə verdikləri töhvə zəiflikləri ucbatından verdikləri ziyandan daha böyük olur. Burdakılardan isə heç birinin belə bəraətə ehtiyacı yoxdur. Çünki onlardan heç biri var-dövlətindən daha uzun müddətə həzz ala bilmək üçün qorxaqlığa (tərəddüdə) düşmədi; heç biri, əgər kasıblıq sıxıntısı var idisə, ondan bir dəfə də qurtula bilmək ümidi ilə ölümü ləngitməyə çalışmadı; çünki onlar üçün düşməndən qisas almağın gətirdiyi təhlükə bütün bu şeylərdən daha cəlbedici idi, bunu təhlükələrin ən gözəli sayırdılar, ona görə də onlar digər şeylərdən imtina edərək bu təhlükəni və düşməndən qisas almağı seçdilər; onlar uğurun məchulluğunu ümidə tapşırdılar, əməldə isə, görünən gerçəklik olaraq özlərinə inandılar və müqavimət göstərməyi, əzabı qaçmaqdan və xilas olmaqdan daha gözəl şey hesab etdilər və bununla qınaq sözdən (tənədən) qurtuldular, canları ilə sınaqdan keçdilər. Və ən qısa bir anın içində, həyatlarının ən yüksək məqamında, qorxu hissi içində yox, şöhrət hissi içində öldülər (canlarını tapşırdılar).

Və bu burdakılar şəhərimizə layiq olduqlarını göstərdilər (nümayiş etdirdilər); (sağ) qalanlar isə daha yaxşı aqibət üçün dua etməlidirlər, ancaq düşmənə qarşı ən azı eyni cəsarətdə olmaq istəməlidirlər. Düşmənə müqavimət göstərməyin faydalarını sizə kiminsə sözdə izah etməsinə ehtiyacınız yoxdur, onları özünüz də çox yaxşı anlayırsınız. Bunun yerinə şəhərimizin hər gün qarşınızda olan əzəmətinə gerçəklikdə tamaşa edin və ürəyiniz özü-özünə ona qarşı sevgi ilə dolacaq. Və onda onun böyüklüyü qarşısında durarkən düşünəcəksiniz ki, bütün bunları ürəkləri cəsarətlə dolu olanlar və vacib olanı tanıyanlar əməllərindən şərəf hissi duya-duya qazanıblar, o kəslər ki, bəzən düçar olduqları (şəxsi) uğursuzluğa görə cəsarətlərini vətəndən əsirgəməyi ədalətsizlik saydılar və əksinə, ona (Afinaya) verə biləcəkləri ən gözəl qurbanlarını verdilər.

Onlar birgə canlarından keçdilər və bunun qarşılığında zamansız tərif və uzaqlara işıq saçan məzar qazandılar, içində (özlərinin/cəsədlərinin) uyuduqlarını demirəm, onu deyirəm ki, orda onların, hər dəfə məqamı gələndə əbədi olaraq sözlərlə və əməllərlə canlanacaq şöhrəti uyuyur.

Çünki böyük kişilərə hər yer məzardır. Onlardan nişanə təkcə öz vətənlərindəki məzar sütunlarında olan yazılar deyildir. Yad ellərdə də onların yazılmamış xatirəsi ruhən – maddi olaraq deyil – hər kəsin içində yaşayır.

Və onları özünüzə nümunə bilərək sizlər də həzzi azadlıqda və azadlığı cəsarətdə axtarın və müharibənin təhlükələrinə görə çox da səksəkədə olmayın.

Çünki həyatından keçməyə səbəbi olanlar, həyatda yaxşı bir şeyə daha heç bir ümidi olmayan məzlumlar deyildir. Əksinə, bunlar həyatında əks tərəfə (pisliyə doğru) dönüş təhlükəsi hələ qarşıda olanlardır ki, onların məğlub olmasının nəticələri bu mənada ağır ola bilər.

Çünki fikir sahibi olan (öz fikri/mövqeyi olan) bir kişi üçün tərəddüdün gətirdiyi utanc hissi onu gücünün və vətənlə bağlı ümidlərinin ortasından qoparıb aparan qəfil ölümdən daha ağrıdıcıdır.

Ona görə də mən həlak olanların burda olan çoxsaylı valideynlərinin dərdinə yanmaqdan daha çox onlara təsəlli vermək istəyirəm. Çünki onlar bilirlər ki, onların həyatı dəyişkən olub, xoşbəxtlər isə şərəfli ölüm nəsibi olanlardır – bu burdakılar kimi – və şərəfli hüzn nəsibi olanlardır – sizlər kimi – və o kəslər ki, onlara xoşbəxt ömürlərini gözəl bir ölümlə bitirmək nəsib olub.

Sizi buna inandırmaq çətindir, bilirəm, və hələ tez-tez başqalarını xoşbəxt gördükcə – bir vaxt sizin də olduğunuz kimi – onlar sizin yadınıza düşəcək. Hüzn dediyimiz isə var-dövləti onu dadmadan itirmək deyil, ürəyimiz birini sevməyə alışdıqdan sonra onu itirməkdir.

Amma yenə də buna dözmək lazımdır, xüsusən də hələ uşaq dünyaya gətirmək yaşında və başqa (yeni) uşaqlara ümidli olanlar dözümlü olmalıdırlar. Evinizdə doğulan yeni uşaqlar sizə yavaş-yavaş onları unutduracaqlar, dövlətə isə bunun ikiqat faydası var: əhalinin sayı azalmayacaq və dövlət həm də təhlükəsizlik baxımından möhkəmlənəcək; belə ki, (ümumi) təhlükələrdə həm də öz uşaqlarının maraqları və qayğı payı olmayan kimsə bərabərlik və ədalət üçün müzakirələrdə öz töhvəsini verə bilməz. Sizlərdən daha yaşlı olanlar isə həyatınızın xoşbəxt keçirdiyiniz daha böyük hissəsini hələ yaşanmalı olan daha qısa müddətlə müqayisədə bir qazanc olaraq düşünün və oğullarınızın şöhrətinə söykənib qəddinizi düzəldin. Çünki yalnız şərəf sevgisinın yaşı olmur və ömrün gücsüz (qocalıq) dövründə sevinc gətirən şey – bəzən eşitdiyimizin əksinə olaraq – pul yox, qazanılmış şərəfdir.

Sizləri isə, qəhrəmanlarımızın oğulları və qardaşları, qarşıda çətin bir tapşırıqla üz-üzə görürəm; artıq həyatda olmayanı axı hər kəs tərifləyir, və nə cür böyük bir şücaət göstərsəniz də, onlara bərabər olmayacaq, həmişə onlardan bir qədər geridə qalacaqsınız. Çünki rəqiblər sağkən qısqanclığa tuş gəlirlər, qarşıdan (yoldan,rəqabətdən) çəkilənlər isə şərtsiz mehribanlıqla anılırlar.

Əgər indi dul olaraq yaşamalı olacaq qadınların da ən yaxşı edə biləcəyini deməli olsam, bu qısa bir xitabla hər şey demiş olaram: siz elə təkcə buna görə böyük tərif qazanmış olarsınız ki, olduğunuzdan daha zəif olmayasınız (təbiətdən olan zəifliyinizdən daha böyük zəifliyə düşməyəsiniz) və həm yaxşıda, həm də pisdə kişilər arasında mümkün qədər az tanınasınız.

 

Adətə uyğun olaraq söyləməli olduğum bu nitqimdə uyğun (münasib) bildiyimi dedim, həlak olanların şərəfinə edilməli olanın da artıq bir hissəsi edildi; digər hissəsinə gəldikdə isə, dövlət onların oğullarını bu andan etibarən yetkinlik yaşına çatana qədər öz himayəsinə alacaq. Bu, dövlətin göstərdikləri döyüş şücaəti üçün həlak olanların başına qoyduğu və sağ qalanlara da eynisi üçün vəd etdiyi şərəf çələngi, faydalı bir mükafatdır. Çünki cəsarətin ən yüksək mükafatlarla dəyərləndirildiyi bir şəhərdə ən yaxşı da vətəndaşlar olar. İndi isə əzizləriniz üçün doyunca ağlayın, sonra evlərinizə dönün!                                                                                            

 

Tərcümə: Tinay Muşdiyeva / Vyana universiteti, fəlsəfə institutu
Kultura.az

 

Kultura.az | Developed by Samir Yahyazade