Ağalar Məmmədov: ƏLİ ƏKBƏRİN DİLÇƏYİ

Публицистика

 

1.

 

 

BİRİNCİ TEZİSİM: Dil təkcə ünsiyyət vasitəsi deyildir, həm də ünsiyyət vasitəsidir.

Hacettepe Universitetində əski yunan dili müəllimim, professor S.Babür bir dəfə dərsdə dedi ki, əski yunan dilində “γέφῡρα” (qefura, qephura) ilə türk dilində “köprü” (körpü – A.Q.) bir və eyni sözdür və dilçilər bu sözün əski türkcədən yunancaya, yoxsa yunancadan əski türkcəyə keçməsi üstündə razılığa gələ bilmirlər. Belə problemlər təkcə dilçiliyin problemi deyildir, burada söhbət hansı sivilizasiyanın hansına körpü qurmağı öyrətmiş olmasından gedir.

Sonralar özüm öyrəndim ki, elmdə hətta bu sözün ermənicə kamurǰ sözündən yarana biləcəyi də iddia edilmişdir. Əski türklər kəsilmiş heyvan içalatlarını havayla köpürdüb, bir-birinə bağlayaraq, su üstünə yan-yana yığır, beləcə körpü (köprü) düzəldərdilər. Bu fakt körpü sözünün də, körpünün özünün də əski türklərdən yunanlara keçmiş olduğunu isbat edir. Buna bənzər bir mübahisə yazmaq demək olan bit- (bitik, piti) kökü üstündə də gedir; bir sıra dilçilər bu sözün çincədən əski türkcəyə keçdiyini, başqaları isə əski türkcədən çincəyə keçdiyini söyləyirlər. Bu, “yazmağı kim kimə öyrədib” davasıdır.

Bu misalları ona görə verirəm ki, elmi-nəzəri araşdırmalardan, psixoanalizdən, kriminalistikadan yaxşı xəbərdar olan bir yazıçı kimi Əli Əkbər də bilir ki, bəzən bircə söz hansısa faktın yeganə dəlili, kəşfetdiricisi olur (heuristika). Məsələn, ərəbcə sayılan “din” sözü Avesta dilində “daena” kimi səslənmişdir və təkcə elə bu fakt islam dininin formalaşmasında Avesta kulturasının rolunu ifşa etmiş olur.

Ancaq bir yazıçı, özü də artıq Avropada da oxunan bir yazıçı, məncə, belə yaza bilməməlidir: “Ağalar, əzizim, tutaq ki, yazdıqların yüzdə yüz doğrudur. Sonra? Yəni nə dəyişir? […] Türkiyəcədən azərbaycancaya keçən yüz, iki yüz, üç yüz sözün hamısından imtina edincə cəmiyyətimizin elmi, mədəni, siyasi, iqtisadi həyatında nələr dəyişəcək, hansı irəliləyişlər gözlənilir, nə qazanacağıq?”

Onda eyni məntiqlə: Ölkəmizdə hamı teatr tamaşalarına getsə, iqtisadi həyatımızda nəsə dəyişər? Xalqımız fəlsəfə kitabları oxusa demokratiya qura bilərik? Hamı daraşıb dünya ədəbiyyatı oxusa, elə Əli Əkbərin özünün romanlarını oxusaq nəsə qazanarıq? Məsələni belə, birbaşa merkantil, lukrativ gözlə ölçə bilmərik, mənim əziz dostum. İnsanlar düzgün və aydın bir dillə düşünə bilsələr, əlbəttə, irəliləyiş olacaqdır, özü də bütün sahələrdə.

Mən Əlinin mövqeyindən belə sezdim: onun üçün hansı dildə yazmağın ümumiyyətlə fərqi yoxdur. Ancaq o, bilməlidir ki, bu görüş Azərbaycan torpaqlarında yüz illərdir hakim olan, dilimizin bu kökə düşməsinə səbəb olan, dilə pozitivistcəsinə yanaşan (“dil ancaq ünsiyyət vasitəsidir”), təslimçi, ənənəvi və aktuallığını itirmiş bir görüşdür. Görünür, Əli imperialistlərin nə üçün dil assimilyasiyası və linquisid aparmaqlarını da, xalqların nə üçün dilləri uğrunda hətta qanlı mübarizəyə qalxmaqlarını da mənasız sayır.

Dildə bircə söz, ya da o sözün bircə mənası dəyişdirilirsə, bu, neçə-neçə şeirdə neçə-neçə misranın korlanması demək olur. Əli söz ustası olduğu üçün əslində bunu məndən də yaxşı duya bilər.

2.

İKİNCİ TEZİSİM: Ədəbi dilimizdən xüsusilə ərəbdilli terminologiya və farsdilli sintaktik qaydalar çıxarılmalıdır.

Nə üçün, deyim.

1) Azərbaycanda fəlsəfə müəllimi kimi işlədiyim on ildə fəlsəfi düşünməyi öyrənmək üçün azərbaycandilli gənclərin qarşısında ən böyük əngəlin ərəbcə sözlər olduğunu görmüşəm. (Azərbaycan dilində elmi-fəlsəfi terminlər farsca yox, ərəbcədirlər). Məsələn, “Mahiyyət təzahür edir” cümləsi “Qüertyuiop poiuytreüq edir”dən heç bir fərqi yoxdur. Normal zəkalı adam “Mahiyyət təzahür edir” (“Qüertyuiop poiuytreüq edir”) cümləsini başa düşməməlidir. Elə bizim tələbələrimiz də başa düşmürdülər.

Fəlsəfəsizliyimizin birinci səbəbi dilsizliyimizdir. Bu haqda qabaqlar da yazmışam. Buna görə də, təhsilimizin də, elmimizin də qarşısında dayanan problemlərdən birincisi ərəbdilli terminologiyadan dilimizi sistemli formada arındırmaqdır. Ancaq mütləq sistemli formada, kimin ağlına harda, nə, necə gəldi xaosuyla yox.

2) Mən özüm üçün bu qənaətə gəlmişəm: biz öz düşüncəmizi və elmi təfəkkürümüzü ərəbdilli terminologiyadan arındırmasaq, belimizə sarılmış bu qorxunc anakondadan – islam dünyagörüşündən qurtula bilməyəcəyik. İslam mentalitetini kulturamızda qoruyub saxlayan – ərəbdilli terminologiyadır! Atatürk də elə buna görə osmanlıcanı dəyişdirmək yoluna getmişdir.

3) Azərbaycanda xalq yüz illərdir mahiyyət, təzahür kimi sözləri başa düşmədiyi üçün cahil qalmışdırsa, indi də toplumsal, önəm, özəl, sürəc kimi sözləri eşidib cahil qalır. Anadolunun kəndlərində hələ də türkiyəcəni başa düşməyən insanlar var.

Maarifçilik Avropada da, bizdə də tarixən xalqın anladığı dildə aparılmışdır. Əli də mənim kimi Azərbaycan maarifçilik məktəbinin yolçusu olsa da, ancaq o, nədənsə, bu məktəbin dil kursunu unudur. Ona xatırlatmaq istərdim ki, M.Cəlilə sən niyə ““çox yaxşı” deyirsən, “pek iyi” demirsən?” deyəndə, ustadın cavabı təxminən belə olmuşdu: “Mən “pek iyi” deyərəm deməyinə, ancaq siz mənə əvvəlcə bir yer göstərin, “çox yaxşı”nı aparım atım ora.”

“Pek iyi” söz birləşməsinin başdan ayağa türk dilində olmasına (“bərk yaxşı” deməkdir) baxmayaraq, ustad onu dilimizə qəbul etməmişdi, indikilər isə hətta kabinetdəqayrılma türkiyəcəni dilimizə təpişdirirlər. Aradakı uçurumlu fərq Əliyə nələr düşündürür, mənə də, bax, bu maraqlıdır.

4) Ərəb və fars sözlərindən, sintaktik qaydalarından və şəkilçilərindən dilimizi arındırmaqla, onların yerinə əski dilimizin sözlərini, qaydalarını və sonluqlarını dilimizə qaytarmaqla dilimizi öz kökü üstünə qoymuş olacaq (“dili öz kökü üstünə qoymaq” – M.Heidegger), düşüncəmizə qolaylıq, açıqlıq gətirəcək, ən birinci də öz doğma məntiqimizə qayıdacağıq. Hər bir dil bir məntiqdir. Əski yunanca λόγος (loqos) anlayışının çoxlu mənalarından biri dil, o biri məntiq idi. Beytül-Hikmə tərcüməçiləri bu qoşalığı yunancadan ərəbcəyə eynilə köçürmüşlər: nitq-məntiq.

Yenə bir misal. Əski Azərbaycan dilində şəhadət barmağı “soxbarmaq” adlanırdı (baş barmağın doğru adı isə “basbarmaq”dır). Evdə şəhadət barmağını hara gəldi soxan üç-dörd yaşlı uşağa o barmağının adının “soxbarmaq” olduğunu desən, o, bu adı dərhal öyrənə biləcəkdir, ancaq öldürsən də o yaşda uşaq “şəhadət” sözünü deməyi öyrənə bilməz. Fərqi görürsünüzmü?

Kəmsavad türkiyəli dilbazlar şəhadət barmağına “göstərmə barmağı” deməyə qərar veriblər. Yenə kök, tarix, əsl ad qalıb qıraqda.

Alman kulturasında fəlsəfi düşünmənin belə qabağa getməsinin səbəblərindən, məncə başlıcası, almanların bütün yunan və latındilli fəlsəfi terminləri (fransızcadan, ingiliscədən, italyancadan və s. fərqli olaraq) öz dillərində səsləndirmiş, bütün fəlsəfi terminologiyanı almancalaşdırmış olmaqlarıdır. Alman millətçiliyi – alman dilçiliyidir.

Yazıçımız Əli Əkbər “azərbaycanlılar danışa bilmir” deyir, çox düz deyir, mən də “azərbaycanlılar düşünə bilmir, çünki düşünməyə dilləri yoxdur” deyirəm.

3.

ÜÇÜNCÜ TEZİSİM: Dilimizi ərəbcə və farscadan əsla türkiyəcə ilə təmizləmək olmaz! Bu, eşşək təzəyini qatır təzəyi ilə silməyə bənzəyəcək.

Qərb türkcəsinin dialektial qolları (Azərbaycan, Türkmən, Krım, Kumuk, Anadolu və s. türkcələri) içərisində ən güclü qol Azərbaycan dilidir və bu, göydəndüşmə olmamışdır. Bu, Azərbaycan dialektində yazmış İ.Nəsimi, Ş.İ.Xətai, Q.Bürhanəddin, M.Füzuli kimi şairlərin, Dədə Qorqut, Əhməd Harami kimi dastanların və s. gücüylə olmuşdur. Bəyəm, Anadolu ləhcəsində yazmış bircə Y.Əmrəni, türkmən ləhcəsində yazmış bircə Mahdum Qulunu, çağatay ləhcəsində yazmış bircə Əli Şir Nəvaini təkbaşına Azərbaycan ləhcəsində yazılmış buncan abidələrlə tutuşdurmaq olar?! Kim bizi özüylə tutuşdura bilər?!

Buna görə də türk dilləri ailəsində Azərbaycan dialektinin türkiyəcənin təsiri altına düşməsi tarixi ədalətsizlikdir və bu, türkiyəcənin özünə də ziyan olacaqdır.

Dilimiz bəslənməlidir: birinci, öz keçmişindən, arxaizmlərindən; ikinci, öz dialekt və şivələrimizdən; üçüncü, 200 ildir qapağı da qaldırılmayan xəzinədən – Güney Azərbaycan türkcəsindən; dördüncü, başda bizim dialektə yaxın Türkmən, Krım, Kumuk, Anadolu türkcələri olmaqla, başqa türkdilli xalqların dilindən; altıncı, dilimizin tarixini, etimologiyasını, dilin fəlsəfəsini və s. bilən yaradıcı insanlarımızın neologizmlərindən.

Azərbaycan dilinin qapısı başqa türk dialektlərinə, o cümlədən Anadolu türkcəsinə də taybatay açıq olmalıdır. Ancaq əldəqayırma, yanlış və köksüz türkiyəcəyə isə nəinki qapılarımızı, pəncərələrimizi də bağlamalıyıq!

Nə üçün? İndiyəcən çox səbəblər sadalamışam, birini də Əli üçün deyim. Deməli, bütün əski türkdilli mətnlərdə yanut (yanıt) sözü haqqı və layiq olanı almaq, ya da vermək, başqa sözlə desək, reaksiya, əksül-əməl mənasında cavab deməkdir. Əski dilimizdə yan (yon) haq anlayışını bildirirdi. Məşhur məsəlin orijinalında deyilən kimi, yaxşılığa yaxşılıqla yanut vermək hər kişinin işidir, yamanlığa yaxşılıqla yanut vermək ər kişinin işidir.

İndi görək türkiyəlilər yanut (yanıt) sözünə nə gül vurublar; onlar bu sözü bir suala verilən cavab mənasında dirildiblər. Halbuki, yanut – əsla bir cualın cavabı mənasında cavab demək deyildir! Üstəlik, əksül-əməl və reaksiya anlayışı üçün də yeni bir söz – təpki sözünü düzəldiblər. Özləri bilərlər, olan isə bizə olur: indi sabah biz də qalxıb unudulmuş yanut sözümüzü dilimizə qaytarmaq istəsək (ancaq öz həqiqi mənasında – reaksiya və əksül-əməl qarşılığında), Azərbaycanda türkiyəcə danışan toyuqlar bir ağızdan qaqqıldayacaqlar ki, bəs, reaksiya təpki deməkdir, yanut da bir suala verilən cavab.

Bizə necə ziyan olduğunu, haçaqsa, yaxşı zamanların birində dilimizin öz kökünə qayıdış, ərəbcə və farscadan təmizlənmə və təzələnmə imkanlarını türkiyəcənin necə baltaladığını görürsənmi, Əli? Gəl, əl-ələ verək, dilimizi dilçəyimizlə qoruyaq türkiyəcədən.

Yazılarında türkiyəcədən bircə söz də götürməyən, bu təsirə təslim olmayan, çox doğru olaraq odu kül içində qoruyub saxlayan Seymur Baycanın ənənəvi və bütün bunlara görə də görkəmli dili mənim də diqqətimi həmişə cəlb edir. Ancaq Əli özü də yaxşı bilir ki, hər dəfə ad(lar) çəkib, “filankəs(lər) xaric” demək, mətnə “çoxları”, “bəziləri” kimi sözlər artırıb yazının kəskinliyini azaltmaq olmur.

İndi Azərbaycan dilinə təhlükə nə ingilis dilindən, nə rus dilindən gəlir, tək təhlükə türkiyəcədir. Çünki sözlərin bənzərliyi insanlarımızı aldadır.

70 illik rusdilli dövrdə dilimizə keçən sözlərin çoxusu Avropa mənşəli sözlərdirlər, maşın, dissertasiya, bloknot və s. İndi gəlin görək son 25 ildə dilimizə neçə türkiyəcə söz keçib artıq. Xəbəriniz varmı ki, Azərbaycan dilçiliyinin üz qarası olan akademik Ağamusa Axundovun başçılığı altında təkrar nəşri hazırlanmış Azərbaycan dilinin dördcildlik izahlı lüğətinə türkiyəcədən gündəm, ödül, ödünc, önəm, yasa, ana yasa kimi uydurma, yanlış və köksüz sözləri soxuşdurublar. Bu sözlərin hesabına adını da qoyublar “lüğətin genişləndirilmiş nəşri”.

Hüquqdan bir az başı çıxan adam da bilir ki, “qanun” anlayışı “yasaq” (qadağan) anlayışı ilə eyniləşdirilə bilməz. Çünki, məsələn, nizamlayıcı qanunlar da vardır. Hər qanun yasaqlamaz, qadağan etməz. Deməli, qanuna yasa (qadağan) demək, konstitusiyaya da ana yasa (əsas qadağan) demək olmaz! Monqol Çingizin vaxtında qanun elə yasaq (qadağan) kimi başa düşüldüyü üçün qanuna yasa (casaq) deyilmişdir; türkiyəlilər türkcə bilmirlər, bu dili sonradan öyrəniblər, bəs bizə nə düşüb?!

Qoy, bu zəhləmgetmiş “qanun” sözü indilik qalsın yerində, özümüz onu öz gücümüzlə ana dilimizdə deyəcəyik bir gün.

4.

Əzizim Əli, işdir, sən infektioloq-həkim olsaydın, bir gün yaşadığın şəhərdə, lap A.Camus-nün “Taun” romanında Dr. Rieux kimi, ölümcül bir infeksiyanın ilk simptomlarını görsəydin, xəbərsiz insanları çağırıb “gəlin, bunu birlikdə araşdıraq, görək, nədir bu belə” deyərdin, yoxsa müzakirəsiz, qəti bir formada öz bildiyini etməyə başlardın? Mən də bəzən sənin yazılarında çox kəskin, radikal tonlar görmüşəm, hətta öz hökmünü bildirmək üçün bir sözü he-ca-la-ra bölərək yazdığını da oxumuş, psixoloji əminliyin həqiqət yaratmadığını bilsəm də, bunu təbii saymışam.

Mənim də tapdığım infeksiyadır, qardaş, özü də çolaq eliyən infeksiya, qışqırmayım neyləyim?! Sən də mənə inanmasan, ta mənə kim inanar?!

Ağalar Məmmədov

https://agalarmammadov.wordpress.com/2015/06/04/%C9%99li-%C9%99kb%C9%99rin-dilc%C9%99yi/#more-229

Kultura.az | Developed by Samir Yahyazade